Ticarət Gəmiçiliyi Məcəlləsi

 Azərbaycan RESPUBLİKASININ Qanunu

 

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər

 

 1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri  tənzimləyir.

 1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar  çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir.

 1.3. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən və ya tam tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan  Respublikasının mülki qanunvericiliyinin müddəaları tətbiq edilir.

 

Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar

 

 2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur:

 2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması;

 2.1.2. su bioloji ehtiyatlarının ovu:

 2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;

 2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;

 2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;

 2.1.6. dənizdə batmış əmlakın qaldırılması;

 2.1.7. dəniz mühitinin qorunması və saxlanması;

 2.1.8. digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə.

 2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu.

 2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz  adından istismar edən şəxs.

 2.4. Dəniz limanı — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət  göstərilməsi, yüklər ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan  qurğular kompleksi.

 2.5. Liman hakimiyyət orqanları — müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər  səlahiyyətləri həyata keçirən dəniz limanlarının müvafiq orqanları.

 2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun olaraq gəminin müəyyən edilən ümumi tutumu.

 2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.

 2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi.

 

Maddə 3. Bu Məcəllədə müəyyən edilmiş qaydaların tətbiq dairəsi

 

 3.1. Bu Məcəllənin qaydaları aşağıdakılara şamil edilir:

 3.1.1. dəniz gəmilərinə — onların həm dəniz yolları, həm də daxili su yolları ilə hərəkət etdiyi zaman, əgər Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilədə və ya qanunda başqa hal müəyyən olunmamışdırsa;

 3.1.2. daxili sularda üzən gəmilərə, habelə "çay-dəniz" tipli gəmilərinə — xarici dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların  baqajının daşınmasını dəniz yolları, habelə daxili su yolları ilə icra etdikdə, xilasetmə əməliyyatını həyata keçirdikdə və dəniz gəmisi ilə  toqquşduqda.

 3.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi  gəmilərə və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə  edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-kommersiya yüklərinə şamil edilmir.

 

Maddə 4. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi

 

 4.1. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 4.2. Bu Məcəlləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı  öz səlahiyyəti hüdudlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul edir.

 4.3. Dəniz yollarının naviqasiya-hidroqrafik təminatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 5. Ticarət gəmiçiliyinə dövlət nəzarəti

 

 5.1. Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 5.2. Müvafiq icra hakimiyyəti orqanı dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

 5.2.1. ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında  Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasına;

 5.2.2. gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə;

 5.2.3. dəniz yollarının və dəniz yollarında qurulmuş texniki naviqasiya vasitələrinin vəziyyətinə;

 5.2.4. gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara;

 5.2.5. dəniz bələdçi xidmətinə və dəniz limanlarında gəmilərin hərəkətini idarəetmə sisteminə;

 5.2.6. xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı fəaliyyətinə;

 5.2.7. dəniz mühitinin mühafizəsinə.

 

Maddə 6. Hesablaşma vahidi

 

 6.1. Bu Məcəllənin 132, 148, 253.1, 262.1 və 280-ci maddələrində göstərilən məbləğlərin manatla ifadə olunma borcalmanın xüsusi hüququ  vahidində manatın dəyərinə müvafiq olaraq aşağıdakı müddəalar nəzərə alınmaqla həyata keçirilir:

 6.1.1. bu Məcəllənin 132 və 148-ci maddələrində göstərilən məbləğlərin — məhkəmə və ya münsiflər məhkəməsi qərarının çıxarıldığı və  ya tərəflərin razılaşması əsasında təyin edilmiş tarixə;

 6.1.2. bu Məcəllənin 253.1 və 262.1-ci maddələrində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranma  tarixinə;

 6.1.3. bu Məcəllənin 280-ci maddəsində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranması, ödəmənin  həyata keçirilməsi və ya ödəməyə eyni qiymətli təminatın verilməsi tarixinə.

 6.2. Borcalmanın xüsusi hüququ vahidində manatın dəyəri beynəlxalq maliyyə qurumlarının müvafiq tarixə öz əməliyyat və hesablaşmaları  üçün dəyərin müəyyən edilməsi metoduna uyğun hesablanır.

 

II fəsil

Gəmİ

Maddə 7. Gəmi üzərində mülkiyyət

 

 7.1. Gəmi üzərində mülkiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan bütün mülkiyyət formalarında olur.

 7.2. Gəminin mülkiyyətçisi gəmiyə münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və digər şəxslərin hüquqlarını  və qanunla qorunan mənafelərini pozmayan istənilən hərəkətləri həyata keçirə, o cümlədən gəmini digər şəxslərin mülkiyyətinə  özgəninkiləşdirə, mülkiyyətçi qalaraq gəmiyə sahiblik, istifadə və onun üzərində sərəncam hüquqlarını onlara verə bilər, habelə gəminin  ipotekasını müəyyənləşdirə və digər üsullarla sərəncam vermək hüququna malikdir.

 

Maddə 8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ

 

 8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin,  Azərbaycan Respublikasının dövlət və bələdiyyə mülkiyyətində olan gəmilərə verilir.

 8.2. Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz  gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsina və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının  Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ aşağıdakı hallarda verilə bilər:

 8.2.1. berbout-çarter üzrə gəmini fraxtedən bu Məcəllənin 8.1-ci maddəsində göstərilən tələblərə cavab verdikdə;

 8.2.2. gəmi mülkiyyətçisi gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

 8.2.3. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilmiş və qeydə alınmış gəminin ipotekasının və  ya həmin xarakterli yüklü edilmənin girovsaxlayanı gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə  yazılı razılıq verdikdə;

 8.2.4. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyi gəmiyə xarici dövlətin bayrağı altında üzmək hüququnun verilməsini qadağan  etmədikdə;

 8.2.5. gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilən anda gəminin xarici dövlətin bayrağı altında  üzmək hüququ dayandırılıbsa və ya dayandırılacaqsa.

 8.3. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq  olmayan müddətə, sonradan onun hər iki ildən bir uzadılması hüququ ilə verilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün  berbout-çarterin qüvvədəolma müddəti bir ildən az olmamalıdır.

 8.4. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun verilməsi barədə qərarın qüvvədən düşməsinin təsdiqi  həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir.

 

Maddə 9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun yaranması

 

 9.1. Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı  andan Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir.

 9.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək  hüququndan Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının dəniz limanı kapitanı tərəfindən ona belə  hüququn verilməsini təsdiq edən müvəqqəti şəhadətnamənin verildiyi andan istifadə edir.

 9.3. Müvəqqəti şəhadətnamə Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində gəmi qeydiyyata alındığı vaxta qədər, lakin altı aydan  çox olmamaq şərti ilə qüvvədə qalır.

 

Maddə 10. Gəminin milliliyi

 

 10.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan istifadə edən gəmi Azərbaycan Respublikasının milli  mənsubiyyətinə məxsusdur.

 10.2. Azərbaycan Respublikasının milli mənsubiyyətinə malik olan gəmi Azərbaycan Respublikasının Dövlət bayrağını daşımalıdır.

 

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun itirilməsi

 

 11.0. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu aşağıdakı hallarda itirir:

 11.0.1. bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

 11.0.2. bu Məcəllənin 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı altında gəmiyə üzmək  hüququnun verildiyi müddət bitdikdə və ya həmin hüququn verilməsinə dair qərar ləğv edildikdə.

 

Maddə 12. Gəminin müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirilməsi

 

 12.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmi berbout-çarter üzrə xarici fraxtedənin istifadəsinə və sahibliyinə  Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması şərti ilə müvafiq icra hakimiyyəti orqanının qərarı  əsasında verildikdə, belə gəmi aşağıdakı hallarda xarici dövlətin bayrağı altına müvəqqəti keçirilə bilər:

 12.1.1. gəmi mülkiyyətçisi gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə yazılı razılıq verdikdə;

 12.1.2. müvafiq qaydada müəyyənləşdirilmiş və qeydə alınmış gəmi ipotekası vaxtında ödənilmədikdə, ipoteka saxlayan gəmini xarici  dövlətin bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

 12.1.3. fraxtedənin dövlətinin qanunvericiliyində Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmiyə həmin  dövlətin bayrağı altına keçirilməyə və belə dövlətin bayrağı altında üzməyə verilmiş hüququn müddəti bitdikdə Azərbaycan  Respublikasının Dövlət bayrağı altına qaytarılmasına dair qadağan qoyan müddəalar olmadıqda.

 12.2. Gəmi xarici dövlətin bayrağı altında berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq olmayan müddətə, sonradan onun hər  iki ildən bir uzadılması hüququ ilə keçirilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma müddəti bir ildən az  olmamalıdır.

 12.3. Gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə dair qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında  həyata keçirilir.

 

Maddə 13. Gəminin adı

 

 13.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınacaq gəminin öz adı olmalıdır.

 13.2. Gəminin adı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən  verilir.

 13.3. Gəmi üzərində mülkiyyət hüququ başqasına keçdikdə və ya kifayət qədər olan digər əsaslarla gəminin adı dəyişdirilə bilər. Gəminin  qeydə alınmış ipotekasını saxlayanlar gəminin adının dəyişdirilməsi barədə dərhal məlumatlandırılır.

 

Maddə 14. Çağırış siqnalı

 

 14.1. Gəmiyə çağırış siqnalı verilir. Texniki təchizatından asılı olaraq gəmiyə həmçinin gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsi  və gəmi radiostansiyasının fərdi çağırış nömrəsi verilir.

 14.2. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin  verilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 15. Gəmilərin texniki nəzarəti və təsnifatı orqanları

 

 Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə texniki nəzarət və onların təsnifatı gəmi sahibinin və/və ya gəmi mülkiyyətçisinin  seçdiyi təsnifat cəmiyyəti tərəfindən həyata keçirilir.

 

Maddə 16. Gəmilərə texniki nəzarət

 

 16.1. Gəmi yalnız dənizdə üzmək təhlükəsizliyinin və ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin  tələblərinə cavab verdikdə səfərə buraxıla bilər.

 16.2. Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində sərnişin, yük-sərnişin, maye yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş  mühərriklərinin gücü 55 kVt-dan az olmayan digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən idman və  gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan özühərəkətetməyən gəmilərə texniki nəzarəti həyata keçirirlər.

 16.3. Tutumuna və baş mühərrikinin gücünə görə bu Məcəllənin 16.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi  gəmilərə texniki nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Maddə 17. Gəmilərin təsnifatı

 

 Təsnifat cəmiyyətləri öz səlahiyyətlərinə uyğun olaraq bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə quruluş tipindən və  təchizatından asılı olaraq müvafiq dərəcə verirlər. Gəmilərə dərəcənin verilməsi təsnifat şəhadətnamələri ilə təsdiqlənir.

 

Maddə 18. Əsas gəmi sənədləri

 

 18.1. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır:

 18.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

 18.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

 18.1.3. gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnamə;

 18.1.4. sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün);

 18.1.5. ölçü şəhadətnaməsi;

 18.1.6. yük çeşidi haqqında şəhadətnamə;

 18.1.7. gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;

 18.1.8. neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

 18.1.9. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

 18.1.10. zibillə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

 18.1.11. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);

 18.1.12. gəmi heyəti üzvlərinin siyahısı;

 18.1.13. gəmi jurnalı;

 18.1.14. maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün);

 18.1.15. çirkab sularla əməliyyatlar jurnalı;

 18.1.16. zibillə əməliyyatlar jurnalı;

 18.1.17. neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;

 18.1.18. neft tankerləri üçün neft əməliyyatları jurnalı;

 18.1.19. sanitar jurnalı;

 18.1.20. səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi;

 18.1.21. sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

 18.1.22. beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər.

 18.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi  qaydada aparılır.

 18.3. Sanitar jurnalı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

 18.4. Sanitar, karantin nəzarəti və digər nəzarət üçün istifadə edilən gəmilərdə ölçü və yük çeşidi haqqında şəhadətnamələr tələb edilməyə  bilər. Belə gəmilərə müvafiq şəhadətnamə verilməklə, sadələşdirilmiş üsulla onun tutumu müəyyənləşdirilə bilər.

 18.5. Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio,  gəmi və sanitar jurnalları tələb edilmir.

 

Maddə 19. Əlavə gəmi sənədləri

 

 Gəmidə bu Məcəllənin 18-ci maddəsində göstərilmiş sənədlərə əlavə olaraq, təsnifat cəmiyyətinin təsdiq olunmuş qaydalarında nəzərdə  tutulmuş sənədlər də olmalıdır.

 

Maddə 20. Bəzi kateqoriyalı gəmilərin gəmi sənədləri

 

 İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən gəmilərdə və tutumu 80 tondan az olan  özühərəkətetməyən gəmilərdə zəruri olan gəmi sənədlərinin siyahısını, onların verilmə və aparılma qaydasını müvafiq icra hakimiyyəti  orqanı müəyyən edir.

 

Maddə 21. Uzaq səfərə çıxan gəmilər üçün gəmi sənədləri

 

 Uzaq səfərə çıxan gəmilərdə bu Məcəllənin 18-20-ci maddələrində göstərilən sənədlərdən başqa, Azərbaycan Respublikasının beynəlxalq  müqavilələri ilə nəzərdə tutulmuş sənədlər də olmalıdır.

 

Maddə 22. Gəmi sənədlərini verən orqanlar

 

 22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr  gəmini qeydiyyata alan orqan tərəfindən verilir.

 22.2. Gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməni, ölçü şəhadətnaməsini, sərnişin şəhadətnaməsini, yük çeşidi haqqında  şəhadətnaməni, neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının alınması  haqqında şəhadətnaməni, zibil ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni və digər əlavə gəmi sənədlərini təsnifat  cəmiyyəti verir. Gəmilərin bəzi kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük çeşidi haqqında şəhadətnamələr təsnifat cəmiyyətinin  icazəsi ilə tələb edilmir.

 22.3. Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti  tərəfindən verilir.

 22.4. Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 22.5. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 

Maddə 23. Xarici dövlətin bayrağı altında üzən gəminin sənədlərinin tanınması

 

 Xarici dövlətin bayrağı altında üzən və Azərbaycan Respublikasının limanlarına daxil olan gəminin sənədlərinin tanınması Azərbaycan  Respublikasının beynəlxalq müqavilələri əsasında həyata keçirilir.

 

Maddə 24. Gəmi sənədlərinə dair irəli sürülən tələblər

 

 Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin həmin şəhadətnaməni verən orqan tərəfindən təsdiq olunmuş surəti istisna olmaqla,  gəmidə bütün gəmi sənədlərinin əsli olmalıdır.

 

Maddə 25. Gəmi sənədlərinin aparılma qaydaları. Gəmi jurnalının saxlanması

 

 25.1. Bu Məcəllənin 18.1.13-18.1.19-cu maddələrində göstərilmiş jurnallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş  qaydalara uyğun olaraq aparılır.

 25.2. Gəmi jurnalında axırıncı qeyd edildikdən sonra o, gəmidə iki il müddətində saxlanılır. Göstərilən müddət bitdikdən sonra gəmi jurnalı  gəminin sahibinə və (və ya) mülkiyyətçisinə saxlamaya verilir.

 25.3. Gəmi jurnalı müvafiq məlumatı almaq hüququ olan şəxslərə tanış olmaq və ondan surət çıxarmaq üçün təqdim edilir.

III fəsil

Gəmİlərİn və onlara olan hüquqların qeydİyyata alınması

Maddə 26. Azərbaycan Respublikasının gəmi reyestrləri

 

 26.1. Gəmi Azərbaycan Respublikasının aşağıda göstərilən gəmi reyestrlərinin birində qeydiyyata alınmalıdır:

 26.1.1. Dövlət gəmi reyestrində;

 26.1.2. gəmi kitabında;

 26.1.3. berbout-çarter reyestrində.

 26.2. Gəmiyə mülkiyyət hüququ və gəmidə digər əşya hüquqları, habelə ona olan hüququn məhdudlaşdırılması (ipoteka və sair  məhdudlaşdırmalar) Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmalıdır.

 26.3. Gəmiyə mülkiyyət hüququnun və digər əşya hüquqlarının, habelə ona olan hüquqların məhdudlaşdırılmasının Dövlət gəmi reyestrində  və ya gəmi kitabında qeydiyyata alınması yalnız məhkəmə qaydasında mübahisə edilə bilən qeydiyyata alınmış hüququn mövcudluğunun  yeganə sübutudur.

 26.4. Bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş gəmi reyestrləri bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olaraq aparılır.

 26.5. Gəmilərin və onlara olan hüquqların dəniz limanlarında qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq edilir.

 26.6. Bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq təsnifat cəmiyyətləri tərəfindən texniki nəzarəti həyata keçirilən gəmilər Dövlət gəmi  reyestrində qeydiyyata alınırlar.

 26.7. Bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq digər orqan tərəfindən texniki nəzarəti həyata keçirilən gəmilər gəmi kitabında  qeydiyyata alınırlar.

 26.8. Gəmiyə məxsus olan üzən vasitələr gəmi reyestrlərində qeydiyyata alınmır.

 26.9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmilər berbout-çarter reyestrində qeydiyyata  alınır.

 26.10. Gəmilər kommersiya məqsədi ilə istifadə edildiyi hallarda bu fəslin qaydalarına uyğun olaraq yenidən qeydiyyatdan keçirilə bilərlər.

 

Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar

 

 27.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını dəniz limanının kapitanı həyata keçirir.

 27.2. Bu Məcəllənin 16.3-cü maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 28. Gəmilərin qeydiyyata alınmasının şərtləri

 

 28.1. Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər.

 28.2. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin gəmi reyestrindən çıxarılmasını təsdiq edən  şəhadətnamə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alına bilər.

 28.3. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəminin  müəyyən olunmuş qaydada reyestrdən çıxarılırsa, onun Dövlət qeydiyyatı tanınmır.

 28.4. Gəmilərin Dövlət gəmi reyestrində, gəmi kitabında və berbout-çarter reyestrində qeydiyyata alınmasına və onlarda hər hansı  dəyişikliklərin edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənişlər tutulur.

 

Maddə 29. Gəminin berbout-çarter reyestrində qeydiyyata alınması

 

 29.1. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi ona Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək  hüququnun verilməsi haqqında qərarın qəbul edildiyi gündən bir ay müddətində berbout-çarter reyestrində qeydiyyata alınmalıdır.

 29.2. Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən  və qeydiyyata alınmaq üçün zəruri olan sənədlər əlavə olunmaqla həyata keçirilir.

 

Maddə 30. Dövlət gəmi reyestrinə və gəmi kitabına daxil olan məlumatlar

 

 30.1. Gəmilər Dövlət gəmi reyestrində və gəmi kitabında gəminin mülkiyyətçisinin (mülkiyyətçilərinin) adına qeydiyyata alınır.

