AZƏRBAYCAN RESPUBLİKASININ

 

SU MƏCƏLLƏSİ[1]

 

Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.

Bu Məcəllə Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətlərini tənzimləyir.

 

I bölmə

 

Ümumi müddəalar

 

I fəsil

 

Əsas müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

su obyekti relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;

su ehtiyatları su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi;

su obyektinin istifadəçisi su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;

su istehlakçısı öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;

su təsərrüfatı obyekti su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;

su obyektlərinin çirklənməsi suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;

su obyektlərinin zibillənməsi su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;

suların zərərli təsiri su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri.

 

Maddə 2. Azərbaycan Respublikasının su qanunvericiliyi

 

Azərbaycan Respublikasının su qanunvericiliyi bu Məcəllədən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

Maddə 3. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlərin tənzimlənməsi

 

Su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.

Sudan istifadəyə dair münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyi, sanitariya-epidemioloji salamatlıq haqqında və digər qanunvericilik aktları ilə tənzimlənir.

İçməli su təchizatı və tullantı sularının axıdılması ilə bağlı münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Su obyektlərinin istifadəsi və mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

 

Maddə 4. Su münasibətlərinin obyektləri

 

Su münasibətlərinin obyektləri Azərbaycan Respublikasının su fondu (bundan sonra su fondu adlanacaq) və su fondunun torpaqlarıdır.

 

Maddə 5. Azərbaycan Respublikasının su fondu

 

Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektləri) Azərbaycan Respublikasının su fondunu təşkil edir.

Təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə Azərbaycan Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən ibarətdir.

 

Maddə 6. Yerüstü su obyektləri

 

Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir.

Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir.

Yerüstü su obyektləri çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə bilər.

 

Maddə 7. Yeraltı su obyektləri

 

Yeraltı su obyektlərinə yerin təkində yerləşən geoloji strukturlarda toplanmış sular daxildir.

Yeraltı su obyektlərinə aşağıdakılar aid edilir:

sulu horizont yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);

yeraltı su hövzəsi yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu;

yeraltı su yatağı sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.

 

Maddə 8. Sərhəd su obyektləri

 

Dövlətlərarası sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su obyektləri sərhəd su obyektlərinə aid edilir.

Sərhəd su obyektlərindən istifadə və onların mühafizəsi qaydaları bu Məcəllə, dövlət sərhədi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və sazişləri ilə müəyyən edilir.

 

Maddə 9. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi

 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir.

 

Maddə 10. Su fondunun torpaqları

 

Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar;

su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;

hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

 

Maddə 11. Su münasibətlərinin subyektləri

 

Su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə iştirak edirlər.

 

II fəsil

Su obyektləri üzərində mülkiyyət formaları

 

Maddə 12. Su obyektləri üzərində dövlət mülkiyyəti

 

Dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;

sərhəd su obyektləri;

dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri;

xüsusi qorunan su obyektləri.

Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər.

Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Maddə 13. Su obyektləri üzərində bələdiyyə mülkiyyəti

 

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.

Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər.

 

Maddə 14. Su obyektləri üzərində xüsusi mülkiyyət

 

Xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən, başqa su obyektləri ilə hidravliki əlaqəsi və axarı olmayan kiçik sututarlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi mülkiyyətə verilə bilər.

Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi mülkiyyətə verilə bilməz.

 

Maddə 15. Su təsərrüfatı obyektləri üzərində mülkiyyət

 

Su təsərrüfatı obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edilir.

Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

II bölmə

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə

III fəsil

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmənin təşkili

 

 

Maddə 16. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmənin əsas prinsipləri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması;

əhalinin keyfiyyətli su ilə təchizatı;

ərazi quruluşu prinsipi ilə hövzə prinsipinin uzlaşdırılması; [2]

su obyektlərinin mühafizəsi üzrə idarəetmə funksiyaları ilə su obyektlərindən istifadə və su təsərrüfatı funksiyalarının ayrılması.

 

Maddə 17. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sistemi

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların vəkil etdikləri su obyektlərinin istifadəçiləri və bələdiyyələr daxildir.

 

Maddə 18. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətini müəyyən etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində investisiya siyasətini həyata keçirmək;

su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramlarını təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində elmi-texniki siyasəti həyata keçirmək;

su obyektlərinin dövlət monitorinqinin, dövlət su kadastrının aparılması, habelə yerüstü və yeraltı suların uçotunun həyata keçirilməsi qaydalarını müəyyən etmək;

su obyektlərindən istifadə qaydalarını müəyyən etmək və həyata keçirilməsini təmin etmək;

su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazə verilməsi qaydalarını müəyyən etmək; [3]

su obyektlərinin suqoruyucu zonalarının, sahilboyu mühafizə zolaqlarının müəyyən edilməsi qaydalarını, onların ərazilərindən istifadə rejimini müəyyən etmək;

su obyektlərinin istifadəsi, bərpası və mühafizəsinin iqtisadi tənzimlənməsi prinsiplərini, su obyektindən və sudan istifadəyə görə haqqı və onların ödəmə qaydalarını müəyyən etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində standartları, normaları və qaydaları təsdiq etmək;

su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi, yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasını təmin etmək;

suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlıqların, müəssisələrin və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə onların istismarını məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;

xüsusi qorunan su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin, onların sanitariya mühafizəsi zonaları və dairələrinin rejimini təyin etmək;

sel sularına qarşı, habelə suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

fəlakət və qəzaların, ekoloji böhranların qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər müəyyən etmək, onların həyata keçirilməsini təşkil etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Maddə 19. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Naxçıvan Muxtar Respublikasının vəzifələri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Naxçıvan Muxtar Respublikasının vəzifələri aşağıdakılardır:

su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi sahəsində proqramları hazırlamaq, təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirmək;

qanunvericiliklə müəyyən olunmuş qaydada su obyektlərindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək;

sel sularına qarşı, suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi, habelə təbii fəlakət və qəza nəticəsində zədələnmiş və ya dağılmış su təsərrüfatı obyektlərinin bərpa olunması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

suların vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə onların istismarını məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Maddə 20. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:

bələdiyyə mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;

su obyektlərinin istifadəsi və mühafizəsi tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tədbirlərinə əməl olunmasına nəzarət etmək;

müvafiq ərazilərdə yerləşən su obyektlərində içməli və məişət su təchizatı üçün su götürülməsini, çimərlik, heyvanların suvarılması qadağan edilən yerlərini və sudan ümumi istifadənin digər şərtlərini, habelə su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq müəyyən etmək; [4]

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

 

IV fəsil

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi

 

Maddə 21. Su təsərrüfatı balansları

 

Su təsərrüfatı balansları müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından ibarətdir.

