Azərbaycan Respublİkasının

 Mülkİ Prosessual Məcəlləsİ

 

Bİrİncİ bölmə.

Ümumİ qaydalar

 

Fəsil 1

 

Əsas qaydalar

Maddə 1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik

1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

1.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.

1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.

1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.

1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri

2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

Maddə 3. Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi

3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

3.2. Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.

3.3. Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur.

3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da müəyyən oluna bilər.

Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.

4.3. Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər.

Maddə 5. Məhkəmədə mülki işə başlama

5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər.

5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər.

5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.

5.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı instansiya məhkəməsinin icraatında olan iş tələb oluna bilməz.

Maddə 6. Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi

Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 7. Hakimlərin müstəqilliyi

7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.

7.2. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə həll edirlər.

7.3. Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.

Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik

8.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi

9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Maddə 10. Məhkəmə baxışının aşkarlığı

10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.

10.2. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır.

10.3. İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.

10.4. Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.

10.5. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.

10.6. Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır.

10.7. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.

10.8. İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.

10.9. İşdə iştirak edən şəxslər və açıq məhkəmə iclasında olan digər şəxslər yerlərindən məhkəmə baxışının gedişatına dair qeydlər apara bilərlər. Məhkəmə iclasının kino və foto çəkilişinin, habelə videoyazısının, birbaşa radio və televiziya translyasiyasının aparılmasına yalnız iş üzrə işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.

10.10. Şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.

10.11. Məhkəmə aktları bütün hallarda açıq elan edilir.

Maddə 11. Məhkəmə icraatının aparıldığı dil

11.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

11.2. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.

11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir.

Maddə 12. İşə hakim tərəfindən təkbaşına və kollegial baxılması

12.1. Mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır.

12.2. Apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.

Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar

13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir.

13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir.

13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.

13.6. Qüvvədə olan normativ hüquqi aktlarla hüquqlar və azadlıqlar pozulduqda, bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.

14.4. İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.

Maddə 15. Məhkəmə aktlarının məcburiliyi

15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.

15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

15.5. Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur.

Maddə 16. Beynəlxalq məhkəmələrin səlahiyyətləri

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq tərəflər, habelə işdə iştirak edən digər şəxslər, bu Məcəllədə nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitərsə, insan hüquq və azadlıqlarının müdafiəsi üçün beynəlxalq məhkəmələrə müraciət edə bilərlər.

Fəsil 2

Məhkəmənİn tərkİbİ. Etİrazlar

Maddə 17. Məhkəmənin tərkibi

17.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər.

17.2. İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə sədrlik edir.

17.3. İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər.

Maddə 18. Məhkəmələrdə kollegial tərkibdə məsələlərin həll edilmə qaydası

18.1. Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs verir.

18.2. Əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə borcludur. O, öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin məhkəmə iclasında elan edilmir.

18.3. Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa çatanadək müşavirənin və səsvermənin gizliyini saxlamağa borcludur.

Maddə 19. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar

19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:

19.1.1. o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;

19.1.2. o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;

19.1.3. o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.

19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:

19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;

19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;

19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.

19.3. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.

Maddə 20. Ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək üçün əsaslar

20.1. Etiraz etmək üçün bu Məcəllənin 19-cu maddəsində göstərilən əsaslar eyni ilə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir.

20.2. Ekspert və ya mütəxəssis, bunlardan başqa, aşağıdakı hallarda da işə baxılmasında iştirak edə bilməz:

20.2.1. o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa;

20.2.2. o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə;

20.2.3. onun səlahiyyəti olmadığı müəyyən edilərsə.

20.3. Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin həmin işə əvvəllər baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir.

Maddə 21. Özü özünə etiraz və etiraz etmə haqqında ərizələr

21.1. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.

21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir.

21.4. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.

21.5. Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf minimum əmək haqqı məbləğinin 100 mislinədək miqdarda cərimə edilə bilər.

Maddə 22. Edilmiş etirazın həll edilmə qaydası

22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.

22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir.

22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir.

22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.

22.5. Əgər etiraz birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.

Maddə 23. Etirazın və ya özü-özünə etirazın təmin edilməsinin nəticələri

23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.

23.2. Birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.

23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəməyə, başqa tərkibə verilir.

23.4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində birinci instansiya qaydasında işlər üzrə hakimə etiraz və ya özü-özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz edilərsə, bu halda iş başqa hakim və ya başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır.

 

Fəsil 3

AİDİYYӘT

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti

24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

24.2. Mübahisənin ümumi məhkəməyə və ya iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti

25.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

25.2. Ümumi məhkəmələr bu Məcəllənin 24—29-cu fəsillərində göstərilən xüsusi iddia icraatı işlərinə baxırlar.

25.3. Ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar.

25.4. Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Maddə 26. Mübahisələrin iqtisad Məhkəməsinə aidiyyəti

26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslərlə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında iqtisad məhkəməsinə aiddir.

26.2. İqtisad məhkəməsində baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir:

26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr;

26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;

26.2.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və ya digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr;

26.2.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr;

26.2.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr;

26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;

26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;

26.2.8. vergi ödəmələri barədə mübahisələr.

26.3. İqtisad məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər.

Maddə 27. Mübahisələrin beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının iqtisad məhkəməsinə aidiyyəti

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri, həmçinin xarici hüquqi şəxslərin, xarici investisiyalı hüquqi şəxslərin, beynəlxalq hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətini həyata keçirən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ona aid olan mübahisələrə baxır.

Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.

Maddə 29. Mübahisənin münsiflər məhkəməsinə verilməsi

Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər.

Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə iqtisad məhkəməsinə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.

Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi

31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi

32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyәtinin dəyişdirilməsi barədə iddia qaldıra bilər.

32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.

32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır.

32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 15 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

 

Fəsil 4

Məhkəmə aİdİyyƏtİ

Maddə 33. Məhkəmə aidiyyəti anlayışı

Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur.

Maddə 34. Mülki işlərin rayon (şəhər) məhkəmələrinə aidiyyəti

Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsi tərəfindən baxılır.

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi

35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

35.3. Qarşılıqlı iddia, aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.

Maddə 36. İddiaçının seçməsinə görə aidiyyәt

36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.

36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

36.4. Psixi pozuntu ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərə, habelə cinayət törətməyə görə 3 ildən artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum olunmuş şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

36.6. Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.

36.7. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.

36.8. İnzibati orqanların inzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.

36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

36.10. Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.

36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.

36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu maddəyə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur.

Maddə 37. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyәti

Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.

Maddə 38. Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti

Müflisləşmə (iflas) haqqında işlərə borclunun yaşadığı yerdə baxılır.

Maddə 39. Müstəsna aidiyyət

39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.

39.2. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.

39.3. Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.

Maddə 40. Müqavilə aidiyyəti

40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

40.3. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun.

40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu maddənin qaydaları tətbiq oluna bilməz.

Maddə 41. Əmr icraatı qaydasında baxılan iddianın aidiyyəti

Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir.

Maddə 42. Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət

Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.

Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti

43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.

43.2. Birinci instansiya üzrə iki məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə eyni mübahisəyə dair işlər olduqda da bu maddənin qaydaları tətbiq olunur.

Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi

44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:

44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə;

44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa;

44.2.4. əgər məhkəməyə iddia verilmişdirsə;

44.2.5. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.

Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası

45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.

45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 5 gün ərzində şikayət verilə bilər.

45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir.

45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyәtinә dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.

 

Fəsil 5

İşdə İştİrak edən şəxslər və prosesİn dİgər İştİrakçıları

Maddə 46. İşdə iştirak edən şəxslərin tərkibi

Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.

Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri

47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

47.3. İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.

Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti

Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti

49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər.

49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.

49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.

49.5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər.

Maddə 50. Tərəflər

50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.

50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.

50.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.

Maddə 51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı

51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.

51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi

52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.

52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir.

52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Maddə 53. İddianın dəyişdirilməsi

İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.

Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi

54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işə xitam vermədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

54.2. İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil ola bilər.

54.3. İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi ikinci cavabdeh kimi işə cəlb edə bilər.

54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

Maddə 55. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər

55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

55.2. Onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, iqtisad məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.

Maddə 56. İşə bərpa etmək haqqında işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi

56.1. Qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçilərin işə bərpa edilməsi haqqında işlər üzrə sərəncamı ilə işçini işdən çıxarmış və ya başqa işə keçirmiş vəzifəli şəxsi məhkəmə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər.

56.2. Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər

57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək və ya barışıq sazişi bağlamaq, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

Maddə 58. Prosessual hüquq varisliyi

58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

Maddə 59. Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə

59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.

59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa, iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.

59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir.

Maddə 60. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün prosesdə iştirakı

Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.

Maddə 61. Prosesin digər iştirakçıları

İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.

Maddə 62. Şahid

62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.

62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur.

62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.

Maddə 63. Ekspert

63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.

63.2. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir.

63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir.

63.4. Ekspert qəsdən yalan rəy verməyə görə və ya rəy verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır.

Maddə 64. Mütəxəssis

64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.

Maddə 65. Tərcüməçi

65.1. Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur.

65.2. Tərcüməçi proses iştirakçıları tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər.

65.3. Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər.

65.4. Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə borcludur.

65.5. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına suallar verməyə haqlıdır.

65.6. Tərcüməçi bilə-bilə səhv tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.

Maddə 66. Vəkil

Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər.

Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı

Kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında şikayət verildikdə, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslər yalnız vəkillə birgə məhkəmədə iştirak edirlər.

Maddə 68. Vəkilin hüquq və vəzifələri

68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur.

68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir.

68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir.

 

Fəsil 6

Məhkəmədə nümayəndəlİk

Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması

69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

69.2. Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.

69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.

69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi çıxış edir.

Maddə 70. Məhkəmədə nümayəndə ola bilən şəxslər

Bu Məcəllənin 71-ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər.

Maddə 71. Məhkəmədə nümayəndə ola bilməyən şəxslər

71.1. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.

71.2. Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.

71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.

71.4. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar və əsaslar olduqda, işdə iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər.

71.5. Etirazların həlli qaydası bu Məcəllənin 22-ci maddəsi ilə müəyyən edilir.

Maddə 72. Qanuni nümayəndələr

72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.

72.2. Müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş hesab edilmiş fiziki şəxsin iştirak etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir.

72.3. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir.

72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.

72.5. Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri başqa şəxsə tapşıra bilərlər.

Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi

73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.

73.3. Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.

73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.

Maddə 74. Nümayəndənin səlahiyyəti

74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

Maddə 75. Nümayəndənin səlahiyyətinə xitam verilməsi

75.1. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər.

75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.

 

Fəsil 7

Sübutlar

Maddə 76. Sübutlar

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.

78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir.

78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 200 mislinədək miqdarda cərimə olunur.

78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir.

Maddə 79. Sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi

79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

79.2. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur.

79.3. Zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər və şahidlər çağırıla bilər.

79.4. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib edilir.

Maddə 80. Sübutların aid edilməsi

Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 81. Sübutların mümkünlüyü

Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar

82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.

82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.

82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.

Maddə 83. Məhkəmə tapşırıqları

83.1. İşə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır.

83.2. Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir.

83.3. Məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir.

83.4. Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.

Maddə 84. Məhkəmə tapşırıqlarının yerinə yetirilməsi qaydası

84.1. Məhkəmə tapşırığının yerinə yetirilməsi bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinə mane olmur.

84.2. Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir.

84.3. Tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər.

Maddə 85. Sübutların təmin edilməsi

85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər.

85.2. Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir.

Maddə 86. Sübutların təmin edilməsi haqqında ərizə

86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir.

86.2. Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir.

Maddə 87. Sübutların təmin edilməsi qaydası

87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir.

87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

87.3. İşdə iştirak edən şəxslər sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı və yeri barədə xəbərdar edilirlər, onların gəlməməsi isə sübutların təmin edilməsi haqqında ərizəyə baxmağa mane olmur.

87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir.

87.5. Protokollar və ya sübutları təmin etmə qaydasında toplanmış bütün materiallar işə baxan məhkəməyə göndərilir və işdə iştirak edən şəxslərə bu barədə məlumat verilir.

87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən baxıla bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar

89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).

Maddə 90. Sənədlərin əslinin qaytarılması

90.1. İşdə olan sənədlərin əsli, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər.

90.2. Həmin şəxslər bu sənədləri tələb etməklə eyni zamanda onların lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edir və ya işdə qalan surətlərin həqiqiliyini təsdiq etməyi məhkəmədən xahiş edirlər.

90.3. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim edən şəxslərə o şərtlə qaytarıla bilər ki, məhkəmə bu sənədlərin qaytarılmasının mübahisənin düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun.

Maddə 91. Maddi sübutlar

Xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş üçün əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır.

Maddə 92. Maddi sübutların saxlanılması

92.1. Maddi sübutlar məhkəmədə saxlanılır.

92.2. Məhkəməyə gətirilə bilməyən maddi sübutlar olduqları yerdə saxlanılır. Onlar məhkəmə tərəfindən müayinə edilməli, müfəssəl təsvir olunmalı, möhürlənməli, zəruri hallarda foto və ya video lentə çəkilməlidir.

92.3. Maddi sübutların saxlanılması üçün xərclər bu Məcəllənin müddəalarına əsasən tərəflər arasında bölüşdürülə bilər.

92.4. Məhkəmə və sübutları saxlayan şəxs maddi sübutların dəyişməz vəziyyətdə qalması üçün tədbirlər görür.

Maddə 93. Tez xarab olan maddi sübutların müayinəsi və tədqiqi

93.1 Məhkəmə tez xarab olan maddi sübutları onların olduqları yerdə dərhal müayinə və tədqiq edir.

93.2. İşdə iştirak edən şəxslər müayinə və tədqiqatın aparıldığı yer və vaxt haqqında xəbərdar edilirlər. Məlumat verilmiş işdə iştirak edən şəxslərin gəlməməsi maddi sübutların müayinəsinə və tədqiqinə mane olmur.

93.3. Maddi sübutların müayinəsi və tədqiqinə dair məlumatlar protokolda yazılır.

Maddə 94. Maddi sübutlar üzərində sərəncam verilməsi

94.1. Maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır.

94.2. Qanunla fiziki şəxslərin sahibliyində ola bilməyən predmetlər müvafiq orqanlara verilir.

94.3. Maddi sübutlar məhkəmə tərəfindən müayinə və tədqiq edildikdən sonra sübutu vermiş şəxslər onun qaytarılması barədə vəsatət versələr və bu cür vəsatətin təmin edilməsi işə baxılmasına zərər vurmazsa, iş qurtarana qədər sübutlar həmin şəxslərə qaytarıla bilər.

94.4 Maddi sübutlar üzərində sərəncam verilməsi məsələləri məhkəmənin qətnaməsində və ya qərardadında göstərilməlidir.

Maddə 95. Səs və video yazılar

95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

95.3. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10-cu maddələrinin tələblərinə əməl edilməklə yol verilir.

Maddə 96. Səs və video yazıların saxlanılması və qaytarılması

96.1. Səs və video yazılar məhkəmədə saxlanılır. Məhkəmə onların dəyişməz vəziyyətdə saxlanılması üçün tədbirlər görür.

96.2. Müstəsna hallarda məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra səs və video yazılar onların alındığı şəxslərə qaytarıla bilər.

96.3. Səs və video yazıların qaytarılması məsələləri haqqında məhkəmə qərardad çıxarır.

Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi

97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər.

97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.

97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.

97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

Maddə 98. Ekspertiza təyin edilməsi haqqında qərardadın məzmunu

98.1. Ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir.

98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar; ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti.

98.3. Qərardadda qəsdən rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında ekspertin və ya işçisi ekspertiza keçirən ekspert idarəsi rəhbərinin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilməlidir.