 30.2. Dövlət gəmi reyestrinə və gəmi kitabına aşağıdakı əsas məlumatlar daxil edilir:

 30.2.1. gəminin qeydiyyat sıra nömrəsi və qeydiyyata alınma tarixi;

 30.2.2. gəminin adı (əvvəlki və hazırkı), əgər varsa əvvəlki qeydiyyata alınma limanı (yeri) və qeydiyyatın ləğv edilmə tarixi;

 30.2.3. gəminin qeydiyyata alındığı limanın (yerin) adı və gəmiyə beynəlxalq dəniz təşkilatı tərəfindən verilmiş identifikasiya nömrəsi;

 30.2.4. gəminin çağırış siqnalı;

 30.2.5. gəmiqayırma tərsanəsinin adı, yeri və gəminin inşa edildiyi il;

 30.2.6. gəminin tipi və təyinatı, onun üzmə rayonu;

 30.2.7. gəminin əsas texniki xarakteristikaları, o cümlədən tutumu (ümumi və xalis), tam yükgötürmə qabiliyyəti və əsas ölçüləri;

 30.2.8. gəminin mülkiyyətçisinin (mülkiyyətçilərin) adı, vətəndaşlığı və ünvanı;

 30.2.9. gəminin bir neçə mülkiyyətçisi olduqda hər mülkiyyətçinin ümumi paylı mülkiyyətdə payı;

 30.2.10. gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi  haqqında müqavilə və s.);

 30.2.11. gəmi sahibi gəminin mülkiyyətçisi olmadıqda, onun adı və ünvanı;

 30.2.12. gəminin qeydə alınmış ipotekası haqqında məlumatlar;

 30.2.13. gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının əsası və tarixi.

 30.3. Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əlavə aşağıdakı əsas  məlumatlar daxil edilir:

 30.3.1. gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının  adı və qərarın qəbul edildiyi tarix;

 30.3.2. gəminin xarici dövlətin bayrağı altında müvəqqəti üzmək müddəti;

 30.3.3. gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı;

 30.3.4. berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı;

 30.3.5. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi.

 

Maddə 31. Berbout-çarter reyestrinə daxil olmalı məlumatlar

 

 31.1. Gəmilər berbout-çarter reyestrində gəmini berbout-çarter üzrə fraxtedənin adına qeydiyyata alınır.

 31.2. Berbout-çarter reyestrinə aşağıdakı əsas məlumatlar daxil edilir:

 31.2.1. gəminin adı;

 31.2.2. gəmi mülkiyyətçisinin adı və ünvanı;

 31.2.3. gəmini berbout-çarter üzrə fraxtedənin adı və ünvanı;

 32.2.4. berbout-çarterin bağlanma tarixi və onun qüvvədəolma müddəti;

 31.2.5. gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun başa çatmasının tarixi;

 31.2.6. bilavasitə bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyata alındığı xarici dövlətin gəmi reyestri barəsində, belə reyestrdə  qeydiyyata alınmış gəmiyə mülkiyyət hüququ, habelə gəminin ipotekası və ya gəminin həmin xarakterli yüklü edilməsinə münasibətdə  reyestrin aparıldığı dövlətin qanunvericiliyinin tətbiq edilməsi göstərilməklə, məlumatlar.

 31.3. Gəminin ipotekasının və ya gəminin həmin xarakterli yüklü edilməsinin girov saxlayanının xahişi ilə berbout-çarter reyestrinə girov  saxlayanın adı və bayrağın dəyişdirilməsinə qədər xarici dövlətin gəmi reyestrlərində qeydiyyata alınmış gəminin ipotekası və ya həmin  xarakterli yüklü edilməsinə aid olan digər məlumatlar da daxil edilə bilər.

 

Maddə 32. Gəmi reyestrlərinə daxil edilən məlumatların dəyişdirilməsi barədə xəbər vermək vəzifəsi

 

 Dövlət gəmi reyestrinə, gəmi kitabına və ya berbout-çarter reyestrinə daxil edilən məlumatlarda hər hansı bir dəyişiklik barəsində gəmi  mülkiyyətçisi və ya berbout-çarter üzrə fraxtedən onlara belə dəyişikliyin məlum olduğu gündən iki həftə ərzində gəminin qeydiyyata  alındığı orqana məlumat verməyə borcludur.

 

Maddə 33. Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması

 

 Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması gəminin suya salındığı gündən bir ay ərzində, Azərbaycan  Respublikasının hüdudlarından kənarda əldə edilən gəminin isə Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən bir ay  ərzində həyata keçirilməlidir.

 

Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi

 

 34.1. Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman (yer)  dəyişdirildikdə, gəminin əvvəlki qeydiyyata alındığı limanda (yerdə) aparılan Dövlət gəmi reyestrində və ya gəmi kitabında olan bütün  məlumatlar həmin liman (yer) kapitanının verdiyi sənədlər əsasında gəminin yeni qeydiyyata alındığı limanda (yerdə) aparılan Dövlət gəmi  reyestrinə və ya gəmi kitabına daxil edilir.

 34.2. Gəminin yeni qeydiyyata alındığı limanda (yerdə) aparılan Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınması  Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən şəhadətnamə ilə təsdiqlənir.

 

Maddə 35. Gəminin təkrar qeydiyyata alınması

 

 Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əvvəllər daxil edilmiş məlumatlara uyğun  gəlmədikdə, gəmi yenidən yoxlandıqdan və üzgüçülüyə yararlı olması haqqında şəhadətnamə aldıqdan sonra təkrar qeydiyyata alına bilər.

 

Maddə 36. Gəminin qeydiyyata alınmasını təsdiq edən gəmi şəhadətnaməsinin itirilməsi

 

 36.1. Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını  gəmini qeydiyyata alan orqan verir.

 36.2. Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman bu Məcəllənin 36.1-ci maddəsində göstərilən sənəd itdikdə,  Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının dəniz limanı kapitanı gəmi kapitanının ərizəsi əsasında  gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamə verə bilər. Həmin sənəd  verildiyi gündən bir ay ərzində gəmini qeydiyyata alan orqan tərəfindən dublikat ilə əvəz edilir.

 

Maddə 37. Gəmini və ona olan hüquqları qeydiyyata almaqdan imtina

 

 Gəmilərin qeydiyyata alınması haqqında bu Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulduqda və ya gəminin qeydiyyata alınması üçün  təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə cavab vermədikdə, gəmini və ona olan hüquqları  qeydiyyata almaqdan imtina edilə bilər.

 

Maddə 38. Gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılması

 

 38.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən və ya gəmi kitabından mütləq çıxarılmalıdır:

 38.1.1. məhv olduqda və ya xəbərsiz itkin düşdükdə;

 38.1.2. konstruksiya cəhətdən məhv olduqda;

 38.1.3. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;

 38.1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə.

 38.2. Əgər gəmi barəsində axırıncı məlumat alınan yerdən gəminin təyinat limanına adi şəraitdə çatması üçün zəruri olan müddətdən iki  dəfədən artıq müddət keçibsə və bu müddət ərzində gəmidən heç bir məlumat alınmayıbsa, o, xəbərsiz itkin düşmüş hesab edilir. Gəminin  xəbərsiz itkin düşmüş hesab edilməsi üçün zəruri olan müddət gəmidən axırıncı məlumatın alındığı gündən başlayaraq bir aydan az və üç  aydan artıq ola bilməz, hərbi əməliyyatlar şəraitində isə altı aydan az ola bilməz.

 38.3. Zədə almış gəminin bərpası mümkün olmadıqda və ya gəminin təmiri iqtisadi cəhətdən məqsədə müvafiq olmadıqda, gəmi konstruktiv  cəhətdən məhv olmuş hesab edilir.

 

Maddə 39. Gəmi reyestrlərinin aşkarlığı

 

 Gəmi reyestrləri onlarda olan məlumatın alınmasında maraqlı olan istənilən şəxslər üçün aşkar xarakter daşıyır. Azərbaycan  Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tariflər üzrə ödənişlə gəmi reyestrlərindən müvafiq qaydada tərtib edilmiş çıxarışları  maraqlı şəxslər almaq hüququna malikdirlər.

 

Maddə 40. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulmasına görə məsuliyyət

 

 Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçıran, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində  qeydiyyata almış və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər vermək borcunu pozmuş şəxs Azərbaycan  Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət daşıyır.

 

IV fəsil

Gəmİ heyətİ. Gəmİ kapİtanı

Maddə 41. Gəmi heyətinin statusu

 

 41.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi heyətinin hüquqi statusu, həmçinin gəminin istismarında iştirak edən  heyət üzvləri və gəminin heyət üzvləri ilə gəmi sahibi arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən  müəyyənləşdirilir.

 41.2. Bu Məcəllənin 41.1-ci maddəsində göstərilən münasibətlər Azərbaycan Respublikasının yurisdiksiyası şamil edilən sularda başqa  dövlətin bayrağı altında üzən gəmidə yarandıqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə  tutulmadıqda, gəmi sahibi ilə gəmi heyəti üzvlərinin arasında bağlanmış müqavilənin şərtləri əsasında, gəminin bayrağı altında üzdüyü  dövlətin qanunvericiliyi ilə tənzimlənir.

 

Maddə 42. Gəmi heyətinin tərkibi

 

 42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir.

 42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər,  radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə  bilər.

 42.3. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdır.

 

Maddə 43. Gəmi heyətinin minimal tərkibi

 

 Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyətinin minimal tərkibi gəminin növündən, üzdüyü rayondan və təyinatından asılı olaraq,  müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.

 

Maddə 44. Gəmi heyəti üzvlərinin ixtisaslarına olan tələblər

 

 44.1. Gəmi heyəti üzvlərinin vəzifələrini tutmağa müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən gəmi heyəti üzvlərinə sertifikat  (diplom) verilməsi haqqında əsasnamə ilə müəyyən edilmiş qaydada sertifikat (diplom) almış şəxslər burxılır.

 44.2. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) gəmi heyəti üzvlərinə, onlar gəmidə əmək stajına, yaşa,  sağlamlığın vəziyyətinə, peşə hazırlığına dair tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması nəticələrinə  görə, dəniz limanı kapitanı tərəfindən verilir.

 44.3. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) belə sertifikatların (diplomların) müəyyən edilmiş tələblərə uyğun  verilməsi barədə dəniz limanı kapitanının müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir.

 44.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya  səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin vurulması təhlükəsi  yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı sertifikatları (diplomları) geri götürə, ləğv edə və  ya onların qüvvədə olmasını dayandıra bilər.

 44.5. Təsdiqlənmiş sertifikatın (diplomun) qüvvədəolma müddəti bitdikdə, o geri götürüldükdə, ləğv edildikdə, yaxud qüvvədəolma müddəti  dayandırıldıqda bu Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuş təsdiqnamə qüvvəsini itirir.

 

Maddə 45. Gəmi heyəti üzvlərinin sağlamlığına dair tələblər

 

 Gəmidə işləməyə, belə işə sağlamlığının yararlığını təsdiqləyən sertifikatı olan şəxslər buraxılır. Sertifikatın forması və verilmə qaydası  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 46. Gəmi heyəti üzvlərinin vətəndaşlığı

 

 Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin gəmi heyətinin tərkibinə, gəmi kapitanı, gəmi kapitanının böyük  köməkçisi, böyük mexanik və radiomütəxəssis vəzifələri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil edilə bilər.

 

Maddə 47. Gəmidə əmək münasibətləri

 

 47.1. Gəmi heyəti üzvlərinin əmək münasibətləri, o cümlədən onların işəgötürmə müqavilələri işdən kənarda əmək fəaliyyəti ilə bağlı  münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Məcəllə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, Azərbaycan  Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin  intizam Nizamnaməsi ilə tənzimlənir.

 47.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat  donanması işçilərinin intizam Nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 48. Gəmi sahibinin vəzifələri

 

 48.1. Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir:

 48.1.1. təhlükəsiz əmək şəraitini;

 48.1.2. sağlamlıqlarının mühafizəsini;

 48.1.3. xilasetmə vasitələrinin mövcudluğunu;

 48.1.4. fasiləsiz olaraq ərzaq və su təchizatını;

 48.1.5. müvafiq iş və istirahət yerlərini;

 48.1.6. mədəni və məişət şəraitini.

 48.2. Gəmi sahibi və/və ya gəmi mülkiyyətçisi aşağıdakıları sığortalamağa borcludur:

 48.2.1. gəmi heyəti üzvlərinin əmək haqlarını və onlara çatacaq digər məbləğləri, o cümlədən repatriasiya xərclərini;

 48.2.2. gəmi heyəti üzvləri əmək funksiyalarını yerinə yetirərkən onların həyat və sağlamlıqlarını.

 

Maddə 49. Gəminin idarə olunması və gəmi kapitanının digər vəzifələri

 

 Gəmi kapitanına gəmini idarə etmək, o cümlədən gəminin səfərə çıxmasını və səfərdə təhlükəsizliyini təmin etmək, dəniz mühitini mühafizə  etmək, gəmidə nizam-intizamı saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının alınmasını təmin  etmək üçün tədbirlərin görülməsi həvalə olunur.

 

Maddə 50. Gəmi kapitanının dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərmək vəzifəsi

 

 50.1. Gəmi kapitanı öz gəmisinə və onda olan şəxslər üçün ciddi təhlükə yaratmamaq şərti ilə dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə  yardım göstərməyə borcludur.

 50.2. Bu Məcəllənin 50.1-ci maddəsində göstərilən vəzifəsinin pozulmasına görə gəmi kapitanı Azərbaycan Respublikasının cinayət  qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

 

Maddə 51. Gəmilərin toqquşmasından sonra gəmi kapitanının yardım göstərmək vəzifəsi

 

 51.1. Gəmilər toqquşduqda, toqquşan gəmilərin kapitanlarının hər biri, əgər bu onun sərnişinlərinə, gəmi heyəti üzvlərinə və gəmisinə ciddi  təhlükə yaratmırsa, toqquşmadan dərhal sonra digər gəmiyə, onun sərnişinlərinə və gəmi heyəti üzvlərinə yardım göstərməyə borcludur.

 51.2. Gəmi kapitanları, əgər bu mümkündürsə, öz gəmilərinin adlarını, qeydiyyata alındıqları limanların, habelə səfərə çıxdıqları və təyinat  limanlarının və ya daxil olacaqları yaxın limanların adını bir birlərinə xəbər verməyə borcludurlar.

 51.3. Gəmi kapitanı tərəfindən bu Məcəllənin 51.1. və 51.2-ci maddələrində göstərilən vəzifələrin pozulmasına görə gəmi sahibi məsuliyyət  daşımır.

 

Maddə 52. Gəmi kapitanının təcili tibbi yardım göstərmək vəzifəsi

 

 52.1. Gəminin dənizdə olma müddətində gəmidə olan şəxsin göstərilməsi mümkün olmayan təcili tibbi yardıma ehtiyacı varsa, gəmi kapitanı  gəmi sahibinə xəbər verməklə yaxındakı limana daxil olmağa və ya həmin şəxsi yaxındakı limana çatdırmaq üçün tədbirlər görməyə  borcludur.

 52.2. Gəmi xarici limana daxil olduqda və ya həmin şəxs xarici limana çatdırıldıqda gəmi kapitanı Azərbaycan Respublikasının səfirliyini və  ya konsulluq idarəsini bu barədə məlumatlandırmalıdır.

 

Maddə 53. Hərbi əməliyyat halında və hərbi təhlükə olan digər hallarda gəmi kapitanının vəzifəsi

 

 Gəminin səfərə çıxma və ya təyinat limanlarının yerləşdikləri rayonda, gəminin keçəcəyi rayonda hərbi əməliyyatlar aparıldıqda, habelə  hərbi təhlükə olan digər hallarda gəmi kapitanı gəminin, gəmidə olan insanların, sənədlərin, yüklərin və digər əmlakın məhv olunmasının,  zədələnməsinin və zəbt olunmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur.

 

Maddə 54. Gəmi heyətinin gəmini tərk etməsi

 

 54.1. Gəmi kapitanının fikrincə gəmi məhv olmaq qarşısındadırsa, gəmi kapitanı sərnişinlərin xilas edilməsi üçün bütün tədbirləri gördükdən  sonra gəmi heyətinin üzvlərinə gəmini tərk etməyə icazə verir.

 54.2. Gəmi kapitanı gəmi, radio və maşın jurnallarının, habelə səfərə aid olan xəritələrin, naviqasiya cihazları lentlərinin, sənədlərin və  qiymətli əşyaların xilası üçün bütün mümkün tədbirləri gördükdən sonra, gəmini sonuncu olaraq tərk edir.

 54.3. Gəmi məhv olduqda, gəmi heyətinin hansı dövlətin ərazisinə çatdırılmasından asılı olmayaraq, gəmi kapitanı gəmi heyətinə  münasibətdə hüquqlarını saxlayır və öz vəzifələrini icra edir.

 

Maddə 55. Gəmidə nizam-intizamın saxlanılması

 

 Gəmidə nizam-intizamın təmin olunması Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və  Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 56. Gəmi kapitanı təhqiqat orqanı kimi

 

 Səfərə çıxmış gəmidə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildikdə, gəmi  kapitanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, təhqiqat orqanının funksiyalarını yerinə yetirir.

 

Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm baş verdikdə gəmi kapitanının vəzifələri

 

 57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. Gəmi kapitanının təsdiq etdiyi vəsiyyatnamə notariat  qaydasında təsdiq edilən sənədlərə bərabər tutulur.

 57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında müvafiq qeyd aparmalıdır.

 57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini və ya həyat yoldaşını məlumatlandırmağa və onun  cənazəsini vətəninə göndərmək üçün tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə olması  zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni  dəniz adətlərinə uyğun olaraq dənizə tapşırmaq hüququ vardır.

 57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib edilməsini və saxlanmasını təmin edir.

 

Maddə 58. Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi kimi

 

 Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin digər nümayəndələri olmadığı halda gəminin, yükün və ya icra edilən səfərin ehtiyacları  üçün zəruri olan əqdlərə, habelə ona tapşırılmış əmlaka dair iddialara münasibətdə gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi hesab  edilir.

 

Maddə 59. Səfəri davam etdirmək üçün təcili maddi tələbat

 

 59.1. Səfəri davam etdirmək, xüsusilə gəminin təmiri və ya gəmi heyətinin saxlanılması, səfər zamanı təcili maddi tələbat yarandıqda və gəmi  sahibindən sərəncam almaq üçün imkan və ya vaxt olmadıqda, gəmi kapitanının səfəri davam etdirmək üçün ona tapşırılmış zəruri olmayan  əmlakın bir hissəsini satmaq hüququ vardır.

 59.2. Səfəri davam etdirmək üçün vəsaitin əldə edilməsinin gəmi sahibi və yük sahibi üçün ən az zərər verən üsulu seçmək gəmi kapitanının  borcudur.

 59.3. Yükün satılması ilə əlaqədar zərərə ümumi qəza əlamətlərinin şamil edildiyi və ya yükün satılması yalnız yükün mənafeyi naminə  həyata keçirildiyi hallar istisna olmaqla, gəmi sahibi satılmış yükün dəyərini onun sahibinə ödəyir.