Su təsərrüfatı balansları müvafiq ərazilərin su obyektlərində su ehtiyatlarının mövcudluğunu və onlardan istifadə dərəcəsini qiymətləndirmək məqsədi ilə tərtib edilir və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması və qərarların qəbul edilməsi üçün istifadə olunur.

Su təsərrüfatı balansları respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilir.

 

Maddə 22. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri

 

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su ehtiyatlarının vəziyyəti və su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir.

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır.

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən işlənib hazırlanır.

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 23. Su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramları

 

Su obyektlərinin istifadəsini, mühafizəsini və suların zərərli təsirinin qarşısının alınması tədbirlərini hazırlamaq və həyata keçirmək üçün su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, dövlət su kadastrı məlumatları əsasında dövlət proqramları işlənib hazırlanır.

Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin və ictimai təşkilatların təkliflərini nəzərə almaqla qanunvericiliklə müəyyən olunmuş qaydada işlənib hazırlanır və yerinə yetirilir.

 

Maddə 24. Su obyektlərinin dövlət monitorinqi

 

Su obyektlərinin dövlət monitorinqi onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən su mühafizəsi tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarətdir.

Su obyektlərinin dövlət monitorinqi ətraf mühitin dövlət monitorinqi sisteminin tərkib hissəsidir.

Su obyektlərinin dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanları tərəfindən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.

 

Maddə 25. Suların dövlət uçotu

 

Suların dövlət uçotu müəyyən olunmuş qaydada müvafiq ərazidə mövcud olan su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin müntəzəm olaraq müəyyən edilməsindən ibarətdir.

Suların dövlət uçotu su obyektlərinin səmərəli istifadəsi və mühafizəsinin cari və perspektiv planlaşdırılmasının təmin edilməsi məqsədi ilə aparılır.

Suların dövlət uçot məlumatları kəmiyyət və keyfiyyət göstəricilərinə, onların öyrənilməsi və istifadə dərəcəsinə görə yerüstü və yeraltı su obyektlərinin vəziyyətini xarakterizə edir.

Suların dövlət uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır, su obyektlərinin istifadəçilərinin və dövlət monitorinqinin uçot məlumatlarına əsaslanır.

 

Maddə 26. Dövlət su kadastrı

 

Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su obyektləri istifadəçiləri barədə məlumatların məcmusudur. Dövlət su kadastrı Azərbaycan Respublikasında vahid sistem üzrə aparılır və suların dövlət uçotu məlumatlarına əsaslanır.

Su obyektlərinin istifadəçiləri tərəfindən dövlət su kadastrına daxil edilməli olan məlumatların müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməsi məcburidir.

Dövlət su kadastrının məlumatları müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etməsi üçün əsasdır.

Dövlət su kadastrı müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılır.

 

Maddə 27. Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizası

 

Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılan dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılır.

 

Maddə 28. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti

 

Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti:

su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına;

sudan istifadə limitlərinə;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara;

su mühafizəsi zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin edir.

Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 29. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma sudan istifadə limitlərinin müəyyən edilməsi və su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir.

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

III bölmə

Su obyektlərinin istifadəsi və mühafizəsi

V fəsil

Su obyektlərindən istifadə

 

 

Maddə 30. Su obyektlərinin istifadəçiləri

 

Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər (bundan sonra hüquqi şəxslər adlanacaq) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (bundan sonra fiziki şəxslər adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər.

Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər.

Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir.

 

Maddə 31. Su obyektlərindən istifadə hüququ

 

Su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri üzərində aşağıdakı hüquqlara malik ola bilərlər:

su obyektlərindən uzunmüddətli istifadə;

su obyektlərindən qısamüddətli istifadə;

su obyektlərindən məhdud istifadə (su servitutları).

Su obyektlərinin istifadəçiləri su obyektlərindən istifadəni bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirirlər.

Su obyektləri istifadəçiləri su obyektlərindən istifadə hüququna bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda sərəncam verə bilərlər.

Su obyektlərinin icarəyə verilməsi icarə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Çayın məcrasının dəyişməsi və ya su obyektlərinin yerləşməsində digər dəyişikliklər, əgər bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, su obyektlərindən istifadə hüququnun dəyişməsinə və ya istifadə hüququna xitam verilməsinə səbəb olmur.

 

Maddə 32. Su obyektlərindən uzunmüddətli və qısamüddətli istifadə hüququ

 

Dövlət mülkiyyətində olan su obyektləri onların istifadə məqsədindən, ehtiyat potensialından və ekoloji vəziyyətindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Su obyektlərindən qısamüddətli istifadə hüququ üç ilə qədər, uzunmüddətli istifadə hüququ iyirmi beş ilə qədər müəyyən edilir.

Su obyektlərindən istifadə hüququnun müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

 

Maddə 33. Su obyektlərindən məhdud istifadə hüququ (su servitutu)

 

Su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər.

Ümumi su servitutu formasında hər bir şəxs, əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, ümumi istifadədə olan su obyektindən və digər su obyektlərindən istifadə edə bilər.

Maraqlı şəxslər digər şəxslərin xüsusi istifadəsində olan su obyektlərindən xüsusi su servitutu formasında istifadə edə bilərlər. Xüsusi su servitutu məhkəmə qərarı əsasında da müəyyən edilə bilər.

Mülki qanunvericilikdə servitutlar haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.

Ümumi və xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən edilə bilər:

texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək;

mal-qaranı suvarmaq və su obyektindən keçirmək;

su obyektlərindən bərələr, qayıqlar və digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək.

Azərbaycan Respublikasının su qanunvericiliyində digər su servitutları da müəyyən edilə bilər.

Su servitutlarının həyata keçirilməsi üçün icazə tələb edilmir. [5]

 

Maddə 34. Su obyektlərindən istifadə hüququnun əldə edilməsi

 

Su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su obyektlərindən istifadənin icazə tələb edən növləri və icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [6]

Su obyektləri istifadəçisi fiziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir.

Su obyektlərindən istifadə hüququ bir şəxsdən başqasına bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadə məqsədlərini dəyişməmək şərti ilə keçə bilər.

Xüsusi mülkiyyətdə olan su obyektlərinə hüquqlar mülki qanunvericilikdə, torpaq qanunvericiliyində və bu Məcəllədə nəzərdə tutulmuş qaydada əldə edilir.