Maddə 99. Ekspertizanın aparılması qaydası

99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.

99.2. Ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmə tərəfindən tapşırılan digər mütəxəssislər tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə tapşırıla bilər.

99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər.

99.4. Ekspertizanın keçirilməsi iki və daha artıq ekspertə tapşırılarsa, onlar öz aralarında məsləhətləşə bilərlər. Ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir.

99.5. Ekspertiza ekspert idarələrində keçirildikdə rəy üçün məsuliyyəti həmin idarənin rəhbəri tərəfindən ekspertiza keçirilməsi tapşırılan konkret ekspert və ekspertlər daşıyırlar.

Maddə 100. Ekspertin hüquq və vəzifələri

Ekspertin hüquq və vəzifələri bu Məcəllənin 63-cü maddəsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 101. Ekspertin rəyi

101.1. Ekspert yazılı formada rəy verir.

101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 102. Əlavə və təkrar ekspertiza

102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi

103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

Maddə 104. Şahid ifadələri

104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər.

104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.

104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər:

104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər;

104.4.2. vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər;

104.4.3. ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə— hakim;

104.4.4. dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri;

104.4.5. peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—vəkillər.

104.5. Aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər:

105.5.1. şəxs özünə qarşı;

105.5.2. ər-arvad bir-birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı;

104.5.3. qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba və nənələrinə qarşı;

104.5.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq onlara məlum olan məlumatlar üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları.

104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.

Maddə 105. Şahidin hüquqları və vəzifələri

105.1. Şahidin hüquq və vəzifələri bu Məcəllənin 62-ci maddəsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

105.2. Şahid xəstəlik, qocalıq, əlillik və ya sair üzürlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər.

105.3. Şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

 

Fəsil 8

Məhkəmə xərclərİ

Maddə 107. Məhkəmə xərclərinin tərkibi

Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 108. Dövlət rüsumu

108.1. Dövlət rüsumu aşağıdakı hallarda ödənilir:

108.1.1. iddia ərizələri verildikdə;

108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;

108.1.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə;

108.1.4. apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.

108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir. 

Maddə 109. Məhkəmə aktlarından şikayət verilərkən dövlət rüsumu

109.1. Apellyasiya və kassasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi məbləğində dövlət rüsumu ödənilir.

109.2. Qətnaməyə yenidən baxılması qaydasında verilən şikayətə görə dövlət rüsumu bir dəfə ödənilir. 

Maddə 110. Məhkəmə xərclərini ödəməkdən azad olunma

110.1. Məhkəmədə baxılan işlər üzrə dövlət rüsumundan azad olunurlar:

110.1.1. müəlliflik mübahisələri üzrə—müəlliflər; müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə—iddiaçılar;

110.1.2. aliment alınması barədə iddialar üzrə—iddiaçılar;

110.1.3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsi və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə—iddiaçılar;

110.1.4. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət məbləğinin ziyan vurandan tutulması barədə reqres iddialar üzrə-sosial sığorta və müdafiə orqanları;

110.1.5. aliment verməkdən, şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə—polis orqanları;

110.1.6. cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsi barədə iddialar üzrə—iddiaçılar;

110.1.7. cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi barədə iddialar üzrə—iddiaçı prokuror;

110.1.8. hüquqlarının pozulması ilə əlaqədar iddialar üzrə—istehlakçılar;

110.1.9. sosial müdafiə vəsaitlərinin tələbi barədə iddialar üzrə—iddiaçılar.

110.1.10. borcludan tutulmalı olan, lakin hüquqi şəxsin, yaxud sahibkar olan fiziki şəxsin təqsiri üzündən tutulmayan, yaxud borcludan tutulan, lakin onların təqsiri üzündən borc tutan şəxsə keçirilməyən məbləğin alınması barədə iddialar üzrə—iddiaçılar;

110.1.11. qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə—tərəflər;

110.1.12. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə—yetkinlik yaşına çatmayanlar;

110.1.13. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələrdən—dövlət orqanları;

110.1.14. məhkəmə qərardadlarından verilən şikayətlər üzrə—işdə iştirak edən şəxslər;

110.1.15. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə—tərəflər;

110.1.16. yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması barədə ərizələr üzrə—tərəflər.

110.2. Qanunla dövlət rüsumu ödəməkdən azad olunmanın başqa halları da nəzərdə tutula bilər.

110.3. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları təkrarən verildikdə dövlət rüsumu alınır. 

Maddə 111. Məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və onların məbləğinin azaldılması

Tərəflərin əmlak vəziyyətindən asılı olaraq məhkəmə tərəflərdən birinə və ya hər ikisinə məhkəmə xərclərini ödəməyə möhlət verə, hissə-hissə ödətdirə və ya həmin xərclərin məbləğini azalda bilər. 

Maddə 112. İddianın qiyməti

112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:

112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;

112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə;

112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

112.1.4. müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla;

112.1.5. müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda—ödəmələrin 3 illik məcmusu ilə;

112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə;

112.1.7. ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə;

112.1.8. əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda—müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə;

112.1.9. fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə;

112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə;

112.1.11. tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda— barəsində mübahisə edilən məbləğlə;

112.1.12. torpaq sahəsi tələbi barədəki iddialarda—torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə.

112.2. İddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir.

112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir.

112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. İddianın qiyməti düzgün göstərilmədikdə, həmin qiymət məhkəmə tərəfindən müəyyən edilir.

Maddə 113. Dövlət rüsumu kəsirinin ödənilməsi

113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

113.2. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.

Maddə 114. Dövlət rüsumunun qaytarılması

114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:

114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;

114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;

114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;

114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;

114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;

114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə.

114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər

115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər;

115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər;

115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri;

115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər;

115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;

115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər;

115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər;

115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.

Maddə 116. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər

116.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir.

116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.

116.3. Tərcüməçilərin əmək haqqı və məhkəməyə gəlməklə əlaqədar çəkdikləri xərc dövlət büdcəsi hesabına ödənilir. Məhkəməyə şahid qismində çağırılan işçilərin işdə olmadıqları müddət üçün orta əmək haqları saxlanılır. Əmək münasibətlərində olmayan şahidlər adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsi üçün müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmaqla əvəz alırlar.

Maddə 117. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğin tərəflərdən alınması

117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

117.2. Bu maddədə göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.

Maddə 118. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğin verilməsi

118.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir.

118.2. Ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.

119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu maddədə göstərilən qaydaya uyğun bölüşdürülür.

119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Maddə 120. İş vaxtını itirməyə görə məbləğin tutulması

Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi

121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

121.2. Müəyyən edilmiş qaydada xeyrinə qətnamə çıxarılan tərəfə hüquq məsləhətxanası hüquqi xidməti pulsuz göstərmişsə, həmin məbləğ digər tərəfdən alınıb hüquq məsləhətxanasına verilir.  

Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi

122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir.

122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır.

122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.

Maddə 123. İddiadan imtina edildikdə məhkəmə xərclərinin cavabdehə ödənilməsi

Qanunla müəyyən edilmiş qaydada başqa şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafeyinin müdafiəsi üçün ərizə ilə məhkəməyə müraciət edən şəxs iddiadan tam və ya qismən imtina etdikdə, cavabdehə onun işə baxılması üçün çəkdiyi xərc tam və ya iddianın imtina edilmiş hissəsinə mütənasib olaraq dövlət büdcəsi hesabına ödənilir.

Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi

124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

Maddə 125. Məhkəmə xərcləri ilə əlaqədar məsələlər üzrə qərardaddan şikayət verilməsi

Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər.

 

Fəsil 9

Məhkəmə cərİmələrİ

Maddə 126. Məhkəmə cərimələrinin qoyulması

126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur.

126.2. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.

126.3. Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir.

126.4. Cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir.

Maddə 127. Cərimənin götürülməsi və ya azaldılması

127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər.

127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur.

127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər.

 

Fəsil 10

Prosessual müddətlər

Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması

128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

Maddə 129. Prosessual müddətlərin qurtarması

129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri

130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.

130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

Maddə 131. Prosessual müddətlərin dayandırılması

131.1. İş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır.

131.2. İcraat təzələndiyi gündən prosessual müddətlərin axımı davam edir.

Maddə 132. Prosessual müddətlərin uzadılması

Məhkəmənin təyin etdiyi müddətlər maraqlı şəxslərin ərizəsi üzrə məhkəmə tərəfindən uzadıla bilər.

Maddə 133. Prosessual müddətlərin bərpası

133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

 

Fəsil 11

Məhkəmə rəsmİ sənədlərİnİn göndərİlməsİ, bİldİrİşlər və çağırışlar

Maddə 134. Rəsmi qaydada verilən sənədlər

134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı sənədləri rəsmi qaydada verməlidir:

134.1.1. iddia ərizəsini;

134.1.2. qarşılıqlı iddia ərizəsini;

134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini;

134.1.4. məhkəmə çağırışını;

134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;

134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı;

134.1.7. məhkəmə əmrini;

134.1.8. apellyasiya şikayətinin surətini;

134.1.9. kassasiya şikayətinin surətini.

134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər sənədləri də verə bilər.

Maddə 135. Sənədin rəsmən verilməsi

135.1. Sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır.

135.2. Sənədin rəsmən verilməsi onun veriləcəyi şəxsin rast gəlindiyi hər bir yerdə həyata keçirilə bilər.

135.3. Gecə vaxtı, eləcə də bazar və bayram günlərində sənədin rəsmən verilməsinə yalnız məhkəmənin razılığı ilə yol verilir.

Maddə 136. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilmə qaydası

136.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə aktları və sənədləri poçt vasitəsi ilə, bildirişli sifariş məktubu ilə göndərilir. Zəruri olduqda, məhkəmə rəsmi təqdimetməni məhkəmə işçisinə, iqtisadi mübahisələr üzrə müvafiq olaraq iddiaçı və ya cavabdehə tapşıra bilər.

136.2. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə aktlarının və sənədlərinin çatdırılması tapşırılmış şəxslər, bunu məhkəmə aktlarını və sənədlərini aldıqları gündən sonra gələn gündən gec olmayaraq yerinə yetirməlidir.

136.3. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud onların çatdırılması tapşırılmış şəxslər məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi barədə məhkəməyə, sənədlərin lazımi ünvana çatdırılmalı olduğu günün sonrakı günündən gec olmayaraq xəbər verməlidirlər.

Maddə 137. Məhkəmə aktlarının və sənədlərinin verilməsi

137.1. Məhkəmə aktları və sənədləri məhkəməyə qaytarılmalı olan müvafiq qaydada forması təsdiq edilmiş bildiriş vərəqəsinə imza etdirilməklə, ünvanlanan vətəndaşa şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə aktları və sənədləri müvafiq vəzifəli şəxsə bildiriş vərəqəsinə imza edilməklə verilir.

137.2. Məhkəmə aktları və sənədlərini çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir.

137.3. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs bildiriş vərəqəsində öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, yaxud tutduğu vəzifəni göstərməli və imkan olan ilk anda məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

Maddə 138. Bildiriş vərəqəsinin məzmunu

138.0. Bildiriş vərəqəsində aşağıdakılar göstərilməlidir:

138.0.1. məhkəmənin adı və dəqiq ünvanı;

138.0.2. məhkəmə sənədlərinin və qərarlarının verilməli olduğu şəxsin soyadı, adı, atasının adı;

138.0.3. təqdim olunan sənədin adı;

138.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;

138.0.5. təqdim edilməmənin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və ilaxır);

138.0.6. sənədin verildiyi şəxs;

138.0.7. təqdim etmənin tapşırıldığı şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.

Maddə 139. Məhkəmə sənədlərini qəbul etməkdən imtina

Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edirsə, məhkəmə sənədləri təqdim olunan yerdə qalmalıdır. Bu halda təqdim etmə həyata keçirilmiş hesab olunur.

Maddə 140. Məhkəmə çağırışları və bildirişləri

140.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etməlidir.

140.2. Məhkəmə bildirişləri və çağırışları poçt vasitəsi ilə verilir.

140.3. İşdə iştirak edən şəxslər, məhkəmə iclasının vaxtı və yeri haqqında, yaxud ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəməyə çağırış vərəqələri ilə xəbərdar edilirlər.

140.4. Şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin məhkəməyə çağırışı da məhkəmə çağırış vərəqələri ilə həyata keçirilir.

140.5. İşdə iştirak edən şəxslərə məhkəməyə çağırış vərəqəsi məhkəmə iclasının tarixinə qədər 10 gündən güc olmayaraq verilir ki, işin istənilən vəziyyətində öz müdafiəsini hazırlamaq və vaxtında məhkəmə qarşısında dayanmaq üçün onların ixtiyarında kifayət qədər müddət olsun.

140.6. Çağırış vərəqələri işdə iştirak edən şəxsin göstərdiyi ünvana göndərilir. Şəxs faktiki olaraq məhkəməyə bildirilən ünvanda yaşamırsa, çağırış vərəqəsi onun iş yerinə göndərilə bilər. Təşkilata ünvanlanmış çağırış vərəqəsi onun olduğu yerə göndərilir.

140.7. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər sifarişli məktubla, yaxud xəbərdarlığın alınması barədə teleqramla, çağırış və bildirişlərin qeyd edilməsini təmin edən digər rabitə vasitələrindən istifadə etməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.

Maddə 141. Çağırış vərəqəsi və ya bildirişin məzmunu

141.1. Çağırış vərəqəsi və ya bildiriş məhkəmənin rəsmi sənədi olub, müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir.

141.2. Çağırış vərəqəsində və ya bildirişdə aşağıdakılar göstərilməlidir:

141.2.1. məhkəmənin adı və dəqiq ünvanı (telefon, faks, indeks və s.);

141.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;

141.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin göstəriciləri (soyadı, adı, atasının adı);

141.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı (ev, yaxud hüquqi şəxsin olduğu yer);

141.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;

141.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;

141.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;

141.2.8. ünvan sahibinin olmadığı təqdirdə çağırış vərəqəsini və bildiriş vərəqəsini qəbul edən şəxsin imkan olan ilk anda onu ünvan sahibinə vermək vəzifəsinə dair göstəriş;

141.2.9. xəbər verilən və çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifələrinə dair göstəriş.

141.3. Çağırış vərəqəsi ilə eyni zamanda hakim cavabdehə iddia ərizəsinin surətini və ərizəyə əlavə edilən sənədlərin surətlərini göndərə bilər.

141.4. İddiaçıya ünvanlanmış çağırış vərəqəsi ilə birlikdə hakim o halda cavabdehin yazılı izahatlarının surətini və onlara əlavə olunmuş sənədlərin surətlərini göndərir ki, onlar məhkəməyə daxil olmuş olsun.

Maddə 142. Çağırış vərəqələrinin çatdırılması

142.1. Çağırış vərəqəsi poçt vasitəsi ilə və ya hakimin tapşırdığı şəxslər tərəfindən çatdırılır. Ünvan sahibinə çağırış vərəqəsinin verilməsi vaxtı çağırış vərəqəsinin məhkəməyə qaytarılmalı olan kötüyündə qeyd edilir.

142.2. Hakim işdə iştirak edən şəxsin razılığı ilə ona iş üzrə çağırılan və ya xəbər verilən digər şəxsə çatdırmaq üçün çağırış vərəqəsi verə bilər.

142.3. Çağırış vərəqələrini çatdırmağa borclu olan orqanlar, yaxud onların çatdırılması tapşırılmış şəxs, çağırış vərəqəsini aldıqları günün sonrakı günündən gec olmayaraq bu hərəkəti etməyə borcludurlar.