 

Maddə 60. Gəmi kapitanının vəzifələrinin gəmi kapitanının böyük köməkçisinə həvalə edilməsi

 

 Gəmi kapitanının ölümü, xəstəliyi halında və ya xidməti vəzifələrini yerinə yetirməyə mane olan digər səbəb olduqda, gəmi sahibinin  sərəncamı alınana qədər gəmi kapitanının vəzifələri gəmi kapitanının böyük köməkçisinə həvalə edilir.

 

V fəsil

Dövlət lİman nəzarətİ

Maddə 61. Dəniz limanı kapitanı

 

 61.1. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyini və nizam-intizamı təmin etmək funksiyalarını dəniz limanı kapitanı həyata keçirir.

 61.2 Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən dəniz limanı kapitanı haqqında Əsasnaməyə uyğun  olaraq fəaliyyət göstərir.

 61.3. Dəniz limanı kapitanı bilavasitə müvafiq icra hakimiyyəti orqanına tabedir.

 

Maddə 62. Dəniz limanı kapitanının funksiyaları

 

 62.1. Dəniz limanı kapitanının üzərinə dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsinə dair  aşağıdakı funksiyalar qoyulur:

 62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə  aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;

 62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;

 62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan  hüquqların ipotekasını qeydiyyata almaq və müvafiq sənədlər vermək;

 62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), onların verilməsinin təsdiqnamələrini və dənizçi kitabçalarını vermək;

 62.1.5. gəmi sənədlərini, sertifikatları (diplomları) və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;

 62.1.6. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

 62.1.7. ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarət;

 62.1.8. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;

 62.1.9. dəniz bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarət;

 62.1.10. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

 62.1.11. dənizdə baş vermiş qəzaları qeydə almaq və araşdırmaq. Dənizdə baş vermiş qəzaların araşdırılması müvafiq icra hakimiyyəti  orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 62.2. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizamın təmin edilməsinə dair dəniz limanı kapitanının sərəncamları  limanda olan bütün gəmilər, hüquqi və fiziki şəxslər üçün məcburidir.

 

Maddə 63. Gəmilərə nəzarət

 

 63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas xarakteristikalarının gəmi sənədlərinə uyğunluğunu və gəmi heyətinin  komplektləşdirilməsinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti dəniz limanı kapitanı həyata  keçirir.

 63.2. Gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər  əsas olduqda, dəniz limanı kapitanı gəmini yoxlaya bilər.

 63.3. Gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi  ilə dəniz limanı kapitanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər.

 

Maddə 64. Gəmilərin dəniz limanından çıxmasına icazənin verilməsi

 

 64.1. Hər bir gəmi dəniz limanından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz limanından çıxmağa icazəsini almalıdır. Dəniz limanı  kapitanının aşağıdakı hallarda gəmiyə limandan çıxmağa icazə verməkdən imtina etmək hüququ vardır:

 64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda;

 64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların  həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqları  olduqda;

 64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda;

 64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;

 64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq  edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə.

 64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan  xərcləri gəmi sahibi ödəyir.

 

Maddə 65. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə məsuliyyət

 

 Dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə dəniz limanı kapitanı Azərbaycan Respublikasının  qanunvericiliyinə müvafiq olaraq inzibati tənbehlər tətbiq edə bilər.

 

VI fəsil

Dənİz bələdçİlərİ

Maddə 66. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məqsədləri

 

 Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini  və dəniz mühitinin qorunmasını təmin etmək məqsədi ilə gəmilər dəniz bələdçiləri ilə keçirilir.

 

Maddə 67. Dəniz bələdçisi

 

 67.1. Dəniz bələdçisi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan dəniz bələdçisi xidməti  haqqında Əsasnamədə müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşıdır.

 67.2. Gəmiləri dəniz bələdçisi ilə keçirilməsinə hüququn olması haqqında sertifikat (şəhadətnamə) dəniz bələdçilərinə dəniz limanı kapitanı  tərəfindən verilir.

 67.3. Dəniz bələdçi xidmətinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 68. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarının müəyyənləşdirilməsi

 

 Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və belə  rayonlar dəniz limanının məcburi qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır.

 

Maddə 69. Gəmilərin məcburi keçirilməsi

 

 69.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin məcburi rayonlarında azad edilən gəmilər kateqoriyasına aid olduğu və ya dəniz limanı  kapitanı tərəfindən müəyyənləşdirilmiş qaydada gəmi kapitanına dəniz bələdçisiz üzmək hüququ verildiyi hallar istisna olmaqla, gəmilərin  dəniz bələdçisi ilə keçirilməsini məcburi rayonlarında gəmi kapitanının dəniz, bələdçisiz üzmək hüququ yoxdur.

 69.2. Dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyindən azad edilən gəmilərin kateqoriyalarını dəniz limanı kapitanı müəyyən edir və dəniz  limanının məcburi qərarlarında hamının nəzərinə çatdırılır.

 69.3. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsi qaydasını dəniz limanı kapitanı müəyyən edir.

 

Maddə 70. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi olmaması

 

 70.1. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda gəmi kapitanı zəruri hallarda gəmiyə dəniz  bələdçisi götürə bilər.

 70.2. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda dəniz limanı kapitanı aşağıdakı hallarda gəmilərin  məcburi olaraq dəniz bələdçisi ilə keçirilməsini müəyyən edə bilər:

 70.2.1. gəmi və ya onunla daşınan yük dəniz mühitinə zərər vurmaq təhlükəsini yaratdıqda. Belə gəmilərin kateqoriyaları dəniz  limanının məcburi qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır;

 70.2.2. gəmilərin gövdəsində, mexanizm və ya avadanlığında onların limanda təhlükəsiz üzmələrinə əhəmiyyətli dərəcədə təsir edə  biləcək ciddi zədələr olduqda. Belə halda gəmi kapitanına gəminin dəniz bələdçisi ilə hərəkət etməli olduğu barədə bildiriş təqdim edilir.

 

Maddə 71. Dəniz bələdçisi vəsiqəsi

 

 71.1. Gəmiyə gəlmiş dəniz bələdçisi gəmi kapitanına dəniz bələdçisi vəsiqəsini təqdim etməlidir.

 71.2. Gəmi kapitanının dəniz bələdçisi vəsiqəsi olmayan şəxsi gəmiyə dəniz bələdçisi qismində götürməyə hüququ yoxdur.

 

Maddə 72. Dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsi və düşməsinin təmin edilməsi

 

 72.1. Gəmi kapitanı dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsini və düşməsini təmin etməlidir, habelə gəminin dəniz bələdçisi ilə  keçirilməsi müddətində onu ödənişsiz otaq və qida ilə təmin etməlidir.

 72.2. Təcrübə keçmək məqsədi ilə stajçı dəniz bələdçisini müşayiət etdikə bu Məcəllənin 72.1-ci maddəsində müəyyən edilmiş qaydalar  stajçıya da şamil edilir.

 

Maddə 73. Gəmi kapitanı tərəfindən gəmi haqqında məlumatların elan edilməsi

 

73.1. Gəmi kapitanı dəniz bələdçi qəbzinə daxil edilən və gəmi kapitanı tərəfindən imzalanan gəminin suyaoturumu, uzunluğu, eni və  tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatları verir. Dəniz bələdçisi gəminin dəniz bələdçisi ilə keçirilməsi üçün zəruri olan digər  məlumatları gəmi kapitanından tələb edə bilər.

 73.2. Bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulan məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə  gəmi kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati məsuliyyət daşıyır.

 

Maddə 74. Gəmi kapitanı ilə dəniz bələdçisinin münasibətləri

 

 Gəminin təhlükəsiz üzməsi məqsədi ilə gəmi kapitanı dəniz bələdçisinin ağlabatan tövsiyələrinə əməl edir və kifayət qədər əsas olmadıqda  onun işinə qarışmır.

 

Maddə 75. Dəniz bələdçisinin sükançıya verdiyi göstərişlər

 

 Gəmi kapitanı gəminin üzməsinə və manevr etməsinə dair göstərişləri bilavasitə sükançıya verməyi dəniz bələdçisinə həvalə edə bilər. Bu,  gəmi kapitanını belə göstərişlərin doğurduğu nəticələrə görə məsuliyyətdən azad etmir.

 

Maddə 76. Gəmi kapitanının müvəqqəti olaraq kapitan körpüsünü tərk etməsi

 

 Gəminin dəniz bələdçisi ilə keçirilməsi zamanı müvəqqəti olaraq kapitan körpüsünü tərk etməyə məcbur olan gəmi kapitanı bu barədə dəniz  bələdçisinə xəbər verməli və olmayacağı müddət ərzində gəminin idarə edilməsinə məsuliyyətli olan şəxsi təqdim etməlidir.

 

Maddə 77. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin dayandırılması

 

 Gəminin təhlükəsiz üzməsi məqsədləri üçün zəruri olduqda dəniz bələdçisi gəminin təhlükəsiz üzməsinə imkan yaradan hallar mövcud olana  qədər, gəminin dəniz bələdçisi ilə keçirilməsini dayandıra bilər.

 

Maddə 78. Dəniz bələdçisinin gəmini tərk etməsi və daimi yerinə çatdırılması

 

 78.1. Dəniz bələdçisi gəmini lövbərə qoymadan, gəmini təhlükəsiz yerə aparmadan, dənizə çıxarmadan və ya digər dəniz bələdçisi ilə əvəz  olunmadan gəmi kapitanından icazəsiz gəmini tərk edə bilməz.

 78.2. Gəmi kapitanının dəniz bələdçisini onun xidmət etdiyi rayonun hüdudlarından kənara aparmaq hüququ yoxdur. Əks halda gəmi  kapitanı dəniz bələdçisini onun daimi olduğu yerə gəminin hesabına çatdırmalıdır.

 

Maddə 79. Dəniz bələdçisinin və gəmi kapitanının məsuliyyəti

 

 79.1. Dəniz bələdçisinin gəmidə olması gəminin idarə edilməsinə görə gəmi kapitanının məsuliyyətini aradan qaldırmır.

 79.2. Dəniz bələdçisinin tövsiyələrinin düzgünlüyünə şübhə etmək üçün kifayət qədər əsas olduqda, gəminin təhlükəsiz üzməsi məqsədilə  gəmi kapitanının belə dəniz bələdçisinin xidmətlərindən imtina etmək hüququ vardır. Gəminin dəniz bələdçisi ilə keçirilməsi məcburi olduğu  halda gəmi kapitanı dəniz bələdçisinin başqası ilə əvəz edilməsini tələb etməlidir.

 79.3. Gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsində təqsirli olan dəniz bələdçisi dəniz bələdçisi vəsiqəsindən məhrum edilə  bilər.

 

Maddə 80. Gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsinə görə məsuliyyət

 

 80.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsini icra edən dəniz bələdçisinin işlədiyi təşkilat gəminin dəniz bələdçisi ilə lazımi qaydada  keçirilməməsi nəticəsində gəmiyə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır.

 80.2. Gəminin dəniz bələdçisi ilə keçirilməsini icra edən dəniz bələdçisinin işlədiyi təşkilat gəminin dəniz bələdçisi ilə lazımi qaydada  keçirilməməsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır.

 

Maddə 81. Dəniz bələdçi ödənişi

 

 Dəniz bələdçilərinin xidmətlərindən istifadə edən gəmilərdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və  məbləğdə dəniz bələdçi ödənişi tutulur.

 

VII fəsil

Dənİzdə batmış əmlak

Maddə 82. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq dairəsi

 

 82.1. Bu fəsildə müəyyən edilmiş qaydalar Azərbaycan Respublikasının yurisdiksiyası şamil edilən sularda batmış əmlakın qaldırılmasına,  uzaqlaşdırılmasına və məhv edilməsinə tətbiq edilir.

 82.2. Qəzaya uğramış gəmilər, onların qırıqları, avadanlığı, yükləri və digər predmetlər su səthində və ya altında olmasından, su dibinə  çökməsindən, habelə dayaz yerə və ya sahilə atılmasından asılı olmayaraq, dənizdə batmış əmlaka aiddir.

 82.3. Bu fəslin qaydaları aşağıdakılara tətbiq edilmir:

 82.3.1. dənizdə batmış hərbi əmlakın qaldırılmasına, uzaqlaşdırılmasına və məhv edilməsinə;

 82.3.2. mədəniyyət xarakterli, arxeoloji və ya tarixi əhəmiyyətli əmlak suyun dibindədirsə, belə əmlakın qaldırılmasına.

 82.4. Bu Məcəllənin 20-ci fəslində müəyyənləşdirilmiş qaydalara uyğun olaraq dənizdə batmış əmlakın qaldırılması, uzaqlaşdırılması və ya  məhv edilməsi xilasetmə əməliyyatı olduqda, bu fəsildə müəyyən edilmiş qaydalardan asılı olmayaraq, xilas edənlər üçün nəzərdə tutulmuş  mükafatlandırma və xüsusi kompensasiya qaydaları tətbiq olunur.

 

Maddə 83. Dənizdə batmış əmlakın mülkiyyətçisi

 

 83.1. Dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakı qaldırmaq niyyətindədirsə o, əmlakın batdığı gündən bir il ərzində, bu barədə ən  yaxın dəniz limanının kapitanına məlumat verməlidir.

 83.2. Dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması barədə əmlak mülkiyyətçisinin ərizəsinə bir ay ərzində baxır və həmin  əmlakın qaldırılması qaydasını, bunun üçün zəruri olan müddəti (bir ildən az olmamaq şərti ilə) müəyyən edir.

 83.3. Dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyi üçün ciddi və bilavasitə təhlükə və ya dəniz mühitinə əhəmiyyətli dərəcədə  zərərvurma təhlükəsi yaradırsa, yaxud su bioloji ehtiyatlarının ovuna, limanın fəaliyyətinə və limanda işlərin aparılmasına (hidrotexniki və  digər işlər) xeyli maneə yaradırsa, həmin əmlakın mülkiyyətçisi dəniz limanı kapitanının tələbi ilə və onun müəyyən etdiyi müddətdə dənizdə  batmış əmlakı qaldırmalı və zəruri olan hallarda onu uzaqlaşdırmalı və ya məhv etməlidir.

 83.4. Dənizdə batmış əmlakın mülkiyyətçisi məlum olmadıqda, dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması üçün müəyyən  edilmiş müddət barəsində informasiya bülletenində məlumat verir. Dənizdə batmış gəminin bayrağı məlum olduqda, dəniz limanı kapitanı  müvafiq icra hakimiyyəti orqanına bu barədə bildiriş göndərir.

 83.5. Əgər dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakın qaldırılması bərədə ərizə verməyibsə və ya bu Məcəllənin 83.2-ci maddəsinə  uyğun olaraq təyin edilmiş müddətdə əmlakı qaldırmayıbsa, dənizdə batmış əmlaka mülkiyyət hüququ Azərbaycan Respublikasının  qanunvericiliyinə əsasən müəyyənləşdirilir.

 83.6. Bu Məcəllənin 84-cü maddəsinə əsasən dənizdə batmış əmlak, əgər əmlakın qaldırılmasından bir ildən artıq müddət keçməyibsə,  dənizdə batmış əmlakın qaldırılmasına sərf edilən və bununla bağlı aparılan digər xərclərin ödənilməsi şərti ilə qaldırılmış əmlakın  mülkiyyətçisi tərəfindən geri tələb edilə bilər.

 

Maddə 84. Dənizdə batmış əmlakın liman hakimiyyət orqanları tərəfindən qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi

 

 84.1. Liman hakimiyyət orqanları aşağıdakı hallarda dənizdə batmış əmlakı qaldıra və zərurət yarandıqda isə uzaqlaşdıra və ya məhv edə  bilər:

 84.1.1. dənizdə batmış əmlakın mülkiyyətçisi müəyyənləşdirilmədikdə və ya o, dənizdə batmış əmlakı qaldırmayıb, uzaqlaşdırmayıb və  ya məhv etmədikdə onda dənizdə batmış əmlakın mülkiyyətçisi bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri həyata  keçirməlidir;

 84.1.2. dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyinə və ya dəniz mühitinə xeyli zərərin vurulmasına bilavasitə təhlükə  yaratdıqda, su bioloji ehtiyatlarının ovuna, hidrotexniki və digər işlərin aparılmasına maneə yaratdıqda;

 84.1.3. kifayət qədər əsas olduqda dənizdə batmış əmlakın mülkiyyətçisinə həmin əmlakı öz vasitələri və ya müvafiq təşkilatların  vasitələri ilə qaldırmağa, uzaqlaşdırmağa və ya məhv etməyə icazə verilmədikdə.

 84.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dənizdə batmış əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv  edilməsi belə əmlakın məlum olan mülkiyyətçisinin hesabına həyata keçirilir.

 

Maddə 85. Liman hakimiyyət orqanlarının çəkdiyi xərclərin əvəzinin ödənilməsi

 

 Dənizdə batmış əmlakın bu Məcəllənin 84.1-ci maddəsinə müvafiq olaraq qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı liman  hakimiyyət orqanlarının çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə dair tələbin həmin əmlaka yönəldilməsi Azərbaycan Respublikasının  mülki qanunvericiliyinə əsasən həyata keçirilir.

 

Maddə 86. Dənizdə batmış əmlakın təsadüfi qaldırılması

 

 Dənizdə batmış əmlakın təsadüfi qaldırılmasından əmələ gələn hüquq münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə  tənzimlənir.

 

VIII fəsil

Dənİzlə yük daşınması müqavİləsİ

Maddə 87. Dənizlə yük daşınması müqaviləsinin tərifi

 

 87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının, yükgöndərənin ona verdiyi və ya verəcəyi yükü təyinat limanına daşımağı və yükün  alınmasına vəkil edilən şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən və ya fraxtedən isə daşımanın dəyərini (fraxtı) ödəməyi  öhdəsinə götürməsi barəsində istənilən müqavilədir.

 87.2. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament və ya digər yazılı sübutlarla təsdiq edilir.

 87.3. Dənizlə yük daşınması müqaviləsi bağlana bilər:

 87.3.1. dənizlə yük daşınması üçün bütün gəminin, onun bir hissəsinin və ya müəyyən gəmi yerlərinin verilməsi şərti ilə (çarter);

 87.3.2. belə şərt olmadan.

 87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsini yükgöndərənlə və ya fraxtedənlə və ya onun adından belə müqaviləni bağlamış olan  şəxsdir. Faktiki daşıyıcı - daşıyıcının yükün daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi hər hansı bir şəxsdir, o  cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir digər şəxsdir.

 87.5. Fraxtedən bu Məcəllənin 87.3.1-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsini bağlamış şəxsdir.

 87.6. Yükgöndərən bu Məcəllənin 87.3.2-ci maddəsində göstərilən dənizlə yük daşınması müqaviləsini bağlayan, habelə daşıyıcıya yükü öz  adından təhvil verən istənilən şəxsdir.

 87.7. Tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmadıqda, bu fəsildə müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. Bu fəsildə birbaşa  göstərilmiş hallarda tərəflərin razılaşması bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olmadıqda əhəmiyyətsizdir.

