Azərbaycan Respublİkasının Hava Məcəlləsİ

 

MÜNDƏRİCAT

(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)

 

 

 

FƏSİLLƏR (Maddələr)

I.              ÜMUMİ MÜDDƏALAR (1-12)

II.           Mülkİ hava gəmİlərİ (13-23)

III.         Mülki hava gəmİsİnİn heyətİ (24-31)

IV.         Aerodromlar, aeroportlar (32-41)

V.           Hava gəmİlərİnİn uçuşları (42-67)

VI.         Beynəlxalq uçuşlar (68-76)

VII.      Hava yolu İlə sərnİşİn, baqaj, yük və poçt daşınması (77-122)

VIII.    Beynəlxalq hava yolu İlə sərnişin, baqaj, yük və poçt daşınması (123-143)

IX.         Çarter (144-149)

X.            Xalq təsərrüfatının ayrı-ayrı sahələrİndə Azərbaycan Respublİkasının mülkİ aviasİyasından İstİfadə (150-152)

XI.         Hava gəmİlərİnİn uçuş təhlükəsİzlİyİ qaydalarının, hava nəqlİyyatı vasİtələrİndən İstİfadəyə və yüklərİn saxlanmasına daİr qaydaların, beynəlxalq uçuş qaydalarının pozulmasına görə məsulİyyət (153-155)

Azərbaycan Respublİkasının Hava Məcəlləsİnə Əlavə

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


Azərbaycan Respublİkasının Hava Məcəlləsİ [1]

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Azərbaycan Respublikasının hava sahəsi üzərində suverenliyi

   Azərbaycan Respublikası öz ərazisinin bir hissəsi olan hava sahəsi üzərində tam və müstəsna suverenliyə malikdir.

   Azərbaycan Respublikasının hava sahəsi onun quru və su ərazisi, o cümlədən ərazi suları üzərindəki hava sahəsidir.

 

Maddə 2. Azərbaycan Respublikasının hava sahəsindən istifadə olunmasını tənzimləyən qanunvericilik

   Azərbaycan Respublikasının hava sahəsindən hava gəmilərinin uçuşları üçün istifadə olunması bu Məcəllə ilə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələr, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada təsdiq olunan Azərbaycan Respublikasının hava sahəsindən istifadə haqqında Əsasnamə, Azərbaycan Respublikasının hava sahəsində uçuşların əsas qaydaları ilə və başqa normativ aktlarla tənzimlənir.

 

Maddə 3. Azərbaycan Respublikasının Hava məcəlləsinin qüvvəsi

   Azərbaycan Respublikasının Hava Məcəlləsi respublikanın mənafeyinin qorunması, hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsi, respublikanın xalq təsərrüfatının və vətəndaşlarının ehtiyaclarının ödənilməsi məqsədilə aviasiyanın fəaliyyət qaydasını müəyyənləşdirir.

   Azərbaycan Respublikası Hava Məcəlləsinin qüvvəsi aşağıdakılara şamil edilir:

      1) respublikanın hüdudları daxilində bütün mülki aviasiyaya;

      2) respublikanın mülki hava gəmiləri onun hüdudlarından kənarda olarkən onların hamısına, bu şərtlə ki, hava gəmisinin olduğu ölkənin qanunlarında başqa qayda nəzərdə tutulmasın;

      3) Azərbaycan Respublikasının hava sahəsində mülki hava gəmilərinin uçuşlarına.

   Hərbi hava gəmilərinin uçuşları həmin gəmilərin mənsub olduğu müvafiq orqanlarla mülki aviasiyanı idarə edən dövlət orqanının birgə hazırlayıb təsdiq etdikləri uçuş qaydaları haqqında təlimatla tənzimlənir.

 

Maddə 4. Hava gəmisi anlayışı

   Bu məcəllənin məqsədlərindən ötrü «hava gəmisi» dedikdə, yer səthindən əks edən hava ilə qarşılıqlı təsirdən fərqli olaraq hava ilə öz qarşılıqlı təsiri hesabına atmosferdə qalan uçuş aparatı başa düşülməlidir. Hava gəmisi hansı dövlətdə qeydə alınıbsa, həmin dövlətə də məxsusdur.

 

Maddə 5. Azərbaycan Respublikasının mülki aviasiyasından istifadə edilməsi

   Mülki aviasiyadan aşağıdakı məqsədlər üçün istifadə edilir:

      1) sərnişin, baqaj, yük və poçt daşımaları;

      2) xalq təsərrüfatının ayrı-ayrı sahələrində aviasiya işlərinin görülməsi — kənd təsərrüfatında, tikintidə, ekspedisiyalara xidmət göstərilməsində və s. aviasiyadan istifadə olunması;

      3) əhaliyə tibbi yardım göstərilməsi və sanitariya tədbirlərinin görülməsi;

      4) təcrübə və elmi tədqiqat işlərinin aparılması;

      5) tədris, mədəni-maarif və idman tədbirlərinin keçirilməsi;

      6) axtarış-xilasetmə və qəza-xilasetmə işlərinin görülməsi və təbii fəlakət zamanı yardım göstərilməsi.

 

Maddə 6. Mülki aviasiya vasitələrinin mənsubiyyəti

   Azərbaycan Respublikasına məxsus olan mülki hava gəmilərini, habelə aeroportları, mülki aerodromları və yerüstü avadanlığı idarə edən əsas orqan mülki aviasiyanı idarə edən dövlət orqanıdır.

   Yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə digər nazirliklərin, dövlət komitələrinin və baş idarələrinin sərəncamında, kooperativ və digər ictimai təşkilatların isə mülkiyyətində öz ehtiyaclarını ödəmək üçün mülki hava gəmiləri və yerüstü avadanlıq ola bilər, onların sərəncamında mülki aerodromlar ola bilər.

 

Maddə 7. Mülki aviasiyanı idarə edən dövlət orqanının səlahiyyəti

   Mülki aviasiyanı idarə edən dövlət orqanı bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun şəkildə öz səlahiyyəti çərçivəsində nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən hökmən icra edilməli olan mülki hava gəmilərinin istismarını, aeroportların və mülki aerodromların tikintisini və istismarını, mülki hava gəmilərinin uçuşlarını, baqaj, yük və poçt daşımalarını,  cümlədən beynəlxalq uçuşları və daşımaları, xalq təsərrüfatının ayrı-ayrı sahələrində   aviasiyadan istifadəni tənzimləyən qaydalar, nizamnamələr, təlimatlar və digər normativ aktlar qəbul edir.

 

Maddə 8. Aviasiya heyəti

   Bilavasitə bu Məcəllənin 4-cü maddəsində göstərilən məqsədlərin həyata keçirilməsinə yönəldilmiş fəaliyyətlə məşğul olan Azərbaycan Respublikası mülki aviasiya işçiləri mülki aviasiya heyətinə aid edilirlər və öz vəzifələrinə uyğun xüsusi hazırlığa malik olmalı, Azərbaycan Respublikasının Hava Məcəlləsini, habelə onların işini tənzimləyən qaydaları, nizamnamələri, təlimatları və digər aktları bilməlidirlər.

   İxtisasından, hazırlıq səviyyəsindən və iş təcrübəsindən asılı olaraq uçuş heyətinə aid şəxslərə, habelə müəyyənləşdirilmiş qaydada təsdiq  edilən siyahı üzrə aviasiya heyətinə aid digər şəxslərə dərəcə və müvafiq şəhadətnamə verilir.

   Uçuş heyətinin, habelə hava gəmisində sərnişinlərə xidmət edən heyətin, havada hərəkəti idarəetmə heyətinin və hava gəmilərinin texniki istismarı üzrə mühəndis-texnik heyətinin səhhəti müəyyənləşdirilmiş tələblərə uyğun olmalıdır.

 

Maddə 9. Hava gəmilərinin uçuşa yararlıq normaları, aerodromların və onların avadanlığının istismara yararlıq normaları

   Mülki hava gəmiləri, mülki aerodromlar və onların avadanlığı hava gəmilərinin uçuşa yararlıq normalarında, aerodromların və onların avadanlığının istismara yararlıq normalarında nəzərdə tutulmuş dövlət uçuş təhlükəsizliyi tələblərinə uyğun gəlməlidir.

   Göstərilən normalar mülki hava gəmilərinin, aerodromların və onların avadanlığının yaradılmasında, tikintisində, sınaqdan keçirilməsində, seriya ilə istehsalında, qəbulunda, istismarında və təmirində iştirak edən bütün nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr və təşkilatlar üçün məcburidir. Bu normaların hazırlanması və təsdiq edilməsi qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

 

Maddə 10. Mülki aviasiyadan istifadənin təhlükəsizliyinə dövlət nəzarəti

   Müvafiq nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr və təşkilatlar tərəfindən mülki hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini, habelə mülki hava gəmilərinin, mülki aerodromların və onların avadanlığının Azərbaycan Respublikasında istismara yararlıq normalarına uyğunluğuna dövlət nəzarətini mülki aviasiyanı idarə edən dövlət orqanının komissiyası həyata keçirir.

   Azərbaycan Respublikası mülki aviasiyasının uçuş təhlükəsizliyi üzrə dövlət nəzarəti haqqında Əsasnaməni və mülki hava gəmilərinin,  mülki aerodromların və onların avadanlığının istismara yararlıq normalarına uyğunluğu üzrə dövlət nəzarəti haqqında Əsasnaməni mülki aviasiyanı idarə edən dövlət orqanı təsdiq edir.

 

Maddə 11. Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı

   Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının sərəncamındakı mülki aviasiyanın əlavə edilmiş təsvirə uyğun vahid bayrağı və emblemi vardır.

   Mülki aviasiyanı idarə edən dövlət orqanı hüquqi şəxs olaraq beynəlxalq hava əlaqələrində vahid və müstəqil aviasiya müəssisəsi kimi çıxış edir.

 

Maddə 12. Vaxt sistemi

   Hava nəqliyyatından istifadə üzrə vaxt sistemini mülki aviasiyanı idarə edən dövlət orqanı müəyyənləşdirir.

 

II fəsil

Mülkİ hava gəmİlərİ

 

Maddə 13. Azərbaycan Respublikasının mülki hava gəmiləri

   Bu Məcəllənin 5-ci maddəsində göstərilmiş məqsədlər üçün istifadə olunan və Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydə alınmış hava gəmiləri bu məcəllənin məqsədlərindən ötrü Azərbaycan Respublikasının mülki hava gəmiləri hesab edilir.

   Azərbaycan Respublikası müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin hava gəmiləri, habelə digər nazirliklərin, dövlət komitələrinin və baş idarələrin aviasiya texnikası və digər texnika sahəsində təcrübə-konstruktor, sınaq və elmi tədqiqat işləri üçün nəzərdə tutulmuş hava gəmiləri mülki hava gəmilərinə aid deyildir.

 

Maddə 14. Mülki hava gəmilərinin qeydiyyatı

   Azərbaycan Respublikasının mülki hava gəmiləri Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydiyyata götürülməlidir.

   Hava gəmisi göstərilən reyestrə daxil edildikdən sonra ona qeydiyyata götürüldüyü barədə şəhadətnamə verilir.

   Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrini aparmaq, habelə hava gəmilərinin qeydiyyata götürülməsi barədə şəhadətnamə vermək Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanına həvalə olunur.

 

Maddə 15. Hava gəmilərinin qeydiyyatının etibarlı sayılması

   Hava gəmisi Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrinə daxil edildiyi andan Azərbaycan Respublikası bu gəmi barəsində xarici dövlətlərin hava gəmiləri reyestrlərində əvvəllər edilmiş qeydlərin hamısını etibarsız sayır.

 

Maddə 16. Mülki hava gəmisinin reyestrdən çıxarılması

   Azərbaycan Respublikasının mülki hava gəmisi Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrindən aşağıdakı hallarda çıxarılır:

      1) hava gəmisi hesabdan silindikdə və ya istismardan çıxarıldıqda;

      2) hava gəmisi müəyyənləşdirilmiş qaydada xarici dövlətə, xarici hüquqi və ya fiziki şəxsə satıldıqda və ya onun mülkiyyətinə verildikdə.

 

Maddə 17. Mülki hava gəmilərinə vurulan tanınma nişanları

   Hava gəmisi Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilərkən ona dövlət qeydiyyat-tanınma nişanı verilir və nişan hava gəmisinə vurulur. Mülki hava gəmilərinin tanınma nişanlarını və onların vurulması qaydalarını Azərbaycan Respublikasının    mülki aviasiyasını idarə edən dövlət orqanı müəyyənləşdirir.

   Tibbi-sanitariya xidməti üçün nəzərdə tutulmuş hava gəmilərinə bundan əlavə Qızıl aypara təsviri də vurulur.

 

Maddə 18. Mülki hava gəmisinin istismara buraxılması

   Azərbaycan Respublikasının hava gəmisi istismara yalnız o vaxt buraxıla bilər ki, onun uçuşa yararlıq normalarına uyğunluğu müəyyənləşdirilmiş olsun.

   Buna uyğun olaraq:

      1) yeni konstruksiyalı (yeni tipli) hava gəmisi zavod, dövlət və istismar sınaqlarından keçməli və bu sınaqlar nəticəsində onun uçuşa yararlıq normalarına uyğunluğu müəyyən edilərsə, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanından uçuşa yararlıq sertifikatı almalıdır;

      2) qəbul edilmiş konstruksiyalı hava gəmilərinin hər biri müəyyənləşdirilmiş qaydada lazımi sınaqlardan və yoxlamalardan keçirilir, bunların əsasında hava gəmisinin uçuşa yararlığı haqqında vəsiqə verilir. Belə vəsiqə olmadan hava gəmisi istismara buraxıla bilməz;

      3) uçuşa yararlıq barədə yeni sertifikat alınmasını tələb etməyən konstruksiya dəyişikliyi edildikdə, habelə təmirdən sonra, yaxud seriya ilə istehsalın və ya istismarın təyin edilmiş müddəti qurtardıqda hava gəmisi müəyyənləşdirilmiş qaydada yenidən sınaqdan keçirilməlidir.

   İstismar prosesində hər bir hava gəmisini uçuşa yararlıq normalarının tələblərinə uyğun vəziyyətdə saxlamaq gəmini istismar edən müəssisəyə həvalə olunur.

 

Maddə 19. Gəmi sənədləri

   Mülki hava gəmisində aşağıdakı sənədlər olmalıdır:

      1) gəminin qeydiyyata götürüldüyü barədə şəhadətnamə;

      2) gəminin uçuşa yararlığı barədə vəsiqə;

      3) gəmi jurnalı;

      4) gəmi radiostansiyaları üçün icazə;

      5) uçuş istismarına dair təlimat;

      6) mülki aviasiyanı idarə edən dövlət orqanının nəzərdə tutduğu digər gəmi sənədləri.

   Gəmi radiostansiyaları üçün icazə hava gəmisinin qeydiyyata götürüldüyü barədə şəhadətnamədə də rəsmiləşdirilə bilər.

 

Maddə 20. Gəmi jurnalı

   Gəmi jurnalına hava gəmisi, onun heyəti, uçuşları haqqında məlumatlar daxil edilir.

 

Maddə 21. Çağırış radiosiqnalı

   Azərbaycan Respublikasının radiorabitə vasitələrinə malik hər bir hava gəmisinə müəyyən edilmiş qaydada çağırış radiosiqnalı ayrılır.