142.4. Səhlənkarlıq nəticəsində çağırış vərəqəsini çatdırmayan orqanlar yaxud vəzifəli şəxslər, eləcə də çağırış vərəqəsini çatdırmaq tapşırılmış şəxs məhkəməyə hörmətsizlik göstərdiyinə görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

142.5. Çağırış vərəqəsini çatdırmağa borclu olan orqan, yaxud çağırış vərəqəsini çatdırmaq tapşırılmış şəxs, çağırış vərəqəsinin çatdırılmalı olduğu günün sonrakı günündən gec olmayaraq çağırış vərəqəsinin çatdırılmaması barədə məhkəməyə məlumat verməlidirlər.

Maddə 143. Çağırış vərəqəsinin verilməsi

143.1. Çağırış vərəqəsi onun məhkəməyə qaytarılmalı olan kötüyünün imzalanması ilə, ünvanlanan şəxsin özünə verilir. Təşkilata ünvanlanmış çağırış vərəqəsi müvafiq vəzifəli şəxsə çağırış vərəqəsinin kötüyünü imzalatmaqla verilir.

143.2. Çağırış vərəqəsini aparan şəxs xəbər verilən və ya çağırılan şəxsin ünvanının dəqiqliyini yoxladıqdan sonra iş üzrə xəbər verilən və ya çağırılan fiziki şəxsi yaşadığı və ya işlədiyi yerdə tapmazsa, çağırış vərəqəsi xəbər verilənlə və ya çağırılanla bir yerdə yaşayan böyük yaşlı ailə üzvlərindən birinə onların razılığı ilə verilir, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yerin yerli özünüidarə orqanına və ya onun iş yerinin müdiriyyətinə verilir. Göstərilən hallarda çağırış vərəqəsini qəbul edən şəxs çağırış vərəqəsinin kötüyündə soyadını, adını və atasının adını, eləcə də tutduğu vəzifəsini, ünvan sahibinə münasibətini göstərməlidir. Çağırış vərəqəsini qəbul edən şəxs imkanı olan kimi yubatmadan onu ünvan sahibinə verməlidir.

143.3. Ünvan sahibi müvəqqəti olmadığı təqdirdə, çağırış vərəqəsini aparan şəxs onun hara getdiyini və nə vaxt qayıdacağını çağırış vərəqəsinin kötüyündə qeyd etməlidir. Bu hal müvafiq icra hakimiyyəti orqanı, onun yaşadığı yer üzrə orqan və ya iş yerinin müdiriyyəti tərəfindən yəqin edilməli, təsdiq edilməli və bu barədə dərhal məhkəməyə məlumat verilməlidir.

Maddə 144. Məhkəməyə gəlmənin məcburiliyi

144.1. Çağırış vərəqəsini alan ünvan sahibi göstərilən vaxtda məhkəməyə gəlməlidir.

144.2. Ünvan sahibi məhkəməyə gələ bilmədiyi halda bu barədə məhkəməyə məlumat verməlidir.

144.3. Şəxsin özünün və ya nümayəndəsi vasitəsi ilə üzürlü səbəblər olmadan məhkəmənin çağırışına gəlməməsi onun irəli sürülən tələblərlə sözsüz razı olduğunu göstərir və işə baxılması üçün maneə deyildir.

144.4. Müstəsna hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə cavabdehin məhkəməyə gətirilməsini təmin edə bilər.

Maddə 145. Çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina edilməsinin nəticələri

145.1. Ünvan sahibi və ya digər şəxs çağırış vərəqəsini və ya bildirişi almaqdan imtina etdikdə, onları gətirən, yaxud təqdim edən şəxs çağırış vərəqəsində və ya bildirişdə müvafiq qeydlər etdikdən sonra onları məhkəməyə qaytarır.

145.2. Çağırış vərəqəsi, yaxud bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.

145.3. Ünvan sahibinin çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina etməsi ona qarşı irəli sürülən tələblərlə sözsüz razı olduğunu göstərir və işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.

145.4. Şəxsin çağırış vərəqəsini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsi məhkəməyə hörmətsizlik kimi qiymətləndirilir və minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə olunur.

Maddə 146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi

Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə bir məlumat olmadıqda, çağırış vərəqələri və bildirişlər məhkəməyə məlum olan axırıncı ünvana göndərilir və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, çağırış vərəqəsi və bildiriş çatdırılmış hesab edilir.

Maddə 147. Cavabdehin olduğu yerin məlum olmaması

Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

Maddə 148. Cavabdehin axtarışı

148.1. Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya səhhəti zədələmə, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur.

148.2. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.

 

İkİncİ bölmə.

 

Bİrİncİ İnstansİya məhkəməsİndə İcraat

 

Bİrİncİ yarımbölmə

 

İddİa İcraatı

 

Fəsil 12

 

İddİanın verİlməsİ

 

Maddə 149. İddia ərizəsinin forması və məzmunu

149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

149.2.1. ərizənin verildiyi məhkəmənin adı;

149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;

149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi  aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;

149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.

Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər

150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;

150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd;

150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;

150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;

150.0.6. onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni;

150.0.7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.

Maddə 151. İddia ərizəsinin mümkünlüyü

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

151.3. Məhkəmə iddia ərizəsini, daxil olmasından 2 həftə müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

Maddə 152. İddia ərizəsinin qaytarılması

152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;

152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;

152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;

152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;

152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;

152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi  akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;

152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.

152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina

153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir.

153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:

153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə;

153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;

153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.

153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir.

153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

Maddə 154. İddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə

154.1. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.

154.2. Etirazda və ya mülahizədə göstərilir:

154.2.1. mülahizənin göndərildiyi məhkəmənin adı;

154.2.2. iddiaçının adı və işin nömrəsi;

154.2.3. iddia tələbi rədd edildikdə qanuna və ya digər normativ hüquqi  aktlara, həmçinin etirazın əsaslandırıldığı sübutlara istinad etməklə, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri;

154.2.4. etiraza və ya mülahizəyə əlavə edilən sənədlərin siyahısı.

154.3. Etirazda və ya mülahizədə digər məlumatlar, həmçinin cavabdehdə olan vəsatətlər də göstərilə bilər.

154.4. Mülahizə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı mülahizəyə onun işi aparmağa səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.

Maddə 155. Qarşılıqlı iddianın verilməsi

155.1. İş üzrə qətnamə çıxarılana qədər cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.

155.2. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.

Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri

156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:

156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;

156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;

156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.

Fəsil 13

İddİanın təmİn edİlməsİ

Maddə 157. İddianı təmin etmək üçün əsaslar

157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.

157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

Maddə 158. İddianı təmin etmək üçün tədbirlər

158.1. İddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər:

158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq;

158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək;

158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək;

158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq;

158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq;

158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

158.2. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər.

158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə:

158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər;

158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər;

158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır.

158.5. Bu Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrində göstərilən qadağaların pozulması hallarında fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:

158.5.1. qiymətləndirilən iddialar üzrə — iddia qiymətinin 50 % miqdarında;

158.5.2. qiymətləndirilməyən iddialar üzrə — müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 200 misli miqdarında.

158.6. İddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır.

Maddə 159. İddianı təmin etmək haqqında ərizəyə baxılması

159.1. İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır.

159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır.

159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir.

Maddə 160. İddianı təmin etmək haqqında qərardadın icra edilməsi

160.1. İddianı təmin etmək haqqında qərardad məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada dərhal icra edilir.

160.2. İddianı təmin etmək haqqında qərardada əsasən icra vərəqəsi verilir.

Maddə 161. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi

161.1. İşdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir.

161.2. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur.

161.3. Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə cavabdeh yol verilmiş təmin tədbirləri əvəzinə iddiaçı tərəfindən tələb olunan məbləği məhkəmənin depoziti hesabına verməyə haqlıdır.

Maddə 162. İddianı təmin etmənin ləğv olunması

162.1. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.

162.2. İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur.

162.3. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər.

162.4. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.

Maddə 163. İddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi

163.1. İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar.

163.2. İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır.

163.3. İddianın təmin edilməsi haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.

163.4. İddianı təmin etməni ləğv etmək haqqında və yaxud iddianın bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır.

Maddə 164. İddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin cavabdehə ödənilməsi

İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.

 

Fəsil 14

 

İşlərİn məhkəmədə baxılmağa hazırlanması

Maddə 165. İşlərin məhkəmədə baxılmağa hazırlanması vəzifəsi

Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.

Maddə 166. İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad

166.1. İşin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır.

166.2. Qərardadda işin hazırlanması barədə ediləcək hərəkətlər, işin məhkəmə iclasında baxılmağa təyin edilməsi, onun keçirilmə yeri və vaxtı göstərilir.

Maddə 167. İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri

167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir:

167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir;

167.1.2. cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona izah edir;

167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir;

167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir;

167.1.5. mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə müraciət etmək hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir;

167.1.6. tərəflərin barışması üçün tədbirlər görür;

167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir;

167.1.8. şahidlərin çağırılması məsələsini həll edir;

167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir;

167.1.10. tərəflərin vəsatəti ilə fiziki və hüquqi şəxslərdən sübutlar tələb edir;

167.1.11. təxirə salınmamalı hallarda işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və yazılı sübutların yerində müayinəsini aparır;

167.1.12. məhkəmə tapşırıqları göndərir;

167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür.

167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.

Maddə 168. Ərizənin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi

168.1. Hakim iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir və ya təqdim edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir. Hakim izah edir ki, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmur.

168.2. Mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə göndərilən sənədlərin verilməsini təsdiq edən sənəd təqdim etməlidir.

Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması

169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır.

169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır.

169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

169.4. Bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.

Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.

170.3. Bu maddədə göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

Maddə 171. İşin məhkəmə baxışına təyin edilməsi

Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır.

Fəsil 15

 

Məhkəmə baxışı

Maddə 172. İşlərin baxılması və həll edilməsi müddətləri

172.1. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və qətnamə çıxarılmalıdır.

172.2. İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.

172.3. Ayrı-ayrı kateqoriya işlərə baxılması və qətnamə çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər.

Maddə 173. Məhkəmə iclası

İşə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır.

Maddə 174. Məhkəmə iclasına sədrlik edən

174.1. İşə təkbaşına baxan hakim sədrlik edən sayılır.

174.2. Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır.

174.3. Prosesdə iştirak edən şəxslərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır. Sədrlik edən öz hərəkətləri ilə bağlı şərhlər verir.

174.4. Sədrlik edən məhkəmənin iclasında müvafiq qaydaya riayət olunmasını təmin etmək üçün zəruri tədbirlər görür. Onun göstərişləri prosesin bütün iştirakçıları, habelə məhkəmə iclası zalında olan şəxslər üçün məcburidir.

Maddə 175. Məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi

175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

175.3. İşə şifahi və hakimlərin dəyişilməz tərkibində baxılır.

Maddə 176. Məhkəmə iclasında qayda

176.1. Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi «məhkəmə gəlir» elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün şəxslər məhkəmə qətnaməsini və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə qərardadlarını ayaq üstə duraraq dinləyirlər.

176.2. Prosesdə iştirak edən şəxslər hakimə «möhtərəm hakim» sözləri ilə müraciət edir, ifadə və izahat verərkən ayaq üstə dayanırlar. Bu qaydadan kənara çıxmağa yalnız hakimin icazəsi ilə yol verilə bilər.

176.3. İşə məhkəmənin normal işləməsini və proses iştirakçılarının təhlükəsizliyini təmin edən şəraitdə baxılır. Bu şəraitin təmin edilməsi üçün zəruri hallarda işə məhkəmə nəzarətçiləri cəlb edilir.

176.4. Məhkəmə iclası başlanandan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclası zalına daxil olmaq və oradan çıxmaq olmaz.

176.5. İşdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada və ya maqnitofon yazısından istifadə etməklə qeydə almaq hüququ vardır. Kino və fotoçəkilişə, video yazıya, canlı yayımla radio və teletranslyasiyaya işdə iştirak edən şəxslərin razılığı nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.

176.6. İşdə iştirak edən şəxslər, prosesin digər iştirakçıları və məhkəmə iclası zalında olan bütün şəxslər sədrlik edənin müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur.

Maddə 177. Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər

177.1. Məhkəmə iclasına vaxtında gəlməyən və yaxud məhkəmə iclasında qaydanı pozan şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir.

177.2. Qaydanı təkrar pozan şəxs sədrlik edənin qərardadı ilə məhkəmə iclası zalından çıxarılır.

177.3. Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları minimum əmək haqqı məbləğinin 50 mislinədək miqdarda cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır.

177.4. Məhkəmə iclasında qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olarsa, hakim onun barəsində cinayət işi başlamaq üçün materialları müvafiq orqanlara göndərir.

177.5. Məhkəmə iclasında olan şəxslər tərəfindən qaydalar kütləvi şəkildə pozulduqda, hakim işdə iştirak etməyən bütün şəxsləri məhkəmə iclası zalından çıxara bilər.

177.6. İşdə iştirak edən şəxs tərəfindən qaydalar təkrar pozulduqda, onlar məhkəmənin qərardadı ilə məhkəmə baxışının bütün müddətində və yaxud bir hissəsində məhkəmə iclası zalından çıxarıla bilər. Yenidən məhkəmə iclası zalına buraxılan şəxs onun iştirakı olmadan həyata keçirilən prosessual hərəkətlərlə tanış ola bilər.

Maddə 178. Məhkəmə iclasının açılması

İşə baxılması üçün təyin olunmuş vaxtda hakim məhkəmə iclasını açır və məhkəmənin hansı işə baxmalı olduğunu elan edir.

Maddə 179. Məhkəmə prosesi iştirakçılarının gəlməsini yoxlama

179.1. Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə çağırış vərəqələrinin verilib-verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir.

179.2. Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.

Maddə 180. Tərcüməçiyə onun vəzifələrinin izah edilməsi

180.1. Sədrlik edən məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını, ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə işdə iştirak edən şəxslərin və şahidlərin ifadələrini, izahatlarını, vəsatətlərini, işdə olan və elan edilən sənədlərin, səsyazmaların, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, habelə sədrlik edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah edir.

180.2. Sədrlik edən tərcüməçiyə, bilə-bilə düzgün edilməyən tərcüməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir, bu barədə tərcüməçinin iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir.

180.3. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona minimum əmək haqqının yüz mislinədək məbləğdə cərimə tətbiq edilə bilər.

180.4. Bu maddənin qaydaları kar və lalların işarələrini izah edən (surdotərcüməçi) şəxslərə də aiddir.

Maddə 181. Şahidlərin məhkəmə iclası zalından çıxarılması

Gəlmiş şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılırlar. Sədrlik edən dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbirlər görür.

Maddə 182. Məhkəmə tərkibinin elan olunması və etiraz etmək hüququnun izah edilməsi

182.1. Sədrlik edən məhkəmə tərkibini elan edir, kimin ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclası katibi kimi iştirak etdiyini bildirir və işdə iştirak edən şəxslərin onlara etiraz etmək hüququnu izah edir.

182.2. Etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir.

182.3. Etiraz üçün əsaslar, edilən etirazın həlli qaydası və bu cür etirazın təmin edilmə nəticələri bu Məcəllənin 19—23-cü maddələri ilə müəyyən olunur.

Maddə 183. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah olunması

Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, habelə tərəflərə, mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə müraciət etmək hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir.

Maddə 184. İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli

184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır.

184.2. Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.

184.3. Hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər.

184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.

Maddə 185. İşdə iştirak edən şəxslərin və nümayəndələrin məhkəmə iclasına gəlməməsinin nəticələri

185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara çağırış vərəqəsi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.

185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.

185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

185.7. Tərəflər məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməkdə haqlı olsalar da, məhkəmə onların gəlməsini məcburi hesab edə bilər.

Maddə 186. Şahidlərin, ekspertin və mütəxəssisin məhkəmə iclasına gəlməməsinin nəticələri

186.1. Şahidlər, ekspertlər və ya mütəxəssislər məhkəmə iclasına gəlmədikdə, məhkəmə onların iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır.