 

Maddə 88. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə

 

 88.1. Dənizlə yükün müntəzəm daşımaları həyata keçirildikdə, daşıyıcı və yük sahibi dənizlə yüklərin daşınmasının təşkili haqqında  uzunmüddətli müqavilə bağlaya bilərlər. Dənizlə yüklərin daşınması haqqında uzunmüddətli müqavilə bağlandıqda, yükün konkret  partiyalarının daşınması belə müqavilə əsasında bağlanmış dənizlə yük daşınması müqaviləsinə əsasən həyata keçirilir.

 88.2. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilədə yükün daşınmasının razılaşdırılmış şərtləri, əgər tərəflər  başqası barədə razılığa gəlməyibsə, dənizlə yük daşınması müqaviləsinə daxil olunmuş hesab edilir.

 88.3. Dənizlə yük daşınması müqaviləsinin şərtləri dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilənin şərtlərinə zidd  olduqda, dənizlə yük daşınması müqaviləsinin şərtləri tətbiq edilir.

 88.4. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilənin konosamentə daxil edilməmiş şərtləri, əgər üçüncü şəxs  fraxtedən deyilsə, onun üçün məcburi xarakter daşımır.

 

Maddə 89. Yüklərin daşınma üçün qəbulunun müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması

 

 89.1. Hərəkətdə fasilənin yaranmasına səbəb olan təbii fəlakət, qəzaya uğrama və ya qəza hallarında, habelə karantin elan edildikdə, liman  hakimiyyət orqanlarının sərəncamı ilə dərhal müvafiq icra hakimiyyəti orqanı məlumatlandırılmaqla, yüklərin qəbulu müvəqqəti  dayandırıla və ya məhdudlaşdırıla bilər.

 89.2. Yüklərin qəbulunun müvəqqəti dayandırılmasının və ya məhdudlaşdırılmasının müddətlərini müvafiq icra hakimiyyəti orqanı  müəyyən edir. Yüklərin qəbulunun müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması barədə liman hakimiyyət orqanları yükgöndərənləri  və digər maraqlı şəxsləri dərhal xəbərdar edir.

 

Maddə 90. Çarterin (reys çarterinin) məzmunu

 

 Çarterə (reys çarterinə) tərəflərin və gəminin adı, yükün növü və çeşidi barəsində məlumat, fraxtın məbləği, yükvurma yerinin adı, gəminin  göndərildiyi yerin və ya təyinat yerinin adı daxil edilməlidir. Tərəflərin razılaşması əsasında çarterə digər şərtlər və qeyd-şərtlər daxil edilə  bilər. Çarter daşıyıcı və fraxtedən və ya onların nümayəndələri tərəfindən imzalanır.

 

Maddə 91. Çarterin və konosamentin qarşılıqlı əlaqəsi

 

 Daşıyıcı və dənizlə yük daşınması müqaviləsinin tərəfi olmayan yükalan arasında münasibətlər konosament ilə müəyyənləşdirilir.  Konosamentdə yükalana istinad edildikdə, onun üçün çarterin şərtləri məcburidir.

 

Maddə 92. Çarter üzrə hüququn güzəşt edilməsi

 

 92.1. Çarter üzrə yük daşınanda fraxtedənin daşıyıcının razılığı ilə, dənizlə yük daşınması müqaviləsinə dair hüquqlarını üçüncü şəxslərə  güzəşt etmək hüququ vardır.

 92.2. Fraxtedən, habelə onun hüquqlarının güzəşt edildiyi üçüncü şəxs dənizlə yük daşınması müqaviləsinin yerinə yetirilməsinə görə  daşıyıcı qarşısında birgə məsuliyyət daşıyırlar.

 

Maddə 93. Gəminin səfərə hazırlanması

 

 93.1. Daşıyıcı gəmini səfərə çıxmaq üçün yararlı vəziyyətdə verməyə - onun dəniz üzgüçülüyünə texniki yararlığını təmin etməyə, gəmini  lazımi qaydada təchiz etməyə, gəmi heyəti ilə komplektləşdirməyə, habelə anbarları və gəmidə yüklərin daşınması üçün nəzərdə tutulan digər  yerləri yükün lazımi qəbulunu, daşınmasını və saxlanılmasını təmin edən vəziyyətə gətirməyə borcludur.

 93.2. Gəminin səfərə yararsız vəziyyətinin, lazımi qayğı göstərilməsinə baxmayaraq zahirən görünməyən qüsurlardan irəli gəldiyi sübut  olunarsa, daşıyıcı gəminin səfərə yararsız vəziyyətinə görə məsuliyyət daşımır.

 

Maddə 94. Gəminin dəyişdirilməsi

 

 Əgər yük müəyyən gəmidə daşınmalıdırsa, yükün digər gəmiyə vurulması, yükvurma əməliyyatı başlandıqdan sonra yaranan texniki zərurət  nəticəsində yükün yenidən vurulması halları istisna olmaqla, yalnız fraxtedənin və ya yükgöndərənin razılığı əsasında həyata keçirilə bilər.

 

Maddə 95. Yükvurma limanı və yeri

 

 95.1. Daşıyıcı gəmini çarterdə göstərilmiş və ya çarterin şərtlərinə uyğun olaraq fraxtedənin göstərdiyi dəniz limanına verməlidir. Fraxtedən  təhlükəsiz yükvurma limanını göstərməyə borcludur.

 95.2. Fraxtedən yükvurma limanını göstərmədikdə, düzgün göstərmədikdə və ya təhlükəsiz olmayan yükvurma limanını göstərdikdə,  daşıyıcı dənizlə yük daşınması müqaviləsinin icrasından imtina edə və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 95.3. Yük çarter üzrə daşındıqda daşıyıcı gəmini fraxtedənin göstərdiyi yükvurma yerinə verməyə borcludur. Yükvurma yeri yükvurma  üçün təhlükəsiz və yararlı olmalıdır.

 95.4. Xətti daşımalar həyata keçirildikdə yükvurma yerini daşıyıcı müəyyən edir.

 

Maddə 96. Gəminin verilməsi

 

 96.1. Çarterdə nəzərdə tutulmuş vaxtda gəmi verilmədikdə, fraxtedənin dənizlə yük daşınması müqaviləsindən imtina etmək və vurulmuş  zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

 96.2. Gəmi yükvurma limanında və ya adətən həmin limanda gözləmə üçün nəzərdə tutulmuş yerlərdə olduqda, çarter üzrə daşıyıcı  fraxtedənə və ya yükgöndərənə yazılı bildiriş verməlidir. Bildirişin verilmə günü və saatı tərəflərin razılaşması əsasında, belə razılaşma  olmadığı halda isə həmin limanın adətləri ilə müəyyən edilir.

 

Maddə 97. Staliya vaxtı

 

 97.1. Daşıyıcının gəmini yükvurma üçün verdiyi və fraxta əlavə ödənişlər edilmədən yükvurma altında saxladığı müddət (staliya vaxtı)  tərəflərin razılaşması, belə razılaşma olmadıqda isə yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir.

 97.2. Staliya vaxtının başlanması tərəflərin razılaşması əsasında müəyyən edilir. Staliya vaxtı iş günləri, saat və dəqiqələrlə hesablanır.

 97.3. Yükgöndərəndən asılı olan səbəblərə görə, habelə gəmiyə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanılmasına təhlükə  yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil edilmir.  Fraxtedəndən asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil edilir.

 97.4. Yükvurma staliya vaxtının axımının başlanmasından əvvəl başladıqda yükvurma üçün istifadə edilmiş faktiki vaxt staliya vaxtına daxil  edilir.

 97.5. Bu Məcəllənin 97.1-97.4-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq  edilir.

 

Maddə 98. Kontrstaliya vaxtı

 

 98.1. Tərəflərin razılaşması ilə staliya vaxtı bitdikdən sonra əlavə gözləmə vaxtı (kontrstaliya vaxtı) müəyyən edilə bilər. Tərəflərin  razılaşması olmadıqda, kontrstaliya vaxtı yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir.

 98.2. Kontrstaliya vaxtı təqvim günləri, saat və dəqiqələrlə hesablanır.

 98.3. Kontrstaliya vaxtına istirahət günləri, dəniz limanında iş günü hesab edilməyən, rəsmi qaydada müəyyən edilmiş bayram günləri,  habelə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait  nəticəsində yükvurmada yaranan fasilələr daxil edilir. Daşıyıcıdan asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt kontrstaliya  vaxtına daxil edilmir.

 98.4. Bu Məcəllənin 98.1-98.3-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq  edilir.

 

Maddə 99. Kontrstaliya vaxtına görə haqq

 

 Gəminin kontrstaliya vaxtında boşdayanmasına görə daşıyıcıya çatacaq haqqın (demerec) miqdarı tərəflərin razılaşması ilə  müəyyənləşdirilir. Tərəflər arasında belə razılaşma olmadıqda gəminin boşdayanmasına görə haqq gəminin və gəmi heyətinin saxlanması  xərcləri ilə müəyyənləşdirilir.

 

Maddə 100. Yükvurmanın vaxtından əvvəl qurtarmasına görə mükafat

 

 Tərəflərin razılaşması ilə yükvurmanın staliya vaxtının bitməsindən tez başa çatdırılmasına görə fraxtedən üçün mükafat (dispaç) müəyyən  edilə bilər.

 

Maddə 101. Kontrstaliya vaxtı başa çatdıqda daşıyıcının gəmini səfərə göndərmək hüququ

 

 101.1. Kontrstaliya vaxtı başa çatdıqda, daşıyıcıdan asılı olmayan səbəblərə görə şərtləşdirilmiş yük bütünlüklə gəmiyə vurulmadığı halda  belə, daşıyıcının gəmini səfərə göndərmək hüququ var. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.

 101.2. Yükün daşınması üçün bütün gəmi verildikdə və staliya və ya kontrstaliya vaxtı barədə razılaşma olduqda, daşıyıcı həmin vaxt  bitənədək gətirilmiş yükün qəbulundan, yükün qəbulu və yerləşdirilməsi gəmini müəyyən edilmiş müddətdən artıq saxlasa belə, imtina edə  bilməz.

 101.3. Yükün daşınması üçün bütün gəmi verilməyəndə və staliya və ya kontrstaliya vaxtı barədə razılaşma olduqda, daşıyıcının həmin vaxt  bitənədək təqdim edilmiş yükün qəbulundan, yükün gec təqdim edilməsi nəticəsində yalnız gəmini ləngitməklə onu gəmiyə lazımi şəkildə və  başqa yüklərə zərər vurmadan yükləmək mümkün olduqda, imtina etmək hüququ vardır. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq  hüququnu saxlayır.

 

Maddə 102. Gəminin ləngidilməsinə görə vurulan zərərin əvəzinin ödənilməsi

 

 Gəminin ləngidilməsi daşıyıcıdan asılı olmayan səbəblərdən baş veribsə, gəminin kontrstaliya vaxtından artıq ləngidilməsinə görə fraxtedən  daşıyıcıya vurulan zərərin əvəzini ödəməyə borcludur.

 

Maddə 103. Fraxtedənin tələbi ilə gəminin səfərə vaxtından əvvəl göndərilməsi

 

 Fraxtedənə daşıma üçün bütün gəmi verildikdə, daşıyıcı fraxtedənin tələbi ilə, hətta yükün hamısı gəmiyə vurulmadıqda belə, gəmini səfərə  yola salmalıdır. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.

 

Maddə 104. Kənar yükün gəmidən boşaldılması

 

 104.1. Yükün daşınması üçün bütün gəmi, onun bir hissəsi və ya müəyyən yerləri verildikdə, yükgöndərən kənar yükün gəmidən, onun bir  hissəsindən və ya müəyyən yerlərindən gəminin yola salındığı limanda, daşıma üçün bütün gəmi verildikdə isə gəminin daxil olduğu istənilən  limanda boşaldılmasını tələb edə bilər.

 104.2. Kənar yük gəmidən, onun bir hissəsindən və ya müəyyən yerlərindən vaxtında boşaldılmasa, fraxtedən fraxtın müvafiq surətdə  azaldılmasını və fraxtedənə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 

Maddə 105. Göyərtə yükü

 

 105.1. Daşıyıcı yükü göyərtədə yalnız daşıyıcı ilə yükgöndərən arasında razılaşmaya əsasən daşıya bilər.

 105.2. Yükün göyərtədə daşınması barədə daşıyıcı və yükgöndərən arasında razılaşma olduqda, daşıyıcı bu barədə konosamentdə və ya  dənizlə yük daşınması müqaviləsinin olmasını təsdiq edən digər sənəddə qeyd aparmalıdır. Belə qeyd olmadıqda daşıyıcı yükün göyərtədə  daşınması barədə yükgöndərənlə razılaşmaya gəldiklərini sübut etməlidir. Lakin daşıyıcı konosamenti vicdanla əldə edən şəxsə, o cümlədən  yükalana münasibətdə belə üçüncü şəxsə münasibətdə razılaşmaya istinad edə bilməz.

 105.3. Yükün göyərtədə daşınması bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirildikdə və ya  bu Məcəllənin 105.2-ci maddəsinə müvafiq olaraq daşıyıcı yükün göyərtədə daşınması barədə razılaşmaya istinad edə bilmədikdə, daşıyıcı  bu Məcəllənin 130-cu maddəsində müəyyənləşdirilmiş qaydalara baxmayaraq, yükün yalnız göyərtədə daşınması nəticəsində yükün  itirilməsinə, zədələnməsinə və ya onun çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır. Daşıyıcının məsuliyyətinin hüdudları,  şəraitdən asılı olaraq, bu Məcəllənin 132-ci və ya 134-cü maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq müəyyənləşdirilir.

 105.4. Yükün anbarda daşınması barədə razılaşma olduqda, yükün göyərtədə daşınması daşıyıcının bu Məcəllənin 134-cü maddəsinə uyğun  olaraq məsuliyyətinin məhdudlaşdırılması hüququnun itirilməsinə gətirib çıxaran daşıyıcının hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilir.

 

Maddə 106. Yükün qablaşdırılması və markalanması

 

 106.1. Daşıma və yenidən yükləmə zamanı yükün tam saxlanılmasını təmin etmək üçün tarada daşınmalı və (və ya) qablaşdırılmalı olan  yüklər daşımaya lazımi tara və (və ya) qablaşdırma vasitələrində təqdim edilməlidir.

 106.2. Yükgöndərən yükü lazımi qaydada markalamalı və yük barəsində daşıyıcıya bütün zəruri məlumatları təqdim etməlidir. Yük xüsusi  rəftar tələb etdiyi halda, yükgöndərən daşıyıcını yükün xüsusiyyətləri və onunla rəftarın qaydası barədə məlumatlandırmalıdır.

 

Maddə 107. Yükün dəyişdirilməsi

 

 Növü və çeşidi çarterdə müəyyən edilmiş yük digər növ yükə yalnız daşıyıcının razılığı ilə dəyişdirilə bilər.

 

Maddə 108. Yükə aid sənədlər

 

 Yükgöndərən liman, gömrük, sanitar və digər inzibati qaydalara müvafiq olaraq yük barədə tələb olunan bütün sənədləri vaxtında  daşıyıcıya verməlidir və belə sənədlərin vaxtında verilməməsi, düzgün olmaması və ya tam tərtib edilməməsi nəticəsində vurulan zərərə görə  daşıyıcı qarşısında məsuliyyət daşıyır.

 

Maddə 109. Konosamentin verilməsi

 

 109.1. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğunu, yükün daşıyıcı tərəfindən qəbul edilməsini və vurulmasını təsdiqləyən və  müqabilində daşıyıcının yükü təhvil vermək öhdəliyini üzərinə götürdüyü sənəd konosamentdir.

 109.2. Konosament yük daşınma üçün qəbul edildikdən sonra verilir.

 109.3. Yükgöndərən daşıyıcıya konosamentə daxil etmək üçün təqdim etdiyi məlumatların düzgünlüyünə təminat verir və belə məlumatların  düzgün olmaması nəticəsində daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyır.

 109.4. Daşıyıcının zərərin əvəzinin ödənilməsinə olan hüququ dənizlə yük daşınması müqaviləsi üzrə daşıyıcının yükgöndərən olmayan hər  hansı bir üçüncü şəxs qarşısında məsuliyyətini aradan qaldırmır.

 

Maddə 110. Konosamentin əvəzinə digər sənədin verilməsi

 

 Konosamentin əvəzinə dəniz qaiməsi və ya yükün daşınma üçün qəbul edilməsini təsdiqləyən digər sənəd verilə bilər. Daşıyıcı konosamenti  olmayan yükün daşınma üçün qəbul edilməsini təsdiqləyən digər sənəd verdikdə, belə sənəd dənizlə yük daşınması müqaviləsinin  bağlanmasının və yükün həmin sənəddə göstərildiyi kimi daşıyıcı tərəfindən qəbulunun sübutudur.

 

Maddə 111. Konosamentin məzmunu

 

 111.1. Konosamentə aşağıdakı məlumatlar daxil edilməlidir:

 111.1.1. daşıyıcının adı;

 111.1.2. dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq yükvurma limanının adı və yükün daşınmaq üçün qəbul edildiyi tarix;

 111.1.3. yükgöndərənin adı və olduğu yer;

 111.1.4. dənizlə yük daşınması müqaviləsinə əsasən təyinat limanının adı;

 111.1.5. yükalanın adı, əgər yükgöndərən tərəfindən göstərilibsə;

 111.1.6. yükün adı, yükün identifikasiyası üçün lazım olan əsas markalar, müvafiq hallarda yükün təhlükəli xarakterinə və ya xüsusi  xassələrinə dair göstəriş, yerlərin və ya predmetlərin sayı, yükün çəkisi və ya digər üsulla qeyd edilmiş miqdarı. Bu halda bütün  məlumatlar yükgöndərənin təqdim etdiyi kimi qeyd edilir;

 111.1.7. yükün və onun qablaşdırılmasının xarici vəziyyəti;

 111.1.8. yükalan tərəfindən ödəniləcək fraxtın məbləği və ya fraxtın onun tərəfindən ödənilməsinə dair digər göstəriş;

 111.1.9. konosamentin verildiyi yer və tarix;

 111.1.10. konosamentin əsl nüsxələrinin sayı, əgər onların sayı birdən artıqdırsa;

 111.1.11. daşıyıcının və ya onun adından hərəkət edən şəxsin imzası.

 111.2. Tərəflərin razılaşması ilə konosamentə digər məlumatlar və qeyd-şərtlər əlavə edilə bilər.

 111.3. Gəmi kapitanı tərəfindən imzalanmış konosament daşıyıcının adından imzalanmış hesab edilir.

 

Maddə 112. Konosamentdə qeyd-şərtlər. Konosamentin sübutedici qüvvəsi

 

 112.1. Konosamentdə yükün adına, onun əsas markalarına, yerlərin və ya predmetlərin sayına, çəkisinə və ya miqdarına dair məlumatların  faktik qəbul edilmiş yükə uyğun olmaması barədə daşıyıcının və ya onun adından konosament verən digər şəxsin kifayət qədər əsasları  olduqda, daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentə həmin uyğunsuzluq barədə, uyğunsuzluqların və ya  məlumatların yoxlanılması üçün ağlabatan imkanın olmadığına konkret göstərişlə, qeyd-şərt etməlidir.