 

Maddə 35. Su obyektlərindən istifadə növləri

 

Su obyektləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

içməli su və məişət təchizatı;

müalicə, kurort və sağlamlaşdırma;

istirahət və idman;

sənaye, tikinti və energetika;

kənd təsərrüfatı;

meşə təsərrüfatı;

hidroenergetika;

nəqliyyat;

balıqçılıq, o cümlədən akvakultura;[7]

ovçuluq;

tullantı suların axıdılması;

yanğından mühafizə və digər məqsədlər üçün.

Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün istifadəyə verilə bilər.

 

Maddə 36. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə

 

Ümumi istifadədə olan su obyektləri istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. [8]

Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən ətraf mühitin mühafizəsini və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq və digər su bioresurslarını mühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə olunması qaydalarına riayət olunmalıdır. [9]

Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su bioresurslarının ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə şəhərin, rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər. [10]

Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan, icarəyə və ayrıca istifadəyə verilmiş su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə edilməsinə razılıq mülkiyyətçilərin və su obyekti istifadəçilərinin müəyyən etdikləri şərtlərlə və ya müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə verilə bilər.

Ümumi istifadədə olan su obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su bioresurslarının ovu üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ vardır. [11]

Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər.

Ümumi istifadədə olan su obyektlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.

 

Maddə 37. Su obyektlərindən ayrıca istifadə

 

Ayrıca istifadədə olan su obyektləri məhdud şəxslər tərəfindən istifadə olunan su obyektləridir.

Dövlət mülkiyyətində olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müdafiə, energetika, nəqliyyat, habelə digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər. [12]

Su obyektlərinin ayrıca istifadəyə verilməsi qərarında su obyektlərindən istifadənin məqsədi və əsas şərtləri göstərilir.

Su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır.

Ayrıca istifadəyə verilmiş su obyektləri müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ümumi məqsədlər üçün istifadəyə verilə və ya geri alına bilər.

 

Maddə 38. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə

 

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [13]

 

Maddə 39. Sudan istifadə limitləri

 

Sudan istifadə limitləri hər bir su obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən su ehtiyatlarının götürülməsinin və ya su obyektlərinə tullantı suların axıdılmasının yol verilən həcmidir.

Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 40. Su obyektlərinin istifadəyə verilməsi qaydaları

 

Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. [14]

Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.

Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

 

Maddə 41. Su obyektlərinin istifadəsinə antiinhisar tələblər

 

Su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnə bilən fəaliyyəti qanunla qadağan edilir.

Müvafiq icra hakimiyyəti orqanlarına sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri istifadəçilərinin fəaliyyəti üçün ayrı-seçkilik şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək qadağan edilir.

Sudan istifadə sahəsində inhisara gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının əsaslı şəkildə pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb olur.

 

Maddə 42. Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi

 

Su obyektlərindən və ya onların bir hissəsindən istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər.

Su obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

 

VI fəsil.

 

Sudan istifadə edənlərin hüquqları və vəzifələri

 

Maddə 43. Sudan istifadə edənlərin hüquqları

 

Sudan istifadə edənlərin aşağıdakı hüquqları vardır:

sudan təkrar istifadə etmək;

su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;

istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq;

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;

Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir.

 

Maddə 44. Sudan istifadə hüququna xitam verilməsi

 

Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna aşağıdakı hallarda xitam verilir:

sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə;

su obyektlərindən istifadə müddəti qurtardıqda;

hüquqi şəxslər ləğv olunduqda;

su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə;

su obyektləri ayrıca istifadədən geri alındıqda;

sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə;

su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 45. Sudan istifadə edənlərin vəzifələri

 

Sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır:

su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək;

sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək;

tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək;

su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək;

su obyektlərindən təyinatına görə istifadə etmək;

su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq;

sudan istifadənin uçotunu aparmaq;

sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək;

Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

 

Maddə 46. Su təsərrüfatı fəaliyyəti nəticəsində dəymiş zərərin ödənilməsi

 

Su təsərrüfatı tədbirlərinin görülməsi, su obyektlərindən istifadə hüququna xitam verilməsi və ya sudan istifadə şərtlərinin dəyişdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilir.

 

VII fəsil

 

Su obyektlərindən əhalinin içməli su, məişət, müalicə-kurort, sağlamlaşdırma, istirahət və idman məqsədləri üçün istifadə

 

Maddə 47. Əhalinin içməli su və məişət ehtiyacları üçün verilən su obyektləri

 

Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir.

Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir.

Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər.

Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.

 

Maddə 48. İçməli suların başqa məqsədlər üçün istifadə edilməsinin məhdudlaşdırılması

 

İçməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Kifayət qədər yerüstü su mənbələri olmayan və içməli yeraltı su ehtiyatları çox olan regionlarda həmin sulardan başqa məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə istifadə edilə bilər.

 

Maddə 49. Müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən istifadə

 

Azərbaycan Respublikası ərazisində yerləşən və təbii müalicəvi xüsusiyyətlərə malik olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müalicə obyektləri kateqoriyasına aid edilir.

Müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən birinci növbədə müalicə və kurort məqsədləri üçün istifadə edilir.

Müstəsna hallarda müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən başqa məqsədlər üçün istifadə edilməsinə müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə icazə verilə bilər.

Müalicə obyektləri kateqoriyasına aid edilən su obyektlərinə tullantı sularının axıdılmasına yol verilmir.

 

Maddə 50. Su obyektlərindən istirahət və idman məqsədləri üçün istifadə

 

Bu Məcəllənin 36-cı maddəsinin tələblərinə riayət etməklə, icazə almadan ümumi istifadədə olan su obyektlərindən istirahət və idman üçün istifadə edilməsinə yol verilir. [15]

Kütləvi istirahətin təşkilinin təmin olunması və idman sahələrinin ehtiyaclarının ödənilməsi üçün su obyektləri bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər.

İstirahət və idman üçün su obyektlərindən istifadə bu Məcəllənin 36-cı və 37-ci maddələrində nəzərdə tutulan hallarda və qaydada qadağan edilə və məhdudlaşdırıla bilər.

Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilir.

 

VIII fəsil

 

Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Maddə 51. Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir.

Kənd təsərrüfatında sudan istifadə təsərrüfatdaxili və ümumsistem planları əsasında həyata keçirilir.

 

Maddə 52. Sudan təsərrüfatdaxili istifadə planları

 

Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən tərtib edilir.

Sudan təsərrüfatdaxili istifadə planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir.