186.2. Çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, minimum əmək haqqının yüz mislinədək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər.

Maddə 187. Ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrinin izah edilməsi

Sədrlik edən ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrini izah edir, habelə eksperti rəy verməkdən imtinaya və bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edir. Ekspertdən məsuliyyət və vəzifələrinin izah edilməsi barədə iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.

Maddə 188. İşə baxılmasının təxirə salınması

188.1. İşə baxılmasının təxirə salınmasına bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda, habelə əgər hakim həmin məhkəmə iclasında işə baxılmasını qeyri-mümkün hesab edərsə, işdə iştirak edən şəxslərdən hər hansı biri gəlmədiyinə, qarşılıqlı iddia verildiyinə, əlavə sübutlar təqdim və tələb etmək zərurəti olduğuna, işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə, hər hansı digər prosessual hərəkətlər edilməyə görə yol verilir.

188.2. İşə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Gəlməmiş və işdə iştirak etməyə yeni cəlb edilmiş şəxslərə yeni məhkəmə iclasının vaxtı və yeri haqqında müəyyən olunmuş qaydada xəbər verilir.

Maddə 189. İşə baxılması təxirə salındıqda şahidin dindirilməsi və prosessual hərəkətlərin edilməsi

Tərəflər məhkəmə iclasında olarsa, işə baxılması təxirə salındıqda məhkəmə gəlmiş şahidləri dindirə və prosessual hərəkətlər edə bilər. Həmin şahidlərin yeni məhkəmə iclasına ikinci dəfə çağırılması və ya təkrar prosessual hərəkətlərin edilməsinə yalnız zəruri hallarda yol verilir.

Maddə 190. İşə mahiyyəti üzrə baxılmağa başlanması

İşə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən irəli sürülmüş tələblər üzrə tərəflərin və üçüncü şəxslərin mülahizəsini aydınlaşdırır.

Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi

191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır.

191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

Maddə 192. İşdə iştirak edən şəxslərin izahatları

192.1. İşi məruzə etdikdən sonra hakim iddiaçını və onun tərəfində iştirak edən üçüncü şəxsi, cavabdehi və onun tərəfində iştirak edən üçüncü şəxsi, habelə işdə iştirak edən digər şəxsləri dinləyir. İşdə iştirak edən şəxslər sədrlik edənin icazəsi ilə bir-birinə suallar verməyə haqlıdırlar.

192.2. İşdə iştirak edən şəxslərin yazılı izahatları və bu Məcəllənin 83 və 85-ci maddələri ilə nəzərdə tutulan qaydada məhkəmənin aldığı sübutlar sədrlik edən tərəfindən elan olunur.

Maddə 193. Sübutların tədqiq edilmə ardıcıllığının müəyyən olunması

Hakim işdə iştirak edən şəxslərin izahatlarını dinləyib onların mülahizəsini nəzərə alaraq, sübutların tədqiq edilməsinin ardıcıllığını müəyyən edir.

Maddə 194. İfadə verməkdən imtina etmək və bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət haqqında şahidə xəbərdarlıq etmək

194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.

194.2. Sədrlik edən qanunvericiliklə cinayət məsuliyyətinə cəlb olunmaq üçün müəyyən olunmuş yaş həddinə çatmamış şahidə iş üzrə ona məlum olan hər şeyi düzgün danışmaq vəzifəsini izah edir, lakin ifadə verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə ona xəbərdarlıq edilmir.

Maddə 195. Şahidi dindirmə qaydası

195.1. Hər bir şahid ayrılıqda dindirilir.

195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir.

195.3. Bundan sonra şahidə suallar verilə bilər. Şahidə birinci olaraq, tələbi ilə onu çağırtdıran şəxs və onun nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verir.

195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.

195.5. Məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər.

195.6. Məhkəmə icazə vermədiyi hallar istisna edilməklə, dindirilmiş şahid işin araşdırılması qurtarana qədər iclas zalında qalır.

Maddə 196. Şahidin yazılı materiallardan istifadə etməsi

Şahid ifadələr verərkən, bu ifadələr hər hansı hesablamalarla və ya yadda çətin saxlanıla bilən digər məlumatlarla əlaqədar olduqda, yazılı qeydlərdən istifadə edə bilər. Bu materiallar məhkəməyə və iştirak edən şəxslərə təqdim edilir və məhkəmənin qərardadı üzrə işə əlavə edilə bilər.

Maddə 197. Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi

197.1. On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından on altı yaşına qədər olan şahidlərin dindirilməsi təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda məhkəməyə yetkinlik yaşına çatmamış şahidin valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də çağırılır. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə şahidə suallar verə, habelə şahidin şəxsiyyətinə, verdiyi ifadənin məzmununa münasibətdə öz mülahizələrini söyləyə bilərlər.

197.2. Müstəsna hallarda işin hallarını müəyyən etmək zərurəti olduqda, işdə iştirak edən bu və ya digər şəxs, habelə iclas zalında olan hər hansı bir şəxs yetkinlik yaşına çatmamış şahid dindirilərkən məhkəmənin qərardadı ilə məhkəmə iclası zalından çıxarıla bilər. İclas zalından çıxarılmış işdə iştirak edən şəxs iclas zalına qayıtdıqdan sonra ona yetkinlik yaşına çatmamış şahidin ifadəsinin məzmunu bildirilməli və onun şahidə suallar verməsinə imkan yaradılmalıdır.

Maddə 198. Şahid ifadələrinin elan edilməsi

Bu Məcəllənin 83, 85, 105.2 və 189-cu maddələri ilə nəzərdə tutulan qaydada toplanmış şahid ifadələri məhkəmə iclasında elan edilir. Bundan sonra işdə iştirak edən şəxslər bu ifadələr üzrə izahatlar verməyə haqlıdırlar.

Maddə 199. Yazılı sübutların tədqiq edilməsi

Bu Məcəllənin 83, 85-ci maddələri, 167.1.11-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada tərtib edilmiş yazılı sübutlar və ya onların müayinə protokolları məhkəmə iclasında elan edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlərə, mütəxəssislərə və şahidlərə təqdim edilir. İşdə iştirak edən şəxslər bundan sonra izahat verə bilərlər.

Maddə 200. Şəxsi yazışmaların və teleqraf məlumatlarının elan edilməsi

Şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər.

Maddə 201. Maddi sübutların tədqiq edilməsi

201.1. Maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur.

201.2. Maddi sübutların təqdim edildiyi şəxslər məhkəmənin diqqətini müayinə ilə əlaqədar olan bu və ya başqa hallara cəlb edə bilərlər. Bu təkliflər məhkəmə iclasının protokoluna yazılır.

201.3. Maddi sübutların müayinəsinin protokolları məhkəmə iclasında elan olunur və bundan sonra işdə iştirak edən şəxslər izahat verə bilər.

Maddə 202. Yerində müayinə

202.1. Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır.

202.2. İşdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır.

202.3. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir.

Maddə 203. Səsyazma və videoyazının səsləndirilməsi və tədqiqi

203.1. Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur.

203.2. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir.

203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər.

203.4. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər.

Maddə 204. Sübutun saxtalığı barədə ərizə

204.1. İşdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər.

204.2. Məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər.

Maddə 205. Ekspert rəyinin tədqiqi

205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir.

205.2. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.

Maddə 206. Əlavə və təkrar ekspertiza təyini

206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

206.2. Əlavə və təkrar ekspertiza bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan hallarda təyin edilir.

Maddə 207. Mütəxəssisin məsləhəti

207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər.

207.2. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır.

207.3. Məsləhəti aydınlaşdırmaq və tamamlamaq məqsədi ilə mütəxəssisə suallar verilə bilər. Mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş mütəxəssisə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verirlər.

207.4. Hakim mütəxəssisin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.

Maddə 208. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri

Məhkəmə tərəfindən işdə iştirak etməyə buraxılmış dövlət orqanları və yerli özünüidarə orqanlarının rəyləri bu Məcəllənin 60-cı maddəsinə müvafiq olaraq məhkəmə iclasında elan edilir. Hakim, habelə işdə iştirak edən şəxslər və nümayəndələr rəyi aydınlaşdırmaq və tamamlamaq üçün həmin orqanın nümayəndəsinə suallar verə bilərlər.

Maddə 209. İşə mahiyyəti üzrə baxmağın qurtarması

209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və onların nümayəndələrindən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Bu cür vəsatətlər olmadıqda, sədrlik edən iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir.

209.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasında onlara məlum olmuş yeni faktlarla əlaqədar şərhlər və əlavə sübutlar təqdim etmək üçün işə baxılmasını növbəti iclasa keçirilməsini xahiş edə bilərlər. Belə halda bu Məcəllənin 188-ci maddəsi tətbiq edilir.

209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

Maddə 210. Məhkəmə çıxışları

210.1. Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir.

210.2. Əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən və onların nümayəndələrindən sonra çıxış edir. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər.

210.3. Digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş dövlət orqanının və yerli özünüidarə orqanının nümayəndələri məhkəmə çıxışlarında birinci çıxış edirlər.

Maddə 211. Replikalar

Çıxışların bütün iştirakçılarının nitqlərindən sonra onlar nitqlərdə deyilənlərlə əlaqədar olaraq çıxış edə bilərlər. Son replika hüququ cavabdehə və onun nümayəndəsinə məxsusdur.

Maddə 212. Mahiyyəti üzrə işə baxılmasının təzələnməsi

Məhkəmə çıxışları zamanı və bundan sonra, məhkəmə iş üçün əhəmiyyətli olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları tədqiq etməyi zəruri hesab edərsə, o, işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə qərardad çıxarır, həmin qərardad protokola yazılır. İşə mahiyyəti üzrə baxılması qurtardıqdan sonra məhkəmə çıxışları ümumi qaydada olur.

Maddə 213. Hakimin qətnamə çıxarılması üçün müşavirə otağına getməsi

İclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir.

Maddə 214. Qətnamənin elan edilməsi

214.1. Qətnaməni qəbul etdikdən və imzaladıqdan sonra hakim məhkəmə iclası zalına qayıdır, qətnaməni elan edir, qətnamənin məzmununu, ondan şikayət etmə qaydası və müddətini izah edir.

214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamə onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud onların bildikləri dildə oxunmalıdır.

214.3. Mürəkkəb işlər üzrə hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər.

214.4. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir.

Maddə 215. Qətnamənin elan edilməsinin təxirə salınması

Müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnaməni və yaxud onun nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər.

 

Fəsil 16

 

Məhkəmənİn qətnaməsİ

Maddə 216. Qətnamənin çıxarılması

216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır.

216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır.

216.3. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

217.2. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

218.2. Hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir.

218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 219. Qətnamənin tərtib olunması

219.1. Qətnamə sədrlik edən və yaxud işə kollegial qaydada baxıldıqda, hakimlərin biri tərəfindən yazılı surətdə tərtib edilir.

219.2. Məhkəmənin qətnaməsi işə təkbaşına işə baxdıqda hakim, kollegial qaydada baxıldıqda isə bütün hakimlər tərəfindən imzalanır.

219.3. Qətnamədə düzəlişlər hakimlərin, yaxud hakimin imzası ilə təsdiq edilməlidir.

Maddə 220. Qətnamənin məzmunu

220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.

220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.

220.3. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər və nümayəndələr, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir. Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.

220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi  aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və qətnaməni dərhal icraya yönəltdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Maddə 221. Dövlət orqanlarının yerli, özünüidarə orqanlarının, sair orqan və təşkilatların, vəzifəli şəxslərin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair məhkəmə qətnaməsi

221.1. Dövlət orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın və ya vəzifəli şəxsin aktının etibarsız hesab edilməsi haqqında qətnamənin nəticə hissəsində aşağıdakılar göstərilməlidir:

221.1.1. həmin aktın adı, sıra sayı, qəbul olunma tarixi, aktın digər zəruri rekvizitləri və onu verən orqan barədə məlumatlar;

221.1.2. aktın tam və ya qismən etibarsız hesab edilməsi, habelə həmin aktın qəbul edildiyi andan etibarsız olması barədə göstəriş.

221.2. Dövlət qeydiyyatından imtinanın və ya belə qeydiyyatın aparılmasından yayınmanın qanunsuz hesab edilməsi barədə tələbi təmin edərkən məhkəmə qətnamənin nəticə hissəsində müvafiq dövlət orqanının üzərinə həmin qeydiyyatın aparılması vəzifəsini qoyur.

221.3. Normativ aktı və ya onun haqqında verilmiş məlumatı qanunsuz hesab edən məhkəmə qətnaməsi normativ aktın nəşr olunduğu kütləvi informasiya vasitəsində və ya məhkəmənin belə qətnaməni dərc etməyi zəruri saydığı kütləvi informasiya vasitələrində nəşr edilməlidir.

Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə

222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Maddə 223. Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə

223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.

223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.

Maddə 224. İcra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair qətnamə

Notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir.

Maddə 225. Müqavilənin bağlanması və dəyişdirilməsi haqqında qətnamə

Müqavilənin bağlanması və dəyişdirilməsi zamanı yaranan mübahisələr üzrə qətnamənin nəticə hissəsində müqavilənin hər bir mübahisəli şərti üzrə qərar göstərilməlidir, müqavilənin bağlanmasını məcbur edən mübahisə üzrə isə tərəflərin bağlamağa borclu olduqları müqavilənin şərtləri göstərilir.

Maddə 226. Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə

226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.

226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinә yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.

Maddə 227. Qətnamənin tərtibi

227.1. Məhkəmə qətnaməsi həmin işə baxılması qurtardıqdan sonra tərtib edilməlidir.

227.2. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir.

227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində göndərilməli və ya təqdim edilməlidir.

Maddə 228. Qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi

228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir.

228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

228.3. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər.

Maddə 229. Əlavə qətnamə

229.1. İş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər:

229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa;

229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;

229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.

229.2. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur.

229.3. Əlavə qətnamə çıxarmaqdan imtina etmək və ya əlavə qətnamənin çıxarılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Maddə 230. Qətnamənin izah edilməsi

230.1. İşə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir.

230.3. Qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir.

230.4. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur.

230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 

Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi

231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

231.3. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi

233.1. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

233.2. Apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamə apellyasiya instansiyasının qərar qəbul etdiyi andan qanuni qüvvəyə minir.

233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Maddə 234. Qətnamənin icra edilməsi

Dərhal icra edilmə halları istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Maddə 235. Dərhal icra olunmalı qətnamələr

235.1. Aşağıdakı qətnamələr dərhal icra edilməlidir:

235.1.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

235.1.2. işçiyə əmək haqqı ödənilməsi haqqında;

235.1.3. dövlət orqanları aktlarının etibarsız hesab edilməsi, habelə barışıq sazişini təsdiq edən iqtisad məhkəməsinin qərardadları;

235.1.4. qanunda müəyyən edilmiş digər hallarda.

235.2. Hakim tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda qətnaməni dərhal icraya yönəldə bilər.

235.3. Qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər.

235.4. Qətnamənin dərhal icra edilməsinə yol vermək haqqında məsələyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qətnaməsini dərhal icra etmək haqqında məsələni həll etməyə mane olmur.

235.5. Qətnamənin dərhal icra edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qətnaməni dərhal icra etmək haqqındakı qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.

Maddə 236. Qətnamənin icrasının təmini

Məhkəmə dərhal icraya yönəlməyən qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.

Maddə 237. İşdə iştirak edən şəxslərə qətnamələrin surətlərinin göndərilməsi

Məhkəmə iclasına gəlib-gəlməməsindən asılı olmayaraq, məhkəmə qətnaməsi tam şəkildə çıxarıldıqdan sonra növbəti gün işdə iştirak edən şəxsə göndərilir və ya məhkəməyə gələrsə ona təqdim edilir.