 112.2. Daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentdə yükün xarici vəziyyətini göstərmədikdə hesab edilir ki,  konosamentdə yükün yaxşı xarici vəziyyəti göstərilib.

 112.3. Bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq barəsində qeyd-şərt edilmiş məlumatlar istisna olmaqla, başqa hal sübuta  yetirilmədikdə, konosament yükün daşınma üçün daşıyıcı tərəfindən konosamentdə təsvir edildiyi kimi qəbul edilməsinin sübutudur.  Konosament, konosamentdə göstərilmiş yükün təsvirinə əsasən vicdanla hərəkət edən üçüncü şəxsə verildikdə, daşıyıcı tərəfindən əks halın  sübuta yetirilməsinə yol verilmir.

 

Maddə 113. Konosamentin növləri

 

 113.1. Konosament müəyyən bir yükalanın adına (adlı konosament), yükgöndərənin və ya yükalanın göstərişinə (orderli konosament) və ya  təqdim edənə (adsız konosament) verilə bilər. orderli konosamentdə onun yükgöndərənin və ya yükalanın göstərişinə verilməsi qeyd  olunmadıqda, konosament yükgöndərənin göstərişinə verilmiş hesab edilir.

 113.2. Konosament aşağıdakı qaydaların gözlənilməsi ilə başqasına verilir:

 113.2.1. adlı konosament adlı verilmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada  başqasına verilə bilər;

 113.2.2. orderli konosament adlı və ya blank verilmə qeydi üzrə başqasına verilə bilər;

 113.2.3. təqdim edənə (adsız) konosament sadə təqdim edilmə yolu ilə başqasına verilə bilər.

 

Maddə 114. Konosamentin əsl nüsxələrinin çoxluğu

 

 Yükgöndərənin arzusu ilə ona konosamentin bir neçə əsl nüsxəsi verilə bilər. Belə halda konosamentin hər bir əsl nüsxəsində konosamentin  mövcud olan əsl nüsxələrinin sayı göstərilir. Konosamentin birinci təqdim edilmiş əsl nüsxəsinə əsasən yük verildikdən sonra onun qalan əsl  nüsxələri öz qüvvəsini itirir.

 

Maddə 115. Yük üzərində sərəncam vermək hüququ

 

 115.1. Yük yükalana verilənə kimi, habelə belə hüquq yükalana və ya üçüncü şəxsə verilənə kimi yükgöndərənin yük üzərində sərəncam  vermək hüququ vardır. Yük üzərində sərəncam vermək hüququ yükalana və ya üçüncü şəxsə verildikdə yükgöndərən bu barədə daşıyıcını  məlumatlandırmalıdır.

 115.2. Yükgöndərənin, ona verilmiş konosamentin bütün əsl nüsxələrinin təqdim olunması və ya bu Məcəllənin 119.2-119.5 və 120-ci  maddələrində müəyyən edilmiş qaydaları gözləməklə müvafiq təminat verməsi şərti ilə, gəmi səfərəçıxma yerindən yola düşənə kimi yükün  qaytarılmasını, aralıq limanında yükün verilməsini və ya daşıma sənədində göstərilməyən yükalana verilməsini tələb etmək hüququ vardır.

 

Maddə 116. Daşıyıcının yükə münasibətdə vəzifələri

 

 116.1. Daşıyıcı yükü daşınma üçün qəbul etdiyi andan onun verilməsi anına kimi yükü lazımi qaydada və səylə yükləməli, yerləşdirməli,  daşımalı, ona qayğı göstərməli və boşaltmalıdır.

 116.2. Əgər daşınma üçün qəbul edilmiş yük öz xüsusiyyətlərinə görə xüsusi rəftar tələb edirsə və bu barədə dənizlə yük daşınması  müqaviləsində və yük yerlərində göstəriş varsa, daşıyıcı yükə belə göstərişlərə uyğun olaraq qayğı göstərməlidir.

 116.3. Tərəflərin bu Məcəllənin 116.1-ci maddəsinə zidd olan razılaşmaları əhəmiyyətsizdir.

 

Maddə 117. Təhlükəli yük

 

 117.1. Əgər tezalışan, partlayıcı və ya təbiətinə görə təhlükəli olan yük düzgün olmayan ad altında təhvil verilmişdirsə və yük qəbul ediləndə  daşıyıcı xarici baxış yolu ilə onun xüsusiyyətlərinə əmin ola bilməzdisə, belə yük istənilən vaxt daşıyıcı tərəfindən şəraitdən asılı olaraq  boşaldıla, zərərsizləşdirilə və ya məhv edilə bilər. Bu halda yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir.

 117.2. Yükgöndərən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yükün gəmiyə yüklənməsi nəticəsində daşıyıcıya və ya üçüncü şəxslərə  vurulan zərərə görə məsuliyyət daşıyır. Belə yükün daşınmasına görə fraxt qaytarılmır. Fraxt yükün göndərilməsi zamanı ödənilməmişdirsə,  daşıyıcının onu tam həcmdə almaq hüququ vardır.

 117.3. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yük daşıyıcının xəbəri və razılığı əsasında gəmiyə yükləndikdən sonra gəmiyə, gəmidə  olan digər yükə və ya insanlara təhlükə yaradarsa, şəraitdən asılı olaraq daşıyıcının belə yükü gəmidən boşaltmaq, zərərsizləşdirmək və ya  məhv etmək hüququ vardır. Bu halda, ümumi qəza istisna olmaqla, yükgöndərənə vurulan zərərin əvəzi ödənilmir və daşıyıcı yükün faktik  daşınma məsafəsinə mütənasib olan məbləğdə fraxt almaq hüququnu özündə saxlayır.

 

Maddə 118. Gəminin təyinat limanına daxil olmasına maneələr

 

 118.1. Müvafiq hakimiyyət orqanlarının qadağanı nəticəsində, təbiət hadisələrinə və ya daşıyıcıdan asılı olmayan digər səbəblərə görə gəmi  təyinat limanına daxil ola bilmədikdə, daşıyıcı bu barədə yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti  olan şəxsə, əgər belə şəxs daşıyıcıya məlumdursa, dərhal məlumat verməlidir.

 118.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə və daşıyıcının bildirişi göndərildikdən sonra ağlabatan müddət ərzində  yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin yüklə nə etmək barədə sərəncamı daxil  olmazsa, gəmi kapitanı öz mülahizəsinə əsasən yükgöndərən və ya fraxtedən, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxs üçün  daha sərfəli hesab edilməsindən asılı olaraq yükü ya yaxın limanların birində boşaltmaq, yaxud yükü yola salındığı limana qaytarmaq  hüququna malikdir.

 118.3. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədikdə, gəmi kapitanı təyinat limanına çatdırıla bilməyəcək yükü yükgöndərənin və  ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamına müvafiq olaraq başqa limanda boşaltmalıdır.  Daşıyıcının bildirişi göndəriləndən sonra 72 saat ərzində belə sərəncam alınmadıqda, gəmi kapitanının yükgöndərənə və ya fraxtedənə,  yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə bu barədə xəbər verməklə yükü öz mülahizəsinə əsasən yaxın limanların birində  boşaltmaq hüququ vardır. Alınan sərəncamı gəmidə olan başqa yüklərin sahiblərinə zərər vurmadan icra etmək mümkün olmadığı halda da  gəmi kapitanının belə hərəkət etmək hüququ vardır.

 118.4. Daşıyıcının yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin sərəncamını ağlabatan  müddət ərzində gözləməsi ilə bağlı xərclərin və yük üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə, habelə yükün daşındığı faktik məsafəyə  mütənasib olan məbləğdə fraxt almaq hüququ vardır.

 

Maddə 119. Dənizlə yük daşınması müqaviləsinin icrasından imtina

 

 119.1. Əgər vurulmuş yükün dəyəri fraxtı və daşıyıcının yükə dair xərclərini örtmürsə və gəmi səfərə çıxana kimi yükgöndərən və ya  fraxtedən fraxtı tam ödəməyib və əlavə təminat təqdim etməyibsə, daşıyıcının gəmi səfərə çıxana kimi dənizlə yük daşınması müqaviləsinin  icrasından imtina etmək və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

 119.2. Yükgöndərənin və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından, daşıyıcının bu müqavilənin icrası ilə əlaqədar çəkdiyi  bütün xərcləri, boşdayanma haqqını və/və ya fraxtı, yaxud onun hissəsini ödəmək şərti ilə, imtina etmək hüququ vardır.

 119.3. Gəmi səfərə çıxana kimi yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə, daşıyıcı yükü,  hətta yükün boşaldılması gəmini müəyyənləşdirilmiş vaxtdan artıq ləngitsə belə, yükgöndərənə və ya fraxtedənə verməyə borcludur.

 119.4. Gəmi səfərdə olduğu zaman yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etdikdə,  yükgöndərən və ya fraxtedən yükü yalnız gəminin dənizlə yük daşınması müqaviləsinə əsasən daxil olacağı təyinat limanında və ya zərurət  qarşısında daxil olduğu digər limanda tələb edə bilər.

 119.5. Yükün daşınması üçün gəmi bütövlükdə verilmədiyi halda yükgöndərən və ya fraxtedən dənizlə yük daşınması müqaviləsinin  icrasından imtina etdikdə, daşıyıcı yükü təyinat limanına çatdıranadək onu yükgöndərənin və ya fraxtedənin tələbi ilə yalnız bununla  daşıyıcıya və digər yükgöndərən və ya fraxtedənə zərərin vurulmadığı halda verməyə borcludur.

 

Maddə 120. Tərəflərin dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etməsi

 

 120.1. Gəmi dəniz limanından çıxana kimi aşağıda göstərilən hallar yarandıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin digər  tərəfə vurulan zərərin əvəzini ödəməyərək, onun icrasından imtina etməyə hüququ vardır:

 120.1.1. gəminin və ya yükün ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər əməliyyatlar;

 120.1.2. gəminin yola düşdüyü və ya təyinat limanının blokadası;

 120.1.3. dənizlə yük daşınması müqaviləsinin tərəflərindən asılı olmayan səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə  gəminin saxlanılması;

 120.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;

 120.1.5. daşınma üçün nəzərdə tutulmuş yükün yola salınan yerdən çıxarılmasına və ya təyinat yerinə gətirilməsinə müvafiq hakimiyyət  orqanları tərəfindən qadağanın qoyulması.

 120.2. Əgər gəminin ləngiməsinin qısamüddətli olacağı gözlənilirsə, bu Məcəllənin 120.1.3 və 120.1.5-ci maddələrində nəzərdə tutulmuş  hallar digər tərəfə vurulan zərərin əvəzini ödəmədən dənizlə yük daşınması müqaviləsindən imtina etmək üçün əsas ola bilməz.

 120.3. Bu Məcəllənin 120.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri səfər vaxtı başladıqda, dənizlə yük daşınması  müqaviləsinin hər bir tərəfinin müqavilənin icrasından imtina etmək hüququ vardır. Belə halda yükgöndərən və ya fraxtedən daşıyıcıya  onun yüklə əlaqədar çəkdiyi bütün xərclərin, o cümlədən yükün boşaldılması ilə bağlı xərclərin əvəzini, habelə yükün faktiki daşındığı  məsafəyə mütənasib olan məbləğdə fraxt ödəyir.

 

Maddə 121. İcrası mümkün olmayan dənizlə yük daşınması müqaviləsinə xitam verilməsi

 

 121.1. Dənizlə yük daşınması müqaviləsi bağlandıqdan sonra və gəmi yükvurma limanından çıxana kimi tərəflərdən asılı olmayan aşağıdakı  hallarda müqaviləyə, digər tərəfə müqavilənin xitamı ilə əlaqədar vurulan zərərin əvəzini ödəmək öhdəliyi olmadan, xitam verilir:

 121.1.1. gəmi məhv olduqda və ya güc tətbiq edilməklə ələ keçirildikdə;

 121.1.2. gəmi dəniz üzgüçülüyünə yararsız hesab edildikdə;

 121.1.3. fərdi əlamətləri ilə müəyyənləşdirilmiş yük məhv olduqda;

 121.1.4. növ əlamətləri ilə müəyyənləşdirilmiş yük yüklənilmək üçün təhvil verildikdən sonra məhv olduqda və yükgöndərən məhv olan  yükün əvəzinə vaxtında başqa yük təhvil vermədikdə.

 121.2. Dənizlə yük daşınması müqaviləsinə bu Məcəllənin 121.1-ci maddəsində göstərilən hallara əsasən səfər zamanı da xitam verilir. Belə  halda daşıyıcıya xilas edilən və təhvil verilən yükün miqdarından asılı olaraq, faktiki daşınma məsafəsinə mütənasib olan məbləğdə fraxt  çatmalıdır.

 

Maddə 122. Yükü almaq hüququ olan şəxs

 

 122.1. Daşıyıcı boşaldılma limanında konosament əsasında daşınan yükü konosamentin əsli təqdim edildikdə aşağıdakı şəxslərə verir:

 122.1.1. adlı konosament üzrə - konosamentdə göstərilən yükalana və ya adlı ötürülmə qeydi üzrə və ya tələbin güzəşti üçün müəyyən  edilmiş qaydalara müvafiq olaraq digər formada konosamentin verildiyi şəxsə;

 122.1.2. orderli konosament üzrə - göstərişinə konosament tərtib edilmiş şəxsə, əgər konosamentdə olan fasiləsiz ötürülmə qeydləri  sırasında axırıncısı bu şəxsə verilmə qeydidirsə və ya axırıncı blank qeydi ilə konosamenti təqdim edən şəxsə;

 122.1.3. təqdim edənə (adsız) konosament üzrə - konosamenti təqdim edən şəxsə.

 122.2. Yükün daşınması dəniz qaiməsi və ya bu kimi digər sənəd əsasında həyata keçirildikdə, daşıyıcı yükü belə sənəddə göstərilmiş  yükalana və ya yükgöndərənin göstərdiyi yükalana verə bilər.

 

Maddə 123. Yükün saxlamaya təhvil verilməsi

 

 123.1. Yükün daşınması üçün bütün gəmi verilmədikdə və təyinat limanında yükalan bu yükü tələb etmədiyi və ya ondan imtina etdiyi,  yaxud yükün müəyyən edilmiş vaxtda boşaldılmasına mane olan ləngitməyə yol verdiyi hallarda, daşıyıcının yükgöndərənə və ya  fraxtedənə, habelə ona məlumdursa, yükalana bildiriş verməklə yükü, yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsin hesabına və  riskinə anbara və ya başqa etibarlı yerə saxlamaya təhvil verməyə hüququ vardır.

 123.2. Yükün daşınması üçün gəmi bütövlükdə verildikdə, yükün boşaldılması və saxlamaya təhvil verilməsi daşıcıyı tərəfindən staliya və  kontrstaliya vaxtı bitdikdən sonra və staliya və kontrstaliya vaxtı ərzində yükgöndərənin və ya fraxtedənin, yaxud yükə dair sərəncam  verməyə səlahiyyəti olan şəxsin başqa sərəncamının olmaması şərti ilə, həyata keçirilir. Yükün saxlamaya təhvil verilməsinə daşıyıcının sərf  etdiyi vaxt boşdayanma kimi qiymətləndirilir.

 123.3. Gəminin limana gəldiyi gündən keçən iki ay ərzində saxlamaya təhvil verilmiş yük tələb olunmazsa və yükgöndərən bu daşıma ilə  əlaqədar daşıyıcının çəkdiyi bütün xərclərin əvəzini ödəməzsə, daşıyıcı yükü müəyyən edilmiş qaydada sata bilər. Tələb edilməmiş tez xarab  olan, habelə saxlanması dəyərindən baha başa gələn yük göstərilən müddət sona çatmamış da satıla bilər. Daşıyıcı yükün satıldığı barədə  yükgöndərəni məlumatlandırmalıdır.

 123.4. Yükün satışından əldə edilən məbləğ daşıyıcı tərəfindən, özünə çatacaq haqq, saxlama və satılma üçün sərf edilən xərclər çıxılmaqla  yükgöndərənə və ya fraxtedənə verilir. Əgər yükün satışından əldə edilən məbləğ daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə,  daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb etmək hüququ vardır.

 

Maddə 124. Yük verilərkən edilən ödənişlər və yükü saxlamaq hüququ

 

 124.1. Yük verildikdə o, daşıyıcının yükün hesabına çəkdiyi xərcləri, gəminin boşaltma limanında boşdayanmasına görə haqqı, habelə, əgər  bu, konosamentdə və ya yükün daşınması həyata keçirilən digər sənəd əsasında nəzərdə tutulmuşdursa, fraxtı və gəminin yükvurma  limanında boşdayanmasına görə haqqı ödəməyə, ümumi qəza halında isə qəza haqqını ödəməyə və ya lazımi təminat təqdim etməyə  borcludur.

 124.2. Bu Məcəllənin 124.1-ci maddəsində göstərilən məbləğlər ödənilənədək və ya təminat təqdim edilənədək daşıyıcı yükü saxlamaq  hüququna malikdir.

 124.3. Yükalana məxsus olmayan saxlama anbarına yük təhvil verildikdə, daşıyıcı yükü saxlamaq hüququnu, anbar sahibinə bu barədə  dərhal bildiriş vermək şərti ilə, özündə saxlayır.

 124.4. Daşıyıcı, saxlamaq hüququnu ondan asılı olmayan səbəblərə görə yerinə yetirə bilmədiyi hallar istisna olmaqla, yükü təhvil verdikdən  sonra yükalanın ona ödəmədiyi məbləğləri yükgöndərəndən və ya fraxtedəndən tələb etmək hüququnu itirir.

 124.5. Yükü saxlayan daşıyıcının tələbləri yükün dəyəri hesabına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş həcmdə  və qaydada təmin edilir.

 124.6. Yükün satışından əldə edilən məbləğ, bu Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq daşıyıcıya çatacaq məbləğlər və yükün satışı  ilə bağlı ağlabatan xərclər çıxılmaqla, yükalana verilir. Əgər yükün satışından əldə edilən məbləğ bu Məcəllənin 124.1-ci maddəsinə müvafiq  olaraq daşıyıcıya çatacaq məbləğləri ödəmək üçün kifayət deyilsə, daşıyıcının yükgöndərəndən və ya fraxtedəndən çatışmayan məbləği tələb  etmək hüququ vardır.

 

Maddə 125. Yükün müayinəsi və ya onun vəziyyətinin yoxlanılması

 

 Yükün faktik və ya ehtimal edilən itirilməsi, yaxud zədələnməsi hallarında yük yükalana verilənədək yükalan və daşıyıcı yükü müayinə  etmək və ya onun vəziyyətini yoxlamaq üçün bir-birlərinə imkan yaratmağa borcludurlar. Yükün müayinəsi və ya vəziyyətinin yoxlanılması  ilə əlaqədar xərcləri müayinəni və ya yoxlamanı tələb edən tərəf çəkir. Yükalanın tələbi ilə müayinə və ya yoxlamanın aparılması nəticəsində  daşıyıcının məsuliyyət daşıdığı itirilmə və ya zədələnmə müəyyən edilərsə, yükün müayinəsi və ya vəziyyətinin yoxlanılması üçün xərcləri  daşıyıcı çəkir.

