Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 250 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 6 dekabr 2000-ci il
№ 212

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 6 dekabr tarixli, 212 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
QAYDALARI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Əmək miqrasiyası haqqında" və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2000-ci il 15 yanvar tarixli, 250 nömrəli Fərmanına əsasən hazırlanmış və hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətini həyata keçirmələrinə xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) verilməsi Qaydalarının müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən lisenziya Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra - ərizəçilər) Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra bu Qaydalara müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər.

1.4. Azərbaycan Respublikasında dövlət qeydiyyatdan keçmiş xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda həmin fəaliyyət növü ilə Azərbaycan Respublikasının ərazisində məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziya sahibi lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa hüquqi şəxsə verə bilməz.

2. Lİsenzİyanın verİlməsİ qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə;

ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

2.1.2. təsis sənədlərinin təsdiq olunmuş surəti;

2.1.3. dövlət qeydiyyatı haqqında hüquqi şəxsin Dövlət reyestrindən çıxarışı;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. ərizədə göstərilən obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə və s.) təsdiq edən sənədin surəti (ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı göstərilir).

2.2. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda sənədlərin qeydə alındığı gündən başlayaraq 15 gün müddətində lisenziya verilməsi haqqında müvafiq qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə yazılı məlumat verilir, çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı ilk iş günü müddətin qurtarma günü hesab olunur.

2.3. Aşağıdakı hallarda lisenziyanın verilməsindən imtina edilir:

2.3.1. bu Qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilmədikdə;

2.3.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.3.3. ərizəçinin əvvəllər Azərbaycan Respublikası vətəndaşlarının xaricdə işə düzəlmələrində vasitəçilik edilməsi üçün aldığı lisenziyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ləğv edilməsindən 2 il müddət keçmədikdə və ya ərizəçi lisenziyanın qüvvəsinin dayandırıldığı dövrdə müraciət etdikdə;

2.3.4. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.4. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, imtina barədə qərarla razılaşmadıqda isə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququna malikdir.

2.5. Hüquqi şəxs ləğv edildikdə, ona verilmiş lisenziya öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı, hüquqi ünvanı və ya bank rekvizitləri dəyişdirildikdə və ya lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi bu sahədəki fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lİsenzİya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı;

3.1.2. lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (o olmadıqda müavini) tərəfindən imzalanır və nazirliyin möhürü ilə təsdiq edilir.

4. Lİsenzİyanın müddətİ

4.1. Lisenziya 5 il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lİsenzİyanın surətİ

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə, təzə obyektlərə lisenziyanın surətini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.6.-cı yarımbəndində tələb olunan sənədlər.

5.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın surətinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.2 və 2.3.-cü bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti - lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın sağ küncündə "Surəti" sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, orqanın rəhbəri və ya rəhbər olmadıqda, müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

6. Lİsenzİyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibi Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə vasitəçilik etdikdə aşağıdakı qaydalara riayət etməlidir:

6.1.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkədə işə düzəlməsi haqqında xarici işəgötürənlə imzalanmış müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlarını həmin müqavilə əsasında işləmək üçün xarici ölkəyə göndərə bilər.

6.1.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə əmək miqrasiyasına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı ixtisaslar üzrə müvəqqəti məhdudiyyətlər qoyulubsa, həmin ixtisaslar üzrə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə yol verilmir.

6.1.3. Müqavilə əsasında xarici ölkələrdə işə düzəldilən Azərbaycan Respublikası vətəndaşları haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə illik məlumat təqdim etməlidir.

6.1.4. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladığı müqavilələrdə və təklif olunan əmək müqavilərində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunması nəzərdə tutulmalıdır.

6.1.5. Xarici ölkədə işə düzəldilməsi ilə bağlı xidmətə görə haqq almamalıdır.

6.1.6. Azərbaycan Respublikasının vətəndaşı ilə xarici işəgötürən arasında bağlanılacaq əmək müqaviləsinin Azərbaycan Respublikası vətəndaşı ölkəni tərk etməkdən əvvəl ona verilməsini təmin etməlidir.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

6.3. Nəzarət qaydasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziya sahibi tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə vasitəçilik edilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan məsələlər haqqında lisenziya sahibindən məlumat və ya arayış almaq;

6.3.3. aşkar olunmuş pozuntular haqqında akt tərtib etmək və xəbərdarlıq etmək;

6.3.4. yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi məsələsinə baxmaq.

6.4. Lisenziya sahibi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinə yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa, tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və lisenziya sahibi tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zəruri olduqda, müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

7. Lİsenzİyanın fəalİyyətİnİn dayandırılması və ya ləğv edİlməsİ

7.1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın qüvvəsini aşağıdakı hallarda dayandırır:

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. lisenziya sahibinin müflisləşməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. lisenziya sahibi işləmək üçün xarici ölkələrə göndərdiyi Azərbaycan Respublikası vətəndaşları haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədikdə.

7.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərar qəbul etdikdə, bu barədə 5 gün müddətində lisenziya sahibinə və dövlət vergi xidməti orqanlarına yazılı məlumat verir.

Lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda lisenziya sahibinin müraciətinə əsasən lisenziyanın qüvvəsi bərpa edilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur və bu barədə 5 gün müddətində yazılı şəkildə lisenziya sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.3.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı hallarda lisenziyasını ləğv edilir:

7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya alınması üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə;

7.3.6. Azərbaycan Respublikası vətəndaşlarını xarici işəgötürənlə müvafiq müqavilə olmadan və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilməmiş müqavilələr əsasında xarici ölkələrdə işə düzəltdikdə;

7.3.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdikdə, bu barədə 5 gün müddətində yazılı şəkildə lisenziya sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil edilir.

7.6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verilən, qeydə alınan, hüquqi qüvvəsi dayandırılan və ləğv edilən lisenziyaların reyestrini aparır.

8. Məsulİyyət

8.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərləri və aidiyyəti vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.