Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının 5-ci bəndinin 14 abzasının icrası ilə əlaqədar ölkədə istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq məqsədi ilə gömrük rüsumlarının tətbiqinin çevik mexanizminin yaratmasını, tarif və qiymətlərin iqtisadi inkişafın tələblərinə uyğun olaraq dövlət tərəfindən tənzimlənməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası yaradılsın.

2. Tarif (qiymət) Şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Şuranın sədri

Əliyev Fərhad Şövlət oğlu

-

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Şuranın üzvləri:

Fətizadə İlqar Fəti oğlu

 

- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Qasımov Natiq Əbülfəz oğlu

-

Azərbaycan  Respublikası  vergilər nazirinin müavini

Musayev Toğrul Sirac oğlu

 

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Müslümov Səlim Yanvar oğlu

 

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

Hacıyev Məmməd Həsən oğlu

 

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Babayev Aftandil Qasım oğlu

 

- Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, Baş direktor

Əsədov Elşən Səlim oğlu

 

- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin qiymət, tarif siyasəti şöbəsinin rəisi

Rzabəyov İdris İbrahim oğlu

 

- Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin Yanacaq, energetika əməliyyatları baş idarəsinin rəisi

Vəzirov Süleyman Ənvər oğlu

 

- Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin İqtisadi tənzimləmələr şöbəsinin müdiri

Şirinov Kərəm Əbdül Həşim oğlu

 

- Azərbaycan Respublikası Rabitə Nazirliyinin maliyyə-əmək şöbəsinin rəisi

İlyasov Sabir Gülmirzə oğlu

 

- “Azərbaycan Hava Yolları" Dövlət Konserni baş direktorunun birinci müavini

Pənahov Musa Sədi oğlu

 

- Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini

Rəhmanov Rəfael Əli Ağa oğlu

 

- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini

Əhmədov Tağı Məmməd oğlu

 

- Bakı Metropoliteninin rəisi

 

3. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).

4. Tarif (qiymət) Şurasına tapşırılsın ki, gördükləri işlər barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ətraflı hesabat təqdim etsin.

5. “Gömrük Tarif Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 aprel tarixli, 176 nömrəli və “Gömrük Tarif Şurasının Əsasnaməsi" haqqında 1994-cü il 18 fevral tarixli, 69 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 31 yanvar 2002-ci il
№ 17

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 31 yanvar  tarixli, 17 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının
ƏSASNAMƏSİ

 

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) respublikada təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsini gücləndirmək, ölkədə əlverişli investisiya mühiti yaratmaq, istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq, tarif (qiymət) və gömrük rüsumlarının çevik mexanizmi vasitəsi ilə dövlətin iqtisadi siyasətinin daha məqsədyönlü və səmərəli həyata keçirilməsi məqsədi ilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.

2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini və bu Əsasnaməni rəhbər tutur.

3. Şuranın əsas vəzifələri aşağıdakılardır:

3.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş tariflərin (qiymətlərin) və rüsumların ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;

3.2. respublika iqtisadiyyatının əsasını təşkil edən, iqtisadiyyatın bütün sahələrində tariflərin (qiymətlərin) və rüsumların səviyyəsinə güclü təsir göstərən enerji daşıyıcılarının və habelə təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) tariflərinin (qiymətlərinin) mövcud tənzimləmə prinsiplərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

3.3. tariflərin (qiymətlərin) və rüsumların dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) və rüsumların formalaşması və tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflərin hazırlanması;

3.4. ölkə iqtisadiyyatının maraqlarının tam təmin edilməsi baxımından xarici rəqabətin mənfi təsirindən və daxili rəqabət qabiliyyətli istehsalı qorumaqla onların fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılması məqsədi ilə gömrük tarif və rüsum dərəcələrinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, əlavə dəyər vergisindən azad olunan malların siyahısı barədə, qeyri-tarif tənzimlənməsi, gömrük tarif güzəştlərinin tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması;

3.5. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yüklərin tranzit tariflərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

 3.6. daxili bazarın qorunması məqsədi ilə mal idxalı nəticəsində yerli istehsala vurulmuş və ya vurula biləcək zərərlə bağlı təhqiqatın aparılması haqqında qərarların qəbul edilməsi və bu məsələ ilə bağlı təkliflərin hazırlanması.

4. Şura aşağıdakı hüquqlara malikdir:

4.1. dövlət idarəetmə orqanlarından, müəssisə və təşkilatlarından Şuranın səlahiyyətinə aid olan məsələlərlə bağlı zəruri sənədləri və məlumatları tələb etmək;

4.2. ehtiyac olduqda Şurada baxılan məsələlərlə bağlı müəyyən edilmiş qaydada ekspert və məsləhətçilər cəlb etmək.

5. Müzakirə edilən məsələlərin zərurətindən asılı olaraq Şuranın iclaslarına digər dövlət təşkilatlarının, beynəlxalq maliyyə təşkilatlarının, yerli və xarici şirkətlərin, ictimai birliklərin nümayəndələri dəvət oluna bilər.

6. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokollar rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

7. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir, zərurət yarandığı hallarda isə iclas istənilən vaxt keçirilə bilər. Şuranın sədrinin yaxud Şura üzvlərinin təşəbbüsü ilə Şuranın növbədənkənar iclası keçirilə bilər. Şuranın iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə keçirilə bilər. Şuranın iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

8. Şuranın Katibliyi İqtisadi İnkişaf Nazirliyində fəaliyyət göstərir. Katiblik dövlət tənzimlənməsində olan sahələr üzrə müvafiq təşkilatların və təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupları yaradır və onların fəaliyyətinə rəhbərlik edir.