 

Maddə 126. Yükün itirilməsi və ya zədələnməsi haqqında yazılı bildiriş

 

 126.1. Yük verilənədək və ya verilərkən yükalan yükün itirilməsi və ya zədələnməsi barədə daşıyıcıya yükün itirilməsinə və ya zədələnməsinə  dair, itirilmənin və ya zədələnmənin ümumi xarakterini göstərməklə, yazılı bildiriş vermədikdə hesab edilir ki, bunun əksini sübut edən  dəlillər olmadıqda, yük konosament şərtlərinə uyğun olaraq alınıb.

 126.2. Yükün itirilməsi və ya zədələnməsi onun adi üsulla qəbul edildiyi zaman müəyyənləşdirilərsə, yükalan yükü aldıqdan sonra 3 gün  ərzində daşıyıcıya bu barədə yazılı bildiriş təqdim edə bilər.

 126.3. Yükalan daşıyıcı ilə birgə yükü müayinə etdikdə və ya vəziyyətini yoxladıqda o, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş  yazılı bildirişi verməyə bilər.

 

Maddə 127. Yüklərin daşınması zamanı haqlar

 

 Daşıyıcıya çatacaq bütün haqlar yükgöndərən və ya fraxtedən tərəfindən ödənilir. Yükgöndərən və ya fraxtedənə daşıyıcı arasında olan  razılaşmada nəzərdə tutulduqda və belə məlumatlar konosamentə daxil edildikdə, haqların yükalana ötürülməsinə yol verilir.

 

Maddə 128. Fraxtın həcmi

 

 128.1. Fraxtın həcmi tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

 128.2. Yük gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulandan artıq miqdarda vurulduqda, fraxtın miqdarı müvafiq olaraq  artırılır.

 128.3. Gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün əvəzinə, daşınması üçün fraxtı daha yüksək olan digər yük  vurulduqda, fraxt faktiki yüklənən yükün daşınmasına görə götürülür.

 128.4. Faktiki yüklənmiş yükün daşınması üçün fraxtın miqdarı dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün daşınması  üçün fraxtdan az olduqda, dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulmuş fraxt ödənilir.

 

Maddə 129. Daşıma zamanı itirilmiş yükə görə fraxt

 

 129.1. Daşıma zamanı itirilmiş yükə görə fraxt tutulmur və əgər əvvəlcədən ödənilibsə, qaytarılır. İtirilmiş yük sonradan xilas edildikdə,  daşıyıcının gəminin keçdiyi məsafəyə mütənasib miqdarda fraxt almaq hüququ vardır.

 129.2. Təbii xüsusiyyətləri və ya yükgöndərəndən asılı olan səbəblər nəticəsində məhv olmuş və ya zədələnmiş yükə görə fraxt tam miqdarda  ödənilir.

 

Maddə 130. Daşıyıcının məsuliyyəti

 

 130.1. Yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirə bilən  daşıyıcı daşımaya qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud yükün çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət  daşımır:

 130.1.1. qarşısıalınmaz qüvvə;

 130.1.2. dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükələr və ya təsadüflər;

 130.1.3. dənizdə insanların xilas edilməsi üçün istənilən tədbirlər və ya əmlakın xilas edilməsi üçün ağlabatan tədbirlər;

 130.1.4. daşıyıcının təqsiri olmadan baş verən yanğın;

 130.1.5. müvafiq hakimiyyət orqanlarının hərəkətləri və ya sərəncamları (saxlanma, həbs, karantin və s.);

 130.1.6. hərbi əməliyyatlar və xalq iğtişaşları;

 130.1.7. yükgöndərənin və ya yükalanın hərəkətləri və ya hərəkətsizlikləri;

 130.1.8. yükün zahirən görünməyən çatışmazlıqları, onun xüsusiyyətləri və ya təbii itkisi;

 130.1.9. yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan çatışmazlıqları;

 130.1.10. markaların lazımi qədər və ya aydın olmaması;

 130.1.11. işin tam və ya qismən dayandırılmasına, yaxud məhdudlaşdırılmasına səbəb olan tətillər və ya digər hallar;

 130.1.12. daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri olmadan yaranan digər hallar.

 130.2. Yük dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan boşaltma limanında tərəflərin razılığa gəldikləri müddətdə, belə razılıq  olmadıqda isə konkret halları nəzərə almaqla qayğıkeş daşıyıcıdan tələb olunan ağlabatan müddətdə verilmədikdə, daşıyıcı yükün  çatdırılmasını gecikdirmiş hesab edilir.

 130.3. Əgər yükboşaltma limanında bu Məcəllənin 130.2-ci maddəsində müəyyənləşdirilmiş müddətdən sonra 30 təqvim günü ərzində yükü  almağa səlahiyyəti olan şəxsə verilməyibsə, daşıyıcıya qarşı yükün itirilməsi ilə əlaqədar tələb irəli sürməyə hüququ olan şəxs yükü itirilmiş  hesab edə bilər.

 130.4. Yükün daşınma üçün qəbul edildiyi andan onun verilməsi anına kimi daşıyıcı daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya  zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır.

 130.5. Daşıyıcı yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin gəminin idarə edilməsində gəmi kapitanının, gəmi  heyətinin digər üzvlərinin və ya dəniz bələdçisinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini sübuta yetirə bilsə (naviqasiya səhvi),  məsuliyyət daşımır.

 130.6. Təyinat limanına salamat yük yerlərində və yükgöndərənin salamat plombları ilə gəlmiş, yolda açılma izləri olmayan salamat tarada  çatdırılmış, habelə yükgöndərənin və ya yükalanın nümayəndəsinin müşayiəti ilə daşınan yükün itirilməsinə və ya zədələnməsinə görə, əgər  yükalan daşınma üçün qəbul edilmiş yükün daşıyıcının təqsiri nəticəsində itirilməsini və ya zədələnməsini sübuta yetirə bilməsə, daşıyıcı  məsuliyyət daşımır.

 

Maddə 131. Yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətinin ölçüsünün hesablanması

 

 131.1. Daşıyıcı yükün itirilməsinə və ya zədələnməsinə görə aşağıdakı ölçüdə məsuliyyət daşıyır:

 131.1.1. yükün itirilməsinə görə — itirilmiş yükün dəyəri miqdarında;

 131.1.2. yükün zədələnməsinə görə — yükün dəyərinin azalmasının məbləği miqdarında;

 131.1.3. qiyməti elan edilməklə daşınma üçün qəbul edilmiş yükün itirilməsinə görə — yükün elan edilmiş qiyməti miqdarında.

 131.2. Fraxt itirilmiş və ya zədələnmiş yükün qiymətinə daxil olmadıqda, daşıyıcı habelə aldığı fraxtı da qaytarır.

 131.3. Ödənilməli olan ümumi məbləğ yük boşaldılan yerdə və gündə və ya müqaviləyə əsasən boşaldılacaq yerdə və gündə yükün mövcud  qiymətindən hesablanır. Yükün qiyməti əmtəə birjasındakı qiymətindən, bu olmadıqda isə bazar qiymətindən, bunlar olmadıqda isə bu növ  və bu keyfiyyətdə olan yükün adi qiymətindən hesablanır.

 131.4. Yükün itirilməsi və ya zədələnməsi üçün əvəzi ödənilən məbləğdən yükün itirilməsi və ya zədələnməsinə görə yük sahibinin ödəmədiyi  yükün daşınma xərcləri (fraxt, rüsumlar və s.) tutulur.

 

Maddə 132. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması

 

 132.1. Yükün növü və çeşidi, habelə dəyəri yükgöndərən tərəfindən yük vurulanadək elan edilmədikdə və konosamentə daxil edilmədikdə,  daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyəti, bir yerə və ya göndərilmənin digər vahidinə  görə 666,67 hesablaşma vahidindən və ya itirilmiş və ya zədələnmiş yükün brutto çəkisinin bir kiloqramına görə iki hesablaşma vahidindən  çox olmamaqla hansı məbləğin çox olmasından asılı olaraq qəbul olunur.

 132.2. Daşınma üçün qəbul edilmiş yükün çatdırılmasının gecikdirilməsinə görə daşıyıcının məsuliyyəti dənizlə yük daşınması müqaviləsində  ödənilməsi nəzərdə tutulmuş fraxtın məbləğindən çox ola bilməz.

 132.3. Bu Məcəllənin 132.1 və 132.2-ci maddələrinə əsasən daşıyıcı tərəfindən ödəniləsi ümumi məbləğ bu Məcəllənin 132.1-ci maddəsinə  müvafiq olaraq yükün tam itirilməsinə görə müəyyən edilə biləcək məsuliyyətin həddindən artıq ola bilməz.

 132.4. Əgər yükün daşınması üçün konteyner, altlıq və ya digər qurğu istifadə edilirsə, konosamentdə sadalanan belə qurğuda bu kimi  daşınan yerlərin miqdarı və ya göndərilmə vahidləri bu Məcəllənin 132-ci maddəsinin məqsədləri üçün yerlərin miqdarı və ya göndərilmənin  vahidləri hesab edilir. Göstərilən hal istisna olmaqla, belə qurğu yük yeri və ya vahidi hesab edilir.

 132.5. Dənizlə yük daşınması müqaviləsinin tərəfləri öz razılaşmaları əsasında bu Məcəllənin 132.1-132.3-cü maddələrində nəzərdə  tutulanlardan daha artıq məsuliyyət həddi müəyyən edə bilərlər.

 

Maddə 133. Daşıyıcıya, onun işçilərinə və agentlərinə olan tələblər

 

 133.1. Daşınma üçün qəbul edilmiş yükün itirilməsi və ya zədələnməsi, yaxud çatdırılmasının gecikdirilməsi ilə əlaqədar tələb daşıyıcının  işçisinə və ya agentinə qarşı irəli sürüldükdə, belə işçi və ya agent, əgər öz vəzifəsi (səlahiyyəti) hüdudlarında hərəkət etdiyini sübuta yetirə  bilsə, daşıyıcıya şamil edilən məsuliyyət və onun məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər.

 133.2. Bu Məcəllənin 134-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, daşıyıcıdan, onun işçisindən və ya agentindən tutula bilən  məbləğlər cəm halda bu Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət həddindən çox ola bilməz.

 

Maddə 134. Məsuliyyətin məhdudlaşdırılması hüququnun itirilməsi

 

 134.1. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud onun çatdırılmasının gecikdirilməsinin daşıyıcının  qəsdən və ya ehtiyatsızlıq nəticəsində törətdiyi hərəkətinə və ya hərəkətsizliyinə görə baş verməsi sübuta yetirildikdə, daşıyıcının bu  Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur.

 134.2. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud onun çatdırılmasının gecikdirilməsinin daşıyıcının  işçisinin və agentinin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törətdiyi hərəkətinə və ya hərəkətsizliyinə görə baş verməsi sübuta yetirildikdə,  daşıyıcının işçisinin və agentinin bu Məcəllənin 133.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur.

 

Maddə 135. Faktiki daşıyıcının məsuliyyəti

 

 135.1. Yükün və ya onun bir hissəsinin daşınması faktiki daşıyıcıya həvalə edildikdə, daşıyıcı, bundan asılı olmayaraq, bu Məcəllə ilə  müəyyən edilmiş qaydalara müvafiq olaraq, bütövlükdə daşıma üçün məsuliyyət daşıyır. Faktiki daşıyıcının icra etdiyi yükün daşınmasına  münasibətdə daşıyıcı faktiki daşıyıcının, onun vəzifələri (səlahiyyətləri) çərçivəsində hərəkət edən işçilərinin və agentlərinin hərəkətləri və ya  hərəkətsizliyinə görə məsuliyyət daşıyır.

 135.2. Daşıyıcı və faktiki daşıyıcının razılaşmasına müvafiq olaraq, faktiki daşıyıcının icra etdiyi daşımaya görə məsuliyyətinə bu Məcəllədə  daşıyıcının məsuliyyəti üçün müəyyən edilmiş qaydalar tətbiq edilir.

 135.3. Bu Məcəllənin 135.2-ci maddəsində nəzərdə tutulmuş razılaşma əldə edildiyi halda tələb faktiki daşıyıcının işçisinə və ya agentinə irəli  sürüldükdə, bu Məcəllənin 133.1, 133.2 və 134.2-ci maddələrində müəyyənləşdirilmiş qaydalar onlara da tətbiq edilir.

 135.4. Daşıyıcının öz üzərinə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmayan öhdəliklər götürməsi və ya bu fəsildə müəyyən  edilmiş qaydalarla verilən hüquqlardan imtina etməsi barədə hər hansı bir saziş faktiki daşıyıcıya, yalnız onun özü buna yazılı razılıq  verdikdə, şamil edilir. Belə razılığın olub-olmamasından asılı olmayaraq, daşıyıcı belə sazişdən irəli gələn öhdəliklərlə və ya hüquqlardan  imtina ilə bağlı olur.

 135.5. Əgər məsuliyyət daşıyıcı və faktiki daşıyıcının üzərinə düşürsə, bu halda onların məsuliyyəti birgə olur.

 135.6. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə daşıyıcıdan və  faktiki daşıyıcıdan tutulmalı olan məbləğlərin cəmi bu Məcəllədə nəzərdə tutulan məsuliyyət həddindən çox olmamalıdır.

 135.7. Bu Məcəllədə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-birinə reqress hüququna toxunmur.

 

Maddə 136. Yükün birbaşa daşınması

 

 136.1. Daşıyıcı daşımanın bir hissəsinin digər şəxs tərəfindən icra olunmasını nəzərdə tutan birbaşa konosament verdikdə, birbaşa  konosamentdə daşınma üçün qəbul edilmiş yükün itirilməsi və ya zədələnməsi, yaxud çatdırılmasının gecikdirilməsinə görə, əgər bunlar  digər şəxs daşımanın bir hissəsini icra etdikdə yük onun ixtiyarında olduğu zaman irəli gələn hallar nəticəsində baş veribsə, daşıyıcının  məsuliyyət daşımaması nəzərdə tutula bilər. Daşınma üçün qəbul edilmiş yükün itirilməsinin və ya zədələnməsinin, yaxud çatdırılmasının  gecikdirilməsinin belə hallar nəticəsində baş verməsini sübuta yetirmək vəzifəsi daşıyıcının üzərinə düşür.

 136.2. Daşımanın bir hissəsini icra edən şəxs, yük onun ixtiyarında olduğu zaman, daşınma üçün qəbul etdiyi yükün itirilməsinə və ya  zədələnməsinə, yaxud çatdırılmasının gecikdirilməsinə görə bu Məcəllədə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət daşıyır.

 

Maddə 137. Yükgöndərənin və fraxtedənin məsuliyyəti

 

 Yükgöndərən və fraxtedən, əgər zərərin vurulmasında onların yaxud hərəkətlərinə və ya hərəkətsizliyinə görə cavabdeh olduqları şəxslərin  təqsirinin olmadığını sübuta yetirməsələr, daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyırlar.

 

IX fəsil

Dənİzlə sərnİşİn daşınması müqavİləsİ

Maddə 138. Dənizlə sərnişin daşınması müqaviləsinin təyinatı

 

 138.1. Dənizlə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı sərnişini, habelə onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə  çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

 138.2. Dənizlə sərnişin daşınması müqaviləsini bağlayan və ya adından belə müqavilə bağlamış şəxs daşıyıcıdır.

 138.3. Faktiki daşıyıcı gəminin mülkiyyətçisi olaraq və ya gəmini digər qanuni əsaslarla istifadə edərək sərnişinləri faktiki daşıyan və ya  daşımanın bir hissəsini icra edən daşıyıcıdan fərqli olan digər şəxsdir.

 138.4. Sərnişin dənizlə sərnişin daşınması müqaviləsinə əsasən, yaxud daşıyıcının razılığı ilə dənizlə yük daşınması müqaviləsinə əsasən  avtomobili və ya heyvanları müşayiət etmək məqsədi ilə daşınması həyata keçirilən istənilən şəxsdir.

 138.5. Dənizlə sərnişin daşınması müqaviləsinin bağlanması bilet ilə, sərnişinin baqajı təhvil verməsi isə baqaj qəbzi ilə təsdiqlənir.

 

Maddə 139. Baqaj və kayut baqajı

 

 139.0. Bu fəslin məqsədləri üçün:

 139.0.1. baqaj — dənizlə yük daşınması müqaviləsinə əsasən daşınan avtomobillər və heyvanlar istisna olmaqla, daşıyıcı tərəfindən  dənizlə sərnişin daşınma müqaviləsinə əsasən daşınması həyata keçirilən əşyalar və ya avtomobillərdir;

 139.0.2. kayut baqajı — sərnişinin kayutunda olan və yaxud hər hansı bir başqa şəkildə onun sahibliyində, mühafizəsində və ya  nəzarəti altında olan baqajdır. Bu Məcəllənin 141, 148.2-148.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaların tətbiq edildiyi hallar  istisna olmaqla, kayut baqajı sərnişinin avtomobilində və ya onun üstündə olan baqajı da əhatə edir.

 

Maddə 140. Sərnişinin gediş və onun baqajının daşınması haqqı

 

 140.1. Sərnişinin gediş və onun baqajının daşınması haqqı tərəflərin razılaşması əsasında müəyyənləşdirilir.

 140.2. Ümumi istifadədə olan nəqliyyatda sərnişinin gediş və onun baqajının daşınması haqqı Azərbaycan Respublikasının qanunvericiliyi  ilə müəyyən edilmiş qaydada təsdiq edilən tariflər əsasında müəyyənləşdirilir.

 140.3. Sərnişinin aşağıdakılara hüququ vardır:

 140.3.1. özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz (xarici sərnişin xətlərində isə güzəştli tariflə) aparmaq.  Beş yaşına çatmamış digər uşaqlar, beş yaşından on iki yaşına qədər uşaqlar üçün qanunvericiliklə güzəştli daşınma tarifləri tətbiq  edilir;

 140.3.2. müəyyən edilmiş normalar həddində pulsuz kayut baqajını aparmaq.

