"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Bakı şəhəri elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti və Satışı müəssisəsi ləğv edilsin və onların, habelə bu Sərəncama əlavədə göstərilən digər müəssisə və obyektlərin bazasında səhmləri ilkin mərhələdə dövlətə məxsus olan "Bakıelektrikşəbəkə" açıq tipli səhmdar cəmiyyəti yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə tapşırılsın:

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrini və üzvlərini təyin etsin, habelə Bakı şəhərinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azərenerji" Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət Müşahidə Şurasının tərkibini təsdiq etsin;

"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin qanunvericiliyə uyğun olaraq əlverişli şərtlərlə uzunmüddətli idarəetməyə verilməsi üçün açıq müsabiqənin keçirilməsini təmin etsin və müsabiqənin qalibi ilə müvafiq müqavilə bağlasın.

3. "Azərenerji" açıq tipli səhmdar cəmiyyətinə tapşırılsın ki, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti ilə birlikdə Bakı şəhəri üzrə elektrik enerjisinin nəqli və paylanmasının təhlükəsizliyinə və etibarlılığına nail olmaq məqsədi ilə elektrik enerjisi sisteminin operativ idarəetmə sxemini və mexanizmini 3 ay müddətində yenidən işləyib müəyyən edilmiş qaydada təsdiq etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 noyabr tarixli 253 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

6. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 14 iyun 2000-ci il
№ 441

 

Azərbaycan Respublikası Prezidentinin
2000-ci il "14" iyun tarixli 441 nömrəli
Sərəncamına əlavə

Bakıelektrikşəbəkə" açıq tipli səhmdar cəmiyyətinin

tərkibinə daxil edilən müəssisə və obyektlərin

SİYAHISI

 

1. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi

2. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti və

Satışı müəssisəsi

3. Bakı şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları

Departamentinin Avtonəqliyyat və Mexanizasiya Baş İstehsalat İdarəsinin

Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturu

4. Bakı şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları

Departamentinin İstehsalat təmir-tikinti quraşdırma və sazlama

müəssisəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən

strukturu

5. Bakı şəhərinin enerji təchizatını təmin edən və onun inzibati ərazisində yerləşən "Azərenerji" açıq tipli səhmdar cəmiyyətinə məxsus olan 35 kv-luq və aşağı gərginlikli elektrik ötürücüsü xətləri, yarımstansiyaları və onların dispetçer idarəetmə vasitələri

6. Binadaxili elektrik təchizatı idarəsi.