 

Maddə 22. Mülki hava gəmilərindən istifadə hüququndan məhdudiyyətlər

   Azərbaycan Respublikasının mülki hava gəmilərindən istifadə hüququndan məhdudiyyətlərə—mülki hava gəmisinin müəyyən mükəlləfiyyətə cəlb edilməsinə, müvəqqəti və ya daimi alınmasına və xüsusi şəraitdən irəli gələn digər məhdudiyyətlərə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə yol verilə bilər.

 

Maddə 23. Mülki hava gəmisinin uçuşa yararlığı barədə vəsiqənin etibarlı sayılması

   Mülki hava gəmisinin uçuşa yararlığı barədə bu hava gəmisini qeydiyyata götürmüş xarici dövlətin verdiyi və ya qüvvəyə mindirdiyi vəsiqəni Azərbaycan Respublikası bu şərtlə etibarlı sayır ki, vəsiqənin verilməsi və ya qüvvəyə mindirilməsi üçün əsas götürülmüş tələblər    Azərbaycan Respublikasında müəyyənləşdirilmiş tələblərə uyğun gəlsin.

 

III fəsil

Mülki hava gəmisinin heyəti

 

Maddə 24. Heyətin tərkibi

   Azərbaycan Respublikası mülki hava gəmisinin heyəti kapitandan, uçuşu və xidməti təmin edən işçilərdən ibarətdir.

   Mülki hava gəmisi heyətinin tərkibini mülki aviasiyanı idarə edən dövlət orqanı hava gəmisinin tipindən, dərəcəsindən və təyinatından, habelə istismar məqsədlərindən və şəraitindən asılı olaraq müəyyənləşdirir.

   Heyət tam olmadıqda mülki hava gəmisinin uçuşuna icazə verilmir.

 

Maddə 25. Heyət üzvlərinin vətəndaşlığı

   Azərbaycan Respublikası mülki hava gəmiləri heyətinin tərkibinə yalnız Azərbaycan Respublikasının vətəndaşları daxil ola bilərlər.

   Bu qaydadan istisnalara yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada yol verilir.

 

Maddə 26. Mülki hava gəmisinin kapitanı

   Azərbaycan Respublikası mülki hava gəmisinin kapitanı təyyarəçi ixtisasına, habelə tələb edilən tipli təyyarəni müstəqil sürmək üçün lazımi  hazırlığa və təcrübəyə malik şəxs ola bilər.

   Gəminin kapitanı heyətin bütün fəaliyyətinə rəhbərlik edir, gəmidə ciddi intizamı və qayda-qanunu, gəminin uçuş və istismar qaydalarına əməl olunmasını təmin edir. Habelə gəmidəki adamların təhlükəsizliyinin, gəminin və əmlakın salamatlığının təmin olunması üçün lazımi    tədbirlər görür.

 

Maddə 27. Hava gəmisi kapitanının hüquqları

   Azərbaycan Respublikası hava gəmisi kapitanının aşağıdakı hüquqları vardır:

      1) hava gəmisinin qalxması, uçması və enməsi haqqında, habelə uçuşun dayandırılması və hava gəmisinin qalxdığı məntəqəyə qayıtması və ya məcburən enməsi barədə qəti qərar qəbul etmək. Uçuşun təhlükəsizliyi üçün aşkar qorxu yarandıqda, habelə gəmidəki adamların həyatını xilas etmək məqsədilə bu cür qərar uçuş planından, havada hərəkəti idarəetmə orqanının göstərişlərindən və uçuş tapşırığından kənara çıxmaqla, lakin imkan daxilində müəyyənləşdirilmiş uçuş qaydalarına uyğun şəkildə qəbul edilə bilər. Gördüyü tədbirlər haqqında gəmi kapitanı hava gəmisini bilavasitə idarə edən orqana — havada hərəkəti idarəetmə orqanına yubanmadan       məlumat verməlidir:

      2) hava gəmisində olan hər hansı şəxsə öz səlahiyyəti daxilində sərəncamlar vermək. Bu sərəncamlar sözsüz yerinə yetirilməlidir.

      3) öz hərəkətləri ilə uçuş təhlükəsizliyi üçün birbaşa qorxu törədən və onun göstərişlərinə tabe olmayan şəxslərə qarşı silah işlətməyə qədər bütün lazımi tədbirlər görmək. Hava gəmisi yaxınlıqdakı aerodroma enən kimi gəmi kapitanı belə şəxsləri gəmidən düşürə bilər, cinayət əlamətləri olan əməllər törədildikdə isə onları müvafiq orqanlara təhvil verə bilər.

      4) Hava gəmisinin uçuş və enmə təhlükəsizliyini təmin etmək üçün uçuş zamanı yanacağı boşaltmaq, baqajı, yükü və poçtu yerə atmaq.

   Məcburi enmə hallarında hava gəmisinin kapitanı öz səlahiyyətini müvafiq orqanlara verənədək gəmidəki bütün şəxslərin hərəkətlərinə  rəhbərlik edir.

 

Maddə 28. Fəlakət zamanı gəmi kapitanının fəaliyyəti

   Əgər uçuşda olan hava gəmisini təhlükə gözləyirsə, yaxud gəmi fəlakətə uğrayırsa və ya uğramışsa (bu Məcəllənin 61-ci maddəsi), gəmi kapitanı adamların həyatını və sağlamlığını, habelə gəmini və gəmidəki əmlakı qoruyub saxlamaq üçün bütün tədbirləri görməyə borcludur.

   Heyətin bütün üzvləri, zəruri hallarda isə həm də sərnişinlər adamların və gəminin xilasında iştirak etməyə borcludurlar.

   Fəlakət baş verdikdə gəmi kapitanının icazəsi olmadan heyət üzvlərindən heç kəsin gəmini tərk etmək hüququ yoxdur. Kapitan hava gəmisini hamıdan sonra tərk edir.

   Fəlakətə uğramış hava gəmisinin və gəmidəki əmlakın salamatlığını təmin etmək məqsədilə gəmi kapitanı gəminin məxsus olduğu təşkilat adından gəminin, baqajın, yükün və poçtun daşınması barədə saziş bağlamaq, yaxud şəraitin tələb etdiyi digər tədbirləri görmək hüququna malikdir.

 

Maddə 29. Təhlükədə olan gəmilərə və şəxslərə yardım göstərilməsi

   Hava gəmisinin kapitanı digər hava və ya dəniz gəmisindən, yaxud daxili sularda üzən gəmidən fəlakət siqnalı aldıqda, yaxud fəlakətə uğrayan və ya uğramış gəmini, yaxud təhlükədə olan adamları aşkar etdikdə öz gəmisinə, sərnişinlərinə və heyətinə xətər yetirməmək şərtilə fəlakətə düşənlərə yardım göstərməyə, fəlakət yerini xəritədə qeyd edib fəlakət barəsində hərəkəti idarə edən orqana məlumat verməyə borcludur.

 

Maddə 30. Azərbaycan Respublikası hava gəmisi kapitanının Azərbaycan Respublikası konsulları ilə qarşılıqlı münasibətləri

   Azərbaycan Respublikası hava gəmisi kapitanının və heyətin digər üzvlərinin Azərbaycan Respublikasının xaricdəki konsulları ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının Konsul nizamnaməsi ilə tənzimlənir.

 

Maddə 31. Heyət üzvlərinə dəymiş zərərin ödənilməsi qaydası

   Azərbaycan Respublikası hava gəmisi heyətinin üzvü hava gəmisinin qalxması, uçması və ya enməsi zamanı öz xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar şikəst olduqda və ya səhhətinə xəsarət yetdikdə hava gəmisinin məxsus olduğu təşkilat zərərin zərərçəkmiş şəxsin qəsdi    nəticəsində dəydiyini sübut etməsə, zərərin xəsarət yetdikdən sonra alınan müavinət məbləğindən, təyin edilmiş və faktik alınan pensiya məbləğindən artıq hissəsini ödəməlidir.

   Azərbaycan Respublikası hava gəmisi heyətinin üzvü hava gəmisinin qalxması, uçması və ya enməsi zamanı öz xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar öldükdə, əmək qabiliyyəti olmayıb, mərhumun himayəsində olmuş və ya ölüm günü ondan pul təminatı almaq hüququna malik olmuş şəxslərə, habelə mərhumun ölümündən sonra doğulmuş uşağına eyni qayda ilə zərərin əvəzi ödənilir.

 

IV fəsil

Aerodromlar, aeroportlar

 

Maddə 32. Aerodromların və aeroportların yaradılması

   Sərnişin, baqaj, yük və poçt daşımaq məqsədilə və digər məqsədlərlə uçan hava gəmilərinə xidmət üçün aerodromlar və aeroportlar yaradılır.

   Aerodrom hava gəmilərinin qalxması, enməsi, dönməsi, dayanması və onlara xidmət göstərilməsi üçün xüsusi təchiz edilmiş torpaq və ya su sahəsidir.

   Aeroport hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət üçün nəzərdə tutulmuş və bu məqsədlərdən ötrü aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksidir.

 

Maddə 33. Mülki aerodromların qeydiyyata götürülməsi

   Müvəqqəti aerodromlardan, aviasiya işlərini təmin etmək üçün aerodromlardan və enmə meydançalarından başqa, mülki aviasiyanı idarə edən dövlət orqanının, kooperativ təşkilatların və müəssisələrin istifadəsində olan mülki aerodromlar Azərbaycan Respublikası mülki   aerodromlarının dövlət reyestrində qeydiyyata götürülməlidir. Bu reyestri aparmaq Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına həvalə edilir.

   Aerodrom göstərilən reyestrə daxil edildikdə aerodromun qeydiyyatı və istismara yararlığı barədə şəhadətnamə verilir.

   Aerodromların qeydiyyatı barədə şəhadətnamə verilməsi qaydasını, habelə müvəqqəti aerodromların və aviasiya işlərini təmin etmək üçün aerodromların və enmə meydançalarının uçota alınması qaydasını mülki aviasiyanı idarə edən dövlət orqanı müəyyənləşdirir.

   Birgə yerləşən aerodromlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada qeydiyyata götürülür.

 

Maddə 34. Mülki aerodromların istismara buraxılması qaydası

   Hər bir mülki aerodrom yalnız aerodromların istismara yararlığı normalarına uyğunluğu müəyyən edildikdən sonra istismara buraxıla bilər.

   Buna müvafiq olaraq:

      1) yeni tikilmiş aerodrom Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada təyin olunmuş komissiya tərəfindən qəbul edilməlidir:

      2) aerodrom yenidən qurulduqda, yeni avadanlıqla təchiz edildikdə, yaxud müəyyənləşdirilmiş istismar müddəti qurtardıqda aerodrom onun tabe olduğu nazirliyin, dövlət komitəsinin, baş idarənin və ya təşkilatın müəyyənləşdirdiyi qaydada təyin edilən komissiya tərəfindən yoxlanılıb qəbul olunur.

   Mülki aerodromlar onların tabe olduğu nazirliyin, dövlət komitəsinin, baş idarənin və təşkilatın müəyyənləşdirdiyi qaydada və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ilə razılaşdırılmaqla istismara buraxılır.

 

Maddə 35. Aerodromların tikilməsi və yenidən qurulması

   Aerodromların tikilməsi və yenidən qurulması müəyyənləşdirilmiş qaydada əlaqədar nazirliklər, dövlət komitələri və baş idarələr ilə razılaşdırılmalıdır.

 

Maddə 36. Aerodromyanı ərazinin hüdudlarında tikinti

   Müəyyənləşdirilmiş aerodromyanı ərazinin hüdudlarında şəhərlərin və digər yaşayış məntəqələrinin layihələşdirilməsi, tikintisi və inkişafı, habelə sənaye, kənd təsərrüfatı obyektlərinin və başqa obyektlərin tikintisi və yenidən qurulması hava gəmilərinin uçuş təhlükəsizliyi    tələblərinə əməl edilməklə, əhalinin sağlamlığına və müəssisələrin, idarələrin, təşkilatların fəaliyyətinə mümkün zərərli fiziki təsirlər nəzərə alınmaqla aerodromların tabe olduğu nazirliklər, dövlət komitələri, baş idarələr və təşkilatlar ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

 

Maddə 37. Aerodrom rayonunda müxtəlif obyektlərin yerləşdirilməsi

   Hava gəmilərinin uçuş təhlükəsizliyi üçün qorxu yarada biləcək və ya aerodromların radiotexniki vasitələrinin normal işinə əngəl törədə biləcək binaların, qurğuların, rabitə xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin, radiotexnika obyektlərinin və digər obyektlərin aerodrom rayonunda yerləşdirilməsi aerodromların tabe olduğu nazirliklər, dövlət komitələri, baş idarələr və təşkilatlar ilə razılaşdırılmalıdır.

   Göstərilən obyektlərin yerləşdirilməsinin razılaşdırılması və siyahısının təsdiq edilməsi Azərbaycan Respublikasının hava sahəsindən istifadə haqqında Əsasnamədə müəyyənləşdirilmiş qaydada həyata keçirilməlidir.

 

Maddə 38. Aerodromların nişanlanması

   Aerodromlar və uçuş-enmə zolaqları onların havadan tanınması, hava gəmilərinin qalxması və enməsi zamanı heyətin səmt götürülməsi üçün müəyyənləşdirilmiş qaydalara uyğun surətdə nişanlanır.

   Aerodrom rayonunda aerodromun tanınması üçün qəbul olunmuş nişanlara və qurğulara oxşar hər hansı nişanların və qurğuların yerləşdirilməsi qadağandır.

 

Maddə 39. Binaların və qurğuların nişanlanması

   Binaların və qurğuların sahibləri hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu binaların və qurğuların üstündə müəyyənləşdirilmiş qaydalara müvafiq surətdə öz vəsaitləri hesabına gecə və gündüz tanınma nişanları yerləşdirməyə borcludurlar.

 

Maddə 40. Aeroportların yaşayış məntəqələri ilə əlaqəsi

   Aeroportların yaxınlıqdakı şəhərlərlə və digər yaşayış məntəqələri ilə müntəzəm əlaqəsi olmalıdır.

   Yerli icra hakimiyyəti orqanları aeroportlara gedən yolların çəkilişini, yenidən qurulmasını, abadlaşdırılmasını və istismarını, bu yollarla sərnişin nəqliyyatının müntəzəm hərəkətini, habelə şəhərlərin və digər yaşayış məntəqələrinin aeroportlarla telefon rabitəsini təmin edirlər.

 

Maddə 41. Aerodrom yolunda tikintiyə dair tələblərin yerinə yetirilməsinə nəzarət

   Yerli icra hakimiyyəti orqanları şəhərlərin və digər yaşayış məntəqələrinin tikilməsi və inkişafı üçün, habelə bu Məcəllənin 33 və 34-cü maddələrində göstərilən obyektlərin tikilməsi və yenidən qurulması üçün müəyyənləşdirilmiş qaydada torpaq sahələri ayırarkən həmin maddələrdə nəzərdə tutulmuş qaydaların yerinə yetirilməsinə nəzarəti təmin edirlər.