 

Maddə 141. Sərnişinin daşınma müddətləri

 

 141.0. Sərnişinin daşınması aşağıdakı müddətləri əhatə edir:

 141.0.1. sərnişinə və kayut baqajına münasibətdə — sərnişinin və onun kayut baqajının gəmidə olduğu müddəti, gəmiyə minmə və  gəmini tərketmə müddətini, habelə sərnişinin su yolu ilə sahildən gəmiyə və gəmidən sahilə çatdırılması müddətini — əgər belə daşınma  biletin qiymətinə daxildirsə və ya bu yardımçı daşınma üçün nəqliyyat vasitəsini daşıyıcı veribsə. Sərnişinin dəniz vağzalında, körpüdə  və ya hər hansı bir başqa liman qurğusunda olduğu müddət daşınma müddətinə daxil edilmir;

 141.0.2. kayut baqajına münasibətdə — əgər baqaj daşıyıcı, onun işçisi və ya agenti tərəfindən qəbul edilib və sərnişinə təhvil  verilməyibsə, sərnişinin dəniz vağzalında, körpüdə və ya hər hansı bir liman qurğusunda olduğu müddət daşınma müddətinə daxil  edilir;

 141.0.3. kayut baqajı olmayan digər baqaja münasibətdə — baqaj daşıyıcı, onun işçisi və ya agenti tərəfindən sahildə, yaxud gəmidə  qəbul edildiyi andan daşıyıcının, onun işçisinin və ya agentinin baqajı sərnişinə verdiyi ana kimi keçən müddəti.

 

Maddə 142. Sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etməsi

 

 142.1. Sərnişinin gəmi yola düşənədək, habelə səfər başlandıqdan sonra sərnişinlərin minməsi və ya düşməsi üçün gəminin daxil olduğu hər  hansı bir məntəqədə dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək hüququ vardır.

 142.2. Əgər sərnişin dənizlə sərnişin daşınması müqaviləsindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dənizlə sərnişin  daşınması qaydaları ilə müəyyən edilmiş müddətdən gec olmayaraq imtina edibsə və ya gəmi səfərə çıxanadək xəstəlik nəticəsində gəmiyə  gəlməyibsə, yaxud gəmi səfərə çıxanadək xəstəlik nəticəsində və ya daşıyıcıdan asılı olan səbəblərə görə dənizlə sərnişin daşınması  müqaviləsindən imtina edibsə, sərnişinə gediş və baqajının daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır.

 

Maddə 143. Daşıyıcının dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina etməsi

 

 143.1. Daşıyıcının aşağıda göstərilən ondan asılı olmayan hallarda dənizlə sərnişin daşınması müqaviləsinin icrasından imtina etmək hüququ  vardır:

 143.1.1. gəminin ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər əməliyyatlar;

 143.1.2. gəminin yola düşdüyü və ya təyinat məntəqəsinin blokadası;

 143.1.3. müqavilə tərəflərindən asılı olmayan səbəblərə görə müvafiq hakimiyyət orqanlarının sərəncamı ilə gəminin saxlanılması;

 143.1.4. gəminin dövlət ehtiyaclarının təmin edilməsinə cəlb olunması;

 143.1.5. gəminin məhv olması və ya güc tətbiq edilməklə ələ keçirilməsi;

 143.1.6. gəminin üzgüçülüyə yararsız hesab edilməsi.

 143.2. Daşıyıcı dənizlə sərnişin daşınması müqaviləsinin icrasından gəmi səfərə çıxanadək imtina etdikdə, sərnişinə gediş və baqajının  daşınması üçün ödədiyi haqq tam həcmdə qaytarılır, səfərə çıxandan sonra imtina etdikdə isə — həmin haqq daşımanın icra olunmadığı  məsafəyə mütənasib olaraq qaytarılır.

 143.3. Bu Məcəllənin 143.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, dənizlə sərnişin daşınması müqaviləsinin icrasından  imtina edən daşıyıcı öz hesabına sərnişinin tələbi ilə onu yola salındığı məntəqəyə çatdırmalı və ya sərnişinə onun çəkdiyi xərcləri ödəməlidir.

 

Maddə 144. Dənizlə sərnişin daşınması müqaviləsində dəyişikliyin edilməsi

 

 144.1. Əgər sərnişinin yola düşdüyü məntəqədə və ya təyinat məntəqəsində, yaxud daşınma marşrutunda təbii fəlakət, əlverişsiz  sanitar-epidemioloji şərait, habelə daşıyıcıdan asılı olmayan və dənizlə sərnişin daşınması müqaviləsinin icrasını qeyri-mümkün edən digər  hadisə və hallar nəticəsində zəruri olarsa, daşıyıcının gəminin yola düşməsini gecikdirmək, daşıma marşrutunu, sərnişinin minəcəyi və ya  düşəcəyi məntəqəsini dəyişmək hüququ vardır. Bu hallarda daşıyıcı öz hesabına sərnişinin tələbi ilə onu yola düşdüyü məntəqəyə çatdırmalı  və ya sərnişinə onun çəkdiyi xərcləri ödəməlidir.

 144.2. Bu Məcəllənin 144.1-ci maddəsində müəyyən edilmiş qaydalar sərnişinin dənizlə sərnişin daşınması müqaviləsindən imtina etmək  hüququna toxunmur.

 

Maddə 145. Daşıyıcının məsuliyyəti

 

 145.1. Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisə xidməti vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun  işçilərinin və ya agentlərinin təqsiri üzündən baş vermişdirsə, daşıyıcı sərnişinin ölümünə və ya sağlamlığının pozulmasına, habelə sərnişinin  baqajının itirilməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır.

 145.2. Sərnişinin baqajının itirilməsi və ya zədələnməsi baqajın daşındığı və ya daşınmalı olduğu gəminin gəlməsindən sonra baqajın  ağlabatan müddətdə sərnişinə verilməməsi nəticəsində vurulmuş zərəri də əhatə edir.

 145.3. Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisənin sərnişinin və onun baqajının daşınması zamanı baş verməsini, habelə vurulmuş  zərərin miqdarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.

 145.4. Sərnişinin ölümü və ya sağlamlığının pozulması, yaxud onun kayut baqajının itirilməsi və ya zədələnməsi gəminin qəzaya uğraması,  toqquşması, gəminin saya oturması, gəmidə partlayış və ya yanğın nəticəsində baş verdikdə, bu halda öz vəzifələri (səlahiyyətləri)  hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsirli olması sübuta yetirilməyibsə, onda onlar təqsirli güman  edilir. Bu qayda baqajın itirilməsinə və ya zədələnməsinə səbəb olan hadisənin xarakterindən asılı olmayaraq, kayut baqajı olmayan digər  baqaja da şamil edilir. Digər hallarda təqsiri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.

 

Maddə 146. Faktiki daşıyıcı

 

 146.1. Sərnişinin daşınması və ya onun bir hissəsinin icrası faktiki daşıyıcıya həvalə edildikdə, daşıyıcı bu fəslin qaydalarına müvafiq olaraq  sərnişinin bütün daşınmasına görə məsuliyyət daşıyır. Bununla belə, faktiki daşıyıcının, sərnişin daşınmasında yaranan münasibətlərdə bu  fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmuş vəzifələri və hüquqları vardır.

 146.2. Faktiki daşıyıcının icra etdiyi sərnişin daşınmasından yaranan münasibətlərdə daşıyıcı, vəzifələri (səlahiyyətləri) hüdudlarında hərəkət  edən faktiki daşıyıcının, onun işçilərinin və ya agentinin hərəkətləri və ya hərəkətsizliyinə görə məsuliyyət daşıyır.

 146.3. Faktiki daşıyıcının üzərinə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə tutulmayan öhdəliklərin qoyulması və ya bu fəsildə  verilmiş hüquqlardan imtinası haqqında hər hansı bir saziş faktiki daşıyıcı üçün, yalnız onun özü buna yazılı razılıq verdikdə, qüvvədə olur.

 146.4. Daşıyıcı və faktiki daşıyıcı məsuliyyət daşıyırlarsa, onların məsuliyyəti birlikdə qəbul olunur.

 146.5. Bu fəsildə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-birinə reqress hüququna toxunmur.

 

Maddə 147. Qiymətli əşyaların itirilməsi və ya zədələnməsi

 

 Daşıyıcı pulun, qiymətli kağızların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, daş-qaşın, incəsənət əsərlərinin və digər  qiymətli əşyaların itirilməsinə və ya zədələnməsinə görə, əgər belə qiymətli əşyalar onların salamat saxlanılmasına razılıq verən daşıyıcıya  saxlanmaq üçün təhvil verilməyibsə, cavabdeh deyil. Saxlamaya təhvil verilmiş qiymətli əşyalara görə daşıyıcı bu Məcəllənin 148.4-cü  maddəsində nəzərdə tutulmuş həddən yuxarı olmayan məsuliyyət daşıyır.

 

Maddə 148. Daşıyıcının məsuliyyətinin həddi

 

 148.1. Sərnişinin həyatına və ya sağlamlığına vurulan zərərə görə daşıyıcının bütünlükdə daşımaya münasibətdə məsuliyyəti 175 min  hesablaşma vahidindən artıq olmamalıdır.

 148.2. Kayut baqajının itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə daşımaya münasibətdə məsuliyyəti bir sərnişin üçün 1,8  min hesablaşma vahidindən artıq olmamalıdır.

 148.3. Avtomobilin, o cümlədən onda və ya onun üstündə daşınan baqajın itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə  daşınmaya münasibətdə məsuliyyəti bir avtomobil üçün 10 min hesablaşma vahidindən artıq olmamalıdır.

 148.4. Bu Məcəllənin 148.2 və 148.3-cü maddələrində göstərilən baqajdan fərqli olan baqajın itirilməsinə və ya zədələnməsinə görə  daşıyıcının bütünlükdə daşımaya münasibətdə məsuliyyəti bir sərnişin üçün 2,7 min hesablaşma vahidindən artıq olmamılıdır.

 148.5. Daşıyıcı və sərnişin, avtomobilin zədələnməsi halında 300 hesablaşma vahidindən artıq olmayan və digər baqajın itirilməsi və ya  zədələnməsi halında bir sərnişin üçün 135 hesablaşma vahidindən artıq olmayan franşiza çıxılmaqla, məsuliyyətin daşıyıcının üzərinə  qoyulması barədə saziş bağlaya bilərlər. Bu halda göstərilən məbləğlər avtomobilin yaxud digər baqajın itirilməsi və ya zədələnməsi  nəticəsində sərnişinə vurulmuş zərərin məbləğindən çıxılır.

 148.6. Zərərin əvəzinin ödənilməsi məbləğinə hesablanan faizlər və məhkəmə xərcləri bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə  tutulmuş məsuliyyətin hədlərinə daxil edilmir.

 

Maddə 149. Məsuliyyət həddinin tətbiq edilməsi

 

 149.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi daşıyıcının və ya faktiki daşıyıcının  işçisinə və ya agentinə qarşı irəli sürüldükdə, işçi və ya agent, əgər öz vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət etdiyini sübuta yetirə bilsə,  daşıyıcıya və faktiki daşıyıcıya şamil edilən məsuliyyətin məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər.

 149.2. Bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət hədləri bir sərnişinin ölümü və ya bir sərnişinin sağlamlığına  zərər vurulmasından, yaxud onun baqajının itirilməsi və ya zədələnməsindən irəli gələn bütün tələblər üzrə ödəniləsi olan məbləğlərin cəminə  tətbiq edilir.

 149.3. Faktiki daşıyıcı tərəfindən sərnişinin daşınmasına münasibətdə daşıyıcının, faktiki daşıyıcının, habelə onların öz vəzifələri  (səlahiyyətləri) hüdudlarında hərəkət edən işçilərinin və ya agentlərinin ödəməli olduqları məbləğlərin cəmi bu fəsildə müəyyən edilmiş  qaydalara müvafiq olaraq, daşıyıcının və ya faktiki daşıyıcının ödəməli olduqları məbləğin yuxarı həddindən çox ola bilməz. bu halda  göstərilən şəxslərin heç biri ona tətbiq edilən məsuliyyət həddindən artıq məsuliyyət daşımamalıdır.

 

Maddə 150. Məsuliyyətin məhdudlaşdırılması hüququnun itirilməsi

 

 Daşıyıcı, faktiki daşıyıcı, onların işçisi və ya agenti, əgər sərnişinə zərərin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törətdikləri hərəkətlər və ya  hərəkətsizlik səbəbindən vurulduğu sübuta yetirilərsə, bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin  məhdudlaşdırılması hüququnu itirir.

 

Maddə 151. Baqaj itirildikdə və ya zədələndikdə bildiriş

 

 151.1. Aşağıda göstərilən hallarda sərnişin daşıyıcıya və ya onun agentinə yazılı bildiriş verməlidir:

 151.1.1. kayut baqajının zədələnməsi aşkar göründükdə — sərnişin gəmidən düşməzdən əvvəl və ya düşdüyü anda;

 151.1.2. digər baqajın zədələnməsi aşkar göründükdə — baqaj verilməzdən əvvəl və ya verildiyi anda;

 151.1.3. baqajın itirilməsi və ya zədələnməsi aşkar görünmədikdə — sərnişinin gəmidən düşdüyü gündən və ya baqajın verildiyi  gündən, yaxud baqajın təhvil verilməli olduğu andan etibarən 15 gün ərzində.

 151.2. Baqaj alınan anda onun vəziyyəti daşıyıcı ilə birlikdə müayinə edildikdə və ya yoxlandıqda yazılı bildirişin verilməsi tələb olunmur.

 151.3. Sərnişin bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulmuş tələbi yerinə yetirmədikdə hesab olunur ki, əks hal sübuta  yetirilməyibsə, sərnişin baqajını zədələnməmiş alıb.

X fəsil

Gəmİnİ müəyyən müddətə fraxtetmə müqavİləsİ (taym-çarter)

 

Maddə 152. Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinin (taym-çarterin) anlayışı

 

 Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinə (taym-çarter) görə gəmi sahibi şərtləşdirilmiş haqq (fraxt) müqabilində fraxtedənə ticarət  gəmiçiliyinin məqsədləri üçün gəmini və gəmi heyəti üzvlərinin xidmətlərini müəyyən müddətə istifadəyə verməyi öhdəsinə götürür.  Taym-çarter yazılı formada bağlanmalıdır.

 

Maddə 153. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

 

Maddə 154. Taym-çarterin məzmunu

 

 Taym-çarterdə tərəflərin adı, gəminin adı, onun texniki və istismar xarakteristikaları (yükgötürmə qabiliyyəti, tutumu, sürəti və s.), üzmə  rayonu, fraxtedilmənin məqsədi, gəminin verilməsi və qaytarılması yeri və tarixi, fraxtın məbləği və ödənilmə qaydası, taym-çarterin  qüvvədəolma müddəti göstərilməlidir.

 

Maddə 155. Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsi (subtaym-çarter)

 

 155.1. Taym-çarterdə başqa hal nəzərdə tutulmadıqda, fraxtedən taym-çarterlə ona verilmiş hüquqlar hüdudunda öz adından taym-çarterin  qüvvədə olduğu bütün müddətə və ya həmin müddətin bir hissəsinə gəminin fraxta verilməsi haqqında üçüncü şəxslər ilə müqavilə bağlaya  bilər (subtaym-çarter). Subtaym-çarterin bağlanması fraxtedəni gəmi sahibi ilə bağladığı taym-çarterin icrasından azad etmir.

 155.2. Subtaym-çarterə bu fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir.

 

Maddə 156. Gəminin dəniz üzgüçülüyünə yararlı vəziyyətə gətiriləsi

 

 156.1. Gəmi sahibi fraxtedənə gəmini verənə kimi onu dəniz üzgüçülüyü üçün yararlı vəziyyətə gətirməlidir, yəni fraxtedilmənin  taym-çarterdə nəzərdə tutulmuş məqsədləri üçün gəmini (onun gövdəsini, mühərrikini və avadanlığını) yararlı vəziyyətə gətirilməsini təmin  etməyə, gəmi heyəti ilə komplektləşdirməyə və lazımi qaydada təchiz etməyə borcludur.

 156.2. Gəmi sahibi gəmiyə lazımi qayğı göstərilərkən gəminin dəniz üzgüçülüyünə yararsız vəziyyətinin aşkar edilə bilməyən qüsurlardan  irəli gəldiyini sübuta yetirə bilsə (zahirən görünməyən qüsurlar), məsuliyyət daşımır.

 156.3. Gəmi sahibi taym-çarterin qüvvədə olduğu müddətdə gəmini dəniz üzgüçülüyünə yararlı vəziyyətdə saxlamağa, gəminin və öz  məsuliyyətinin sığortalanması, habelə gəmi heyəti üzvlərinin saxlanılma xərclərini ödəməyə borcludur.

 

Maddə 157. Gəminin kommersiya istismarı və onun qaytarılması üzrə fraxtedənin vəzifələri

 

 157.1. Fraxtedən gəmidən və gəmi heyəti üzvlərinin xidmətlərindən taym-çarterdə müəyyən edilmiş məqsədlərə və şərtlərə müvafiq olaraq  istifadə etməyə borcludur.

 157.2. Fraxt edilmiş gəminin və onun gəmi heyəti üzvlərinin xidmətlərindən istifadə nəticəsində əldə edilmiş gəlirlər, xilasetmədən əldə edilən  və gəmi sahibi ilə fraxtedən arasında bu Məcəllənin 162-ci maddəsinə müvafiq olaraq bölüşdürülən gəlirlər istisna olmaqla, fraxtedənin  mülkiyyətidir.

 157.3. Taym-çarterin qüvvədəolma müddəti bitdikdə fraxtedən gəmini gəmi sahibinə aldığı vəziyyətdə, normal köhnəlmə nəzərə alınmaqla,  qaytarmalıdır.

 157.4. Gəmini vaxtında qaytarmadıqda fraxtedən gəminin gecikdirilməsinə görə taym-çarterdə nəzərdə tutulmuş fraxtı və ya əgər bu  taym-çarterdə nəzərdə tutulandan daha yüksəkdirsə, fraxtı bazar qiyməti ilə ödəyir.

 

Maddə 158. Fraxtedənin yük sahibi qarşısında məsuliyyəti

 

 Gəmi fraxtedənə yük daşınması üçün verildikdə, onun öz adından yük daşınması müqaviləsi bağlamaq, çarter imzalamaq, konosament,  dəniz qaimələri və digər daşıma sənədləri vermək hüququ vardır. bu halda fraxtedən yük sahibi qarşısında bu Məcəllənin 130-137-ci  maddələrində müəyyən edilmiş qaydalara müvafiq olaraq məsuliyyət daşıyır.

 

Maddə 159. Gəmi heyəti üzvlərinin tabeliyi

 

 159.1. Gəmi kapitanı və gəmi heyətinin digər üzvləri gəminin idarə edilməsinə, gəminin daxili qaydalarına və gəmi heyəti üzvlərinə dair gəmi  sahibinin verdiyi sərəncamlara tabedirlər.

 159.2. Fraxtedənin gəminin kommersiya istismarına aid olan sərəncamları gəmi kapitanı və digər gəmi heyəti üzvləri üçün məcburidir.

 

Maddə 160. Gəminin xilas edilməsi, zədələnməsi və ya məhvi nəticəsində vurulan zərərə görə fraxtedənin məsuliyyətdən azad edilməsi

 

 Fraxtedən fraxta götürülmüş gəminin xilas edilməsi, zədələnməsi və ya məhv olunması nəticəsində vurulan zərərə görə, əgər zərərin  vurulmasında fraxtedənin təqsiri sübuta yetirilməyibsə, məsuliyyət daşımır.