 

Fəsil 17

 

Qİyabİ İcraat və qİyabİ qətnamə

Maddə 238. Qiyabi icraatın əsasları

238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.

238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.

238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.

238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

Maddə 239. Gəlmiş tərəfin hüququ

Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə çağırış vərəqəsi göndərir.

Maddə 240. Qiyabi qətnamənin yolverilməzliyi

240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:

240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;

240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.

240.2. Bu hallarda işə baxılması təxirə salınır.

Maddə 241. Qiyabi icraat qaydası

241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur.

241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.

241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir.

Maddə 242. Qiyabi qətnamənin məzmunu

Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

Maddə 243. Qiyabi qətnamənin surətinin göndərilməsi

Məhkəmə iclasına gəlməyən tərəfə qiyabi qətnamə çıxarıldığı vaxtdan sonra 10 gündən gec olmayan müddətdə göndərilir və ya təqdim olunur.

Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi

Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Maddə 245. Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu

245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:

245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;

245.1.2. ərizə verən şəxsin adı;

245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;

245.1.4. ərizə verən şəxsin xahişi;

245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.

245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.

245.3. Ərizədən dövlət rüsumu alınmır.

Maddə 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina

Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir.

Maddə 247. Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri

Məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və onlara ərizənin və ərizəyə əlavə edilmiş materialların surətlərini göndərir.

Maddə 248. Ərizəyə baxılması

Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur.

Maddə 249. Məhkəmənin səlahiyyətləri

Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır.

Maddə 250. Qiyabi qətnamənin ləğvi üçün əsaslar

Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.

Maddə 251. İşə baxılmasının təzələnməsi. İkinci qiyabi məhkəmə qətnaməsi

Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur.

Maddə 252. Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi

Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir.

Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi

253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz.

253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər:

253.2.1. bu Məcəllənin 241.5-ci maddəsində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə;

253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə;

253.2.3. ikinci qiyabi qətnamədən.

253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra şikayət verə bilərlər.

 

Fəsil 18

 

İş üzrə İcraatın dayandırılması

Maddə 254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi

254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:

254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə;

254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə;

254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda;

254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;

254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa.

254.2. Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır.

Maddə 255. Məhkəmənin icraatı dayandırmaq hüququ

255.0. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər:

255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə;

255.0.2. tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda;

255.0.3. tərəf müalicə müəssisəsində olduqda;

255.0.4. bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda;

255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda.

Maddə 256. İcraatı dayandırma müddətləri

256.0. İş üzrə icraat aşağıdakı hallarda dayandırılır:

256.0.1. bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək;

256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışınadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək;

256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər;

256.0.4. bu Məcəllənin 254.1.5-ci maddəsi ilə nəzərdə tutulan halda Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ərizəyə baxılanadək.

Maddə 257. İcraatın təzələnməsi

İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir.

Maddə 258. İş üzrə icraatın dayandırılması və təzələnməsi qaydası

258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır.

258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.

 

Fəsil 19

 

Ərİzənİn baxılmamış saxlanması

Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:

259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə;

259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə;

259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;

259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa;

259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa;

259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;

259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə;

259.0.9. dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə;

259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə;

259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;

259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.

Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri

260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.

260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.

260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.

260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.

260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

 

Fəsil 20

 

İş üzrə İcraata xİtam verİlməsİ

Maddə 261. İcraata xitam verilmə əsasları

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;

261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə әlaqәdar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə;

261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;

261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;

261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;

261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;

261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.

Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri

262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

 

Fəsil 21

 

Məhkəmə qərardadları

Maddə 263. Qərardadın çıxarılması qaydası

263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır.

263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.

263.3. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.

263.4. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər.

263.5. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.

263.6. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.

Maddə 264. Qərardadın məzmunu

264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir:

264.0.1. qərardadın çıxarılma vaxtı və yeri;

264.0.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi;

264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb;

264.0.4. qərardadın hansı məsələ barədə çıxarılması;

264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi;

264.0.6. baxılan məsələ üzrə nəticə;

264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti.

Maddə 265. Məhkəmənin xüsusi qərardadları

265.1. Məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır.

265.2. Xüsusi qərardadlar müvafiq hüquqi şəxslərə, vəzifəli şəxslərə, dövlət və yerli özünüidarə orqanlarına və digər orqanlara, fiziki şəxslərə göndərilir. Onlar gördükləri tədbirlər barədə 1 ay müddətində məhkəməyə məlumat verməlidirlər.

265.3. Görülmüş tədbirlər barədə məlumat verilmədiyi halda, təqsirkar vəzifəli şəxslər müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 100 mislinədək miqdarda cərimə oluna bilərlər. Cərimənin qoyulması müvafiq vəzifəli şəxsi məhkəmənin xüsusi qərardadına əsasən görülmüş tədbirlər haqqında məlumat vermək vəzifəsindən azad etmir.

265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

265.5. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.

265.6. Prokuror cinayət işinin başlanmasını istisna edən halları aşkar etməzsə, məhkəmənin xüsusi qərardadı üzrə cinayət işi başlamaqdan imtina etməyə haqlı deyildir. Bu məsələ üzrə əsaslandırılmış qərar qəbul edən prokuror, həmin qərarı xüsusi qərardadı çıxarmış məhkəməyə göndərir. Məhkəmə prokurorun qərarı ilə razılaşmadığı halda, zəruri təsir tədbirləri görülməsi məqsədi ilə, yuxarı prokurorun diqqətini aşağı prokurorun qərarının qanunsuzluğuna və ya əsassızlığına yönəldə bilər.

Maddə 266. Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsi

266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə göndərilir və ya şəxsən təqdim olunur.

266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə göndərilərkən, həmin qərardadların təqdim edilməsi barədə məhkəməyə məlumat verilməlidir.

Maddə 267. Qərardadlardan şikayət verilməsi

267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Maddə 268. Şikayətin verilmə müddəti

268.1. Şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir.

268.2. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Maddə 269. Şikayətə baxılması

269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.

269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

 

Fəsil 22

 

Protokollar

Maddə 270. Protokolun tərtib edilməsinin məcburiliyi

Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir.

Maddə 271. Protokolun məzmunu

271.1. Məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir.

271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir:

271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri;

271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı;

272.2.3. işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi;

271.2.4. işin adı;

271.2.5. işdə iştirak edən şəxslərin, nümayəndələrin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar;

271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri);

271.2.7. işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə, mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar;

271.2.8. sədrlik edənin sərəncamları və iclas zalından çıxmadan məhkəmə tərəfindən çıxarılmış qərardadlar;

271.2.9. işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları;

271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin izahları;

271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar;

271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri;

271.2.13. məhkəmə çıxışlarının məzmunu;

271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar;

271.2.15. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar;

271.2.16. protokolun tərtib olunma tarixi.

271.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmənin mülahizəsinə əsasən protokolu tərəflər imzalaya bilərlər.

Maddə 272. Protokolun tərtib olunması

272.1. Protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Bu zaman onlar kompüterdən və ya digər köməkçi vasitələrdən istifadə edə bilərlər.

272.2. Bu Məcəllənin 272.1.-ci maddəsi məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi prosessual hərəkətlərə şamil olunur.

272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır.

272.4. Protokolun tərtib olunmasının tamlığını təmin etmək üçün məhkəmə səsyazma vasitələrindən istifadə edə bilər.

272.5. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.

272.6. Hərəkət və ya mülahizələr mübahisəyə aid olmadıqda məhkəmə onları protokola qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı barəsində mübahisə edilə bilməz, o, protokola qeyd edilməlidir.

272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır.

272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir.

Maddə 273. Protokola dair qeydlər

İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

Maddə 274. Protokola dair qeydlərə baxılması

274.1. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir.

274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır.

274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar.

 

Fəsil 23

 

Əmr İcraatı

Maddə 275. Məhkəmə əmri

275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir.

275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir.

Maddə 276. Məhkəmə əmri verilə bilən tələblərin əsasları

276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər.

276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər:

276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa;

276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa;

276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa;

276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;

276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə;

276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə;

276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə.

Maddə 277. Ərizənin verilməsi

277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.

277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün barəsində mübahisə edilən məbləğin 15% miqdarında dövlət rüsumu ödənilir. 

Maddə 278. Ərizənin forması və məzmunu

278.1. Məhkəməyə ərizə yazılı formada verilir.

278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

278.2.1. ərizənin verildiyi məhkəmənin adı;

278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer;

278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer;

278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;

278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;

278.2.6. əlavə edilən sənədlərin siyahısı.

278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.

Maddə 279. Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi

279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.

279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:

279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;

279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;

279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.

279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.

Maddə 280. Məhkəmə əmrinin çıxarılması qaydası

Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.

Maddə 281. Məhkəmə əmrinin məzmunu

281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:

281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:

281.1.2. məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;

281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş yeri;

281.1.4. tələbin ödənilməsinin hüquqi əsası;

281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak;

281.1.6. dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa;

281.1.7. borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği.

281.2. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə əmrində bu Məcəllənin 281.1.1-281.1.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlarla yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği və onların tutulma müddəti göstərilir.

281.3. Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.

Maddə 282. Etiraz

Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

Maddə 283. İddia icraatına keçid

Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.

Maddə 284. Məhkəmə əmrinin icra edilməsi

284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.

İkİncİ yarımbölmə

 

Ümumİ hüquqİ münasİbətlərdən əmələ gələn İşlər üzrə İcraat (xüsusİ İddİa İcraatı)

Fəsil 24

 

Ümumİ müddəalar

Maddə 285. Məhkəmə tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər

285.0. Bu fəsildə göstərilən qaydada məhkəmə xüsusi iddia icraatı qaydasında aşağıdakı işlərə baxır:

285.0.1. seçki hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;

285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;

285.0.3. müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;

285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;

285.0.5. normativ aktların qanuniliyinin mübahisə edilməsi haqqında ərizələr üzrə. 

Maddə 286. Ərizənin verilməsi

286.1. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.

286.2. Məhkəməyə ərizənin təqdim edilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi şərt deyildir.

286.3. Ərizənin verilmə müddətinin buraxılması, tənbehin edilmə müddətinin, habelə qərarın icra müddətinin ötməsi ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina üçün əsas deyildir.

286.4. Müddətlər, işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən yoxlanılır.

286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Ərizədə əmlak tələbləri, şikayət olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər.

Maddə 287. Sübut etmə vəzifəsi

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür.

Maddə 288. İşlərə baxılması və həll edilməsi qaydası

Məhkəmə tərəfindən ümumi hüquq münasibətlərindən əmələ gələn işlər bu Məcəllənin 24—29-cu fəsilləri və digər qanunlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, ümumi iddia icraatı qaydasında baxılır və həll edilir.

Maddə 289. Şikayət etmə qaydası

Bu Məcəllənin 24-29-cu fəsillərinə müvafiq olaraq qəbul edilmiş məhkəmə aktlarından (qətnamələrindən, qərardadlarından) bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir.

 

Fəsil 25

 

Seçkİ hüquqlarının müdafİəsİ haqqında ərİzələrə daİr İcraat  

 

Maddə 290.  Ərizənin verilməsi

Seçmək və seçilmək, seçkilərdə, referendumlarda iştirak etmək hüququnun dövlət hakimiyyəti orqanı, seçki komissiyası və vəzifəli şəxslər tərəfindən pozulduğunu hesab edən şəxsin ictimai birliyin bu Məcəllənin 4-cü fəslində və başqa qanunlara müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət etmək hüququ vardır.

Maddə 291. Ərizəyə baxılması

291.1. Seçkilərin gedişi ərəfəsində daxil olmuş ərizəyə, onun verdiyi gündən 3 gün ərzində, lakin seçkilərin vaxtından gec olmayaraq, seçkilər günü daxil olmuş ərizəyə isə dərhal baxılmalıdır.

291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya dövlət hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə baxılır.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən  şəxslər məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

 Maddə 292. Məhkəmənin qətnaməsi və onun icrası

292.1. Seçki hüququnun pozulduğunu müəyyən etmiş məhkəmə qətnaməsi seçici siyahısında düzəliş aparılması üçün, namizədin qeydə alınması üçün, yaxud ictimai birliyin seçkilərdə və ya referendumlarda iştirak edən təşkilatlar sırasına əlavə edilməsi üçün əsasdır.

292.2.  Məhkəmənin qətnaməsi dərhal icra edilməlidir.

292.3. Qətnamə müvafiq dövlət hakimiyyəti orqanına və ya seçki komissiyasının sədrinə göndərilir.

292.4. Məhkəmənin qətnaməsinin icra edilməsinə təqsirkar olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyəti daşıyırlar.

292.5. Seçki hüququnun müdafiəsi ilə bağlı digər məsələlər həmin seçki hüququ haqqında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilə bilər.

 

Fəsil 26

 

Müvafİq İcra hakİmİyyətİ orqanlarının və onların vəzİfəlİ şəxslərİnİn İnzİbatİ hüquqpozmalar haqqında qərarları İlə əlaqədar mübahİsələrə daİr İşlər üzrə İcraat

Maddə 293. Ərizənin verilməsi

293.1. İnzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər.

293.2. İnzibati hüquqpozmadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə şikayət etmək hüququ vardır.

293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir.

293.4. Ərizədə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş məlumatlar, habelə konkret olaraq hansı qərardan şikayət edildiyi barədə məlumatlar, onun çıxarıldığı, surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir.

293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.

293.6. Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə ilkin müraciəti məcburi şərt deyildir.

Maddə 294. Ərizəyə baxılması

294.1. Ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Ərizə vermiş şəxs, habelə hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən inzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən xəbərdar edilir, lakin onların gəlməməsi işə baxılması və onun həlli üçün maneə deyildir.

294.2. İşə baxarkən məhkəmə inzibati tənbeh barədə qərarın qanuniliyini və əsaslılığını yoxlayır və müəyyən edir: qərar qanun əsasında və səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilmişdirmi; şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin müəyyən edilmiş qaydalarına əməl edilmişdirmi; şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati hüquq pozuntusu törətmişdirmi və o, bu pozuntunun törədilməsində təqsirkardırmı.

Maddə 295. Məhkəmənin qətnaməsi

295.1. Məhkəmə inzibati hüquqpozma tərkibi və hadisəsi olmadığına görə, habelə İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsində sadalanan inzibati hüquqpozma haqqında iş üzrə icraatı istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati hüquqpozmalar haqqında işə xitam verilməsi barədə qətnamə çıxarır.

295.2. Məhkəmə, törədilmiş inzibati hüquqpozmanın xarakterini, hüquqpozanın şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər.

295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz.

295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni isə təmin etmədən saxlayır.

295.5. Məhkəmə inzibati hüquqpozma haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir.

 

Fəsil 27

 

Müvafİq İcra hakİmİyyətİ orqanlarının, yerlİ özünüİdarə orqanlarının, saİr orqan və təşkİlatların, onların vəzİfəlİ şəxslərİnİn qərarları və hərəkətlərİ (hərəkətsİzlİyİ) İlə əlaqədar mübahİsələrə daİr İşlər üzrə İcraat

Maddə 296. Ərizənin verilməsi

296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.

296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir.

296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir.

Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi)

297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə barəsində mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində:

297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun;

297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın;

297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin.

297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz:

297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar;

297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar.

Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət

Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 

Maddə 299. Ərizəyə baxılması

299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır.

299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər.

Maddə 300. Məhkəmənin qətnaməsi və onun icrası

300.1. Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır.

300.2. Barəsində mübahisə edilən qərar və hərəkətlər (hərəkətsizlik) nəticəsində şəxsin hüquq və ya azadlığının pozulmadığı müəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir.

300.3. Məhkəmənin qətnaməsi qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə qətnamənin qanuni qüvvəyə minməsindən sonra 3 gün müddətində göndərilir.

