Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq və dövlət maliyyəsinin idarə edilməsi sistemini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 dekabr tarixli 525 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

Bakı şəhəri, 4 fevral 2000-ci il
№ 271

Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə
təsdİq edİlmİşdİr.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında
ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Nazirliyin nəzdində Baş Dövlət Xəzinədarlığı və Dövlət Əyar Palatası, Naxçıvan Muxtar Respublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsi sistemini təşkil edir.

1.3. Nazirlik bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə-İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələrinin, həmçinin tabeliyində olan digər təşkilatların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir.

1.4. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.5. Nazirlik müstəqil balansa, banklarda xəzinə, valyuta, xüsusi və digər hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malik olan hüquqi şəxsdir.

1.6. Nazirlik dövlət büdcəsindən ayrılan vəsaitlər və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Nazirliyin vəzifələri

 

Nazirliyin vəzifələri aşağıdakılardır:

2.1. Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;

2.2. Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;

2.3. Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;

2.4. Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;

2.5. Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;

2.6. Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;

2.7. Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi;

2.8. Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi.

3. Nazirliyin funksiyaları

Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

3.1. Ölkənin sosial-iqtisadi vəziyyətinin təhlili əsasında büdcə mədaxilinin artırılmasına yönəldilmiş təkliflər hazırlayır;

3.2. Makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında, məqsədli büdcə fondlarının yaradılması və onlardan istifadə olunması ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir;

3.3. Müvafiq qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir, dövlət büdcəsinin tərtibi və icrası qaydalarını təkmilləşdirmək barədə təkliflər verir;

3.4. Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və onların uçotunu təşkil edir;

3.5. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında gəlir və xərclərin rüblük bölgüsünü müəyyən edir və onu büdcədən maliyyələşdirilən idarə və təşkilatlara çatdırır;

3.6. Müəyyən olunmuş qaydada dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə formalarının icrasını təmin edir;

3.7. Büdcə qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlayır;

3.8. Dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə cari nəzarəti həyata keçirir;

3.9. Dövlət büdcəsinin icrası haqqında aylıq, rüblük və illik hesabatlar tərtib edilir və onları müvafiq orqanlara təqdim edir;

3.10. Dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirir, o cümlədən müvafiq ilin dövlət büdcəsinə riayət olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və hədlərdə dövlət büdcəsindən ssuda (borc) verir;

3.11. Dövlət büdcəsi ilə digər büdcələr arasında münasibətləri tənzimləyir;

3.12. Büdcə-vergi proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi, habelə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün tədbirləri həyata keçirir;

3.13. Büdcədən ayrılan vəsaitlərlə bağlı xərclər smetasının tərtibi, təsdiqi və icrasının ümumi qaydalarını müəyyən edir;

3.14. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə ölkə iqtisadiyyatının mövcud vəziyyətini təhlil edir və sosial-iqtisadi problemlərin həllinə dair təkliflər verir;

3.15. Büdcə-vergi və gömrük siyasətinin hazırlanması və təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

3.16. Müvafiq qanunvericiliyə əsasən xüsusi razılıq (lisenziya) verilməsi Maliyyə Nazirliyinə həvalə edilmiş fəaliyyət növlərinə lisenziya verir;

3.17. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsinə lisenziya verən müvafiq icra hakimiyyəti orqanlarını lisenziya blankları ilə təmin edir;

3.18. Aksiz markalarının hazırlanması üçün sifarişlər verir, onların satışını və uçotunu təşkil edir, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin edir.

3.19. Müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə gəlirlərə və əmlaka ikiqat vergiqoymanın aradan qaldırılmasına dair hökumətlərarası sazişlərin bağlanması haqqında digər dövlətlərin müvafiq orqanları ilə öz səlahiyyətləri çərçivəsində danışıqlar aparır;

3.20. Qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoymanın təkmilləşdirilməsi işində iştirak edir;

3.21. Sığorta fəaliyyətinin inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir;

3.22. Pul-kredit siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, hesablamaların və pul dövriyyəsinin təşkilinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;

3.23. Qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının emissiyası ilə bağlı funksiyaları həyata keçirir;

3.24. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən investisiya və innovasiya proqramlarının işlənib hazırlanmasında iştirak edir, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmasına nəzarət edir;

3.25. Dövlət büdcəsi hesabına maliyyələşdirilən idarəetmə xərclərinin istifadəsinə, büdcə təşkilatlarında əmək haqqı tariflərinin, vəzifə maaşlarının düzgün müəyyən edilməsi və tətbiqinə nəzarət edir, dövlət idarəetmə orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi və ştat vahidlərinin müəyyən edilməsi ilə bağlı təkliflər verir;