Sudan təsərrüfatdaxili istifadə planlarında mülkiyyət forması və növlərindən asılı olmayaraq bütün su istehlakçılarının suya tələbatı nəzərə alınmalıdır.

 

Maddə 53. Sudan istifadəyə dair ümumsistem planları

 

Sudan istifadəyə dair ümumsistem planları rayon və respublika əhəmiyyətli suvarma sistemləri üzrə tərtib edilir.

Sudan istifadəyə dair ümumsistem planları, su obyektlərinin istifadəçiləri tərəfindən sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadə müqavilələri əsasında tərtib edilir.

Sudan istifadəyə dair ümumsistem planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir.

Sudan istifadə müqavilələri su obyektlərinin istifadəçiləri ilə su istehlakçıları arasında bağlanır.

Müqavilələrdə verilən suyun miqdarı və yeri, müddəti, tərəflərin qarşılıqlı öhdəlikləri və digər məlumatlar göstərilir.

 

Maddə 54. Sudan istifadə planının dəyişdirilməsi

 

Sudan istifadə planı yalnız onu təsdiq etmiş orqanın razılığı ilə aşağıdakı hallarda dəyişdirilə bilər:

su azlığı hallarında;

hava şəraiti, suvarma normaları və ya suvarılmalı sahələr dəyişdirildikdə;

su istehlakçıları plan üzrə onlara ayrılmış sudan imtina etdikdə;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən başqa hallarda.

Fövqəladə hadisələr baş verdikdə su obyektlərinin istifadəçiləri sudan istifadə planını dəyişdirə və su verilməsini müvəqqəti dayandıra bilərlər. Onlar su istehlakçılarına və sudan istifadə planını təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanına həmin tədbirlər haqqında dərhal məlumat verməlidirlər. Verilməmiş su sonrakı müddətlərdə su mənbələrinin vəziyyətindən asılı olaraq ödənilə bilər.

 

Maddə 55. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən sututarlardan kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. [16]

Həmin hüquqi və fiziki şəxslər onların mülkiyyətinə və istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda geniş ölçülü meliorasiya işlərinin görülməsini, yaxud görülmüş meliorasiya işlərinin yenidən təşkili və ləğvini suların istifadəsinə və mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydalara uyğun həyata keçirmək hüquqlarına malikdirlər.

 

Maddə 56. Tullantı sularından kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Tullantı sularından kənd təsərrüfatı ehtiyacları üçün istifadə müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmaqla həyata keçirilə bilər.

 

Maddə 57. Meşə zolağı və meşə tingliyi salınmış sahələrin suvarılması

 

Meşə zolağı və meşə tingliyi salınmış sahələrin suvarılması su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə qaydasında həyata keçirilir.

 

Maddə 58. Mal-qaranın sürülməsi, suvarılması və nəqliyyat vasitələrinin keçməsi üçün yerlər müəyyən edilməsi

 

Kanallardan və başqa hidrotexniki qurğulardan mal-qaranın sürülüb keçirilməsi, traktorların, kənd təsərrüfatı maşınlarının, avtomobillərin və digər nəqliyyat vasitələrinin bu məqsəd üçün ayrılmamış su obyektlərinin ərazisindən keçməsi qadağan edilir.

Çaylarda, kanallarda və digər yerüstü sututarlarda mal-qaranın su içməsinə yalnız xüsusi olaraq düzəldilmiş suvarma meydançaları olduqda və ya bu məqsəd üçün ayrılmış yerlərdə yol verilir.

Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı maşınlarının keçməsi, mal-qaranın sürülməsi və su içməsi üçün yerlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və həmin yerlər xüsusi işarələrlə göstərilir.

Mal-qara sürülən yollar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qayda və şərtlərlə su ilə təchiz olunmalıdır.

 

IX fəsil

 

Su obyektlərindən sənaye və hidroenergetika məqsədləri üçün istifadə

 

Maddə 59. Su obyektlərindən sənaye məqsədləri üçün istifadə

 

Sənaye məqsədləri üçün, bir qayda olaraq, texniki sulardan istifadə edilir.

Su obyektlərindən sənaye məqsədləri üçün istifadə edənlər sudan istifadə olunmasına dair müəyyən edilmiş limitlərə, texnoloji normalara və qaydalara əməl etməli, habelə istehsal texnologiyasını və su təchizatı sxemlərini təkmilləşdirmək yolu ilə su məsrəfini azaltmaq və tullantı sularının axıdılmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələr, bir qayda olaraq, təkrar və dövr edən su təchizatı sisteminə keçməlidirlər.

 

Maddə 60. İçməli suyun sənaye məqsədləri üçün istifadəsinin məhdudlaşdırılması

 

Təbii fəlakət, qəza və digər fövqəladə şərait hallarında və ya müəssisə tərəfindən içməli su ayrılmış limitdən artıq işlədildikdə, müvafiq icra hakimiyyəti orqanları birinci növbədə əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi xeyrinə su kəmərlərindən sənaye məqsədləri üçün içməli suyun götürülməsini məhdudlaşdıra və ya qadağan edə bilər, habelə ayrı-ayrı müəssisələrin, idarələrin və təşkilatların tabeliyində olan içməli su kəmərlərindən içməli suyun sənaye məqsədləri üçün götürülməsini müvəqqəti azalda bilər.

 

Maddə 61. Yeraltı sulardan texniki təchizat və digər istehsal ehtiyacları üçün istifadə

 

İçməli su və ya müalicə kateqoriyasına aid edilməmiş yeraltı sulardan texniki təchizat, sənaye məqsədləri, o cümlədən onların tərkibində olan kimyəvi elementlərin çıxarılması, istilik enerjisi alınması və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə edilə bilər.

 

Maddə 62. Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi üçün istifadə

 

Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

 

Maddə 63. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə

 

Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə iqtisadiyyatın digər sahələrinin mənafeyi nəzərə alınmaqla, habelə sulardan kompleks istifadə şərtlərinə riayət olunmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.

Hidroenergetika ehtiyacları üçün verilmiş su obyektlərindən eyni zamanda başqa məqsədlər üçün də istifadə edilə bilər.

Hidroenergetika müəssisələri su obyektlərinin istifadəsinə, su anbarlarının doldurulması və istismar rejiminə dair müəyyən olunmuş qaydalara riayət etməli, gəmilərin və bərələrin maneəsiz və təhlükəsiz keçməsini, habelə balıqların kürütökmə yerlərinə buraxılmasını təmin etməlidirlər.

 

X fəsil

 

Su obyektlərindən nəqliyyat ehtiyacları üçün istifadə

 

Maddə 64. Ümumi istifadədə olan su yolları

 

Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir.