300.4. Qətnamənin icrası barədə onun alındığı gündən 1 aydan gec olmayaraq məhkəməyə və şəxsə məlumat verilməlidir. Qətnamənin icra edilməməsinə görə təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

 

Fəsil 28

 

Hərbİ vəzİfəlİ şəxslərİn və hərbİ İdarə orqanlarının qərar və hərəkətlərİndən (hərəkətsİzlİyİndən) mübahİsələrə daİr İşlər üzrə İcraat

Maddə 301. İşə baxılması

Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27-ci fəslində müəyyən edilmiş qaydada baxılır.

 

Fəsil 29

 

Normatİv aktların qanunİlİyİnə daİr mübahİsələrdən yaranan İşlər üzrə İcraat

Maddə 302. Ərizənin verilməsi

302.1. Müvafiq icra hakimiyyəti orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatların və ya vəzifəli şəxsin qanunla nəzərdə tutulmuş qaydada qəbul və dərc etdiyi normativ aktlar özlərinin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə məhkəmələrdə baxıla bilməz.

302.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir.

302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalı, ərizədə normativ aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatların və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun ayrı-ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri-müəyyən dairəsinin hansı konkret hüquq və azadlıqlarının pozulduğu, barəsində mübahisə çıxarılan aktın Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının hansı maddələrinə zidd olduğu barədə məlumatlar göstərilməlidir.

302.5. Ərizəyə normativ aktın hansı kütləvi informasiya orqanında və nə vaxt dərc edildiyi göstərilməklə, barəsində mübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir.

302.6. Ərizənin məhkəməyə verilməsi normativ aktın qüvvəsini dayandırmır.

302.7. Müvafiq icra hakimiyyəti orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın və ya vəzifəli şəxsin, qüvvəsi şəxslərin qeyri-müəyyən dairəsinə şamil edilən normativ aktının qanuniliyinin yoxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa, məhkəmə ərizəni qəbul etməkdən imtina edir.

Maddə 303. Ərizəyə baxılması

303.1. Ərizə ilə məhkəməyə müraciət etmiş şəxs, habelə normativ aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanı, sair orqan və təşkilat və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər.

303.2. İşə ərizə verilən gündən 1 ay müddətində şəxsin və ya onun nümayəndəsinin, normativ aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın nümayəndəsinin və ya vəzifəli şəxsin məcburi iştirakı ilə baxılır. Lakin işin hallarından asılı olaraq məhkəmə işə maraqlı şəxslər gəlmədikdə də baxa bilər.

303.3. Məhkəmə iclasında məhkəmə normativ aktı qəbul edən orqanın və ya vəzifəli şəxsin səlahiyyətini, bütövlükdə normativ aktın və ya onun bir hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlara uyğunluğunu yoxlayır.

303.4. Normativ aktın qanuna zidd hesab edilməsi barədə ərizəyə baxılarkən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın və ya vəzifəli şəxsin üzərinə düşür.

Maddə 304. Ərizə üzrə məhkəmənin qətnaməsi

304.1. Ərizəni əsassız hesab edən hakim onun təmin edilməməsi barədə qətnamə çıxarır.

304.2. Ərizə əsaslı hesab edildikdə, hakim qətnamənin nəticə hissəsində qeyd etməklə, normativ aktı bütövlükdə və ya qismən, onun qəbul edildiyi gündən qüvvədən düşmüş hesab edir.

304.3. Ərizə təmin edildiyi halda hakim qətnamənin nəticə hissəsində göstərməlidir ki, qüvvədən düşmüş hesab edilmiş normativ aktı dərc etmiş kütləvi informasiya vasitəsi redaksiyası, məhkəmənin təyin etdiyi müddət ərzində məhkəmənin bu qətnaməsi barədə məlumat dərc etməyə borcludur.

304.4. Normativ aktın bütövlükdə və ya qismən qüvvədən düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi normativ aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanı, sair orqan və təşkilat və ya vəzifəli şəxs üçün, habelə vətəndaş və ya dairəsi qeyri-müəyyən olan və barəsində mübahisə edilən normativ aktın qüvvəsi hüquq və vəzifələrinə şamil olunan şəxslər üçün məcburidir. Həmin qətnamə preyudisial qüvvəyə malikdir və digər şəxslər tərəfindən normativ aktın qanuniliyi aktın yalnız məhkəmə yoxlamasının obyekti olmayan hissəsi üzrə yenidən mübahisə edilə bilər.

 

Üçüncü yarımbölmə

 

XÜSUSİ İcraat

 

Fəsil 30

 

Ümumİ müddəalar

Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər

305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:

305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;

305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında;

305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında;

305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı);

305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında;

305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında;

305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə;

305.1.9. övladlığa götürmə haqqında ərizələrə.

305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər.

Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası

306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

306.3. Təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər:

306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə;

306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.

306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

 

Fəsil 31

 

Hüquqİ əhəmİyyətİ olan faktların müəyyən edİlməsİ

 

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər

307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

307.2.1. şəxslərin qohumluq münasibətlərinin;

307.2.2. şəxsin öhdədə olması faktının;

307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının;

307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;

307.2.7. bədbəxt hadisə faktının;

307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin;

307.2.10. atalığın etiraf olunması faktının;

307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər

Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Maddə 309. Ərizənin verilməsi

309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir.

Maddə 310. Ərizənin məzmunu

Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

Maddә 311. Məhkəmənin ərizə üzrə qətnaməsi

Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

 

Fəsil 32

 

Şəxsİn xəbərsİz İtkİn düşmüş hesab edİlməsİ və ölmüş elan edİlməsİ

 

Maddə 312. Ərizənin verilməsi

Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

Maddə 313. Ərizənin məzmunu

Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri

314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.

314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.

Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi

315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.

315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri

Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.

 

Fəsil 33

 

Şəxsİn məhdud fəalİyyət qabİlİyyətlİ və ya fəalİyyət qabİlİyyətİ olmayan hesab edİlməsİ

Maddə 317. Ərizənin verilməsi

317.1. Spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.

317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

Maddə 318. Ərizənin məzmunu

318.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir.

318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi

Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.

Maddə 320. Ərizəyə baxılması

320.1. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.

320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və minimum əmək haqqının 100 mislinədək məbləğdə cərimə edir.

Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi

321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.

321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Maddə 322. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi və onun fəaliyyət qabiliyyətli hesab edilməsi

322.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir.

322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzәrindә müəyyən edilmiş qəyyumluq ləğv edilir.

 

Fəsil 34

 

Daşınar əşyaların sahİbsİz hesab edİlməsİ və daşınmaz əşyalar üzərİndə dövlətİn mülkİyyət hüququnun tanınması

Maddə 323. Ərizənin verilməsi

323.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir.

323.2. Daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizə, dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan tərəfindən həmin əşyanın olduğu yerin məhkəməsinə verilir.

323.3. Dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan daşınmaz əşya üzərində hüququn tanınması barədə ərizə ilə dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən həmin əşyanın uçota alındığı gündən bir il ötənə qədər məhkəməyə müraciət edərsə, məhkəmə daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəni qəbul etməkdən imtina edir.

Maddə 324. Ərizənin məzmunu

324.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir.

324.2. Daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə vaxt sahibsiz kimi uçota götürüldüyü göstərilməli, habelə mülkiyyətçi tərəfindən həmin əşya üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir.

 

Maddə 325. Ərizəyə baxılması

Məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında və ya daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəyə iş üzrə bütün maraqlı şəxslərin iştirakı ilə baxır.

Maddə 326. Məhkəmənin ərizə üzrə qətnaməsi

326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır.

326.2. Məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır.

 

Fəsil 35

 

İtİrİlmİş sənədlər üzrə onları təqdİm edən şəxsİn hüquqlarının bərpa edİlməsİ (çağırış İcraatı)

Maddə 327. Ərizənin verilməsi

327.1. Adsız qiymətli kağızı və ya orderli qiymətli kağızı (bundan sonra—sənəd) itirmiş şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin onun lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən sənədin ödəmə qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər.

327.2. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin (şəxsin) olduğu yerin məhkəməsinə verilir.

Maddə 328. Ərizənin məzmunu

Ərizədə itirilmiş sənədin fərqləndirici əlamətləri, sənədi vermiş idarənin (şəxsin) adı göstərilməli, habelə sənədin itirildiyi şərait şərh edilməlidir.

Maddə 329. Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri

329.1. Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə vəsait ödəməni və ya verməni sənədi vermiş idarəyə (şəxsə) qadağan etmək, habelə ərizəçinin hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini sənədi vermiş idarəyə (şəxsə), qeydiyyat siyahısını saxlayana, qeydiyyatı aparana göndərir.

329.2. Qərardadda elanın məzmununa dair aşağıdakılar göstərilməlidir:

329.2.1. sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı;

329.2.2. ərizə vermiş şəxs və onun ünvanı;

329.2.3. sənədin adı və fərqləndirici əlamətləri;

329.2.4. itirilməsi barədə müraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif edilməsi.

329.3. Qərardad çıxarmaqdan imtina etməkdən xüsusi şikayət verilə bilər.

Maddə 330. Sənədi saxlayanın ərizəsi

İtirilməsi haqqında ərizə verilmiş sənədi saxlayan, elan verilən gündən 3 ay müddətində qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman sənədin əslini təqdim etməlidir.

Maddə 331. Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti

331.1. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan ərizə daxil olduqda, məhkəmə sənədi itirmiş şəxsin ərizəsini baxılmamış saxlayır və sənədi vermiş idarə (şəxs) tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir.

331.2. Hakim eyni zamanda ərizəçiyə həmin sənədi saxlayana qarşı həmin sənədi tələb etmək barədə ümumi qaydada iddia vermək hüququnu, sənədi saxlayana isə hakimin qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir.

331.3. Bu maddədə göstərilən məsələlər üzrə məhkəmənin qərardadından xüsusi şikayət verilə bilər.

Maddə 332. İtirilmiş sənədin etibarsız hesab edilməsi haqqında ərizəyə baxılması

Hakim itirilmiş sənədin etibarsız hesab edilməsi haqqında işə, sənədi saxlayanın bu Məcəllənin 330-cu maddəsində göstərilmiş ərizəsi daxil olmazsa, elanın dərc edildiyi gündən 3 ay keçdikdən sonra baxır.

Maddə 333. Ərizə üzrə məhkəmənin qətnaməsi

Məhkəmə ərizəçinin xahişini təmin etdikdə, itirilmiş sənədi etibarsız hesab edən qətnamə çıxarır. Bu qətnamə ərizəçiyə əmanətin və ya etibarsız hesab edilən sənədin əvəzində yenisini vermək üçün əsasdır.

Maddə 334. Sənədi saxlayanın əmlakı əsassız əldə etmə barədə iddia təqdim etmək hüququ

Sənədi saxlayan həmin sənəd üzrə öz hüquqları haqqında hər hansı səbəbə görə vaxtında məlumat verməmişsə, sənədin etibarsız hesab edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra itirilmiş sənədin əvəzində yeni sənəd almaq hüququ verilən şəxsə əmlakın əsassız əldə edilməsi və saxlanması haqqında iddia verə bilər.

 

Fəsil 36

 

Şəxsİn psİxİatrİya stasİonarına məcburİ yerləşdİrİlməsİ barədə İşlər üzrə İcraat

Maddə 335. Ərizənin verilməsi

335.1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.

335.2. Ərizədə şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.

335.3. Psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir.

Maddə 336. Ərizənin verilmə müddəti

336.1. Şəxs psixiatriya stasionarında yerləşdirildikdə onun məcburi yerləşdirilməsi barədə ərizə şəxsin psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində verilməlidir.

336.2. Hakim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.

Maddə 337. Ərizəyə baxılması

337.1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər.

337.2. Ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakı məcburidir.

337.3. Məhkəmə iclası psixiatriya müəssisəsinin binasında keçirilə bilər.

Maddə 338. Ərizə üzrə məhkəmənin qətnaməsi

338.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.

338.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır.

 

Fəsil 37

 

Vətəndaşlıq vəzİyyətİ aktları qeydİyyatının düzgün olmamasının müəyyən edİlməsİ

Maddə 339. Ərizənin verilməsi

339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır.

339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Maddə 340. Ərizənin məzmunu

Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının hansı orqanının edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir.

Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

 

Fəsil 38

 

Notarİat hərəkətlərİndən və ya həmİn hərəkətlərİn aparılmasından İmtİnaya daİr şİkayətlər

Maddə 342. Şikayətin verilməsi

342.1. Maraqlı şəxs aparılmış notariat hərəkətlərini və ya notariat hərəkətlərini aparmaqdan imtinanı düzgün hesab etmədikdə, notariusun və ya notariat əməliyyatını yerinə yetirən orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir.

342.2. Vəsiyyətnamə və etibarnamələrin qanunvericilikdə sadalanan vəzifəli şəxslər tərəfindən düzgün təsdiq edilməməsinə və ya onları təsdiq etməkdən imtina olunmasına dair şikayətlər müvafiq surətdə xəstəxananın, digər stasionar müalicə-profilaktika müəssisəsinin, sanatoriyanın, qocalar və əlillər evinin, ekspedisiyanın, qospitalın, hərbi təlim müəssisəsinin, hərbi hissənin, birləşmənin, idarənin, təşkilatın, azadlıqdan məhrumetmə yerinin olduğu yer üzrə məhkəməyə verilir.

342.3. Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnaməni düzgün təsdiq etməməsindən və ya onu təsdiq etməkdən imtina etməsindən şikayətlər gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yer üzrə məhkəməyə verilir.

342.4. Məhkəməyə şikayət, notariat hərəkəti və ya bu cür hərəkəti yerinə yetirməkdən imtina edilməsi ərizəçiyə məlum olan gündən hesablanmaqla, 10 gün müddətində verilir.

342.5. Aparılmış notariat hərəkəti əsasında hüquq barədə maraqlı şəxslər arasında yaranmış mübahisəyə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılır.

Maddə 343. Şikayətə baxılması

Şikayətə ərizəçinin və ya hərəkətindən şikayət verilən notariusun və ya orqanın nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən baxılır, lakin onların gəlməməsi işin həll edilməsinə mane olmur.

Maddə 344. Şikayət üzrə məhkəmənin qətnaməsi

Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi aparılmış notariat əməliyyatını ləğv edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır.

 

Fəsil 39

 

Uşağın övladlığa götürülməsİ

 

Maddə 345. Ərizənin verilməsi

Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.

Maddə 346. Ərizənin məzmunu

346.0. Uşağın övladlığa götürülməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:

346.0.1. övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü;

346.0.2. övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), valideynləri barədə məlumat, qardaş və bacılarının olub-olmaması;

346.0.3. uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar;

346.0.4. övladlığa götürülən uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.

Maddə 347. Ərizəyə əlavə edilən sənədlər

347.1. Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır:

347.1.1. uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

347.1.2. uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

347.1.3. uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;

347.1.4. övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

347.1.5. övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

347.1.6. yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.

347.2. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur.

347.3. Xarici vətəndaş olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunur.

347.4. Xarici vətəndaşlar olan övladlığa götürənlərin sənədləri müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır. Leqallaşdırıldıqdan sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

Maddə 348. İşin məhkəmədə baxılmağa hazırlanması

348.1. İşi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Həmin qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır.

348.2. Məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:

348.2.1. övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə və ya övladlığa götürənlərin (götürənin) yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı;

348.2.2. övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;

348.2.3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;

348.2.4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla);

348.2.5. qanunda valideynlərinin razılığı olmadan uşağın övladlığa götürülməsinə yol verilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə razılığı;

348.2.6. uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı;

348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd.

348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.

348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir.

Maddə 349. Ərizəyə baxılması

İşə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.

Maddə 350. Ərizə üzrə məhkəmənin qərarı

350.1. Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.