3.26. Qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlığı həyata keçirir, maliyyə-kredit siyasəti məsələləri barəsində həmin təşkilatların nümayəndələri ilə danışıqlar və məsləhətləşmələr aparır, onların tərəfindən Azərbaycan Respublikasına kreditlər ayrılması barədə danışıqlarda iştirak edir, beynəlxalq təşkilatlara üzvlüklə əlaqədar tələb olunan xərclərin həyata keçirilməsi üçün təkliflər verir;

3.27. Beynəlxalq iqtisadi əməkdaşlıqla bağlı maliyyə-valyuta problemlərini təhlil edir, xarici dövlətlərlə maliyyə-valyuta və kredit münasibətlərinin təkmilləşdirilməsinə, ölkənin valyuta ehtiyatlarının artırılmasına və qənaətlə xərclənməsinə dair təkliflər hazırlayır;

3.28. Dövlətin daxili və xarici borcu üzrə limiti müəyyənləşdirmək üçün təklif verir;

3.29. Azərbaycan Respublikasının xarici dövlət borcunun və xarici dövlətlərin Azərbaycan Respublikasına borcunun uçotunu aparır, Azәrbaycan Respublikasının Milli Bankı ilə birlikdə bu borcların ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirir;

3.30. Dövlət zəmanəti ilə təmin edilən xarici və daxili kreditlər üzrə borc öhdəliklərini qeydiyyata alır və onların qaytarılmasını təmin etmək üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır;

3.31. Dövlət lotereyalarının buraxılışı, təşkili və keçirilməsi ilə bağlı vəzifələri yerinə yetirir;

3.32. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun təşkilinə, hesabatların hazırlanmasına metodiki rəhbərlik edir, mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada hesabatları və digər məlumatları alır, mühasibat uçotu və hesabatı sisteminin beynəlxalq mühasibat uçotu standartlarına uyğunlaşdırılmasını təmin edir;

3.33. Azərbaycan Respublikası ərazisində ilkin uçot sənədlərinin, mühasibat (maliyyə) hesabatlarının, ciddi hesabat blanklarının, mühasibat uçotu registrlərinin forma və rekvizitlərinin hazırlanması və tətbiq edilməsi üçün razılıq verir;

3.34. Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflərin və əhalinin sosial müdafiəsi üzrə proqramların hazırlanmasında iştirak edir;

3.35. Tədiyə balansının tərtibində iştirak edir;

3.36. Azərbaycan Respublikasının Milli Bankı və digər kredit təşkilatları ilə Azərbaycan Respublikası adından kredit müqavilələri bağlayır, alınmış kreditlərin vaxtında qaytarılmasını və faizlərin ödənilməsini təmin edir, onlardan məqsədli istifadə olunmasına nəzarət edir;

3.37. Xidməti vəzifələrin icrası zamanı dövlət vəsaitlərinin mənimsənilməsi və digər qanun pozuntuları aşkar olunduqda öz səlahiyyətləri daxilində tədbirlər görür və müvafiq orqanlara təqdimatlar verir;

3.38. Müəyyən olunmuş qaydada Nazirliyin səlahiyyətlərinə aid məsələlər üzrə müvafiq normativ hüquqi aktlar qəbul edir və onları təsdiq edir, habelə qanunvericilik aktlarının layihələrini hazırlayır;

3.39. Qanunvericiliyə uyğun olaraq səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklarda dövləti təmsil edir, onlardan rüblük hesabatlar alır və fəaliyyətləri barədə təkliflər hazırlayır;

3.40. Azərbaycan Respublikasında istehsal edilən qiymətli metallardan hazırlanmış məişət məmulatlarının, qiymətli metal yarımfabrikatlarının, ərinti və külçələrin əyarlanmasını, analizini və damğalanmasını, ekspertizasını və əyar reaktivlərinin hazırlanmasını, istehsalçıların qeydiyyatdan keçirilməsini, qeydiyyat şəhadətnamələrinin verilməsini və bu işlər üçün Nazirliyin təsdiq etdiyi tariflər üzrə əyar haqqı alınmasını həyata keçirir;

3.41. Müəyyən olunmuş qaydada Nazirliyin mütəxəssislərinin ixtisasının artırılmasını təşkil edir;

3.42. Qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

4. Nazirliyin hüquqları

Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.1. Dövlət büdcəsi layihəsinin hazırlanması, onun icrasına cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən xərclərin maliyyələşdirilməsi üçün dövlət orqanlarından, təşkilatlardan, büdcədənkənar dövlət fondlarından və bələdiyyələrdən zəruri sənədləri almaq;

4.2. Nazirlik tərəfindən müəyyən edilmiş müddət ərzində və qaydada növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial proqramların və proqnozların hazırlanması barədə əsaslandırılmış sənədləri aidiyyәti təşkilatlardan və bələdiyyələrdən almaq;