   Bu Məcəllənin 33 və 34-cü maddələrində nəzərdə tutulan qaydaları pozmuş müəssisələr, idarələr və təşkilatlar, habelə vətəndaşlar aerodromların tabe olduğu nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və təşkilatların tələbinə əsasən obyektləri öz vəsaitləri hesabına və öz qüvvələri ilə müəyyənləşdirilmiş müddətdə sökməyə, başqa yerə köçürməyə, yaxud lazımi şəkildə dəyişdirməyə borcludurlar.

 

V fəsil

Hava gəmilərinin uçuşları

 

Maddə 42. Hava gəmisinin uçuşa hazırlanması

   Uçuş qabağı hava gəmisi və onun heyəti xüsusi olaraq hazırlanmalı, gəminin qalxacağı və enəcəyi aerodromun yerüstü xidmətlərinin uçuşu təmin etməyə hazırlığı yoxlanılmalı, bütün uçuş yolu boyunca meteoroloji şərait, habelə uçuşa təsir edən digər amillər öyrənilməlidir.

   Uçuşa hazırlıq qaydalarını və hazırlıq üçün məsul şəxsləri hava gəmiləri olan nazirliklər, dövlət komitələri, baş idarələr və təşkilatlar  müəyyənləşdirir.

 

Maddə 43. Hava gəmisinin uçuşa buraxılması

   Azərbaycan Respublikasının hava sahəsində uçuşa yalnız dövlət qeydiyyat-tanınma nişanları olan hava gəmiləri buraxılır.

   Hava gəmisi uçuşa yalnız gəmidə aşağıdakılar olduqda buraxılır:

      1) müvafiq uçuş şəraitində bu tipli hava gəmisində uçuşa hazırlanmış heyət:

      2) lazımi miqdarda yanacaq;

      3) uçuş tapşırığı, gəmi sənədləri və hava gəmiləri olan nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və təşkilatların  müəyyənləşdirdiyi digər sənədlər.

   Sınaq uçuşlarını yerinə yetirən hava gəmiləri üçün sınaq uçuşlarının yerinə yetirilməsi qaydalarına uyğun olaraq bu maddədə nəzərdə tutulmuş tələblərdən kənara çıxma halları müəyyənləşdirilə bilər.

 

Maddə 44. Hava gəmisinin uçuşuna icazə və uçuş planı

   Hava gəmisi ancaq uçuş üçün müəyyənləşdirilmiş qayadada icazə aldıqda uça bilər.

   Hava gəmisinin hər bir uçuşu müəyyənləşdirilmiş qaydada təsdiq olunan uçuş planına uyğun surətdə yerinə yetirilməlidir.

   Uçuş planından kənara çıxmağa, bu Məcəllənin 27-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız havada hərəkəti idarəetmə orqanının icazəsi ilə yol verilir.

 

Maddə 45. Uçuşun təhlükəsiz yüksəklikləri və məsafələri

   Hava gəmiləri təhlükəsiz yüksəkliklərdə və bir-birindən elə bir məsafədə uçmalıdırlar ki, gəmilərin toqquşması mümkün olmasın.

 

Maddə 46. Uçuşların meteoroloji şəraiti

   Hava gəmilərinin uçuşları yalnız müvafiq meteoroloji şərait olduqda yerinə yetirilməlidir.

   Hər bir hava gəmisi bütün uçuş yolu boyunca havanın vəziyyəti haqqında məlumatla təmin edilir.

 

Maddə 47. Havada hərəkətin təşkili

   Azərbaycan Respublikasının hava sahəsində hava gəmiləri Azərbaycan Respublikasının hava yolları ilə, yerli hava xətləri və müəyyənləşdirilmiş marşrutlarla uçurlar.

   Azərbaycan Respublikası hava yollarının, yerli hava xətlərinin və marşrutlarının istiqaməti və eni, habelə uçuş yüksəklikləri uçuş təhlükəsizliyi tələblərinə əməl edilməklə və müvafiq nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və təşkilatların mənafeyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının hava sahəsindən istifadə haqqında Əsasnamədə müəyyənləşdirilmiş qaydada təyin edilir.

 

Maddə 48. Azərbaycan Respublikası hava yollarının və yerli hava xətlərinin avadanlığı

   Azərbaycan Respublikasının hava yolları və yerli hava xətləri radionaviqasiya vasitələri ilə və hava gəmilərinin uçuş təhlükəsizliyini təmin edən digər vasitələrlə təchiz olunur.

 

Maddə 49. Azərbaycan Respublikası hava yollarının və yerli hava xətlərinin istismara buraxılması

   Azərbaycan Respublikasının hava yolu və yerli hava xətti istismara yalnız hava gəmilərinin uçuş təhlükəsizliyi tələblərinə onların uyğunluğu  müəyyənləşdirildikdən sonra buraxıla bilər.

   Azərbaycan Respublikasının hava yolları və yerli hava xətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara buraxılır.

 

Maddə 50. Hava gəmisi Azərbaycan Respublikasının hava yolundan, yerli hava xəttindən və ya marşrutdan kənara çıxdıqda görülən tədbirlər

   Hava gəmisi uçuş zamanı Azərbaycan Respublikasının hava yolundan, yerli hava xəttindən və ya müəyyənləşdirilmiş marşrutdan kənara çıxarsa, hava gəmisinin kapitanı və havada hərəkəti idarəetmə orqanı hava gəmisinin Azərbaycan Respublikasının hava yoluna, yerli hava  xəttinə, yaxud müəyyənləşdirilmiş marşruta qaytarılması üçün yubanmadan bütün mümkün tədbirləri görməyə borcludurlar.

 

Maddə 51. Uçuşların qadağan edilməsi və ya məhdudlaşdırılması

   Azərbaycan Respublikasının hava sahəsində, yaxud onun ayrı-ayrı rayonlarında hava gəmilərinin uçuşları Azərbaycan Respublikasının hava sahəsindən istifadə haqqında Əsasnamədə müəyyənləşdirilmiş qaydada ya tamamilə qadağan oluna bilər, ya da yüksəkliklər, vaxt və    istiqamətlər üzrə məhdudlaşdırıla bilər.

 

Maddə 52. Yaşayış məntəqələri üzərində uçuşlar

   Hava gəmiləri yaşayış məntəqələri üzərindən elə yüksəklikdə uçmalıdır ki, hava gəmisində nasazlıq baş verdikdə bu məntəqələrin hüdudlarından kənarda və ya yaxın aerodromda yerə enmək imkanı olsun.

   Yaşayış məntəqələri üzərində hava gəmilərinin nümayiş məqsədli uçuşları qadağandır.

   Bu maddənin qaydalarından kənara çıxmağa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada yol verilir.

 

Maddə 53. Foto çəkilişi, kino çəkilişi və radiorabitə vasitələrindən istifadə

   Hava gəmisindən foto çəkilişinə, kino çəkilişinə və radiorabitə vasitələrindən istifadəyə müəyyən edilmiş xüsusi qaydada yol verilir.

 

Maddə 54. Uçuş təhlükəsizliyi üçün qorxu yaradan fəaliyyət

   Azərbaycan Respublikasının hava sahəsindən istifadə edilməsi ilə bağlı olub uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən bütün fəaliyyət növlərinə, o cümlədən hər cür atəşə, raketlərin buraxılmasına, partlayış işlərinə, pilotsuz hava gəmiləri buraxılmasına və başqa işlərə yalnız    Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada xüsusi icazə alındıqdan sonra lazımi ehtiyat tədbirlərini görməklə yol verilir.

 

Maddə 55. Qaydanı pozan hava gəmiləri

   Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının müvafiq icazəsi olmadan Azərbaycan Respublikasının dövlət sərhədini uçub keçən və ya Azərbaycan Respublikasının dövlət sərhədindən uçub keçmə qaydalarını, Azərbaycan Respublikasının hava sahəsindən istifadə    qaydasını digər şəkildə pozan hava gəmisi qaydanı pozan hava gəmisi sayılır və uçuşlara nəzarət edən orqanların tələblərinə tabe olmadıqda enməyə məcbur edilir. Qaydanı pozaraq enmək barəsində sərəncam alan hava gəmisi ona göstərilmiş yerə enməlidir.

   Hava gəmisi endikdən və qaydanın pozulması səbəbləri aydınlaşdırıldıqdan sonra qaydanı pozmuş hava gəmisinin uçuşu davam etdirməsinə icazəni müəyyənləşdirilmiş qaydada havada hərəkəti idarəetmə orqanı verir.

 

Maddə 56. Havada hərəkəti idarəetmə orqanları

   Havada hərəkətin idarə edilməsini Azərbaycan Respublikasının havada hərəkəti vahid idarəetmə orqanları sistemi və idarə tabeliyində olan havada hərəkəti idarəetmə orqanları onlardan ötrü müəyyənləşdirilmiş rayonların və zonaların hüdudlarında həyata keçirirlər.

   Uçuşda olan hava gəmisi ilə havada hərəkəti idarəetmə orqanları arasında daimi radio rabitəsi saxlanılmalıdır.

   Rabitə pozulduqda hava gəmisinin kapitanı və havada hərəkəti idarəetmə orqanı onun bərpası üçün təcili tədbirlər görməyə borcludurlar.

   Rabitəni bərpa etmək mümkün olmadıqda hava gəmisinin kapitanı və havada hərəkəti idarəetmə orqanı belə hallar üçün  müəyyənləşdirilmiş qaydalara uyğun surətdə hərəkət etməlidirlər.

 

Maddə 57. Uçuşların meteoroloji və radioelektrotexniki təminatı

   Uçuşların meteoroloji və radioelektrotexniki təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

 

Maddə 58. Radiotexniki vasitələrin işində maneələrin aradan qaldırılması

   Uçuşların radiotexniki təminatı və radiorabitə üçün müəyyənləşdirilmiş qaydada radiotezliklər ayrılır, bunlar radiomaneə mənbələrindən  qorunmalıdırlar.

   Rabitə və uçuşların radiotexniki təminatı vasitələri üçün maneələr yaradan qurğulara və aparatlara malik müəssisələr, idarələr, təşkilatlar və vətəndaşlar Azərbaycan Respublikası Rabitə Nazirliyinin müvafiq orqanlarının tələbi ilə maneələri öz vasitələri ilə və öz vəsaitləri hesabına    aradan qaldırmalı, buna qədər isə həmin qurğuların və ya aparatların işini dayandırmalıdırlar.

 

Maddə 59. Rabitə kanallarının icarəsi

   Uçuşları, havada hərəkətin idarə olunmasını və aviasiya fəaliyyətinin digər növlərini təmin etmək üçün Azərbaycan Respublikasının Rabitə Nazirliyi əlaqədar nazirliklərin, dövlət komitələrinin, baş idarələrinin və təşkilatların sifarişi ilə onlara lazımi rabitə kanallarını icarəyə verir.

   Uçuşları və havada hərəkətinin idarə olunmasını təmin etmək üçün ayrılmış rabitə kanalları sıradan çıxdıqda onlar müəyyənləşdirilmiş qaydada digər rabitə kanalları ilə əvəz olunmalıdır.

 

Maddə 60. Ümumi istifadədə olan rabitə vasitələrindən istifadə

   Uçuşları və havada hərəkətin idarə olunmasını təmin etmək üçün icarəyə verilmiş rabitə kanalları olmadıqda ümumi istifadədə olan rabitə vasitələrindən istifadə edilə bilər.

   Fəlakətə uğrayan və ya uğramış hava gəmisinə, onun heyətinə və sərnişinlərinə kömək göstərilməsi ilə bağlı telefon danışıqlarına, habelə teleqramların qəbuluna və verilməsinə növbədənkənar imkan yaradılır, bunların haqqı adi tariflə ödənilir.

   Uçuş təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görülməsi və xüsusilə mühüm reyslərdə olan hava gəmilərinin hərəkətinin idarə olunması ilə bağlı telefon danışıqlarına, habelə teleqramların qəbuluna və verilməsinə növbədənkənar imkan yaradılır, bunların haqqı adi tariflə ödənilir.

   Uçuşları və havada hərəkətin idarə olunmasını təmin etmək üçün ümumi istifadədə olan rabitə vasitələrindən istifadə qaydalarını əlaqədar nazirliklər, dövlət komitələri, baş idarələr və təşkilatlar ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Rabitə Nazirliyi müəyyənləşdirir.

 

Maddə 61. Fəlakətə uğrayan, yaxud uğramış hava gəmisi

   Hava gəmisi o vaxt fəlakətə uğrayan gəmi sayılır ki, onun və içindəki adamlar üçün bilavasitə təhlükə yaranmış olsun və bu təhlükəni heyətin hərəkətləri sayəsində aradan qaldırmaq mümkün olmasın.

   Fəlakətə uğrayan hava gəmisi müəyyənləşdirilmiş qaydada fəlakət siqnalları verməlidir.

   Qalxarkən, uçarkən, enərkən və ya yerə dəyərkən ciddi zədələnmiş və ya tamam dağılmış, eləcə də məcburən aerodromdan kənarda enmiş hava gəmisi fəlakətə uğramış hava gəmisi sayılır.

 

Maddə 62. Hava gəmilərinə yardım göstərilməsi

   Uçuşda olan hava gəmisi üçün təhlükə yarandıqda və ya gəmi fəlakətə uğramaqda, yaxud uğramış olduqda havada hərəkəti idarəetmə orqanları bu hava gəmisinə yardım göstərmək məqsədilə mümkün olan bütün tədbirləri görməyə borcludurlar.

   Fəlakətə uğrayan və ya uğramış hava gəmilərinin, onların sərnişinlərinin və heyətlərinin axtarılması və xilas edilməsi işlərini xüsusi əsasnamə üzrə fəaliyyət göstərən Azərbaycan Respublikasının aviasiya axtarış-xilasetmə xidməti təşkil edir və həyata keçirir.

   Aerodromlar ərazisində qəza-xilasetmə işləri anların tabe olduğu nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və təşkilatların qüvvələri və vəsaiti ilə həyata keçirilir.

   Hava gəmisi hansı müəssisələrin, idarələrin və təşkilatların fəaliyyət rayonunda fəlakətə uğrayırsa və uğramışsa, axtarış-xilasetmə və qəza-xilasetmə işləri üçün o müəssisələrin, idarələrin və təşkilatların radiotexniki və digər vasitələrindən istifadə edilə bilər.

   Fəlakətə uğrayan və ya uğramış xarici hava gəmilərinə Azərbaycan Respublikasının hava gəmiləri ilə bərabər əsaslar üzrə yardım göstərilir.

 

Maddə 63. Hava gəmilərin axtarılması

   Fəlakətə uğrayan və ya uğramış, habelə rabitə əlaqəsi kəsilmiş hava gəmisinin yeri məlum olmadıqda, bu gəmi dərhal axtarılmalıdır.

   Yerli icra hakimiyyəti orqanları, müəssisələr, idarələr və təşkilatlar hava gəmilərinin fəlakətə uğramasına dair onlara məlum olan bütün  hallar haqqında Azərbaycan Respublikasının aviasiya axtarış-xilasetmə xidmətinə, yaxınlıqdakı mülki aviasiya müəssisəsinə və ya aerodroma dərhal məlumat verməyə, eləcə də hava gəmisinin axtarılmasının təşkilinə lazımi kömək göstərməyə borcludurlar. Vətəndaşlar onlara məlum olan fəlakətlər barədə yerli icra hakimiyyəti orqanlarına və ya müəssisələrə, idarələrə və təşkilatlara dərhal məlumat verməyə borcludurlar.