350.2. Məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər.

350.3. Xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur.

350.4. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uşağın övladlığa götürülməsinin dövlət qeydiyyatı üçün 3 gün müddətində qətnamənin çıxarıldığı yer üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına göndərilir.

Maddə 351. Övladlığa götürülmənin ləğv edilməsi

Uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir.

 

Fəsil 40

 

Normatİv hüquqİ aktın Konstİtusİyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə İcraat

Maddə 352. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət qaldırmaq hüququ

352.1. Ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə işdə iştirak edən fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6 və 8-ci bəndlərində göstərilmiş normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi qarşısında vəsatət qaldıra bilər.

352.2. Normativ hüquqi aktların Konstitusiyaya uyğunluğu barədə vəsatət aşağıdakı hallarda qaldırıla bilər:

352.2.1. məhkəmə baxışı zamanı işdə iştirak edən şəxs həmin iş üzrə tətbiq edilmiş və ya tətbiq edilə biləcək normativ hüquqi aktın onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə;

352.2.2. ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iş üzrə icraat zamanı məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək imkanları tükəndikdə, işdə iştirak edən şəxs isə həmin iş üzrə tətbiq edilmiş normativ hüquqi aktın onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə.

352.3. Bu Məcəllənin 352.2.1-ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılarkən qaldırıla bilər.

352.4. Bu Məcəllənin 352.2.2-ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yalnız işə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasında baxıldıqdan sonra bilavasitə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qarşısında qaldırıla bilər.

Maddə 353. Normativ hüquqi aktın yoxlanılması haqqında vəsatətə dair tələblər

353.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yazılı formada verilir.

353.2. Vəsatətdə aşağıdakılar göstərilməlidir:

353.2.1. vəsatətin verildiyi məhkəmənin adı;

353.2.2. vəsatət verən şəxsin poçt və ya hüquqi ünvanı;

353.2.3. barəsində mübahisə edilən aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs;

353.2.4. işin faktiki hallarının izahı;

353.2.5. vəsatətin məqsədi və hüquqi əsaslandırılması;

353.2.6. sorğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xahiş.

353.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə aşağıdakılar əlavə olunmalıdır:

353.3.1. barəsində mübahisə edilən normativ hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni;

353.3.2. ərizəçinin fikrincə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozan məhkəmə aktları (əgər qəbul edilibsə);

353.3.3. işin hallarının araşdırılması üçün zəruri olan iddia ərizəsinin surəti və digər sənədlər.

353.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət ərizəçi və ya buna səlahiyyəti olduqda onun nümayəndəsi tərəfindən imzalanır. Vəsatəti hüquqi şəxs qaldırdıqda, onun rəhbəri tərəfindən imzalanır.

Maddə 354. Birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə dair hərəkətləri

354.1. Bu Məcəllənin 352.2.1-ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət almış birinci, apellyasiya və ya kassasiya instansiya məhkəməsi (hakimi):

354.1.1. vəsatətin bu Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayır;

354.1.2. barəsində mübahisə edilən normativ hüquqi aktın həqiqətən bu işin icraatı zamanı tətbiq edildiyini və ya tətbiq edilə biləcəyini araşdırır;

354.1.3. işdə iştirak edən şəxsin vəsatətə dair tələblərə riayət etmədiyi və ya barəsində mübahisə edilən normativ hüquqi aktın bu işdə tətbiq edilmədiyi və ya tətbiq edilə bilməyəcəyi müəyyən olunduqda, vəsatətin rədd edilməsi haqqında qərardad çıxarır və işə yekuna qədər baxmağı davam etdirir;

354.1.4. işdə iştirak edən şəxsin vəsatətə dair tələblərə riayət etdiyi və barəsində mübahisə edilən normativ hüquqi aktın bu iş üzrə tətbiq edildiyi və ya tətbiq edilə biləcəyi müəyyən edildikdə, vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və iş üzrə icraatın dayandırılması haqqında qərardad çıxarır.

354.2. Məhkəmənin (hakimin) qərardadı bu Məcəllənin 21-ci fəslində göstərilən tələblərə uyğun olmalıdır. Məhkəmənin (hakimin) qərardadının surətləri işdə iştirak edən şəxslərə verilir.

354.3. Məhkəmənin (hakimin) normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və ya belə vəsatətin rədd edilməsi haqqında qərardadından şikayət verilə bilməz.

354.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətdə göstərilən dəlillər işin yekunlaşdığı məhkəmə aktından yuxarı məhkəməyə ünvanlanmış şikayətdə şərh edilə bilər.

354.5. Vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən rədd edildikdə, iş üzrə icraat təzələnir.

354.6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərdikdə, iş üzrə icraat sorğuya dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra təzələnir.

Maddə 355. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərəkətləri

355.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında bilavasitə ərizəçidən və ya birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin qərardadı üzrə vəsatət almış Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə:

355.1.1. vəsatətin bu Məcəllənin 353-cü maddəsində göstərilən tələblərə uyğunluğunu yoxlamağı;

355.1.2. barəsində mübahisə edilən normativ hüquqi aktın həmin iş üzrə icraat zamanı həqiqətən tətbiq edilib-edilmədiyini və ya tətbiq edilə biləcəyini araşdırmağı;

355.1.3. rəy hazırlamağı və həmin vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında çıxış etməyi tapşırır.

355.2.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu:

355.2.1. normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu;

355.2.2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərmək üçün əsasın olub-olmamasını müəyyənləşdirir.

355.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə qərarı vəsatət Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu gündən sonra 1 aydan gec olmayaraq, bu Məcəllənin 44-cü fəslində müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul edir.

355.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir.

355.5. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin baxılmasının nəticələri barədə ərizəçiyə və ya vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi barədə qərardad çıxarmış məhkəməyə (hakimə) dərhal yazılı surətdə xəbər verilir.

355.6. Normativ hüquqi akt hər hansı şəxsin hüquqlarını pozduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz təşəbbüsü ilə sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir.

Maddə 356. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin normativ hüquqi aktın əsas hüquq və azadlıqları pozduğunu hesab etməsinin nəticələri

Qüvvədə olan normativ hüquqi aktla hər hansı şəxsin əsas hüquq və azadlıqların pozulduğunun hesab edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı bu Məcəllənin 44-cü fəslində nəzərdə tutulmuş qaydada həmin normativ hüquqi akt əsasında çıxarılmış məhkəmə aktının və ya onun bir hissəsinin ləğv edilməsi üçün əsasdır.

 

Üçüncü bölmə

 

Məhkəmə aktlarına yenİdən baxılması

 

Fəsil 41

 

Apellyasİya İnstansİyası məhkəməsİndə İcraat

 

Maddə 357. Apellyasiya şikayəti vermək hüququ

357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.

Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr

358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:

358.0.1. rayon məhkəmələrinin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə;

358.0.2. yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn iqtisadi mübahisələr üzrə məhkəmələrin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya İqtisad Məhkəməsinə;

358.0.3. Naxçıvan Muxtar Respublikası rayon məhkəmələrinin qətnamələrindən—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasına.

Maddə 359. Apellyasiya şikayətinin (apellyasiyanın) mümkünlüyü

Apellyasiya şikayəti (apellyasiya) birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş bütün qətnamələrindən, iddia məbləği minimum əmək haqqı məbləğinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla, verilə bilər. 

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti

Apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər.

Maddə 361. Apellyasiya şikayətinin məzmunu

361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;

361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı;

361.1.4. şikayəti verən şəxsin tələbi və qanunlara, digər normativ aktlara və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar;

361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.

361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

361.5. Dərhal icra edilməli olan qətnamələrdən verilən şikayətə qətnamənin icra olunduğunu təsdiq edən sənədlər əlavə olunur.

Maddə 362. Apellyasiya şikayətinin verilməsi

Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.

Maddə 363. Apellyasiya şikayətinin qaytarılması

363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;

363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa.

363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.

363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri

Birinci instansiya məhkəməsi tərəflərin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət etdiyini yoxladıqdan sonra şikayəti işlə və ya onlara aid olan materiallarla birlikdə qəbul etdiyi vaxtdan hesablanmaqla 7 gün müddətində apellyasiya məhkəməsinə göndərir.

Maddə 365. Ümumi şərtlər

Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.

Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması

366.1. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Maddə 367. Apellyasiyanın rəsmi təqdim edilməsi, apellyasiyaya etiraz və apellyasiyaya dair izahatların verilməsi

367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiyanı və ona əlavə edilən sənədləri rəsmən təqdim edir (göndərir).

367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surətini aldıqda, 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.

367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.

Maddə 368. İşin baxılmağa təyin olunması. İşə apellyasiya məhkəməsində baxılmanın müddətləri

368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir.

368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin etmək üçün zəruri hazırlıq işləri görür.

368.3. Apellyasiya məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 2 ay müddətində baxılmalıdır.

Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi

369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi

370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

Maddə 371. Yeni sübutların təqdim edilməsi

371.1. İşdə iştirak edən şəxslər apellyasiya məhkəməsinə yeni sübutlar təqdim edə bilərlər.

371.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi yeni sübutları gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud səhlənkarlığa görə təqdim edilməmiş hesab etdikdə, onları rədd edə bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri

372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

372.5. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun.

372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 373. İşə baxılması

Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin şikayəti ilə və hansı məhkəmənin qətnaməsinə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.

Maddə 374. Məhkəmə tərkibinin elan olunması və etiraz hüququnun izah edilməsi

Sədrlik edən məhkəmə tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə hüququnu izah edir. Etiraz üçün əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin edilməsinin nəticələri bu Məcəllənin 19-23-cü maddələri və bu fəsillə müəyyən olunur.

Maddə 375. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi

Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir.

Maddə 376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri

376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

376.3. İşə qiyabi baxılması və həllinin bu Məcəllə ilə müəyyən olunmuş qaydaları apellyasiya icraatına da şamil edilir.

Maddə 377. İşdə iştirak edən şəxslərin müraciətlərinin məhkəmə tәrәfindәn həll edilməsi

İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.

Maddə 378. İşin məruzə edilməsi

İşə apellyasiya instansiyası məhkəməsində baxılması sədrlik edənin və ya hakimlərdən birinin məruzəsi ilə başlanır. Məruzəçi işin hallarını, birinci instansiya məhkəməsi qətnaməsinin məzmununu, apellyasiya şikayətinin dəlillərini və ona dair daxil olmuş etirazları, məhkəməyə təqdim olunmuş yeni sübutların məzmununu izah edir, habelə məhkəmə qətnaməsinin yoxlanılması üçün zəruri olan digər materiallar haqqında məlumat verir.

Maddə 379. İşdə iştirak edən şəxslərin izahatları

Məruzədən sonra məhkəmə məhkəmənin iclasına gəlmiş işdə iştirak edən şəxslərin və nümayəndələrin izahatlarını dinləyir. Apellyasiya şikayətini vermiş şəxs və onun nümayəndəsi çıxış edirlər. Qətnamədən hər iki tərəf şikayət verdikdə, birinci iddiaçı çıxış edir.

Maddə 380. Sübutların araşdırılması

380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.

Maddə 381. Məhkəmə çıxışları

Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar araşdırıldığı halda məhkəmə çıxışlarına yol verilə bilər. Bu zaman birinci apellyasiya şikayətini vermiş şəxs çıxış edir.

Maddə 382. Qətnamənin çıxarılması və elan edilməsi

Məhkəmə çıxışlarından sonra məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedir. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.

Maddə 383. Məhkəmə iclasının protokolu

Apellyasiya icraatında bu Məcəllənin 22-ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri

384.0. Apellyasiya instansiyası məhkəməsi:

384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

384.0.3. qətnaməni dəyişdirə bilər;

384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar

385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir:

387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa;

387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;

387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa;

387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;

387.2.5. qətnamə onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa;

387.2.6. qətnamə işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə;

387.2.7. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa.

387.3. Bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

Maddə 388. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması

Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması

Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması

Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dillər işin hallarına hesab edilmir.

Maddə 391. İcraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla qətnamənin ləğv edilməsi

Məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir.

Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:

392.1.1 qətnamənin çıxarılma vaxtı və yeri;

392.1.2. qətnaməni çıxarmış məhkəmənin adı və tərkibi;

392.1.3. apellyasiya şikayətini vermiş şəxs;

392.1.4. şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu;

392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar;

392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri.

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Maddə 394. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardadı

İşə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi qərardad çıxara bilər.

 

Fəsil 42

 

Bİrİncİ İnstansİya məhkəmələrİnİn qərardadlarından şİkayət verİlməsİ

Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ

395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:

395.1.1. bu Məcəllədə göstərilən hallarda;

395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

Maddə 396. Şikayətin verilmə müddəti

396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi təqdim edilən gündən 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.

396.2. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır.

Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası

397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

397.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti

398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi

Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya mәhkәmәsi üçün məcburidir.

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi

Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 401. İşin qaytarılması

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir.

 

Fəsil 43

 

Kassasİya İnstansİyası məhkəməsİndə İcraat

 

Maddə 402. Kassasiya şikayəti vermə hüququ

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.

Maddə 403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ

403.1. Apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.

403.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə və qərardadından təqdimat verə bilər.

403.3. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda prokuror məhkəmə araşdırmalarında iddiaçı və ya ərizəçi olduqda, protest vermək hüququna malikdir.

403.4. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən kassasiya instansiyası məhkəməsinə verilən şikayətdir və hüquqi mahiyyətinə, nəticələrinə görə kassasiya şikayətinə bərabər tutulur.

Maddə 404. Kassasiya qaydasında işə baxan məhkəmə

404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:

404.1.1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasının qətnamələrindən və qərardadlarından — Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına;

404.1.2. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnamələrindən və qərardadlarından — Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına.

404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki işlər və iqtisadi mübahisələr üzrə kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər.

Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405.1. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilər.

405.2. Bu müddət apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad tərəfə verildiyi vaxtdan hesablanır.

Maddə 406. Kassasiya şikayəti vermə qaydası

406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Maddə 407. Kassasiya şikayətinin məzmunu

407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:

407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;

407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti;

407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması;

407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

407.3. Şikayət onu verən şəxs tərəfindən, yaxud onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

407.4. Şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

Maddə 408. Kassasiya şikayətinin qaytarılması

408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:

408.1.1. kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa;

408.1.2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə;

408.1.3. kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə;

408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

408.1.6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa.

408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

408.4. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

408.5. Bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

Maddə 409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi

Kassasiya şikayəti verildikdən və onun bu Məcəllənin 407-ci maddəsinə uyğunluğu yoxlanıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini işlə və işə aid olan bütün materiallarla birlikdə Ali Məhkəməyə göndərir.

Maddə 410. Kassasiya şikayətindən imtina edilməsi

410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

Maddə 411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad

Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.

Maddə 412. Kassasiya şikayətinin rəsmi qaydada təqdim edilməsi

412.1. Kassasiya şikayəti və buna əlavə olunmuş sənədlər əks tərəfə rəsmi qaydada təqdim olunur.

412.2. İşdə iştirak edən şəxslər kassasiya şikayətinin surətini aldıqdan sonra 20 gündən gec olmayaraq kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

Maddə 413. Qətnamənin və ya qərardadın icrasının dayandırılması

413.0. Kassasiya məhkəməsi işdə iştirak edən şəxslərin vəsatəti ilə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin və ya qərardadın və birinci instansiya məhkəməsinin onlarla bağlı olan qətnaməsinin, qərardadının icrasını kassasiya icraatı başa çatana kimi aşağıdakı hallarda dayandıra bilər:

413.0.1. işdə iştirak edən şəxslər çoxuşaqlı ailəyə malikdirlərsə;

413.0.2. işdə iştirak edən şəxslər əmək qabiliyyətinin, ailəni dolandıranın itirilməsi, xəstəlik, əlillik nəticəsində ağır maddi vəziyyətə düşmüşlərsə;

413.0.3. işdə iştirak edən şəxslər yaşayış sahəsini itirmişlərsə və digər yerdə yaşamağa imkanları yoxdursa.