Hüquqi və fiziki şəxslər onlara məxsus su nəqliyyatı vasitələrinin üzməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ümumi istifadədə olan su yollarından istifadə edə bilərlər.

 

Maddə 65. Su obyektlərindən su və hava nəqliyyatının ehtiyacları üçün istifadə qaydaları

 

Su obyektlərinin ümumi istifadədə olan su yolları kateqoriyasına aid edilməsi, su və hava nəqliyyatının ehtiyacları üçün onlardan istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

XI fəsil

 

Su obyektlərindən balıqçılıq və ovçuluq üçün istifadə

 

Maddə 66. Su obyektlərindən balıqçılıq üçün istifadə

 

Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq su obyektləri və ya onların bir hissəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq ehtiyacları üçün istifadə edilir. [17]

Balıqçılıq su obyektlərindən istifadə edən hüquqi və fiziki şəxslər həmin sututarların çirklənməkdən və zibillənməkdən qorunması üçün tədbirlər görməlidirlər. [18]

Su obyektlərinin istifadəçiləri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə sututarların vəziyyətinin yaxşılaşmasını və balıq və digər su bioresurslarının bərpasını təmin edən balıqartırma və balıqçılıq təsərrüfatı meliorasiyası tədbirləri görməli, habelə ov alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar. [19]

 

Maddə 67. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən sututarlardan balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə [20]

 

Hüquqi və fiziki şəxslər, onların mülkiyyətində və ya istifadəsində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə edə bilərlər.

Göstərilən su obyektlərindən balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri qaydalara uyğun həyata keçirilir.

 

Maddə 68. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün su obyektlərindən istifadə [21]

 

Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.[22]

Müvafiq icra hakimiyyəti orqanları göstərilən məqsədlər üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərini və ya onların müəyyən hissəsini ayırmalıdırlar. [23]

Balıqçılıq təsərrüfatlarının təşkili üçün ayrılmış su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu, həmin obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə həyata keçirilə bilər. [24]

 

Maddə 69. Balıqçılıq əhəmiyyətli sututarlarda su obyektləri istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması [25]

 

Qiymətli növ balıq və digər su bioresurslarının qorunması və artırılması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq təsərrüfatının xeyrinə məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [26]

 

Maddə 70. Balıqçılıq su obyektlərində hidrotexniki qurğuların istismarı [27]

 

Balıqçılıq su obyektlərində hidrotexniki və başqa qurğular istismar edilərkən balıq və digər su bioresurslarının qorunmasını və bərpasını təmin edən tədbirlər görülməlidir. [28]

Balıqçılıq su obyektlərindən su götürülərkən onlar balıqqoruyucu qurğularla təchiz olunmalıdır. [29]

 

Maddə 71. Balıqçılıq su obyektlərinin çirklənməkdən, zibillənməkdən və dayazlaşmaqdan qorunması [30]

 

Balıqçılıq su obyektlərində aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir: [31]

balıqların kürütökmə yerlərində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;

müvafiq orqanların razılığı ilə sanitariya və hidrotexniki tədbirlərin görüldüyü hallar istisna edilməklə, çaylarda, çay qollarında və kanallarda qalaq yaratmaq və ya onların qabağını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;

ağac emalı zamanı əmələ gələn tullantıları sututarlara axıtmaq və həmin sututarların sahillərində və subasar yerlərində yığmaq;

dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balığın kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda.

 

Maddə 72. Su obyektlərindən ovçuluq məqsədləri üçün istifadə

 

Ovçuluq obyektinə aid edilən su quşlarının və qiymətli xəzdərili heyvanların məskunlaşdığı su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ovçuluq məqsədləri üçün istifadəyə verilir.

 

Maddə 73. Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydaları

 

Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

XII fəsil

 

Xüsusi qorunan su obyektlərindən istifadə

 

Maddə 74. Xüsusi qorunan su obyektləri

 

Xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyətli su obyektləri xüsusi qorunan su obyektləridir.

Bu obyektlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada toxunulmaz elan edilir.

Xüsusi qorunan su obyektləri müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılır.

Xüsusi qorunan su obyektləri respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilir.

Xüsusi qorunan su obyektləri ayrıca təbii ərazi kimi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi mövcud ola bilər.

Xüsusi qorunan su obyektlərinin aşağıdakı kateqoriyaları müəyyən edilir:

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sularının sahələri;

su bataqlıq yerləri;

nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar;

su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları;

qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri;

meşələrlə, bitki və heyvanlar aləmi və digər xüsusi mühafizə olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri.

Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi qorunan su obyektlərinin digər kateqoriyaları da nəzərdə tutula bilər.

 

Maddə 75. Xüsusi qorunan su obyektlərinin suyundan istifadə

 

Xüsusi qorunan su obyektlərinin suyundan istifadə qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.

Xüsusi qorunan su obyektlərindən balıq və digər su bioresurslarını ovlamaq və toplamaq və həmin su obyektlərinin təbii vəziyyətini dəyişən başqa işlər görmək qadağan edilir. [32]

Xüsusi qorunan su obyektlərinə və onları qidalandıran sututarlara tullantı suların axıdılmasına, başqa imkanlar olmadıqda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bu Məcəllənin 77-79-cu maddələrinin tələblərinə riayət olunmaqla yol verilir.

Xüsusi qorunan su obyektlərinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə görülə bilər.

 

Maddə 76. Xüsusi qorunan su obyektlərinin toxunulmazlığının geri alınması

 

Xüsusi qorunan su obyektlərinin toxunulmazlığı yalnız ən zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə geri alınır.

 

XIII fəsil

 

Su obyektlərindən tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə

 

Maddə 77. Su obyektlərindən tullantı suların axıdılması üçün istifadə

 

Sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər.

Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 78. Tullantı suların su obyektlərinə axıdılması

 

Tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar.

İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır.

 

Maddə 79. Tullantı suların su obyektlərinə axıdılmasının məhdudlaşdırılması, dayandırılması və qadağan edilməsi

 

Bu Məcəllənin 78-ci maddəsinin tələbləri pozulduqda, tullantı suların su obyektlərinə axıdılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılır və ya qadağan edilir.

Tullantı suların axıdılması əhalinin sağlamlığı üçün təhlükəli olan hallarda sənaye qurğularının və müəssisələrin fəaliyyəti dayandırılır.

 

Maddə 80. Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə

 

Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir.

Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

XIV fəsil

 

Su obyektlərinin mühafizəsi

 

Maddə 81. Suların mühafizəsi

 

Bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır. [33]

Suların (su obyektlərinin) mühafizəsi, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması, habelə suların keyfiyyətinin və rejiminin yaxşılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 82. Su mühafizə zonaları

 

Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.

Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir.

Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. [34]

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.

 

Maddə 83. Su mühafizə zonalarındakı torpaqların istifadəyə verilməsi

 

Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər.

Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması

 

Öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə:

su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi;

suların yağlar, ağac, kimyəvi, neft və digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi;

su yığılan sahələrin, sututarların, qar və buz örtüyünün, buzlaqların səthinin istehsalat, məişət tullantıları, neft məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi;

su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində istehsalat və məişət tullantılarının basdırılması; [35]

suların radioaktiv və zəhərli-kimyəvi maddələrlə çirkləndirilməsi qadağan edilir;

yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə istehsalat və məişət tullantılarının basdırılması. [36]

Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 7779-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər.

 

Maddə 85. Sanitariya mühafizəsi zonalarının müəyyən edilməsi

 

Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suların mühafizə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur.

 

Maddə 86. Suqoruyucu meşə zolaqlarının müəyyən edilməsi

 

Çayların, göllərin, su anbarlarının, kanalların, kollektorların, yeraltı suların və digər su obyektlərinin əlverişli su rejimini saxlamaq, torpaqların su və külək eroziyasının, sututarların lilləşməsinin, su heyvanlarının məskunlaşma şəraitinin pisləşməsinin qarşısını almaq, lazımsız yerüstü su axımını azaltmaq və digər məqsədlər üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada bu obyektlərin ətrafında susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları müəyyən edilir.

Suqoruyucu meşə zolaqlarının qorunması üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir və onların su obyektlərinin vəziyyətinə zərərli təsir edən işləri dayandırmaq və ya qadağan etmək hüquqları vardır.

 

Maddə 87. Yerüstü suların mühafizəsi

 

Öz fəaliyyəti ilə yerüstü su obyektlərinə mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin saxlanması üçün tədbirlər görməlidirlər.

Yerüstü su obyektlərinin su mühafizə zonaları və onların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 88. Yeraltı suların mühafizəsi

 

Qaz, neft və digər faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və istifadəsi ilə əlaqədar qazma və başqa mədən işləri görülərkən yeraltı su horizontları aşkara çıxarıldıqda, mədən işləri görən təşkilatlar dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli və yeraltı suların mühafizəsi üçün müəyyən edilmiş qaydada tədbirlər görməlidirlər.

Fəvvarəli quyular, həmçinin istismara yararsız və ya istifadəsi dayandırılmış kəşfiyyat quyuları tənzimləyici qurğularla təchiz edilməli, bağlanmalı və ya ləğv edilməlidir.

İçməli yeraltı su yataqlarının yerləşdiyi zonalarda bərk və maye tullantı toplayıcılarının, zibilxanaların tikilməsinə, fəaliyyəti ilə yeraltı su yataqlarının çirklənməsi mənbəyi ola bilən sənaye, kənd təsərrüfatı və digər obyektlərin yerləşdirilməsinə yol verilmir.

Yeraltı suların mühafizəsi üzərində nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 89. Su obyektlərinə zərərli təsirin yol verilən normaları

 

Su obyektlərinə zərərli təsirin yol verilən normaları ətraf mühitin mühafizəsi və su qanunvericiliyi ilə müəyyən edilir.

Su obyektlərinə zərərli təsirin yol verilən normalarımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 90. Ekoloji su buraxılışı

 

Su obyektlərini müvafiq ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaq üçün su anbarlarından su buraxılması (ekoloji su buraxılışı) həyata keçirilir və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən olunur.

Ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmi hər bir su obyekti üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəyyən edilir.

Su istehlakçılarının suya olan tələbatının, ekoloji su buraxılışı hesabına ödənilməsinə yol verilmir.

 

Maddə 91. Su obyektlərində fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları

 

Təsərrüfat fəaliyyəti və ya təbii proseslər nəticəsində insanlara, heyvanlar və bitkilər aləminə, ətraf mühitə təhlükə yarada bilən su obyektlərini (onların bir hissəsini) və onların sutoplayıcı sahələrini müvafiq icra hakimiyyəti orqanı fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edə bilər.

Fövqəladə ekoloji vəziyyət və ya ekoloji fəlakət zonalarının hüquqi rejimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 92. Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması

 

Müvafiq icra hakimiyyəti orqanı və su obyektlərinin istifadəçiləri:

daşqınların, subasmanın və su altında qalmanın;

bəndlərin və digər qurğuların sahillərinin dağılmasının;

torpaqların eroziyasının, bataqlaşmasının və şoranlaşmasının;

yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər.

Suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir.

Ərazi vahidlərinin ərazisində daşqınlar və güclü sellər nəticəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması və aradan qaldırılması işlərinin yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr təşkil edirlər. [37]

Su obyektlərində təbii fəlakət və qəza baş verdiyi hallarda su obyektləri istifadəçiləri suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin aparılmasında iştirak etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti orqanları ilə və bələdiyyələrlə razılaşdırılmaqla aparılır.

 

Maddə 93. Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri

 

Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri su obyektlərinin bərpasına və mühafizəsinə yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi və birləşdirilməsi məqsədi ilə bağlanıla bilər.

Hövzə sazişləri müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyələr və su istifadəçiləri arasında bağlanılır.

Hövzə sazişinin məqsəd və vəzifələrini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq su obyektlərinin bərpası və mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün xüsusi su fondu yaradıla bilər.

Hövzə sazişləri su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi üzrə dövlət proqramları və digər layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının təklifi ilə hazırlanır.

 

XV fəsil

 

Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və istismarı

 

Maddə 94. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və istismara verilməsi şərtləri

 

Suların vəziyyətinə təsir edən yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən, bərpa edilərkən və istismara verilərkən, habelə yeni texnoloji proseslər tətbiq olunarkən ictimai rəy nəzərə alınmaqla əhalinin içməli su və məişət ehtiyacını ödəmək şərti ilə sulardan səmərəli istifadə edilməsi təmin olunmalıdır. Eyni zamanda, su obyektlərindən götürülən və onlara qaytarılan suyun uçota alınmasını, suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasını, suların zərərli təsirinin qarşısının alınmasını, torpaqların su altında qalmasının minimum zəruri həddədək məhdudlaşdırılmasını, torpaqların şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə olunmasını, habelə əlverişli təbii şəraitin və landşaftların qorunub saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Balıqçılıq su obyektlərində yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və işə salınarkən yuxarıda göstərilən tədbirlərlə yanaşı, balıq və digər su bioresurslarının qorunması və artırılması üçün şərait yaradılmasını təmin edən tədbirlər həyata keçirilməlidir. [38]

Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihəsi su obyektlərindən istirahət və idman üçün istifadə edilmə imkanı nəzərə alınmaqla tərtib edilməlidir.

Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 95. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin istifadəyə verilməsinin qadağan edilməsi

 

Suların vəziyyətinə təsir edən yeni tikilmiş və yenidən qurulan müəssisələrin, qurğuların və digər obyektlərin istismara verilməsi aşağıdakı hallarda qadağan edilir:

suların çirklənməsinin və zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla təmin edilmədikdə;

torpaqların subasmasının, bataqlaşmasının, şoranlaşmasının və eroziyasının qarşısını almaq məqsədi ilə layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə;

layihələrdə nəzərdə tutulmuş suqəbuledicilər və başqa qurğular hazır olmadıqda;

layihələrdə nəzərdə tutulmuş balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə;

ehtiyatları təsdiq edilməmiş yeraltı suları çıxarmaq üçün nəzərdə tutulan sugötürücü;

sutənzimedici qurğularla təchiz edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları müəyyən edilməyən su quyuları;

layihələrdə nəzərdə tutulmuş yataq hazırlanma tədbirləri görülənədək dəryaçaların su ilə doldurulması və suların vəziyyətinə təsir edən digər hallarda.

 

IV bölmə

 

Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi, mübahisələrin həll edilməsi və su qanunvericiliyinin pozulmasına görə məsuliyyət

 

XVI fəsil

 

Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi

 

Maddə 96. Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsipləri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

sudan pullu istifadə;

su obyektlərindən istifadə ilə bağlı ödəmələr;

su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi.

 

Maddə 97. Sudan pullu istifadə

 

Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir.

Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.

Sudan pullu istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq müəyyən edilir.

Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. [39]

 

Maddə 98. Sudan istifadə haqqının müəyyən edilməsi

 

Sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür.

Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli su, texniki su, suvarma suyu və s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə diferensiallaşdırılır.

Yeraltı sulardan istifadə haqqı hesablanarkən onların axtarışına, kəşfiyyatına və ehtiyatlarının müəyyənləşdirilməsinə çəkilən xərclər də qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzərə alınır.

Sudan istifadəyə görə güzəştlərin tətbiq olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bu maddənin birinci hissəsində göstərilən qaydada bələdiyyələr tərəfindən müəyyən edilir.

Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.

 

Maddə 99. Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydaları

 

Su obyektlərindən istifadəyə görə aşağıdakı ödəmə növləri müəyyən edilir:

su obyektlərindən xüsusi məqsədlər üçün su götürülməsinə və tullantı suların su obyektlərinə axıdılmasına;

su obyektlərindən hidroenergetika və nəqliyyat ehtiyacları üçün istifadəyə;

su obyektlərindən faydalı qazıntıların hasil edilməsinə və su obyektlərində geoloji kəşfiyyat və qazma işlərinin aparılmasına, habelə sualtı qurğuların tikintisinə və istismarına;

su obyektlərindən mütəşəkkil idman, istirahət və turizm məqsədləri üçün istifadəyə;

qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlər üçün istifadəyə.

Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 100. Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi

 

Dövlət əhəmiyyətli su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər müvafiq proqramlar əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Ayrıca istifadəyə və mülkiyyətə verilmiş su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər mülkiyyətçilər və su obyektlərinin istifadəçiləri tərəfindən maliyyələşdirilir.

Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirləri qanunvericiliklə müəyyən edilmiş qaydada su obyektləri istifadəçilərinin, mülkiyyətçilərin, yerli büdcələrin və dövlət büdcəsinin hesabına həyata keçirilir.

 

XVII fəsil

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mübahisələrin həll edilməsi və su qanunvericiliyinin pozulmasına görə məsuliyyət

 

Maddə 101. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mübahisələrin həll edilməsi

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində fiziki və hüquqi şəxslər arasındakı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

 

Maddə 102. Əqdlərin etibarsızlığı

 

Su qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.

 

Maddə 103. Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət

 

Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar:[40]

bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda;

su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə;

su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə;

su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; [41]

sudan istifadə limitlərinə əməl etmədikdə;

su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə;

su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə;

su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə;

su ehtiyatlarından israfçılıqla istifadə etdikdə;

sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda;

hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə;

su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə;

su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda;

içməli sudan yaşıllıqların suvarılmasında və nəqliyyat vasitələrinin yuyulmasında, habelə təyinatsız istifadə etdikdə;

su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda;

kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə;

sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə;

lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; [42]

su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə;

su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə;

xüsusi qorunan su obyektlərinin rejimini pozduqda;

su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə;

içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda;

içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 104. Özbaşına tutulmuş su obyektlərinin qaytarılması

 

Müvafiq icra hakimiyyəti orqanları suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda, həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna malikdirlər.

Özbaşına tutulmuş su obyektləri qanunsuz istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

 

Maddə 105. Su qanunvericiliyinin pozulması ilə vurulmuş zərərin ödənilməsi

 

Fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.

 

 

 

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

1.       22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, 8, maddə 476)

2.       19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 5, maddə 237)

3.       3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, 1, maddə 10)

4.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 2, maddə 57)

5.       10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 923)

6.       17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 436)

7.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938)

8.       25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 47)

9.       16 dekabr 2014-cü il tarixli 1129-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 fevral 2015-ci il, 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 72)

10.    06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357)

 



MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli " Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, 3, maddə 135) ilə təsdiq edilmişdir.

 

[2] 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 5, maddə 237) ilə 16-cı maddənin dördüncü abzasında "inzibati ərazi" sözləri "ərazi quruluşu" sözləri ilə əvəz edilmişdir.

 

[3] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 18-ci maddənin səkkizinci abzasında "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[4] 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, 1, maddə 10) ilə 20-ci maddənin dördüncü abzasında "istifadə yerlərini" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq" sözləri əlavə edilmişdir.

 

[5] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 33-cü maddənin yeddinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[6] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 34-cü maddənin birinci hissəsinin ikinci cümləsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilsin, "növləri" sözündən sonra "və icazənin verilməsi qaydaları" sözləri əlavə edilmişdir.

 

[7] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 35-ci maddənin onuncu abzasına balıqçılıq sözündən sonra , o cümlədən akvakultura sözləri əlavə edilmişdir.