   Hava gəmisinin fəlakətə uğradığı rayonun yerli icra hakimiyyəti orqanları, eləcə də müəssisələr, idarələr və təşkilatlar axtarış-xilasetmə komandaları gələnədək adamları xilas etmək, onlara tibbi yardım və digər zəruri yardım göstərmək, habelə hava gəmisini və gəmidəki sənədləri, avadanlığı, əmlakı qorumaq üçün təcili tədbirlər görməyə borcludurlar.

 

Maddə 64. Hava gəmisinin axtarışına son qoyulması

   Hava gəmisini axtarmaq üçün görülən tədbirlər nəticə vermədikdə axtarışa son qoyulması barədə qərarı onun tabe olduğu nazirliyin, dövlət komitəsinin və ya baş idarənin rəhbəri, kooperativ və ya digər təşkilatın mülkiyyətində olan gəminin axtarışına son qoyulması barədə qərarı isə bu təşkilatın rəhbəri qəbul edir.

   Azərbaycan Respublikasının hüdudları daxilində xarici hava gəmisinin axtarışına son qoyulması barədə qərarı mülki aviasiyanı idarə edən dövlət orqanının rəhbəri qəbul edir.

   Axtarışına rəsmən son qoyulmuş hava gəmisinin və ya onun qırıntılarının yeri müəyyən edilmədikdə o, itkin düşmüş gəmi sayılır.

 

Maddə 65. Aviasiya hadisələrinin təhqiqi

   Bütün aviasiya hadisələri müəyyənləşdirilmiş qaydada təhqiq edilməlidir.

   Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələr, idarələr, təşkilatlar və vətəndaşlar aviasiya hadisələrinin təhqiqinə lazımi kömək göstərməyə borcludurlar.

 

Maddə 66. Uçuşda olan hava gəmisinin üçüncü şəxslərə vurduğu zərərə görə məsuliyyət

   Hava gəmisinin sahibi uçuşda olan hava gəmisinin və ya ondan düşən əşyanın Azərbaycan Respublikası ərazisində üçüncü şəxslərin ölümünə səbəb olması və ya səhhətinin korlanması nəticəsində dəyən zərərin və onların əmlakına vurduğu zərərin zərərçəkmiş şəxsin qəsdi    üzündən baş verdiyini sübut etməsə, bu zərərə görə Azərbaycan Respublikasının və müvafiq xarici dövlətin iştirak etdiyi beynəlxalq müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa məsuliyyət daşıyır.

   Bu maddənin məqsədlərindən ötrü hava gəmisi qalxmaq üçün hərəkətə başladığı andan enmə zamanı yürüşü başa çatdırdığı anadək uçuşda  hesab edilir.

 

Maddə 67. Hava gəmilərinin toqquşması zamanı dəyən zərərə görə məsuliyyət

   İki və ya bir neçə hava gəmisi toqquşduqda, habelə hava gəmisi toqquşma olmasa belə, başqa gəmini zədələdikdə hava gəmiləri sahiblərinin bir-biri qarşısında əmlak məsuliyyəti aşağıdakı qaydalarla müəyyənləşdirilir:

      1) tərəflərdən biri öz təqsiri üzündən dəyən zərəri tam həcmdə ödəyir;

      2) əgər zərər hər iki tərəfin və ya bir neçə tərəfin təqsiri üzündən dəyibsə, onda tərəflərin hər birinin məsuliyyəti təqsirin dərəcəsinə uyğun surətdə müəyyənləşdirilir; tərəflərin hər birinin təqsir dərəcəsinin müəyyənləşdirmək mümkün olmadıqda, məsuliyyət onların arasında bərabər bölünür.

   Zərər vurulmasında tərəflərin təqsiri olmadıqda onların heç birinin vurulmuş zərərin ödənilməsini digər tərəfdən tələb etmək hüququ yoxdur.

   Hava gəmiləri toqquşmuş tərəflərin təqsiri sübut edilməyincə onların heç biri təqsirli ehtimal olunmur.

   Hava gəmisi sərnişinlərinin ölümünə səbəb olmaq və ya səhhətini korlamaq nəticəsində dəyən zərərə görə, habelə üçüncü şəxslərin hava gəmisində olan və ya aviasiya müəssisəsinə etibar edilmiş əmlakına dəyən zərərə görə əmlak məsuliyyəti bu Məcəllənin qaydaları əsasında   daşıyıcının üzərinə düşür, həm də bu maddənin birinci hissəsinin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq daşıyıcı zərərin vurulmasında təqsirli olan digər tərəfə (tərəflərə) əks tələb (reqres) vermək hüququna malikdir.

 

VI fəsil

Beynəlxalq uçuşlar

 

Maddə 68. Beynəlxalq uçuş qaydaları

   Bu Məcəllənin məqsədlərindən ötrü Azərbaycan Respublikasının və digər dövlətin sərhədlərini keçən hava gəmisinin hər bir uçuşu beynəlxalq uçuş sayılır.

   Azərbaycan Respublikasının hava sahəsində Azərbaycan mülki hava gəmilərinin, eləcə də xarici hava gəmilərinin beynəlxalq uçuşları zamanı bu fəsildə və Azərbaycan Respublikasının hava sahəsində xarici hava gəmilərinin uçuş qaydalarında göstərilmiş dəyişikliklər və əlavələr nəzərə alınmaqla, Azərbaycan Respublikasında hava gəmilərinin uçuşlarını və istismarını tənzimləyən ümumi qaydalar qüvvədə olur; bu qaydalar respublikanın səlahiyyətli orqanları tərəfindən qəbul edilir və Aeronaviqasiya məlumatı məcmuəsində dərc olunur.

 

Maddə 69. Azərbaycan Respublikası mülki hava gəmilərinin beynəlxalq uçuşları

   Azərbaycan Respublikasının mülki hava gəmiləri beynəlxalq uçuşları mülki aviasiyanı idarə edən dövlət orqanının müəyyənləşdirilmiş qaydada verdiyi icazəyə əsasən həyata keçirirlər.

   Azərbaycan Respublikası mülki hava gəmilərinin beynəlxalq uçuşları Azərbaycan Respublikasının Dövlət bayrağı altında həyata keçirilir.

 

Maddə 70. Xarici hava gəmilərinin beynəlxalq uçuşları

   Azərbaycan Respublikasının hava sahəsində xarici hava gəmilərinin uçuşları aşağıdakı əsaslara və şərtlərə uyğun surətdə həyata keçirilir:

     1) Azərbaycan Respublikasının beynəlxalq müqavilələri;

      2) birdəfəlik uçuşlar üçün müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazələr.

   Xarici hava gəmilərinin sahibləri müntəzəm beynəlxalq uçuşlar və ya birdəfəlik uçuş başlananadək bu gəmilərin tanınma nişanlarını mülki aviasiyanı idarə edən dövlət orqanına bildirməlidirlər.

   Azərbaycan Respublikasının hava sahəsində xarici hava gəmilərinin uçuşları üçün şərt qoyula bilər ki, onlar hökmən sığorta edilsinlər, yaxud üçüncü şəxslərə dəyən zərərə görə sahiblərinin bu Məcəllənin 68-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti başqa şəkildə təmin edilsin. Belə təminatın şərtlərini mülki aviasiyanı idarə edən dövlət orqanı müəyyənləşdirir.

 

Maddə 71. Beynəlxalq uçuşlar üçün hava yolları və aeroportlar (aerodromlar)

   Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən başqa qayda qoyulmayıbsa, Azərbaycan Respublikasının hava sahəsində xarici hava gəmilərinin uçuşları yalnız müəyyənləşdirilmiş beynəlxalq hava yolları ilə həyata keçirilir.

   Beynəlxalq uçuşlar üçün açıq olan beynəlxalq hava yollarının və aeroportların (aerodromların) siyahılarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

   Belə hava yollarının və aeroportların (aerodromların) siyahıları, habelə uçuş məqsədilə onlardan istifadə etmək üçün zəruri məlumat Aeronaviqasiya məlumatı məcmuəsində dərc olunur.

 

Maddə 72. Uçuşun məhdudlaşdırıldığı hallar

   Mülki aviasiyanı idarə edən dövlət orqanı hərbi zərurəti, ekoloji təhlükəsizlik mülahizələrini nəzərə alaraq müəyyən zonalarda uçuşu  məhdudlaşdıra bilər.

   Uçuşun məhdudlaşdırıldığı zonaların sahəsini mülki aviasiyanı idarə edən dövlət orqanı müvafiq orqanlarla dəqiqləşdirməli, müvafiq təşkilatlara və dövlətlərə məlumat verməlidir.

 

Maddə 73. Pasport, gömrük qaydalarının və başqa qaydaların tətbiqi

   Azərbaycan Respublikasına gəlib-gedən hava gəmilərinə, onların heyətlərinə və sərnişinlərinə, habelə hava gəmisi ilə Azərbaycan Respublikasına gətirilib-aparılan əmlaka müvafiq olaraq pasport, gömrük, valyuta, sanitariya, karantin qaydaları və Azərbaycan Respublikasına gəlib-getmək, əmlak gətirib-aparmaq, Azərbaycan Respublikasının ərazisi üzərindən tranzit haqqında başqa qaydalar şamil edilir.

 

Maddə 74. Hava gəmilərinin qalxması və enməsi

   Azərbaycan və xarici hava gəmilərinin Azərbaycan Respublikasından qalxması, habelə Azərbaycan Respublikasına gəldikdən sonra enməsi beynəlxalq uçuşlar üçün açıq olan sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin və gömrük idarələrinin yerləşdiyi aeroportlarda    (aerodromlarda) həyata keçirilir. Hava gəmilərinin qalxmasının və enməsinin başqa qaydasına yalnız Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının icazəsi ilə yol verilir.

 

Maddə 75. Xarici mülki hava gəmilərinin gəmi sənədlərinin etibarlı sayılması

   Xarici mülki hava gəmisinin gəmi sənədləri hava gəmisini qeydiyyata götürmüş dövlətin qanunvericiliyinə uyğun olduqda Azərbaycan Respublikası ərazisində etibarlı sayılır.

   Azərbaycan Repspublikasının ərazisində enmiş xarici mülki hava gəmiləri beynəlxalq uçuşlar üçün zəruri olan bütün sənədləri ilə birlikdə yoxlanıla bilər.

   Xarici mülki hava gəmisində beynəlxalq uçuşlar üçün müəyyənləşdirilmiş sənədlər olmadıqda və ya hava gəmisinin texniki avadanlığını və vasitələrini nasaz hesab etməyə əsas olduqda Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı həmin hava gəmisinin    uçuşunu qadağan edə bilər.

 

Maddə 76. Mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin qarşısını almaq üçün tədbirlər

   Hava gəmiləri Azərbaycan Respublikası ərazisindən, Azərbaycan Respublikası ərazisinə və ya Azərbaycan Respublikasının ərazisi üzərindən tranzitlə beynəlxalq uçuşlar keçirən aviasiya müəssisələri belə uçuşlar zamanı mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görməlidirlər. Bu tədbirlər Azərbaycan Respublikasının ərazisində qüvvədə olan müvafiq qanunlar və qaydalar nəzərə alınmaqla tətbiq edilir.

 

VII fəsil

Hava yolu ilə sərnişin, baqaj, yük və poçt daşınması

 

Maddə 77. Hava daşımalarını həyata keçirən təşkilatlar

   Hava yolu ilə sərnişinləri, baqajı, yükü və poçtu müəyyənləşdirilmiş haqq müqabilində Azərbaycan Respublikası mülki aviasiyasını idarə edən dövlət orqanının aviasiya müəssisələri daşıyırlar.

   Hava gəmiləri olan nazirliklər, dövlət komitələri, baş idarələr və təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, öz ehtiyaclarını ödəmək üçün sərnişin, baqaj, yük və poçt daşıya bilərlər.

   Beynəlxalq hava yollarında xarici hava gəmiləri ilə də sərnişin, baqaj, yük və poçt daşına bilər.

 

Maddə 78. Hava xətləri, hava gəmilərinin hərəkət cədvəli

   Aviasiya müəssisələri sərnişinləri, baqajı, yükü və poçtu mülki aviasiyanı idarə edən dövlət orqanının müntəzəm surətdə müəyyənləşdirdiyi hava xətləri ilə daşıyırlar.

   Mülki aviasiyanı idarə edən dövlət orqanı sərnişin hava gəmilərinin cədvəl üzrə hərəkətini təmin edir.

 

Maddə 79. Hava daşıması haqqında müqavilə

   Hava yolu ilə sərnişin daşımaq haqqında müqaviləyə əsasən aviasiya müəssisəsi (daşıyıcı) biletdə göstərilmiş reyslə uçan hava gəmisində sərnişinə yer verməklə sərnişini və onun baqajını təyinat məntəqəsinə çatdırmağı, sərnişin öz baqajını təhvil verdikdə isə baqajı da təyinat məntəqəsinə çatdırmağı və onu almağa ixtiyarı olan şəxsə verməyi öhdəsinə götürür. Sərnişin daşıma haqqını müəyyənləşdirilmiş tarif üzrə ödəməyi, təyin edilmiş normadan artıq baqaj təhvil verdikdə isə bu baqajın da daşınması haqqını ödəməyi öhdəsinə götürür.

   Hava yolu ilə yük və ya poçt daşımaq haqqında müqaviləyə əsasən daşıyıcı göndəricinin ona etibar etdiyi yükü və ya poçtu təyinat məntəqəsinə çatdırmağı, bunları almağa ixtiyarı olan şəxsə (alıcıya) verməyi, göndərici isə yükün və ya poçtun daşınması haqqını müəyyənləşdirilmiş tarif üzrə ödəməyi öhdəsinə götürür.

 

Maddə 80. Hava nəqliyyatının iştirakı ilə nəqliyyatın müxtəlif növləri ilə birbaşa daşımalar

   Hava nəqliyyatının iştirakı ilə nəqliyyatın müxtəlif növlərinin daşıyıcıları tərəfindən bir sənəd üzrə daşımalar (nəqliyyatın müxtəlif növləri ilə birbaşa daşımalar) bu Məcəllə ilə, belə daşımalar haqqında Azərbaycan Respublikasının xüsusi qanunvericiliyi ilə, habelə mülki aviasiyanı idarə edən dövlət orqanının müvafiq nəqliyyat nazirlikləri və baş idarələri ilə birlikdə təsdiq etdiyi qaydalarla tənzimlənir.

 

Maddə 81. Daşıma sənədləri

   Hava yolu ilə sərnişin daşımaq haqqında müqavilə və onun şərtləri biletlə, baqajın təhvil verilməsi isə baqaj qəbzi ilə təsdiq edilir.

   Hava yolu ilə yük daşımaq haqqında müqavilə, onun şərtləri və yükün daşınmaq üçün qəbul olunması yük qaiməsi ilə təsdiq edilir.

   Hava yolu ilə poçt daşımaq haqqında müqavilə, onun şərtləri və poçtun daşınmaq üçün qəbul olunması poçt qaiməsi ilə təsdiq edilir.

   Qaimənin tərtib edilməsi, yükün və poçtun daşınması üçün müqavilələri rəsmiləşdirməyin texniki vasitələrindən istifadə olunması qaydası daşıma qaydaları ilə müəyyənləşdirilir.