Maddə 414. Kassasiya şikayətinə baxılması müddəti

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına, yaxud iqtisadi mübahisələrə dair məhkəmə kollegiyasına işlə birlikdə daxil olmuş kassasiya şikayətinə onun daxil olduğu gündən 2 ay müddətində baxılır.

Maddə 415. İşdə iştirak edən şəxslərin xəbərdar edilməsi

415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.

415.2 İşdə iştirak edən şəxslər və onların nümayəndələri işə baxılma vaxtı və yeri barədə xəbərdar edilirlər.

Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri

417.0. Kassasiya məhkəməsi işə baxarkən:

417.0.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;

417.0.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;

417.0.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

417.0.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1., 259.0.2. və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1.—261.0.3., 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:

418.4.1. işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa;

418.4.2. qətnamə və ya qərardad hər hansı hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə göstərilməyən hakimlər tərəfindən imzalanmışsa;

418.4.3. qərardad işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılmışsa;

418.4.4. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa;

418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;

418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə;

418.4.7. məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa;

418.4.8. işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa.

418.5. Bu Məcəllənin 418.4.1.—418.4.3-cü və 418.4.6-cı maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Maddə 419. Kassasiya instansiyası məhkəməsinin qərarı

419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir.

419.2. Qərarda aşağıdakılar göstərilməlidir;

419.2.1. qərarı çıxaran məhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları;

419.2.2. kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları;

419.2.3. işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin adı, işin nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları;

419.2.4. çıxarılmış qətnamənin və qərardadın qısı məzmunu;

419.2.5. çıxarılmış qətnamənin, qərardadın qanuniliyini yoxlamaq barədə irəli sürülmüş əsaslar;

419.2.6. kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər;

419.2.7. məhkəmə iclasında iştirak edən şəxslərin izahatları;

419.2.8. işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və normativ hüquqi aktların məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar;

419.2.9. apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri;

419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri;

419.2.11. iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər.

419.3. Qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.

419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi

Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Maddə 421. İşin qaytarılması

İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır.

 

Fəsil 44

 

Əlavə kassasİya qaydasında İcraat

Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.

Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının və iqtisadi mübahisələr üzrə məhkəmə kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.

Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları

424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.

424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;

424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;

424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası yoxdursa;

424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa.

Maddə 425. Təqdimatın, protestin və şikayətin məzmunu

Təqdimat, protest və şikayət bu Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.

Maddə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi

426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.

426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər.

426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə göndərilir.

Maddə 427. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi

427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir.

427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur.

Maddə 428. İşə baxılması

428.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əvvəllər işə baxılmasında iştirak etməmiş hakimin işin halları və təqdimatın, protestin və ya şikayətin dəlilləri barədə məruzəsini dinləyir.

428.2. Plenumun iclasına izahat vermək üçün protest və ya şikayəti vermiş şəxslər, habelə işdə iştirak edən digər tərəflər çağırıla bilərlər. Bu halda onlara Plenum iclasının vaxtı və yeri barədə bildiriş göndərilir. Onların gəlməməsi işə baxılmasına mane olmur.

428.3. İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya şikayətin təmin edilməsi leyhinə və əleyhinə verilmiş səslərin sayı bərabər olduqda təqdimat, protest və ya şikayət rədd edilmiş sayılır.

Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri

429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır:

429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;

429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;

429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;

429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə, yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2 və 259.0.8—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək;

429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.

Maddə 430. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır.

430.2. Qərarda aşağıdakılar göstərilməlidir:

430.2.1. qərarı çıxarmış məhkəmənin adı;

430.2.2. qərarın çıxarılma vaxtı və yeri;

430.2.3. haqqında qərar çıxarılan iş;

430.2.4. şikayət verən şəxs;

430.2.5. təqdimat və ya protest verən şəxs;

430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;

430.2.7. çıxarılan qərarın əsaslandığı qanun;

430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.

430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən imzalanır və işdə iştirak edən şəxslərə göndərilir.

Maddə 431. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə tərəfindən tətbiq edilən normativ hüquqi aktın əsas hüquq və azadlıqları pozmuş hesab etdiyi halda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatına Ali Məhkəmənin plenumunda baxılması

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sorğusu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən normativ hüquqi aktlar ilə əsas hüquq və azadlıqların pozulduğu müəyyən edildikdə, Plenum bu fəslin müddəalarına uyğun olaraq əlavə kassasiya qaydasında həmin aktlara əsasən çıxarılmış məhkəmə aktlarını Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında tam və ya qismən ləğv edir.

 

Fəsil 45

 

Qanunİ qüvvəyə mİnmİş məhkəmə aktlarına yenİ açılmış hallar üzrə yenİdən baxılması üzrə İcraat

Maddə 432. İşə yenidən baxılması

432.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər.

432.2. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:

432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə;

432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;

432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;

432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

Maddə 433. Məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxan məhkəmə

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır.

Maddə 434. Ərizə vermənin qaydası və müddəti

434.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş bu Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər.

434.2. Ərizəçi işdə iştirak edən digər şəxslərə öz ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətlərini göndərməyə borcludur.

434.3. Ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur.

434.4. Müəyyən olunmuş müddət keçdikdən sonra ərizə verildikdə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim olunmadıqda, o, ərizəçiyə qaytarılır.

Maddə 435. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin məzmunu

435.1. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə aşağıdakılar göstərilməlidir:

435.1.1.  barəsində mübahisə edilən aktın dəqiq göstərilməsi;

435.1.2. ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi;

435.1.3. ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və bunun üçün sübut vasitələrinin göstərilməsi;

435.1.4. qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər.

435.2. Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432-ci maddəsində göstərilən sənədlər əlavə olunur.

Maddə 436. Ərizə vermək üçün müddətin hesablanması

436.1. Ərizə vermək üçün müddət aşağıdakı qaydada hesablanır:

436.1.1. bu Məcəllənin 432.2.1-ci maddəsi ilə nəzərdə tutulan hallarda iş üçün mühüm əhəmiyyəti olan hallar açıldığı gündən;

436.1.2. bu Məcəllənin 432.2.2 və 432.2.3-cü maddələri ilə nəzərdə tutulan hallarda cinayət işi üzrə hökmün qanuni qüvvəyə mindiyi gündən;

436.1.3. bu Məcəllənin 432.2.4-cü maddəsi ilə nəzərdə tutulan hallarda—məhkəmə hökmünün, qətnaməsinin, qərardadının, qərarının qanuni qüvvəyə mindiyi gündən və ya dövlət orqanı, yaxud digər orqan tərəfindən öz məzmununa görə yenidən baxılan qətnamə, qərardad və ya qərarın əsaslandığı hökmə, qətnaməyə, qərardada və ya qərara zidd olan qərarın çıxarıldığı gündən.

436.2. Bu Məcəllənin 432-ci maddəsində nəzərdə tutulan hallar aşkar edildiyi gündən 3 il keçdikdən sonra bu barədə ərizəyə baxılmır.

Maddə 437. Ərizəyə baxılması

437.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçi və işdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur.

437.2. Ərizəyə və işə bu Məcəllənin 44-cü fəslində müəyyən olunmuş qaydada baxılır.

Maddə 438. İşə yenidən baxmaq haqqında qərardad

438.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv edir, ya da yenidən baxmağı rədd edir.

438.2. Məhkəmə aktları ləğv edildikdə, iş bu Məcəllənin 3 və 4-cü fəsillərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə göndərilir və bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə tərəfindən yenidən baxılır.

 

Dördüncü bölmə

 

Xarİcİ şəxslərİn İştİrakı İlə İcraat

 

Fəsil 46

 

Məhkəmələrİn beynəlxalq səlahİyyətlərİ

 

Maddə 439. Xarici şəxslərin prosessual hüquqları

439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.

Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat

440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.

440.3. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər.

Maddə 441. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti

441.1. Əcnəbilərin prosessual hüquq və fəaliyyət qabiliyyəti vətəndaşı olduqları dövlətin qanunları ilə müəyyən edilir.

441.2 Əcnəbinin bir neçə vətəndaşlığı olduqda onun prosessual hüquq və fəaliyyət qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir.

441.3. Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin şəxsin daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə müəyyən edilir.

441.4. Qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir.

Maddə 442. Xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların prosessual hüquq və fəaliyyət qabiliyyəti

442.1. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər.

442.2. Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir.

Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti

443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır:

443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda;

443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda;

443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda;

443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda;

443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə;

443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;

443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə;

443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda;

443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda;

443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri.

Maddə 444. Müstəsna səlahiyyət

444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir:

444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə;

444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa;

444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi Azərbaycan Respublikasında olmuşdursa;

444.0.4. məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə;

444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;

444.0.6. əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər.

Maddə 445. Xüsusi icraat işləri

445.0. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar:

445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa;

445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda;

445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda;

445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə;

445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə;

445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə.

Maddə 446. Nikah münasibətlərindən əmələ gələn işlər

446.0. Nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətə malikdirlər:

446.0.1. əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;

446.0.2. əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən olduğu yeri vardırsa;

446.0.3. Azərbaycan Respublikasına gəldiyi vaxtdan ər-arvaddan biri vətəndaşlığı olmayan şəxsdirsə.

Maddə 447. Valideynlərlə uşaqlar arasında işlər

Şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun.

Maddə 448. Övladlığa götürmə

Məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o zaman müstəsna səlahiyyətə malik olurlar ki, övladlığa götürən ər-arvaddan biri və ya uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onların Azərbaycan Respublikasında adətən olduğu yer olsun.

Maddə 449. Qəyyumluq, himayəçilik

449.1. Qəyyumluq və ya himayəçiliklə əlaqədar tapşırıqları icra etdikdə Azərbaycan Respublikasının məhkəmələri o hallarda beynəlxalq səlahiyyətə malik olurlar ki, himayəçiliyə, qəyyumluğa verilən və yaxud uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun, yaxud da onların Azərbaycan Respublikasında adətən yaşayış yerləri olsun.

449.2. Əgər himayəçiliyə, qəyyumluğa verilənin və yaxud uşağın Azərbaycan Respublikası məhkəmələrinin himayəçiliyinə ehtiyacları varsa, Azərbaycan Respublikası məhkəmələri bu barədə beynəlxalq səlahiyyətə malikdirlər.

Maddə 450. Müqavilə aidiyyəti

450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

Maddə 451. İşə baxılması yerinin dəyişməzliyi

Azərbaycan Respublikası məhkəməsi tərəfindən səlahiyyət qaydalarına əməl edilməklə icraata qəbul edilmiş iş, sonradan tərəflərin vətəndaşlığının, yaşayış yerinin və ya adətən yerləşdiyi yerin dəyişməsi ilə əlaqədar və ya digər hallarda başqa dövlətin məhkəməsinə aid olsa da, mahiyyəti üzrə həll edilir.

Maddə 452. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə xarici məhkəmələr tərəfindən baxılmasının prosessual nəticələri

452.1. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir.

452.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsində əvvəllər qaldırılmış iş olarsa və qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və ya icra edilməlidirsə, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya ərizəni baxılmamış saxlayır.

452.3. Əgər xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən və ya qəbul ediləcək qətnamə Azərbaycan Respublikasının ərazisində tanınmalı və ya icra olunmalı deyildirsə və yaxud iş Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətlərinə aiddirsə, bu Məcəllənin 452.1 və 452.2-ci maddələrinin nəticələri yaranmır.

Maddə 453. Diplomatik missiyanın üzvləri

Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir.

Maddə 454. Konsulluq nümayəndəliklərinin üzvləri

Azərbaycan Respublikasında yaradılmış konsulluq nümayəndəliklərinin üzvləri, konsulluğun seçilmiş qulluqçuları da daxil olmaqla konsulluq münasibətləri barəsində 24 aprel 1963-cü il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin onların dövlətlərinin həmin məsuliyyət barədəki müqavilənin iştirakçıları olmadığı hallara da aid edilir.

Maddə 455. Digər toxunulmazlıq

Azərbaycan Respublikasının mülki məhkəmə məsuliyyəti xidməti dəvət üzrə Azərbaycan Respublikasında olan digər dövlətlərin nümayəndələrinə və onların müşayiətçilərinə şamil edilmir.

Maddə 456. Məhkəmə tapşırıqları

456.1. Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş qaydada xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.).

456.2. Aşağıdakı hallarda tapşırıqlar icra edilməməlidir:

456.2.1. əgər tapşırığın yerinə yetirilməsi Azərbaycan Respublikasının suverenliyinə və onun qanunvericiliyinin ümumi prinsiplərinə ziddirsə;

456.2.2. əgər tapşırığın yerinə yetirilməsi məhkəmənin səlahiyyətinə aid deyildirsə.

456.3. Xarici məhkəmələrin ayrı-ayrı prosessual tapşırıqlarının yerinə yetirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edilməyibsə, bu Məcəllədə müəyyən edilmiş qaydalarla icra edilir.

456.4. Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər.

456.5. Əgər lazım olan hərəkətləri Azərbaycan Respublikasının diplomatik və ya konsul nümayəndələri edə bilərlərsə, bu barədə onlara müraciət edilə bilər.

456.6. Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilir.

Maddə 457. Xarici dövlətlərin orqanları tərəfindən verilmiş sənədlərin tanınması

Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir.

Maddə 458. Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi

458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.

Maddə 459. Xarici məhkəmələrin icrası tələb olunmayan qətnamələrin tanınması

459.0. Xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı qətnamələri Azərbaycan Respublikasında tanınır:

459.0.1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan qətnamələr;

459.0.2. nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr;

459.0.3. nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr.

Maddə 460. Başqa dövlətlərə çatdırılma

460.1. Başqa dövlətlərə korrespondensiyanın çatdırılması hüquqi yardım göstərilməsi barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə əsasən həyata keçirilir.

460.2. Çatdırılma hüquqi yardım göstərilməsini xahiş edən orqan tərəfindən təsdiq olunur.

460.3. Əgər korrespondensiyaların çatdırılması hüquqi yardım göstərilməsi barədə müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırılmasını təsdiq edən bildirişin verilməsi şərti ilə sifarişli məktubla göndərilir. Bu halda çatdırılmanın təsdiqi üçün məktubu çatdırmış poçt bölməsinin beynəlxalq hüquqa müvafiq olan təsdiq barədə arayışını təqdim etmək kifayətdir.

Maddə 461. Nümayəndə təyin etmə hüququ

461.1. Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.

461.2. Məhkəmə bu Məcəllənin 461.1-ci maddəsində göstərilən tərəfə təyin olunmuş vaxtda məhkəmə baxışında onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı barədə hüquqlarını sifarişli məktubla izah edir.

461.3. Əgər tərəf bu vaxt ərzində səlahiyyətli nümayəndə təyin etməmişsə, onda sifarişli məktubun poçta verildiyi gündən 1 ay müddətində onun çatdırılması barədə bildiriş təqdim edilməsə də məktub çatdırılmış hesab olunur.

461.4. Bu maddə üzrə əmələ gələ bilən şərait və nəticələr barədə tərəflərə məlumat verilməlidir.

 

Fəsil 47

 

Azərbaycan Respublİkasında xarİcİ məhkəmələrİn və arbİtrajların qətnamələrİnİn İcrası və tanınması

 

Ümumİ qaydalar

 

Maddə 462. Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması

Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

Maddə 463. Əsas qaydalar

Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

Maddə 464. Xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin icrası və tanınması barədə ərizələrə baxan məhkəmə

Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi

465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:

465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;

465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;

465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;

465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə;

465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;

465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.

465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.

 

Fəsil 48

 

Xarİcİ dövlətİn məhkəmə qətnamələrİnİn məcburİ İcrası