4.3. Zərurət yarandıqda, dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan sənədləri və hesablamaları icra hakimiyyəti orqanlarından, dövlət büdcəsindən maliyyələşən təşkilatlardan, büdcədənkənar dövlət fondlarından, bələdiyyələrdən almaq;

4.4. Ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi halları aşkar olunduqda, həmçinin əvvəl ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatların təqdim edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini xəbərdar etməklə müəssisələrin, idarələrin və təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsini məhdudlaşdırmaq;

4.5. Dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılmış və təyinatı üzrə istifadə olunmayan vəsaitləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisələrdən, idarələrdən, təşkilatlardan və bələdiyyələrdən geri almaq üçün müvafiq tədbirlər görmək;

4.6. Dövlət büdcəsi vəsaitlərindən istifadə edən idarə, müəssisə və təşkilatlar üzərində maliyyə nəzarətini həyata keçirmək;

4.7. Qanunvericiliklə müəyyən olunmuş qaydada, o cümlədən hüquq-mühafizə və məhkəmə orqanlarının qərarlarına əsasən idarə, müəssisə və təşkilatlarda təftiş və yoxlamalar aparmaq;

4.8. Dövlət büdcəsinin mədaxil hissəsini təmin edən mərkəzi icra hakimiyyəti orqanlarından rəsmi məlumatlar almaq;

4.9. Dövlət idarə, müəssisə və təşkilatlarında maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək;

4.10. Maliyyə Nazirliyi tərəfindən lisenziya verilmiş təşkilatlarda lisenziyalaşdırma qaydalarına əməl olunmasına nəzarət etmək;

4.11. İcra hakimiyyəti orqanlarından, təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlardan dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının icrası, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərindən və dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlərdən istifadə haqqında statistik və digər hesabat göstəricilərini almaq;

4.12. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq istənilən məqsədlər üçün qiymətli metalları və qiymətli daşları emal və tətbiq edən, bunlardan istifadə edən müəssisə, idarə və təşkilatların bu sahədəki fəaliyyətinə nəzarət etmək;

4.13. Ə yar nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq yoxlanılan obyektə daxil olmaq, qiymətli metal və məmulatı ekspertiza etmək məqsədilə götürmək və əyar nəzarəti qaydalarını pozanları qanunvericilikdə nəzərdə tutulan qaydada cərimə etmək;

4.14. Qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində icrası məcburi olan əmr və sərəncamlar vermək;

4.15. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən nazir rəhbərlik edir.

5.2. Nazir ona həvalə edilmiş fəaliyyət sahəsində rəhbərliyi həyata keçirir və Nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir birinci müavini və üç müavini vardır. Nazirin müavinlərindən biri Maliyyə Nazirliyinin nəzdində Baş Dövlət Xəzinədarlığının direktoru vəzifəsini icra edir.

5.4. Maliyyə naziri aşağıdakı səlahiyyətlərə malikdir:

Nazirliyin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edir:

Nazirliyin fəaliyyətinə, o cümlədən Baş Dövlət Xəzinədarlığının işinə rəhbərlik edir;

müavinlərin arasında vəzifə bölgüsü aparır;

Nazirliyin mərkəzi aparatının işçilərini və Nazirliyin tabeliyində olan idarə və təşkilatların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

işçilərin müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu həddində Nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini, ayrılan büdcə vəsaitinə uyğun olaraq onun saxlanması xərclərinin smetasını, həmçinin Nazirliyin müstəqil struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərini həyata keçirir;

5.5. Maliyyə planlaşdırılmasının, büdcə proqnozlaşdırılmasının, iqtisadiyyatın maliyyələşdirilməsinin, mühasibat uçotu və hesabatının, nəzarət-təftiş işinin metodikasının təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, elmi və digər təşkilatların nümayəndələrindən ibarət Metodiki Şura yaradılır.

Metodiki Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir.

5.6. Nazirlik onun üzərinə qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə müəyyən edilmiş qaydada jurnal, bülleten və digər nəşrlər dərc edir.

5.7. Nazirlikdə nazirdən (kollegiyanın sədri), vəzifəyə görə onun müavinlərindən, nazirliyin rəhbər işçilərindən və digər şəxslərdən ibarət olan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi 9 nəfər) yaradılır.

Kollegiyanın iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı, o cümlədən maliyyə mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinin layihəsinin hazırlanmasına və icrası üzrə işlərin təşkilinə dair məsələlərə baxılır.

Kollegiyanın iclasları Kollegiya üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir.

Kollegiyanın qərarları protokollaşdırılır və bir qayda olaraq nazirin əmrləri ilə həyata keçirilir. Nazir və kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda nazir öz qərarını həyata keçirir və yaranmış fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.