 

Maddə 82. Gediş bileti

   Daşıyıcı sərnişinlərə müvafiq göstəriciləri özündə əks etdirən gediş bileti verməlidir.

   Biletdə aşağıdakı məlumatlar olmalıdır:

      a) biletin verilmə yeri və günü;

      b) başlanğıc və son təyinat yeri;

      v) səfər vaxtı olacaq dayanacaqlar;

      q) daşıyıcıların adı və ünvanı;

      ğ) daşımanın həyata keçirilməsində cavabdehlərin məsuliyyəti haqqında göstəriş.

   Gediş biletinin olmamasına və qeyri-düzgünlüyünə görə daşıyıcı məsuliyyət daşıyır.

 

Maddə 83. Baqaj qəbzi

   Baqajın daşınması üçün daşıyıcı baqaj qəbzi verməlidir.

   Baqaj qəbzi iki nümunədə: biri sərnişin, digəri isə daşıyıcı üçün olmalıdır.

   Baqaj qəbzində aşağıdakılar göstərilməlidir:

      a) qəbzin verildiyi yer və gün;

      b) göndərilmə və son təyinat yeri;

      v) daşıyıcının adı, ünvanı;

      q) gediş biletinin nömrəsi;

      ğ) baqajın qəbzi təqdim edən şəxsə verilməsinə aid göstəriş.

 

Maddə 84. Daşıma tarifləri

   Hava yolu ilə sərnişin, baqaj, yük və poçt daşınması tarifləri, xidmətlərə görə alınan rüsumlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada təsdiq edilir. Bu tariflərin tətbiqi və rüsumların tutulması qaydalarını mülki aviasiyanı idarə edən dövlət orqanı    müəyyənləşdirir.

 

Maddə 85. Daşıma haqqı

   Hava yolu ilə sərnişin, baqaj, və yük daşınmasının haqqı, daşıma qaydalarında başqa hal nəzərdə tutulmayıbsa, daşıma sənədi verilərkən tutulur.

 

Maddə 86. Sərnişinlərə göstərilən xidmətlər və verilən güzəştlər

   Daşıyıcı sərnişinlərə xidməti təşkil etməli, onlara qayğı göstərməli, hava gəmilərinin hərəkəti haqqında dəqiq və vaxtında məlumat verilməsini təmin etməlidir.

   Sərnişinin aşağıdakı hüquqları vardır:

      1) müəyyənləşdirilmiş norma həddində baqajı və əl yükünü pulsuz aparmaq;

      2) yanında uşaqları pulsuz və güzəştli şərtlərlə (yaşdan asılı olaraq) aparmaq;

      3) sərnişinlərə göstərilən xidmətlərdən, o cümlədən istirahət otaqlarından, ana və uşaq otaqlarından, habelə daşayıcının təqsiri üzəndən daşımada fasilə əmələ gəldikdə və ya hava gəmisi yolda məcburən ləngidikdə mehmanxanada verilən yerdən pulsuz istifadə etmək.

   Xidmətlərin göstərilməsi və güzəştlərin verilməsi qaydası daşıma qaydaları ilə müəyyənləşdirilir.

 

Maddə 87. Hava daşıması haqqında müqaviləyə sərnişinin təşəbbüsü ilə xitam verilməsi

   Aşağıdakı hallarda sərnişin uçuşdan imtina etmək və daşıma üçün ödədiyi məbləği geri almaq hüququqa malikdir:

      1) sərnişin və ya hava gəmisində onunla gedən ailə üzvü xəstələndikdə;

      2) yoladüşmə məntəqəsində hava gəmisi uçuşu yubadıldıqda və ya hava gəmisi başqa tipli gəmi ilə əvəz edildikdə;

      3) hava gəmisi reysi yerinə yetirməyib yoladüşmə məntəqəsinə qayıtdıqda;

      4) daşıma qaydalarında müəyyənləşdirilmiş müddətdən gec olmayaraq uçuşdan imtina haqqında daşıyıcıya xəbər verdikdə.Sərnişin uçuşdan daşıma qaydalarında nəzərdə tutulan müddətdən gec imtina etdikdə müəyyənləşdirilmiş rüsum tutulmaqla daşıma haqqını geri almaq hüququna malikdir. Rüsumun məbləği bir istiqamətdə daşıma haqqının 25 faizindən çox olmamalıdır.

   Hava gəmisinin məcburən enməsi nəticəsində və ya başqa səbəblərdən reys yarımçıq qaldıqda və ya sərnişin minikdəyişmə aeroportundan təminatlı müddət ərzində yola salınmadıqda, eləcə də sərnişin və ya onunla birlikdə hava gəmisində gedən ailə üzvü xəstələndikdə sərnişin uçuşun qalan hissəsindən imtina etmək və daşıma haqqının müvafiq hissəsini geri almaq hüququna malikdir.

 

Maddə 88. Hava gəmisində yerlərin sifariş edilməsi

   Müəssisələr, idarələr və təşkilatlar, habelə vətəndaşlar hava gəmisində yerləri qabaqcadan sifariş edə bilərlər. Boş yerlər olduqda daşıyıcı sifarişi qəbul etməyə və bronun qüvvədə olması müddətini göstərməyə borcludur.

   Müəssisənin, idarənin, təşkilatın və vətəndaşın xahişi ilə daşıyıcı minikdəyişmə aeroportundan və ya hər hansı başqa aeroportdan, o cümlədən geriyə uçmaq məqsədilə yerlərin bron edilməsi üçün tədbirlər görməlidir.

   Bron edilməsi qaydası və brondan imtinanın nəticələri daşıma qaydaları ilə müəyyənləşdirilir.

 

Maddə 89. Yük və poçt daşınmasının həyata keçirilməsi

   Hava nəqliyyatı ilə yük və poçt müəyyənləşdirilmiş qaydada təsdiq edilən müqavilələr üzrə daşınır.

   Müqavilədə nəzərdə tutulmayan və ya müqavilədən əlavə təqdim edilən yük və poçt göndəricilərin daşıyıcı tərəfindən qabaqcadan qəbul edilmiş sifarişləri əsasında, yük və poçt daşıması müqavilələrinin yerinə yetirilməsinə zərər vurmadan daşınır.

   Kiçik hissələrlə aparılan yük və poçt, ev əşyaları daşınmaq üçün göndəricilərin sifarişləri əsasında qəbul edilir.

 

Maddə 90. Yükün və poçtun müntəzəm daşınması haqqında müqavilə

   Eyni bir göndərici müəyyən dövr ərzində hava yolu ilə müntəzəm surətdə yük və ya poçt daşıtdırdıqda daşıyıcı və göndərici xüsusi müqavilə bağlaya bilərlər; müqavilədə bu daşımanın xüsusiyyətlərindən irəli gələn şərtlər müəyyənləşdirilməlidir.

 

Maddə 91. Daşıma müqavilələrinin yerinə yetirilməməsinə görə məsuliyyət

   Daşıma müqaviləsinin yerinə yetirilməsi üçün daşıyıcı müqavilədə göstərilmiş daşıma vasitələrini verməli, göndərici isə müqavilədə nəzərdə tutulmuş yükü daşımaq üçün təqdim etməlidir.

   Müqavilədə göstərilmiş daşıma vasitələrinin verilməməsinə və müqavilədə nəzərdə tutulmuş yükün daşınmaq üçün təqdim edilməməsinə görə daşıyıcı və göndərici bir-birinin qarşısında təqdim edilməmiş və ya daşınıb gətirilməmiş, lakin yüklənmək üçün hazırlanmış bütün yükün daşınma haqqının 25 faizi məbləğində cərimə şəklində məsuliyyət daşıyırlır.

   Göndəricilərin daşıyıcı tərəfindən qəbul edilmiş sifarişləri əsasında yükün müqavilədənkənar və ya müqavilədən əlavə daşınmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə də daşıyıcının və göndəricinin üzərinə eynilə bu cür məsuliyyət düşür.

   Aylıq daşıma müqaviləsinin öhdəliklərini yerinə yetirmək üçün lazım olan daşıma vasitələri verilmədikdə, göndəricinin tələbi ilə daşıyıcı qalmış yükün daşınması üçün həmin rübün sonrakı ayı ərzində daşıma vasitələri verməlidir. Rübün son ayında verilməyən daşıma vasitələri sonrakı rübün birinci ayında verilməlidir.

   Qalmış yükün daşınması üçün daşıma vasitələrinin verilməsi qaydası daşıyıcı ilə göndərici arasında razılığa əsasən müəyyənləşdirilir.

   Razılaşdırılmış qayda pozulduqda daşıma vasitələrini verməməyə görə daşıyıcı və yükü daşımaq üçün təqdim etməməyə görə göndərici daşıma müqaviləsinin pozulması üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

   Poçt daşınması müqaviləsinin yerinə yetirilməməsinə görə daşıyıcının və göndəricinin üzərinə poçt daşımaları qaydalarında müəyyənləşdirilmiş qaydada və məbləğdə məsuliyyət düşür.

   Daşıma müqaviləsində nəzərdə tutulmuş yük üçün yararsız daşıma vasitələrinin verilməsi onların verilməməsinə bərabər tutulur.

 

Maddə 92. Daşıma müqaviləsinin yerinə yetirilməməsinə görə məsuliyyətdən azadetmə

   Kortəbii hadisələr, habelə göndəricinin müəssisələrində istehsalın azı üç gün müddətində dayandırılmasına səbəb olmuş qəzalar nəticəsində yük və ya poçt daşınmaq üçün təqdim edilmədikdə göndərici məsuliyyətdən azad edilir. Poçt daşınması qaydalarında poçtun daşımaq üçün təqdim edilməməsinə görə göndəricinin məsuliyyətdən azad edilməsinin əlavə əsasları nəzərdə tutula bilər.

   Daşıyıcı daşıma vasitələrinin verilməməsinə görə məsuliyyətdən o halda azad edilir ki, bu, təbii fəlakətlə, habelə əlverişsiz meteoroloji şərait üzündən hava gəmilərinin uça bilməməsi ilə bağlı olsun.

 

Maddə 93. Yük qaiməsi və ona əlavə edilən sənədlər

   Göndərici yükü daşınmaq üçün təhvil verdikdə yük qaiməsində yükün dəqiq adını, çəkisini (kütləsini), yerlərin sayını, yükün ölçüsünü və ya həcmini, qablaşdırma növünü və xüsusi xassələrini göstərməlidir.

   Bu məlumatın düzgünlüyünü yoxlamağa daşıyıcının ixtiyarı vardır.

   Yükün daşınmaq üçün qəbulu zamanı tərəflər, daşıma qaydalarında başqa qayda nəzərdə tutulmayıbsa, yükün çəkisini (kütləsini) müəyyənləşdirirlər.

   Göndərici yük qaiməsi ilə birlikdə daşıyıcıya sanitariya, karantin qaydalarının və digər qaydaların tələb etdiyi bütün sənədləri verməlidir.

   Bu sənədlərin dəqiqliyini və kifayət olub-olmamasına yoxlamağa daşıyıcının ixtiyarı vardır.

   Göndərici yük qaiməsində yük barəsində verdiyi məlumatın düzgünlüyü üçün cavabehdir. Göndərici bu məlumatın düzgün, dəqiq və ya tam olmaması nəticəsində daşıyıcıya və ya qarşısında daşıyıcının cavabdeh olduğu başqa şəxsə dəyən zərər üçün məsuldur.

 

Maddə 94. Yükün tarası, qablaşdırılması və nişanlanması

   Salamat qalması üçün taraya və ya qaba ehtiyacı olan yüklər daşınmaq üçün standartlara uyğun gələn saz tarada və ya qabda, tarası və qabı üçün standartlar müəyyənləşdirilməmiş yüklər isə daşınma və yenidən yükləmə zamanı tamamilə salamat qalmasını təmin edən saz tarada təqdim edilməlidir.

   Kənd təsərrüfatı məhsulları daşınma zamanı yükün salamat qalmasını təmin edən qeyri-standart tarada da qəbul edilə bilər.

   Daşıma qaydalarına uyğun olaraq yüklər nişanlanmalıdır.

   Yük saz olmayan tarada və ya qabda, yaxud yükün növünə və xassələrinə, ya da hava nəqliyyatı ilə daşıma şərtlərinə uyğun gəlməyən tarada və ya qabda təqdim edildikdə daşıyıcı bu yükü daşınmaq üçün qəbul etməkdən boyun qaçırmalıdır.

 

Maddə 95. Daşımanın xüsusi şərtləri

   Partlayıcı maddələrin, silahın, döyüş sursatının, zəhərləyici maddələrin, tezalışan maddələrin, radioaktiv və digər təhlükəli maddələrin və əşyaların, kino və foto aparatlarının, radio aparatlarının və durbinlərin hava nəqliyyatı ilə daşınması şərtləri xüsusi qaydalarla    müəyyənləşdirilir.

 

Maddə 96. Daşımada məhdudiyyətlər

   Hava gəmisindən beynəlxalq hüquq prinsiplərinə uyğun gəlməyən məqsədlər üçün istifadə edilə bilməz.

   Dövlətin səlahiyyətli orqanlarının razılığı olmadan onun ərazisindən və ya ərazisinə hərbi əmlakın və hərbi materialların daşınmasına icazə  verilmir.

 

Maddə 97. Sərnişinlərin, baqajın və əl yükünün yoxlanması

   Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini, sərnişinlərin və heyət üzvlərinin həyatının və sağlamlığının qorunmasını təmin etmək məqsədilə mülki aviasiya, polis orqanlarına, gömrük idarələrinə və sərhəd qoşunlarına həm daxili, həm də beynəlxalq xətlərdə mülki hava gəmiləri    sərnişinlərinin əl yükünü, baqajını yoxlamaq, sərnişinlərin üst-başını yoxlamaq hüququ verilir. Yoxlama aeroportda (şəhər aerovağzalında), yaxud hava gəmisində aparılır. Uçuşda olan hava gəmisində yoxlama, lazım gəldikdə, sərnişinin razılığı olmadan aparıla bilər. Bu maddənin    məqsədləri üçün hava gəmisi yükvurma qurtarandan sonra bütün bayır qapılarının bağlandığı andan bu qapılardan hər hansı birinin boşalma üçün açıldığı anadək uçuşda hesab edilir. Yoxlama qaydalarını və yoxlama hüququna malik olan şəxslərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

   Aeroportda (şəhər aerovağzalında) sərnişin yoxlamadan boyun qaçırdıqda daşıyıcının ixtiyarı var ki, bu Məcəllənin 84-cü maddəsinin birinci hissəsinin 4-cü bəndinə uyğun olaraq daşıma haqqını geri qaytarmaqla hava daşıması haqqında müqaviləni ləğv etsin.

 

Maddə 98. Yüklərin çatdırılma müddətləri

   Daşıyıcı daşınmaq üçün qəbul etdiyi yükü mənzil başına müəyyənləşdirilmiş müddətdə çatdırmalıdır.

   Yüklərin çatdırılması müddətləri və bunların hesablanması qaydası daşıma qaydaları ilə müəyyənləşdirilir.