 

[8] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 36-cı maddənin birinci hissədə həvəskar balıq ovu sözləri balıq və digər su bioresurslarının həvəskar ovu sözləri ilə əvəz edilmişdir.

 

[9] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 36-cı maddənin ikinci hissədə təbiəti mühafizə sözləri ətraf mühitin mühafizəsini sözləri ilə, balıq ehtiyatlarını sözləri balıq və digər su bioresurslarını sözləri ilə əvəz edilmişdir.

 

[10] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 36-cı maddənin üçüncü hissədə balıq sözündən sonra və digər su bioresurslarının sözləri əlavə edilmişdir.

 

[11] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 36-cı maddənin beşinci hissənin ikinci cümləsində balıq tutmaq sözləri balıq və digər su bioresurslarının ovu sözləri ilə əvəz edilmişdir.

 

[12] 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 436) ilə 37-ci maddəsinin 2-ci hissəsində digər dövlət və bələdiyyə ehtiyacları sözləri digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar sözləri ilə əvəz edilmişdir.

[13] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 38-ci maddənin "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[14] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 40-cı maddəsinin birinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[15] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 50-ci maddəsinin birinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[16] 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 923) ilə 55-ci maddəsinin birinci hissəsində kəndli (fermer) sözləri ailə kəndli sözləri ilə əvəz edilmişdir.

 

 

[17] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 66-cı maddənin birinci hissədə Balıq ehtiyatlarının yetişdirilməsi, artırılması və ovlanması üçün vətəgə əhəmiyyətli sözləri Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq sözləri ilə əvəz edilmişdir.

 

[18] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 66-cı maddənin ikinci hissədə Balıqçılıq əhəmiyyətli sututarlarından və ya onların ayrı-ayrı sahələrindən sözləri Balıqçılıq su obyektlərindən sözləri ilə əvəz edilmişdir.

 

[19] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 66-cı maddənin üçüncü hissədə balıq ehtiyatlarının sözləri balıq və digər su bioresurslarının sözləri ilə, balıq təsərrüfatı meliorasiya sözləri balıqçılıq təsərrüfatı meliorasiyası sözləri ilə əvəz edilmişdir.

 

[20] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 67-ci maddənin adında, birinci və ikinci hissələrində balıq yetişdirilməsi və ovlanması sözləri balıq və digər su bioresurslarının ovu və akvakultura sözləri ilə əvəz edilmişdir.

 

[21] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 68-ci maddənin adında İdman və həvəskar balıq ovu sözləri Balıq və digər su bioresurslarının idman və həvəskar ovu sözləri ilə əvəz edilmişdir.

 

[22] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 68-ci maddənin birinci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Qoruqlar, balıqartırma və balıqyetişdirmə təsərrüfatları istisna olmaqla, bütün sututarlardan Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət etməklə idman və həvəskar balıq ovu, üçün istifadə edilə bilər.

 

[23] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 68-ci maddənin adında ikinci hissədə sututarları sözü dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərini sözləri ilə əvəz edilmişdir.

 

[24] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 68-ci maddənin üçüncü hissədə idman və həvəskar balıq ovu sözləri balıq və digər su bioresurslarının idman və həvəskar ovu sözləri ilə əvəz edilmişdir.

 

[25] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 69-cu maddənin adından əhəmiyyətli sututarlarda sözləri çıxarılmışdır.

 

[26] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 69-cu maddənin birinci cümlədə Qiymətli balıq növlərinin, su heyvanlarının və bitkilərinin sözləri Qiymətli növ balıq və digər su bioresurslarının sözləri ilə, əhəmiyyətli sututarlarda sözləri balıqçılıq su obyektlərində sözləri ilə əvəz edilmişdi və ikinci cümlədə sututarların sözü su obyektlərinin sözləri ilə əvəz edilmişdi.

 

[27] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 70-ci maddənin adında və birinci hissədə əhəmiyyətli sututarlarda sözləri su obyektlərində sözləri ilə əvəz edilmişdi.

 

[28] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 70-ci maddənin birinci hissədə balıq ehtiyatlarının sözləri balıq və digər su bioresurslarının sözləri ilə əvəz edilmişdi.

 

[29] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 70-ci maddənin ikinci hissədə əhəmiyyətli sututarlardan sözləri su obyektlərindən sözləri ilə əvəz edilmişdi.

 

[30] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 71-ci maddənin adında əhəmiyyətli sututarların sözləri su obyektlərinin sözləri ilə əvəz edilmişdi.

 

[31] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 71-ci maddənin birinci abzasda əhəmiyyətli sututarlarda sözləri su obyektlərində sözləri ilə əvəz edilmişdi.

 

[32] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 75-ci maddənin ikinci hissəsində balıq tutmaq, ov etmək, su bitkiləri yığmaq sözləri balıq və digər su bioresurslarını ovlamaq və toplamaq sözləri ilə əvəz edilmişdi.

 

[33] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 81-ci maddənin birinci hissəsində balıq ehtiyatlarının sözləri balıq və digər su bioresurslarının sözləri ilə əvəz edilmişdi.

 

[34] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 82-ci maddənin dördüncü hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[35] 25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 47) ilə 84-cü maddəsində yeni məzmunda beşinci abzas əlavə edilmiş və beşinci abzas altıncı abzas hesab edilmişdir.

 

[36] 25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 47) ilə 84-cü maddəsinin birinci hissəsindən altıncı abzas çıxarılmışdır.

 

[37] 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 5, maddə 237) ilə 92-ci maddənin üçüncü hissəsində "İnzibati rayonların" sözləri "Ərazi vahidlərinin" sözləri ilə əvəz edilmişdir.

 

[38] 06 mart 2015-ci il tarixli 1220-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 aprel 2015-ci il, 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 357) ilə 94-cü maddənin ikinci hissəsində əhəmiyyətli sututarlarda sözləri su obyektlərində sözləri ilə, balıqların, digər su heyvanları və bitkilərinin sözləri balıq və digər su bioresurslarının sözləri ilə əvəz edilmişdi.

 

[39] 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, 1, maddə 10) ilə 97-ci maddəyə yeni dördüncü hissə əlavə edilmişdir.

 

[40] 16 dekabr 2014-cü il tarixli 1129-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika qəzeti, 5 fevral 2015-ci il, 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 72) ilə 103-cü maddənin birinci abzasında və vətəndaşlar sözləri , fiziki və hüquqi şəxslər sözləri ilə əvəz edilmişdir.

 

[41] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 103-cü maddənin beşinci abzasında "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[42] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, 2, maddə 57) ilə 103-cü maddəsinin on doqquzuncu abzasının əvvəlinə "lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya" sözləri əlavə edilmişdir.