Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət və ictimai ehtiyacların təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

qiymətli kənd təsərrüfatı torpaqlarının (əkin və dincə qoyulmuş torpaqlar, çoxillik əkmələrin altındakı torpaqlar), meşə fondu torpaqlarının (meşədə oduncaq və digər meşə materialları tədarükü istisna olmaqla), xüsusi qorunan ərazilərin torpaqlarının, yay və qış otlaqları torpaqlarının, müdafiə və təhlükəsizlik təyinatlı torpaqların istifadəyə verilməsi barəsində - Azərbaycan Respublikasının Nazirlər Kabineti;

özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi barəsində - Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi;

meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəyə və meşədə oduncaq və digər meşə materialları tədarükü məqsədilə istifadəyə verilməsi barəsində - "Azərbmeşə" İstehsalat Birliyi, Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmayan məqsədlər üçün meşə fondu torpaqlarının icarəyə və istifadəyə verilməsi qadağandır;

digər torpaqların istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları;

dövlət mülkiyyətində olan torpaqların dövlət və ictimai ehtiyacların təmin edilməsi məqsədilə geri alınması barəsində - Azərbaycan Respublikasının Nazirlər Kabineti;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin altıncı və on ikinci abzaslarında, 12-ci maddəsinin 4-cü bəndində, 16-cı maddəsinin 1-ci bəndində, 23-cü maddəsinin 5-ci bəndində, 24-cü maddəsinin 1-ci bəndində, 38-ci maddəsinin beşinci abzasında (abzasda sadalanan sənədlərin təsdiq edilməsi hissəsində), 70-ci maddəsinin 3-cü və 5-ci bəndlərində, 96-cı maddəsinin 8-ci bəndində, 99-cu maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin on beşinci abzasında, 23-cü maddəsinin 4-cü və 6-cı bəndlərində, 38-ci maddəsinin altıncı abzasında (abzasda göstərilən qərarların qəbul edilməsi hissəsində), 63-cü maddəsinin 1-ci və 2-ci bəndlərində, 64-cü maddəsində, 75-ci maddәsinin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndlərində, 80-ci maddəsinin dördüncü abzasında, 108-ci maddəsinin 2-ci bəndində (məhkəmədən kənar torpaq mübahisəsinin həllinə dair qərarın qəbul edilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 21-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, "Azərbmeşə" İstehsalat Birliyi və digər əlaqəli mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 34-cü maddəsinin 8-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və digər əlaqəli mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 38-ci maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həmin abzasda qadağan edilməsi nəzərdə tutulan işləri həyata keçirən və ya onların həyata keçirilməsinə razılıq verən, yaxud belə işlərə nəzarət edən mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndində, 55-ci maddəsinin ikinci abzasında, 56-cı maddəsinin 1-ci bəndində, 66-cı maddəsinin 1-ci bəndində, 70-ci maddəsinin 6-cı bəndində, 79-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi, "Azərbmeşə" İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, "Azərbmeşə" İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərinin öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi, "Azərbmeşə" İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində (əsasında torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqları verilən qərarların qəbul edilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaq sahələri üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktlarının (şəhadətnamələrinin) verilməsi hissəsində) və 3-cü (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaqlara münasibətdə) bəndlərində, 102-ci maddəsinin 4-cü bəndində (meşə fondu torpaqları və xüsusi mülkiyyətdə olan torpaqlar istisna olmaqla, qalan torpaq sahələrinə münasibətdə), 108-ci maddəsinin 2-ci bəndində məhkəmədən kənar torpaq mübahisəsinin həllinə dair qəbul olunmuş müvafiq qərarın icrasına nəzarətin həyata keçirilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi həyata keçirir;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət aktlarının (şəhadətnamələrin) verilməsi hissəsində) və 3-cü (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinə münasibətdə) bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi həyata keçirir;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 100-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 100-cu maddəsinin 2-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 102-ci maddəsinin 4-cü bəndində (meşə fondu torpaqlarına münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "Azərbmeşə" İstehsalat Birliyi həyata keçirir.

2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının 1-ci bəndinin dördüncü abzasına "34-cü maddəsinin 8-ci bəndində" sözlərindən sonra "38-ci maddəsinin beşinci, altıncı və doqquzuncu abzaslarında"

sözləri əlavə edilsin; 2-ci bəndinin dördüncü abzasından "50-ci maddəsinin 4-cü bəndinin birinci abzasında" sözləri çıxarılsın.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 6 mart 2000-ci il
                   № 291