 

Maddə 99. Yük daşınması haqqında müqavilənin dəyişdirilməsi

   Daşıma qaydarında nəzərdə tutulmuş qaydaya uyğun olaraq göndərici daşınmaq üçün təhvil verdiyi yükü həmin yük yola salınanadək geri almaq, yük ünvan sahibinə verilənədək yük qaiməsində göstərilmiş yük alıcısını dəyişdirmək, alıcı tərəfindən yük qəbul edilmədikdə və ya    onu alıcıya vermək mümkün olmadıqda yük barəsində sərəncam vermək hüququna malikdir.

   Hava gəmilərinin hərəkətinə fasilə verildikdə və ya bu hərəkət dayandırıldıqda daşıyıcı göndəriciyə və alıcıya bu barədə məlumat verməli, onlardan sərəncam istəməlidir.

 

Maddə 100. Mənzil başında yükün alınması

   Daşıyıcı alıcının ünvanına yük gəldiyi barədə ona məlumat verməlidir.

   Alıcı öz ünvanına gələn yükü qəbul etməli və daşıyıb aparmalıdır. Əgər yükün keyfiyyətinin xeyli dəyişdiyi, ondan nəzərdə tutulmuş məqsədlər üçün tamamilə və ya qismən istifadə etməyin mümkün olmadığı müəyyənləşdirilərsə, alıcı zədələnmiş və ya xarab olmuş yükü qəbul etməkdən imtina etmək hüququna malikdir.

 

Maddə 101. Yükü qəbul edənin səlahiyyəti

   Yükü qəbul edən daşıyıcıdan təyinat yerinə çatması ilə əlaqədar hava daşıması sənədlərini və malların verilməsini tələb edə bilər.

   Əgər yüklərin itməsi daşıyıcı tərəfindən etiraf edilərsə və ya yüklərin mənzil başına çatdırılması 7 (yeddi) gün gecikdirilərsə, yükü qəbul edən daşıyıcıya münasibətdə daşıma müqaviləsindən irəli gələn hüquq və vəzifələrdən istifadə edə bilər.

 

Maddə 102. Alıcının yükü almaması və ya vaxtında qəbul etməməsi

   Alıcı gələn yükü müəyyənləşdirilmiş müddətdə tələb etmədikdə və ya onu qəbul etməkdən boyun qaçırdıqda daşıyıcının ixtiyarı var ki, göndəriciyə məlumat verməklə, göndəricinin hesabına və məsuliyyəti göndəricinin öhdəsinə düşməklə yükü özündə saxlasın.

   Alıcının təqsiri üzündən yükün vaxtında daşınıb aparılmaması nəticəsində aeroportlarda yüklər yığılıb qaldıqda bu yüklərin aeroportda saxlanması haqqı üç qatadək artırıla bilər.

   Yüklərin saxlanması müddətləri və qaydası, yükləri saxlamaq haqqının artırılması qaydası daşıma qaydaları ilə müəyyənləşdirilir.

   Alıcıya məlumat verildiyi gündən 30 gün keçənədək götürülməyən yük tələb edilməmiş yük sayılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada satılır.

 

Maddə 103. Sərnişinin ölməsi və ya səhhətinin pozulması üçün daşıyıcının məsuliyyəti

   Hava daşıması zamanı sərnişinin ölməsi və ya səhhətinin pozulması nəticəsində dəyən zərər üçün daşıyıcı, bu zərərin zərərçəkən şəxsin özünün qəsdi nəticəsində dəydiyini sübut etməsə, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş əmlak məsuliyyəti daşıyır.

   Sərnişinin ölməsi və ya səhhətinin pozulması qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verdikdə daşıyıcı, zərərin dəyməsinə və ya artmasına zərərçəkən şəxsin özünün kobud ehtiyatsızlığının səbəb olduğunu sübut etməsə, müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Zərərin    dəyməsinə və ya artmasına zərərçəkən şəxsin özünün kobud ehtiyatsızlığının səbəb olduğunu daşıyıcının sübut etdiyi başqa hallarda zərərin ödənilməsi məbləği mülki qanunvericiliyin ümumi normalarına uyğun olaraq azaldılmalı və ya zərərin ödənilməsindən imtina edilməlidir.

   Sərnişinin hava yolu ilə daşınması hava gəmisinə minmək üçün onun perrona girdiyi andan daşıyıcının vəkil etdiyi şəxslərin müşahidəsi altında perronu tərk etdiyi anadək olan dövrü əhatə edir.

 

Maddə 104. Baqajın qorunması üçün daşıyıcının məsuliyyəti

   Əgər daşıyıcı zərərin qarşısını almaq üçün lazım olan bütün tədbirləri gördüyünü və ya bu cür tədbirlər görməyin mümkün olmadığını sübut etməsə, baqajın daşınmaq üçün qəbul edildiyi andan alıcıya və ya müəyyənləşdirilmiş qaydalar əsasında başqa təşkilata verildiyi anadək onun itirilməsi, çatışmaması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. İtkinin, çatışmazlığın və ya zədələnmənin aşağıdakılar nəticəsində baş verdiyi hallarda daşıyıcı məsuliyyətdən azad edilir:

      1) daşınan əşyaların təbii xassələri;

      2) baqaj qəbul edilərkən qablaşdırmada zahirən görünə bilməyən nöqsanlar;

      3) baqajın daşınma və saxlama zamanı ayrıca şərait yaradılmasını və ya ehtiyat tədbirləri görülməsini tələb edən özünəməxsus xassələri.

   Sərnişinin yanında olan şeylərin ancaq daşıyıcının təqsiri üzündən itdiyi, çatışmadığı və ya zədələndiyi sübut edildikdə bunun üçün daşıyıcının üzərinə məsuliyyət düşür.

 

Maddə 105. Yükün qorunması üçün daşıyıcının məsuliyyəti

   Əgər daşıyıcı zərərin qarşısını almaq üçün lazım olan bütün tədbirləri gördüyünü və ya belə tədbirlər görməyin mümkün olmadığını sübut etməsə yükün daşınmaq üçün qəbul edildiyi andan alıcıya və ya müəyyənləşdirilmiş qaydalar əsasında başqa təşkilata verildiyi anadək onun itməsi, çatışmaması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. İtkinin, çatışmazlığın və zədələnmənin aşağıdakılar nəticəsində baş verdiyi hallarda daşıyıcı məsuliyyətdən azad edilir:

      1) göndəricinin və ya alıcının hərəkətləri və ya səhvləri;

      2) yük qəbul edilən zaman tarada və ya qablaşdırmada zahirən görünə bilməyən nöqsanlar;

      3) yükün daşınma və saxlanma zamanı ayrıca şərait yaradılmasını və ya ehtiyat tədbirləri görülməsini tələb edən özünəməxsus xassələrini yük qaiməsində göstərmədən daşınmaq üçün təhvil verilməsi;

      4) göndəricinin və ya alıcının vasitələri ilə yükvurma-yükboşaltma ilə bağlı hallar;

      5) göndəricinin və ya alıcının yükü müşayiət edən müvəkkillərinin yükü qorumaq üçün lazımi tədbir görməməsi;

      6) daşıma zamanı yükün müəyyənləşdirilmiş normalar həddində təbii azalması.

   Daşıyıcı başqa hallar olduğunu sübut etməyincə güman olunur ki, itki, çatışmazlıq və ya zədələnmə yükün daşınması zamanı baş vermişdir.

 

Maddə 106. Tara və plomb saz olduqda daşıyıcının məsuliyyətdən azad edilməsi

   İddia və ya tələb verən tərəf yükün daşıyıcının təqsiri üzündən çatışmadığını sübut etməsə, daşıyıcı saz tarada, qabda və ya konteynerdə göndəricinin saz plombları ilə gəlmiş yükün çatışmaması üçün məsuliyyətdən azad edilir.

 

Maddə 107. Yükün və baqajın, habelə sərnişinin yanında olan şeylərin itməsi, çatışmaması və zədələnməsi üçün daşıyıcının məsuliyyətinin məbləği

   Yük, baqaj və ya sərnişinin yanında olan şeylər itdikdə, çatışmadıqda və ya zədələndikdə daşıyıcı aşağıdakı məbləğdə məsuliyyət daşıyır:

      1) dəyəri elan edilməklə daşınmaq üçün qəbul olunan yükün və ya baqajın itməsinə və ya çatışmamasına görə elan edilmiş dəyər  məbləğində, daşıyıcı elan edilən dəyərin əsl dəyərdən çox olduğunu sübut etdikdə isə əsl dəyər məbləğində;

      2) dəyəri elan edilmədən daşınmaq üçün qəbul olunan yükün itməsinə və ya çatışmamasına görə əsl dəyər məbləğində;

      3) dəyəri elan edilmədən daşınmaq üçün qəbul olunan baqajın, habelə sərnişinin yanında olan şeylərin itməsinə və ya çatışmamasına görə əsl dəyər məbləğində, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi həddən artıq olmamaqla;

      4) yükün, baqajın və ya sərnişinin yanında olan şeylərin zədələnməsinə görə bunların dəyəri nə qədər azalmışdırsa, o məbləğdə.

   Yük itdikdə və ya çatışmadıqda daşıyıcı yükün əsl dəyərini və ya elan edilmiş dəyərini ödəməklə bərabər, itirilmiş yük üçün alınmış daşıma haqqını, əgər bu haqq həmin yükün qiymətinə daxil deyildirsə, geri qaytarır.

   Daşıma haqqı ödənilmiş baqaj itdikdə və ya çatışmadıqda daşıyıcı onun əvəzini ödəməklə yanaşı, itirilmiş baqaj üçün alınmış daşıma haqqını geri qaytarır.

   Zərərin daşıyıcının qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində dəydiyi sübut edildikdə, bu maddənin birinci hissəsinin 3-cü bəndində müəyyənləşdirilmiş məsuliyyət hədləri tətbiq olunmur.

 

Maddə 108. Yükün və ya baqajın çatdırılma müddətinin ötürülməsinə görə daşıyıcının məsuliyyəti

   Yükün çatdırılma müddətinin ötürülməsinə görə daşıyıcı alıcıya ötürülmüş hər gün üçün daşıma haqqının 5 faizi qədər, lakin daşıma haqqının 50 faizindən artıq olmamaqla cərimə ödəyir. Baqajın çatdırılma müddətinin ötürülməsinə görə daşıyıcı alıcıya ötürülmüş hər gün üçün minimum əmək haqqının 1/7-i məbləğində, lakin minimum əmək haqqının 1/2 məbləğindən çox olmamaqla cərimə ödəyir.

   Daşıyıcı müddətin ötürülməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri gördüyünü və ya belə tədbirlər görməyin mümkün olmadığını sübut etməsə, yükün və ya baqajın çatdırılma müddətinin ötürülməsinə görə məsuliyyət daşıyır. Müddət əlverişsiz meteoroloji şərait nəticəsində ötürüldükdə, daşıyıcı məsuliyyətdən azad edilir.

   Əgər yükün çatdırılma müddəti qurtardıqdan sonra 10 gün ərzində yük alıcıya verilməmişdirsə, həmin yükü göndərən və ya alan şəxs onu itmiş hesab etmək və müvafiq əvəz tələb etmək hüququna malikdir. Lakin yük göstərilən müddət qurtardıqdan sonra gəldikdə alıcı yükü qəbul etməli və yükün itirilməsinə görə daşıyıcının ödədiyi məbləğ də geri qaytarılmalıdır.

 

Maddə 109. Poçtun itirilməsinə, zədələnməsinə və çatdırılma müddətinin ötürülməsinə görə daşıyıcının məsuliyyəti

   Poçt itirildikdə, zədələndikdə və ya onun çatdırılma müddəti ötürüldükdə göndəricilərin və ya ünvan sahiblərinin qarşısında rabitə orqanlarının üzərinə hansı məbləğdə məsuliyyət düşürsə, rabitə orqanlarının qarşısında da daşıyıcının üzərinə o məbləğdə əmlak məsuliyyəti düşür.

 

Maddə 110. Sərnişinlərin, göndəricilərin və alıcıların məsuliyyəti

   Sərnişinlər, göndəricilər və alıcılar onların təqsiri üzündən daşıyıcının əmlakına və başqa şəxslərin daşıyıcının cavabdeh olduğu əmlakına dəymiş zərərə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 111. Yükü qəbul edənlərin hüquq və vəzifələri

   Qəbul edən, daşıyıcıdan malların təyinat yerinə çatması ilə əlaqədar hava yolu ilə daşıma sənədini və yüklərin verilməsini tələb edə bilər.

   Əgər yükün itməsi daşıyıcı tərəfindən etiraf edilirsə, yaxud təyinat məntəqəsinə çatdırılacağı gündən 7 (yeddi) gün müddət gecikdirilirsə, qəbul edən daşıyıcıya münasibətdə daşıma müqaviləsindən irəli gələn hüquq və vəzifələrdən istifadə etmək hüququna malikdir.

 

Maddə 112. Daşıyıcının məsuliyyətini azaltmaq barəsində sazişlərin etibarsız sayılması

   Sərnişinlərin, göndəricilərin və ya alıcıların bu Məcəllə ilə nəzərdə tutulmuş məsuliyyətini azaltmaq haqqında daşıyıcının onlarla bağladığı hər hansı saziş etibarsızdır.

 

Maddə 113. Kommersiya aktlarının tərtib edilməsi

   Daşıyıcının, sərnişinlərin, göndəricilərin və alıcıların əmlak məsuliyyətinə əsas verə biləcək hallar kommersiya aktı ilə təsdiq edilir. Kommersiya aktının tərtibi və aktın tərtibini tələb etməyən halların təsdiqi qaydaları daşıma qaydaları ilə müəyyənləşdirilir.

   Yük və ya baqaj verilərkən kommersiya aktı aşağıdakı halları təsdiq etmək üçün tərtib olunur:

      1) yükün adının, çəkisinin (kütləsinin) və ya sayının daşıma sənədində göstərilən məlumata uyğun gəlməməsi;

      2) yükün zədələnməsi;

      3) baqajın çatışmaması və ya zədələnməsi;

      4) sənədsiz yük və ya baqaj, habelə yüksüz və baqajsız sənəd aşkar edilməsi.

 

Maddə 114. Sərnişinin öldüyü və ya səhhətinin pozulduğu hallarda dəyən zərərin ödənilməsi barədə tələblər verilməsi

   Sərnişinin səhhəti pozulduqda zərərçəkən şəxs, sərnişin öldükdə isə mülki qanunvericiliyin ümumi normalarına uyğun olaraq zərərin əvəzini almaq hüququ olan şəxslər daşıyıcıya tələb vermək hüququna malikdirlər.

 

Maddə 115. Pretenziya verilməsi qaydası

   Sərnişinin ölməsindən və ya səhhətinin pozulmasından irəli gələn tələblər istisna olmaqla, daşıyıcıya sərnişinin, baqajın, yükün və ya poçtun daşınmasından irəli gələn iddia verilməzdən əvvəl hökmən pretenziya verilməlidir.

   Pretenziya onu verənin mülahizəsinə görə ya yoladüşmə yerinin, ya da təyinat yerinin aviasiya müəssisəsinə verilir.

   Nəqliyyatın müxtəlif növləri ilə birbaşa daşımadan irəli gələn pretenziyalar aşağıdakılara verilir:

      1) daşımanın son məntəqəsi aeroport olduqda, aviasiya müəssisəsinə;

      2) daşımanın son məntəqəsi dəmiryol və ya avtomobil stansiyası, yanalma körpüsü və ya liman olduqda müvafiq nəqliyyat təşkilatına.

 

Maddə 116. Pretenziya və iddia vermək hüququ olan şəxslər

   Aşağıdakıların daşıyıcıya pretenziya və iddia vermək hüququ vardır:

      1) baqaj itirildikdə və ya çatdırılma müddəti ötürüldükdə baqaj qəbzini təqdim edən şəxsin, baqaj çatışmadıqda və ya zədələndikdə isə  kommersiya aktını təqdim edən şəxsin;

      2) yük itdikdə:

      alıcının, bu şərtlə ki, o, daşıyıcının göndəriciyə verdiyi və üzərində yükün gəlməməsi haqqında yükün çatacağı aeroportun qeydi olan yük qaiməsini təqdim etsin, belə bir qaimə təqdim etmək mümkün olmadıqda isə, yükün dəyərinin ödənilməsi haqqında sənəd və yükün göndərilməsi haqqında aviasiya müəssisəsinin verdiyi və üzərində yükün gəlməməsi haqqında yükün çatacağı aeroportun qeydi olan arayış təqdim etsin;

      göndəricinin, bu şərtlə ki, ona verilmiş yük qaiməsini təqdim etsin;

      3) yük çatışmadıqda və ya zədələndikdə alıcının, bu şərtlə ki, o, yüklə birlikdə gedən yük qaiməsini və kommersiya aktını təqdim etsin;

      4) yükün çatdırılma müddəti ötürüldükdə alıcının, bu şərtlə ki, o, yüklə birlikdə gedən yük qaiməsini təqdim etsin.

   Kommersiya aktının olmaması pretenziya və ya iddia vermək hüququndan məhrum etmir, bu şərtlə ki, aviasiya müəssisəsi işçilərinin kommersiya aktı tərtib etməkdən boyun qaçırdıqları, göndəricinin və ya alıcının onların hərəkətlərindən şikayət etdiyi sübut edilmiş olsun.

 

Maddə 117. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi

   Pretenziya və ya iddia vermək hüququnun göndərici tərəfindən alıcıya və ya alıcı tərəfindən göndəriciyə verilməsi halları, habelə alıcı və ya göndərici tərəfindən yuxarı və ya aşağı təşkilata verilməsi halları istisna olmaqla, bu hüququn başqa təşkilatlara və ya şəxslərə verilməsinə yol verilmir.

 

Maddə 118. Pretenziyaların verilməsi müddətləri

   Daşıyıcıya pretenziyalar altı ay ərzində, cərimənin ödənilməsi haqqında pretenziyalar isə 45 gün ərzində verilə bilər.

   Göstərilən müddətlər bu cür hesablanır:

      1) baqajın, yükün və ya poçtun çatışmamasına və ya zədələnməsinə görə, habelə baqajın, yükün və ya poçtun çatdırılma müddətinin ötürülməsinə görə zərərin ödənilməsi haqqında pretenziyalar üzrə — bunların verildiyi gündən;

      2) yükün itirilməsinə görə zərərin ödənilməsi haqqında pretenziyalar üzrə — çatdırılma müddətinin qurtarmasından 10 gün keçəndən sonra;

      3) baqajın və ya poçtun itirilməsinə görə zərərin ödənilməsi haqqında pretenziyalar üzrə — çatdırılma müddətinin qurtardığı andan;

      4) bütün qalan hallarda — pretenziya vermək üçün əsas olmuş hadisənin baş verdiyi gündən.

   Daşıyıcı pretenziya müddətinin ötməsinin səbəbini üzürlü hesab etdikdə onun ixtiyarı var ki, pretenziya müddəti qurtardıqdan sonra pretenziyanı baxılmaq üçün qəbul etsin.

 

Maddə 119. Pretenziyalara baxılması müddətləri, iddia müddəti

   Daşıyıcı pretenziyaya üç ay müddətində, nəqliyyatın müxtəlif növləri ilə birbaşa daşıma haqqında pretenziyaya altı ay müddətində, cərimə ödənilməsi haqqında pretenziyaya isə 45 gün ərzində baxmalı, pretenziyanın ödənildiyi və ya rədd edildiyi barədə ərizəçiyə məlumat    verməlidir.

   Əgər pretenziya rədd edilibsə, yaxud müəyyənləşdirilmiş müddətdə cavab alınmayıbsa, ərizəçinin ixtiyarı var ki, cavab alındığı və ya pretenziyaya cavab verilməsi üçün müəyyənləşdirilmiş müddətin qurtardığı gündən iki ay keçənədək daşıyıcıya məhkəmədə iddia versin. [2]

 

Maddə 120. Daşıyıcının tələbləri üzrə iddia müddəti

   Daşıyıcı sərnişinlərə, göndəricilərə və ya alıcılara hava daşımasından irəli gələn iddiaları iddianın verilməsi üçün əsas olan hadisənin başlandığı gündən altı ay keçənədək verir.

 

Maddə 121. Sərnişinlərin mütləq sığortalanması

   Mülki hava gəmiləri ilə daşınan sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada mütləq sığortalanırlar. [3]

 

Maddə 122. Daşıma qaydaları

   Azərbaycan Respublikasının aviasiya müəssisələri tərəfindən hava yolu ilə sərnişin, baqaj və yük daşınmasının qaydalarını Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı müəyyənləşdirir.

   Hava yolu ilə poçt daşınması qaydalarını Azərbaycan Respublikasının Rabitə Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı müəyyənləşdirir.

 

VIII fəsil

Beynəlxalq hava yolu ilə sərnişin, baqaj, yük və poçt daşınması

 

Maddə 123. Beynəlxalq hava daşıması

   Yenidən yükləmə və ya daşımada fasilənin olub-olmamasından asılı olmayaraq yoladüşmə yeri və təyinat yeri aşağıda göstərilən ərazidə olduqda, hava gəmiləri ilə hər cür daşıma beynəlxalq hava daşıması sayılır:

      1) iki dövlətin ərazisində;

      2) eyni dövlətin ərazisində, lakin başqa dövlətin ərazisində dayanmaq nəzərdə tutulduqda.

 

Maddə 124. Hava gəmilərindən birgə istifadə

   Qarşılıqlı razılaşmaya əsasən Azərbaycan Respublikası digər dövlətlərlə hava gəmilərinin birgə istismarında iştirak edə bilər.

   Azərbaycan Respublikasında fəaliyyət göstərən aviasiya şirkətləri mülkiyyət mənsubiyyətindən asılı olmayaraq qarışıq və birgə daşımalar üzrə əməkdaşlıqda, respublikanın qanunlarına və mənafeyinə zidd olmamaqla, mülki aviasiyanı idarə edən dövlət orqanının icazəsi ilə iştirak edə bilər.

 

Maddə 125. Beynəlxalq hava daşımalarının tənzimlənməsi

   Azərbaycan Respublikasının beynəlxalq müqavilələrindən digər qaydalar irəli gəlmirsə, hava yolu ilə sərnişin, baqaj və yük daşınması haqqında ümumi qaydalar bu fəsildə göstərilən dəyişikliklər və əlavələrlə birlikdə, Aəzrbaycan Respublikasının mülki hava gəmilərində   beynəlxalq hava yolu ilə sərnişin, baqaj və yük daşınmasına da şamil edilir.

   Beynəlxalq hava yolu ilə poçt daşındıqda Azərbaycan Respublikasının bağladığı beynəlxalq poçt sazişlərinin qaydalarına əməl edilir.

 

Maddə 126. Hava gəmisinin gömrük yoxlaması

   Azərbaycan Respublikasının hava sahəsindən istifadə edən xarici hava gəmiləri Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qərarı ilə Azərbaycan Respublikasının gömrük nəzarəti olan aeroportlarında gömrük baxışı keçirmək məqsədilə endirilə bilər.

 

Maddə 127. Daşıma sənədləri

   Beynəlxalq hava yolu ilə sərnişin daşımaq haqqında müqavilə və onun şərtləri biletlə, baqajın təhvil verilməsi baqaj qəbzi ilə təsdiq olunur.

   Beynəlxalq hava yolu ilə yük daşımaq haqqında müqavilə, onun şərtləri və daşıyıcının yükü qəbul etməsi yük qaiməsi ilə təsdiq olunur.

   Biletin, baqaj qəbzinin və ya yük qaiməsinin olmaması, yanlış olması və ya itirilməsi daşıma müqaviləsinin nə mövcud olmasına, nə də etibarlığına təsir göstərmir.

Maddə 128. Yük qaiməsində yazılan məlumatın doğruluğu

   Yükün çəkisi (kütləsi), ölçüsü və qablaşdırılması haqqında, habelə yerlərin sayı haqqında yük qaiməsində yazılan məlumat, əgər daşıyıcı bunun əksini sübut etməsə, doğru sayılır. Yükün miqdarı, həcmi və vəziyyəti haqqında məlumat ancaq o halda doğru sayılır ki, daşıyıcı  göndəricinin iştirakı ilə onları müəyyənləşdirilmiş qaydada yoxlayıb yük qaiməsində göstərsin, yaxud bu məlumat yükün zahiri görünüşünə aid olsun.

 

Maddə 129. Yük qaiməsinə əlavə edilən sənədlər

   Göndərici yükün alıcıya verilməsindən əvvəl gömrükxana rəsmiyyətlərinin və digər rəsmiyyətlərin icrası üçün lazım olan məlumatı verməyə və bütün sənədləri yük qaiməsinə əlavə etməyə borcludur. Daşıyıcının təqsirli olduğu hallar istisna edilməklə, göndərici bu məlumatın və

   sənədlərin olmaması, çatışmaması və ya yanlışlığı üzündən dəyə biləcək bütün zərər üçün daşıyıcının qarşısında cavabdehdir.

 

Maddə 130. Beynəlxalq hava yolu ilə yük daşımaq haqqında müqavilənin dəyişdirilməsi

   Beynəlxalq hava yolu ilə yük daşımaq haqqında müqavilədən irəli gələn bütün öhdəlikləri yerinə yetirmək və yük qaiməsini daşıyıcıya təqdim etmək şərtilə göndərici yükü göndərmə məntəqəsində və ya təyinat məntəqəsində geri almaq, aralıq enmə məntəqələrində yubatmaq,    qaimədə göstərilən alıcını dəyişdirmək, yükün göndərmə məntəqəsinə qaytarılmasını tələb etmək hüququna malikdir. Göndəricinin bu hüquqdan istifadə etməsi nə daşıyıcıya, nə də digər göndəricilərə zərər vurmamalıdır. Göndərici bundan irəli gələn xərcləri ödəməlidir.

   Göndəricinin sərəncamlarını yerinə yetirmək mümkün olmadıqda, daşıyıcı bu barədə ona dərhal məlumat verməlidir.

   Əgər göndəricidən digər sərəncam alınmayıbsa, yükün təyinat məntəqəsinə gəldiyi andan alıcının yükü və yük qaiməsini ona verməyi daşıyıcıdan tələb etmək hüququ vardır.

   Alıcının yükü və yük qaiməsini ona verməyi tələb etmək hüququnun meydana gəldiyi andan göndəricinin hüququna xitam verilir. Lakin alıcı yükü qəbul etməkdən imtina edirsə və ya yükü ona vermək mümkün deyilsə, onda göndərici yenidən yük barəsində sərəncam vermək hüququ əldə edir.

   Bu maddədə göstərilmiş şərtləri dəyişdirən hər bir qeyd-şərt yük qaiməsinə yazılmalıdır.

   Bu maddənin qaydaları və göndərici ilə alıcının qarşılıqlı münasibətlərinə, nə də hüquqları göndəricidən və ya alıcıdan gələn üçüncü şəxslərin münasibətlərinə təsir göstərmir.

 

Maddə 131. Daşıyıcının sərnişin qarşısında məsuliyyəti

   Daşıyıcı zərərin qarşısını almaq üçün lazım olan bütün tədbirləri gördüyünü və ya belə tədbirlər görməyin mümkün olmadığını sübut etməsə, hava daşıması zamanı sərnişinin ölməsi və ya səhhətinin pozulması nəticəsində dəyən zərər üçün və daşıma zamanı gecikmə nəticəsində dəyən zərər üçün cavabdehdir.

 

Maddə 132. Daşıyıcının baqaj və yük üçün məsuliyyəti

   Daşıyıcı zərərin qarşısını almaq üçün tədbirləri gördüyünü və ya belə tədbirlər görməyin mümkün olmadığını sübut etməsə, baqajın və ya yükün itməsi, çatışmaması və zədələnməsi üçün cavabdehdir, bu şərtlə ki, zərər dəyməsinə səbəb olmuş hadisə baqajın və ya yükün yerdə,  yaxud hava gəmisində daşıyıcının mühafizəsi altında olması zamanı baş versin; daşıyıcı baqajın və ya yükün daşınması zamanı gecikmə nəticəsində dəyən zərər üçün cavabdehdir.

 

Maddə 133. Zərərçəkən şəxsin təqsirinin nəzərə alınması

   Əgər daşıyıcı zərərçəkən şəxsin təqsirinin zərər dəyməsinə səbəb olduğunu və ya şərait yaratdığını sübut edərsə, məhkəmə onu bu Məcəllənin 121 və 122-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətdən azad edə bilər və ya bu məsuliyyəti məhdudlaşdıra bilər.

 

Maddə 134. Daşıyıcının sərnişin qarşısında məsuliyyətinin hədləri

   Sərnişin daşınması zamanı daşıyıcının hər bir sərnişin qarşısında zərər üçün məsuliyyəti hava daşımaları zamanı məsuliyyət haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilən hədlə məhdudlaşdırılır.

   Zərərin ödənilməsi vaxtaşırı ödənişlər şəklində müəyyənləşdirilə bilər, həm də bu ödənişlərin kapitallaşdırılmış məbləği göstərilən həddən yuxarı ola bilməz.

 

Maddə 135. Daşıyıcının baqaj və yük üçün məsuliyyətinin hədləri

   Baqaj və ya yük daşınması zamanı baqajın və ya yükün hər kiloqramı üçün daşıyıcının məsuliyyəti hava daşımaları zamanı məsuliyyət haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilən hədlə məhdudlaşdırılır, göndəricinin baqajı və ya yükü daşıyıcıya elan olunmuş dəyərlə təhvil verdiyi hal istisna edilir. Bu halda daşıyıcı elan olunmuş dəyərin həqiqətdə vurulmuş zərərdən yüksək olduğunu sübut etməsə, məsuliyyət elan olunmuş dəyər məbləğində müəyyənləşdirilir.

   Baqajın və ya yükün bir hissəsi, yaxud bunların içərisində olan hər hansı bir əşya itdikdə, çatışmadıqda, zədələndikdə və ya çatdırılma müddəti ötürüldükdə əvəzinə ödənilməsi məbləği müəyyənləşdirilərkən yalnız həmin yerin və ya yerlərin ümumi çəkisi (kütləsi) nəzərə alınır.

   Lakin baqajın və ya yükün bir hissəsinin, yaxud onların içərisində olan hər hansı bir əşyanın itməsi, çatışmaması, zədələnməsi, yaxud çatdırılma müddətinin ötürülməsi eyni baqaj qəbzinə və ya yük qaiməsinə daxil edilmiş digər yerlərin dəyərinə təsir göstərdikdə, zərərin ödənilməsi məbləği müəyyənləşdirilərkən bütün bu yerlərin ümumi çəkisi (kütləsi) nəzərə alınır.

 

 Maddə 136. Sərnişinin yanında olan əşyaların itməsi, çatışmaması və zədələnməsi üçün daşıyıcının məsuliyyəti

   Sərnişinin yanında olan əşyaların itməsi, çatışmaması və ya zədələnməsi üçün daşıyıcının məsuliyyəti hava daşımaları zamanı məsuliyyət haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş hədlə məhdudlaşdırılır.

 

Maddə 137. Daşıyıcının məsuliyyət hadlərinin tətbiq edilməməsi

   Zərərin daşıyıcının qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində baş verdiyi sübut edilərsə, bu Məcəllənin 136-137-ci maddələrində göstərilən məsuliyyət hədləri tətbiq edilmir.

 

Maddə 138. Məsuliyyət hədlərinin yüksəldilməsi haqqında sazişlər

   Daşıyıcı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş məsuliyyət hədləri ilə müqayisədə daşıyıcının  məsuliyyət hədlərini yüksəltmək barədə sərnişinlə, göndərici və ya alıcı ilə saziş bağlaya bilər.

 

Maddə 139. Pretenziyalar verilməsinin qaydası və müddətləri

   Baqaj və ya yük etirazsız alındıqda güman edilir ki, bunlar lazımi vəziyyətdə və daşıma sənədinə müvafiq surətdə çatdırılmışdır, bir şərtlə ki, bunun əksi sübut olunmasın.

   Zərər vurulduqda baqajı və ya yükü almaq hüququna malik olan şəxs zərəri aşkara çıxaran kimi dərhal daşıyıcıya yazılı pretenziya verməlidir, lakin bu pretenziya baqajın alındığı gündən ən çoxu 7 gün və yükün alındığı gündən ən çoxu 14 gün keçənədək verilməlidir.

   Çatdırılma müddəti ötürüldükdə pretenziya baqajın və ya yükün alıcının sərəncamına verildiyi gündən ən çoxu 21 gün keçənədək verilməlidir.

   Baqaj və ya yük itirildikdə daşıyıcıya pretenziyalar hava gəmisinin mənzil başına çatdığı və çatmalı olduğu gündən, yaxud daşımanın dayandırıldığı gündən iki il keçənədək verilməlidir. Yuxarıda göstərilən müddətlərdə yazılı pretenziya verilmədikdə daşıyıcıya iddia verilə bilməz.

 

Maddə 140. İddia müddəti və məhkəmə aidiyyəti

   Daşıyıcıya beynəlxalq hava daşımasından irəli gələn iddialar hava gəmisinin mənzil başına çatdığı və ya çatmalı olduğu gündən, yaxud daşımanın dayandırıldığı gündən ən çoxu iki il keçənədək daşıma idarəsinin yerləşdiyi ərazidəki məhkəməyə verilir.

 

Maddə 141. Beynəlxalq hava daşıması qaydaları

   Sərnişinlərin, baqajın və yüklərin beynəlxalq hava yolu ilə daşınması qaydalarını Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı müəyyənləşdirir.

 

Maddə 142. Azərbaycan Respublikasının ərazisində xarici aviasiya müəssisələrinin fəaliyyəti

   Xarici aviasiya müəssisələri Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının və müvafiq xarici dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilələrə, habelə birdəfəlik uçuşlar üçün verilən xüsusi icazələrə uyğun olaraq fəaliyyət göstərirlər.

   Xarici aviasiya müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində nümayəndəliklər aça bilərlər.

   Xarici hava gəmilərinin aşağıdakıları etmək hüququ yoxdur:

      1) hava əlaqəsi haqqında Azərbaycan Respublikasının və müvafiq xarici dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilələrdə və ya birdəfəlik uçuşlar üçün verilən xüsusi icazələrdə nəzərdə tutulmadığı hallarda xarici dövlətin ərazisinə daşımaq üçün Azərbaycan Respublikası ərazisində sərnişin, baqaj, yük və poçt götürmək və ya xarici dövlətin ərazisindən bunları Azərbaycan Respublikası ərazisinə gətirmək;

      2) Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikası ərazisindəki başqa bir məntəqəyə daşımaq üçün Azərbaycan Respublikası ərazisində sərnişin, baqaj, yük, poçt götürmək.

 

Maddə 143. Tariflərə və qaydalara əməl edilməsi

   Beynəlxalq hava daşınmalarını həyata keçirən aviasiya müəssisələri sərnişinlərin, baqajın, yüklərin beynəlxalq hava yolu ilə daşınması üçün müəyyənləşdirilmiş tariflərə və bunların tətbiqi qaydalarına, habelə bilet satışının, yük qaimələri və başqa daşıma sənədləri verilməsinin    Azərbaycan Respublikasında qüvvədə olan qaydalarına əməl etməyə borcludurlar.

 

IX fəsil

Çarter

 

Maddə 144. Çarter müqaviləsi

   Çarter (hava gəmilərinin kirələnməsi) müqaviləsi üzrə bir tərəf (kirəverən) sərnişin, baqaj, yük və poçt daşımaq üçün, yaxud başqa məqsədlər üçün bir hava gəmisinin və ya bir neçə hava gəmisinin tutumunu haqqı ödənilməklə, tamamilə və ya qismən bir və ya bir neçə reys üçün digər tərəfə (kirəçiyə) verməyi öhdəsinə götürür.

   Çarter müqaviləsində tərəflərin adı, hava gəmisinin tipi, kirənin məqsədi, daşınan sərnişinlərin, baqajın, yükün, poçtun maksimum miqdarı, kirə haqqının məbləği, hava gəmisinin yola salınmasının yeri və vaxtı, hava gəmisinin təyinat yeri nəzərdə tutulmalıdır. Çarter müqaviləsinə    digər şərtlər də daxil edilə bilər.

 

Maddə 145. Kirə verənin hüquq və vəzifələri

   Kirə verən tərəf hava gəmisinin tutumunu vaxtında verməli və müqavilənin qüvvədə olduğu bütün müddətdə hava gəmisini müqavilədə nəzərdə tutulan məqsədlərlə istifadə edilmək üçün yararlı vəziyyətlə saxlamalıdır.

   Uçuşun təhlükəsizliyi mənafeyi tələb etdikdə, kirə verən tərəf uçuşu təxirə salmaq və ləğv etmək, uçuş ərzində hava gəmisini endirmək, dayanacaqda saxlamaq, lazımi təmir işləri görmək, marşrutu dəyişdirmək və ya uçuşu dayandırmaq, habelə müqavilə şərtlərinə uyğun olaraq hava gəmisinə götürülən sərnişinlərin, baqajın, yükün və ya poçtun miqdarını azaltmaq hüququna malikdir.

 

Maddə 146. Kirəçinin hüquq və vəzifələri

   Kirəçi müqavilədə nəzərdə tutulan haqqı vaxtında ödəməli, sərnişinlərin, baqajın, yükün və poçtun yoladüşmə yerinə vaxtında çatdırılmasını təmin etməlidir.

   Kirəçi kirələdiyi hava gəmisinin kirə verənin razılığı ilə ikinci əldən çarterə verə bilər.

   Kirəçi çarter müqaviləsində nəzərdə tutulan dəbbə pulunu ödəməklə müqavilədən imtina edə bilər.

 

Maddə 147. Çarter müqaviləsi üzrə məsuliyyət

   Çarter müqaviləsi üzrə tərəf müqavilənin yerinə yetirilməməsində və ya lazımınca yerinə yetirilməməsində təqsiri olmadığını sübut etdikdə, müqavilənin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir.

   Kirə verənin təqsiri olmadan hava gəmisi istifadəyə yararsız hala düşdükdə, kirə verən tərəf kirəçinin qarşısında məsuliyyət daşımır.

 

Maddə 148. Öhdəliklərin təsbit olunması

   Hava gəmisindən istifadə ilə əlaqədar kirə haqqında müqavilədə Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan dövlətinin iştirak etdiyi beynəlxalq müqavilələrə zidd olmayan öhdəliklər təsbit oluna bilər.

 

Maddə 149. Kirə verənin sərnişinlər, göndəricilər və alıcılar qarşısında məsuliyyəti

   Kirələnmiş gəmi ilə daşıma zamanı kirə verən tərəf daşıyıcının məsuliyyəti haqqında bu Məcəllənin VII və VIII fəsillərində nəzərdə tutulmuş qaydalara uyğun olaraq sərnişinlər, göndəricilər və alıcılar qarşısında məsuliyyət daşıyır.

 

X fəsil

Xalq təsərrüfatının ayrı-ayrı sahələrində Azərbaycan Respublikasının

mülki aviasiyasından istifadə

 

Maddə 150. Aviasiya işləri

   Xalq təsərrüfatının ayrı-ayrı sahələrində aviasiya işlərinin görülməsi (kənd təsərrüfatında, tikintidə, meşələrin mühafizəsi, ekspedisiyalara xidmət və i.a. üçün aviasiyadan istifadə), habelə əhaliyə tibbi yardım göstərmək, sanitariya tədbirləri görmək, təcrübə və elmi tədqiqat işləri üçün hava gəmilərindən istifadə edilməsi əlaqədar təşkilatlarla müqavilələr və sifarişlər əsasında aviasiya müəssisələri tərəfindən həyata keçirilir.

   Hava gəmiləri olan müəssisələr, idarələr və təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, öz ehtiyaclarını ödəmək üçün göstərilən məqsədlərlə uçuşlar keçirə bilərlər.

 

Maddə 151. Aviasiya işlərinin həyata keçirilməsi

   Aviasiya işləri müəyyənləşdirilmiş qaydada təsdiq edilən müqavilələr üzrə həyata keçirilir.

   Əlaqədar müəssisələrin, idarələrin və təşkilatların birdəfəlik sifarişləri əsasında müqavilədənkənar aviasiya işləri müqavilələrin yerinə yetirilməsinə zərər vurmadan həyata keçirilə bilər

 

Maddə 152. Aviasiya işlərinin görülməsi qaydası

   Aviasiya işlərinin görülməsi qaydasını mülki aviasiyanı idarə edən dövlət orqanı əlaqədar nazirliklər, dövlət komitələri və baş idarələr ilə razılaşdırmaqla müəyyənləşdirir.

   Aviasiya işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada təsdiq olunan tariflər üzrə görülür.

 

XI fəsil

Hava gəmilərinin uçuş təhlükəsizliyi qaydalarının, hava nəqliyyatı vasitələrindən istifadəyə və yüklərin saxlanmasına dair qaydaların, beynəlxalq uçuş qaydalarının pozulmasına görə məsuliyyət

 

Maddə 153. Hava Məcəlləsində müəyyənləşdirilən qaydaları pozmağa görə inzibati məsuliyyət

   Uçuş təhlükəsizliyi qaydalarının, hava nəqliyyatında təhlükəli maddələrin və predmetlərin daşınması qaydalarının, hava gəmisində davranış qaydalarının, daşınma və tarif qaydalarının və beynəlxalq uçuş qaydalarının və başqa qaydaların pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

 

Maddə 154. Hava nəqliyyatı orqanları

   İnzibati xətalar haqqında işlərə hava nəqliyyatı orqanları adından baxmağa və inzibati tənbeh etməyə ixtiyarı olan səlahiyyətli şəxslərin siyahısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunur. [4]

 

Maddə 155. Aviasiya işlərinin görülməsi zamanı dəymiş zərər üçün məsuliyyət

   X fəsildə göstərilmiş işlərin görülməsi zamanı adamlara və əmlaka dəymiş zərər üçün aviasiya müəssisəsi bu Məcəllənin 66-cı, 104-106-cı maddələrində nəzərdə tutulmuş qaydada və şərtlərlə məsuliyyət daşıyır.

 

 

 

Azərbaycan Respublikasının

Hava Məcəlləsinə Əlavə

 

Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən

dövlət orqanının bayrağının və embleminin təsviri

 

   Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının bayrağı 20x14 sm ölçülü düzbucaq şəklindədir. Düzbucağın üstündə ağ fonda təyyarə quyruğunun ikirəngli konturu çəkilmişdir. Yuxarıdakı rəng yaşıl, aşağıdakı rəng isə göydür, təyyarənin gövdəsi boyunca işləyən mühərrikin məşəlini təcəssüm etdirən narıncı zolaq keçir. Bayrağın sağ hissəsində yuxarıda göy hərflərlə Azərbaycan dilində «Azərbaycan Hava Yolları» sözləri yazılmışdar.

   Bayrağın üstündə mülki aviasiyanı idarə edən Dövlət orqanının göy haşiyəli, narıncı «alov» rəngli dairə şəklində ayrıca təsvir edilmiş emblemi vardır; emblem dairəsinin mərkəzi bayrağın ağacından 8,5 sm, yuxarısından 5 sm məsafədə yerləşir, dairənin diametri 6 sm-dir.

   Dairənin ortasında narıncı fonda göy rəngdə səmaya qalxan quş silueti təsvir olunmuşdur. Siluetin uzunluğu 5,5 sm-dir. Emblemin dairəsinin sağ hissəsində yuxarıda göy hərflərlə «Azərbaycan Hava Yolları» sözlərinin ingilis dilində qarşılığının — «Azerbaijan Airlines»   sözlərinin qısaldılmış «AZAL» forması yazılmışdır.

   Müəyyən olunmuş nisbətə əməl etməklə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanın bayrağının və embleminin daha böyük və daha kiçik ölçüdə hazırlanmasına, habelə bayraqdan ayrılıqda emblemdən istifadə edilməsinə yol verilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

9 fevral 1994-cü il tarixli 785 nömrəli “Azərbaycan Respublikasının Hava Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1994-cü il, № 12) ilə təsdiq edilmişdir.

 

24 iyun 2005-ci il tarixli, 944-IIQ nömrəli “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”, 2 sentyabr 2005-ci il) ilə qüvvədən düşmüşdür.

 

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

1.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci  il, № 11, maddə 683)

2.       20 aprel 2004-cü il tarixli 638-IIQD nömrəli “Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasını Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il  il, № 5, maddə 317)

3.       7 sentyabr 2004-cü il tarixli 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il  il, № 10, maddə 761)


 



 

MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1]  9 fevral 1994-cü il tarixli 785 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1994-cü il, № 12) ilə təsdiq edilmişdir.

24 iyun 2005-ci il tarixli, 944-IIQ nömrəli “Aviasiya haqqında” Azərbaycan Respublikasının QanunuAzərbaycan”, 2 sentyabr 2005-ci il) ilə qüvvədən düşmüşdür.

 

[2]  5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 119-cu maddənin ikinci hissəsindən "və ya arbitrajda" sözləri çıxarılmışdır.

 

[3]  20 aprel 2004-cü il tarixli 638-IIQD nömrəli “Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasını Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il il, № 5, maddə 317) ilə 121-ci maddədən "dövlət tərəfindən'' sözləri çıxarılmışdır.

 

[4] 7 sentyabr 2004-cü il tarixli 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il il, № 10, maddə 761) 154-cü maddədə "hüquqpozmalar" sözü "xətalar" sözü ilə və "inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsi" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi" sözləri ilə əvəz edilmişdir.