 

Maddə 161. Fraxtın ödənilməsi

 

 161.1. Fraxtedən fraxtı gəmi sahibinə taym-çarterdə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir. Dəniz üzgüçülüyünə yararsızlıq  nəticəsində gəminin istismar edilmədiyi müddət ərzində fraxtedən fraxtı və gəmiyə aid xərcləri ödəməkdən azad edilir.

 161.2. Əgər gəmi fraxtedənin təqsiri nəticəsində istismar üçün yararsız vəziyyətə düşmüşdürsə, gəmi sahibi, fraxtedən tərəfindən ona vurulan  zərərin əvəzinin ödənilməsindən asılı olmayaraq, taym-çarterdə nəzərdə tutulmuş fraxtı almaq hüququna malikdir.

 161.3. Fraxtedən fraxtın ödənilməsini on dörd təqvim günündən artıq gecikdirdikdə, gəmi sahibinin xəbərdarlıq etmədən gəmini  fraxtedəndən geri almaq və belə gecikdirməyə görə vurulan zərərin əvəzinin ödənilməsini fraxtedəndən tələb etmək hüququ vardır.

 161.4. Gəmi məhv olduqda fraxt taym-çarterdə nəzərdə tutulmuş gündən gəminin məhv olduğu günədək, gəminin məhv olduğu günü  müəyyənləşdirmək mümkün olmadıqda isə, gəmi haqqında axırıncı xəbərin alındığı günədək ödənilməlidir.

 

Maddə 162. Xilasetmə xidmətlərinin göstərilməsinə görə mükafat

 

 Taym-çarterin qüvvədəolma müddəti bitənədək göstərilmiş xilasetmə xidmətlərinə görə gəmiyə çatacaq mükafat, xilasetmə ilə əlaqədar  olaraq çəkilən xərclər və gəmi heyətinə çatacaq mükafat payı çıxılmaqla, gəmi sahibi ilə fraxtedən arasında bərabər bölünür.

 

XI fəsil

Heyətsİz gəmİnİn fraxtedİlmə müqavİləsİ (berbout-çarter)

 

Maddə 163. Heyətsiz gəminin fraxtedilmə müqaviləsinin (berbout-çarterin) anlayışı

 

 Heyətsiz gəminin fraxtedilmə müqaviləsinə (berbout-çarterə) görə gəmi sahibi şərtləşdirilmiş haqq (fraxt) müqabilində gəmini heyətsiz və  təchiz olunmamış halda ticarət gəmiçiliyinin məqsədləri üçün fraxtedənin istifadəsinə və sahibliyinə müəyyən müddətə verməyi öhdəsinə  götürür. Berbout-çarter yazılı formada bağlanmalıdır.

 

Maddə 164. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

 

Maddə 165. Berbout-çarterin məzmunu

 

 Berbout-çarterdə tərəflərin adı, gəminin adı, bayrağı, bölgü dərəcəsi, onun texniki və istismar xarakteristikaları (yükgötürmə qabiliyyəti,  tutumu, sürəti və s.), istifadə etdiyi yanacağın miqdarı, üzmə rayonu, fraxtedilmənin məqsədi, gəminin verilməsi və qaytarılması yeri və tarixi,  fraxtın məbləği və ödənilmə qaydası, berbout-çarterin qüvvədəolma müddəti göstərilməlidir.

 

Maddə 166. Heyətsiz gəminin ikinci əldən fraxtedilmə müqaviləsi (subberbout-çarter)

 

 166.1. Əgər berbout-çarterdə başqa hal nəzərdə tutulmayıbsa, fraxtedən berbout-çarterlə ona verilmiş hüquqlar hüdudunda öz adından  gəmini berbout-çarterin qüvvədə olduğu bütün müddətə və ya həmin müddətin bir hissəsinə heyətsiz gəminin fraxta verilməsi haqqında  üçüncü şəxslər ilə müqavilə bağlaya bilər (subberbout-çarter). Berbout-çarterin bağlanması fraxtedəni gəmi sahibi ilə bağladığı  berbout-çarterin icrasından azad etmir.

 166.2. Subberbout-çarterə bu fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir.

 

Maddə 167. Gəminin dəniz üzgüçülüyü üçün yararlı vəziyyətə gətirilməsi

 

 167.1. Gəmi sahibi gəmini fraxtedənə verənədək onu dəniz üzgüçülüyü üçün yararlı vəziyyətə gətirməlidir, yəni fraxtedilmənin  berbout-çarterdə nəzərdə tutulmuş məqsədləri üçün gəmini (onun gövdəsini, mühərrikini və avadanlığını) yararlı vəziyyətə gətirilməsini  təmin və lazımi qaydada təchiz etməyə borcludur.

 167.2. Fraxtedən berbout-çarterin qüvvədə olduğu müddətdə gəmini dəniz üzgüçülüyü üçün yararlı vəziyyətdə saxlamalıdır, lakin gəminin  zahirən görünməyən qüsurlarının aradan qaldırılması gəmi sahibinin vəzifəsidir.

 

Maddə 168. Gəmi heyəti

 

 Gəmi heyətinin komplektləşdirilməsini fraxtedən həyata keçirir. Gəmi heyətinin komplektləşdirilməsi üsulundan asılı olmayaraq, gəmi  kapitanı və gəmi heyətinin üzvləri bütün hallarda fraxtedənə tabedirlər.

 

Maddə 169. Gəminin istismarı və onun qaytarılması üzrə fraxtedənin vəzifələri

 

 169.1. Fraxtedən gəmini berbout-çarterin şərtlərinə müvafiq olaraq istismar edir və istismar ilə bağlı bütün xərcləri, o cümlədən gəmi heyəti  üzvlərinin saxlanılması xərclərini ödəyir.

 169.2. Berbout-çarterin qüvvədəolma müddəti bitdikdə fraxtedən gəmini gəmi sahibinə aldığı vəziyyətdə, normal köhnəlmə nəzərə  alınmaqla, qaytarmalıdır.

 

Maddə 170. Fraxtedənin üçüncü şəxslər qarşısında məsuliyyəti

 

 Fraxtedən, gəmilərdən neft ilə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulmuş zərərin əvəzinin  ödənilməsinə dair tələblər istisna olmaqla, üçüncü şəxslər qarşısında onların bütün tələbləri üzrə məsuliyyət daşıyır.

 

Maddə 171. Gəminin xilas edilməsi, zədələnməsi və ya məhvi nəticəsində vurulan zərər

 

 Fraxtedən gəminin xilas edilməsi, zədələnməsi və ya məhvi nəticəsində vurulan zərərə görə, əgər zərərin vurulmasında təqsirinin olmamasını  sübuta yetirməyibsə, məsuliyyət daşıyır.

 

Maddə 172. Fraxtın gəmi sahibinə ödənilməsi

 

 172.1. Fraxtedən fraxtı gəmi sahibinə berbout-çarterdə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir. Dəniz üzgüçülüyünə yararsızlığı  nəticəsində gəminin istismar edilmədiyi müddət ərzində, əgər gəminin yararsızlığı fraxtedənin təqsiri nəticəsində baş verməyibsə, fraxtedən  fraxtı və gəmiyə aid xərcləri ödəməkdən azad edilir.

 172.2. Fraxtedən fraxtın ödənilməsini 14 təqvim günündən artıq gecikdirdikdə, gəmi sahibinin, xəbərdarlıq etmədən, gəmini geri almaq və  belə gecikdirməyə görə vurulan zərərin əvəzinin ödənilməsini fraxtedəndən tələb etmək hüququ vardır.

 172.3. Gəmi məhv olduqda fraxt berbout-çarterdə nəzərdə tutulmuş gündən gəminin məhv olduğu günədək, gəminin məhv olduğu günü  müəyyənləşdirmək mümkün olmadıqda isə, gəmi haqqında axırıncı xəbərin alındığı günədək ödənilməlidir.

 

Maddə 173. Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə berbout-çarter

 

 173.1. Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarterin qüvvədəolma müddəti bitdikdə, əgər fraxtedən  berbout-çarterdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetiribsə, gəmi fraxtedənin mülkiyyətinə keçir.

 173.2. Bu Məcəllənin 173.1-ci maddəsinə müvafiq olaraq gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarter üzrə  fraxtın ödənilməsi on dörd təqvim günündən artıq gecikdirildikdə, əgər gecikdirilmə fraxtedəndən asılı olmayan hallardan irəli gəlirsə, gəmi  sahibi gəmini geri ala bilməz, lakin onun fraxtedəndən gecikdirilmə nəticəsində vurulan zərərin əvəzini almaq hüququ vardır.

 

XII fəsil

Yedəkləmə müqavİləsİ

Maddə 174. Yedəkləmə müqaviləsinin anlayışı

 

 Yedəkləmə müqaviləsinə görə bir gəminin sahibi haqq müqabilində digər gəmini və ya üzən obyekti yedəkləyib müəyyən məsafəyə aparmağı  (dəniz yedəkləməsi), yaxud liman akvatoriyasında manevrlər etmək üçün, o cümlədən gəminin və ya üzən digər obyektin limana daxil  olması və ya çıxması üçün (liman yedəkləməsi) yedəkləməsini öhdəsinə götürür.

 

Maddə 175. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

 

Maddə 176. Yedəkləmə müqaviləsinin forması

 

 176.1. Dəniz yedəkləmə müqaviləsi yazılı formada bağlanılır.

 176.2. Liman yedəkləmə müqaviləsi şifahi formada da bağlanıla bilər. Yedəkləmənin idarəetməsi vəzifəsinin yedəkçi gəminin kapitanı  üzərinə qoyulması haqqında razılaşma yazılı formada olmalıdır.

 

Maddə 177. Yedəkləmə müqaviləsi tərəflərinin vəzifələri

 

 177.1. Yedəkləmə müqaviləsinin hər bir tərəfi öz gəmisini və ya digər üzən obyektini qabaqcadan yedəkləmə üçün yararlı vəziyyətə  gətirməlidir.

 177.2. Yedəkləmə şəraitin tələb etdiyi kimi ustalıqla, yalnız zəruri hallar istisna olmaqla, fasiləsiz və gecikdirilmədən, dəniz təcrübəsinə  müvafiq olaraq həyata keçirilməlidir.

 177.3. Başqa gəminin və ya digər üzən obyektin kapitanının idarəetməsində olan gəmi və ya digər üzən obyekt də yedək karvanının  təhlükəsizliyinin qayğısına qalmaladır.

 

Maddə 178. Dəniz yedəkləməsində məsuliyyət

 

 178.1. Dəniz yedəkləməsi yedəkçi gəmi kapitanının idarəetməsi ilə həyata keçirilir.

 178.2. Əgər yedəkçi gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, o, dəniz yedəkləməsi zamanı yedəyə  alınmış gəmiyə və ya digər üzən obyektə, yaxud həmin gəmi və ya obyektdəki insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır.

 178.3. Dəniz yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən dəniz yedəkləməsinə idarəetməni yedəyə alınan gəminin və ya  digər üzən obyektin kapitanının üzərinə qoya bilərlər. Belə halda dəniz yedəkləməsi zamanı yedəkçi gəmiyə və ya həmin gəmidə olan  insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəyə alınmış  gəminin və ya digər üzən obyektin sahibi daşıyır.

 

Maddə 179. Liman yedəkləməsində məsuliyyət

 

 179.1. Liman yedəkləməsi yedəyə alınan gəminin və ya digər üzən obyektin kapitanının idarəetməsi ilə həyata keçirilir.

 179.2. Əgər yedəyə alınan gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, o, liman yedəkləməsi zamanı  yedəkçi gəmiyə və ya həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır.

 179.3. Liman yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən liman yedəkləməsinə idarəetməni yedəkçi gəminin və ya digər  üzən obyektin kapitanının üzərinə qoya bilərlər. Belə halda liman yedəkləməsi zamanı yedəyə alınmış gəmiyə və ya həmin gəmidə olan  insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəkçi  gəminin sahibi daşıyır.

 

Maddə 180. Buzlu şəraitdə həyata keçirilən yedəkləmədə məsuliyyət

 

 Buzlu şəraitdə həyata keçirilən yedəkləmədə yedəyə alınan gəmiyə və ya digər üzən obyektə, yaxud onlarda olan insanlara və ya əmlaka  vurulan zərərə görə, əgər zərərin vurulmasında onun təqsirinin olduğu sübuta yetirilməyibsə, yedəkçi gəminin sahibi məsuliyyət daşımır.

XIII fəsil

Dənİz agentlİyİ müqavİləsİ

Maddə 181. Dəniz agentliyi haqqında müqavilənin anlayışı

 

 Dəniz agentliyi haqqında müqaviləyə görə dəniz agenti haqq müqabilində gəmi sahibinin tapşırığı əsasında və onun hesabına öz adından və  ya gəmi sahibinin adından müəyyən limanda və ya müəyyən ərazidə hüquqi və digər hərəkətləri etməyi öhdəsinə götürür.

 

Maddə 182. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

 

Maddə 183. Dəniz agentinin ümumi səlahiyyətlərinin məhdudlaşdırılması

 

 Gəmi sahibi gəmi sahibinin adından əqdlər bağlamağa dair dəniz agentinin ümumi səlahiyyətlərini məhdudlaşdırdıqda və belə  məhdudlaşdırma barəsində üçüncü şəxsin məlumatı olmadıqda, vicdanla hərəkət edən üçüncü şəxs ilə dəniz agentinin bağladığı əqd  etibarlıdır və gəmi sahibi üçün hüquq və vəzifələr yaradır.

 

Maddə 184. Dəniz agentinin müxtəlif tərəflərin maraqlarına dair hərəkətləri

 

 Dəniz agenti gəmi sahibinin razılığı ilə hüquqi və digər hərəkətləri ona səlahiyyət vermiş digər tərəfin xeyrinə də edə bilər.

 

Maddə 185. Dəniz agentinin hüquq və vəzifələri

 

 185.1. Dəniz agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiyyətləri yerinə yetirir, gəmi  kapitanına yerli və liman hakimiyyəti orqanları ilə əlaqələrin yaradılmasında, gəminin limanda təchiz olunmasında və ona xidmətlərin  göstərilməsinin təşkilində köməklik göstərir, yükə dair sənədləri rəsmiləşdirir, fraxt məbləğlərini və dənizlə yük daşınması müqaviləsindən  irəli gələn tələblərə görə gəmi sahibinə çatacaq digər məbləğləri inkasso edir, gəmi sahibinin və gəmi kapitanının sərəncamı ilə gəminin  limanda olmasına görə ödənilməli olan məbləğləri ödəyir, fraxtın yığılmasını və yükün göndərilməsini həyata keçirir, daşınma üçün yük cəlb  edir və dəniz agentliyi sahəsində digər hərəkətləri həyata keçirir.

 185.2 Dəniz agenti:

 185.2.1. fəaliyyətini gəmi sahibinin maraqlarına uyğun vicdanla və dəniz agentliyinin təcrübəsinə müvafiq olaraq həyata keçirməyə;

 185.2.2. səlahiyyətləri hüdudlarında fəaliyyət göstərməyə;

 185.2.3. vəsaitlərin xərclənməsinin uçotunu aparmağa və dəniz agentliyi müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə gəmi  sahibinə hesabatlar verməyə borcludur.

 

Maddə 186. Gəmi sahibinin vəzifələri

 

 186.1. Gəmi sahibi dəniz agentinə dəniz agentliyi müqaviləsinə müvafiq hərəkətlərin həyata keçirilməsi üçün kifayət edən vəsaiti verməyə,  ona çəkdiyi xərclərin əvəzini və müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda haqq ödəməyə borcludur.

 186.2. Dəniz agentinin səlahiyyətləri hüdudlarında və gəmi sahibinin adından etdiyi hərəkətlərin nəticələrinə görə gəmi sahibi məsuliyyət  daşıyır.

 

Maddə 187. Dəniz agentliyi müqaviləsinə xitam verilməsi

 

 187.1. Dəniz agentliyi müqaviləsi müəyyən müddətə bağlandıqda, müqavilənin müddətinin bitməsi ona xitam verilməsinə səbəb olur.

 187.2. Dəniz agentliyi haqqında müqavilə qeyri-müəyyən müddətə bağlandıqda, hər bir tərəfin müqavilənin ləğv edilmə tarixinədək üç ay  əvvəlcədən digər tərəfi xəbərdar etməklə belə müqaviləyə xitam vermək hüququ var.

 

XIV fəsil

Dənİz vasİtəçİlİyİ müqavİləsİ

Maddə 188. Dəniz vasitəçiliyi müqaviləsinin anlayışı

 

 Dəniz vasitəçiliyi müqaviləsinə görə vasitəçi (dəniz brokeri) sifarişçinin adından və onun hesabına gəmilərin alqı-satqı müqavilələri, dənizlə  yük daşınması müqavilələri, fraxtetmə və yedəkləmə, habelə dəniz sığorta müqavilələri bağlanarkən vasitəçilik xidmətləri göstərir.

 

Maddə 189. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

 

Maddə 190. Dəniz brokerinin dəniz agentinin hərəkətlərini yerinə yetirməsi

 

 Dəniz brokeri sifarişçinin tapşırığı əsasında gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiyyətləri,  habelə bu Məcəllənin 185-ci Maddəsinə müvafiq olaraq dəniz agentinin adətən etdiyi hərəkətləri yerinə yetirir. Belə halda bu Məcəllənin  181-187-ci maddələrində dəniz agentliyi müqaviləsinə dair müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.

 

Maddə 191. Dəniz brokerinin xidmətlərinə görə haqq

 

 Bu Məcəllənin 188-ci maddəsində göstərilmiş müqavilələr dəniz brokerinin vasitəçiliyi ilə bağlandıqda, onun vasitəçilik xidmətlərinə görə  haqq almaq hüququ vardır.

 

Maddə 192. Dəniz brokerinin hesabat vermək vəzifəsi

 

 Sifarişçinin tapşırığını yerinə yetirdikdən sonra dəniz brokeri sifarişçidən aldığı məbləğlərə dair hesabat verməlidir.

XV fəsil

Dənİz sığorta müqavİləsİ

Maddə 193. Dəniz sığorta müqaviləsinin anlayışı

 

 Dəniz sığorta müqaviləsinə görə sığortaçı şərtləşdirilmiş haqq (sığorta mükafatı) müqabilində sığortalıya və ya xeyrinə sığorta müqaviləsi  bağlanmış başqa şəxsə (faydalanan şəxs) müqavilədə nəzərdə tutulan hadisələrin (sığorta hadisələrinin) baş verdiyi təqdirdə sığortalanmış  obyektə vurulmuş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi verməyi)  öhdəsinə götürür. Dəniz sığorta müqaviləsi yazılı formada bağlanır.

 

Maddə 194. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

 

Maddə 195. Dəniz sığortasının obyekti

 

 195.1. Ticarət gəmiçiliyi ilə bağlı olan hər hansı bir əşya mənafeyi dəniz sığortasının obyekti ola bilər: gəmi, inşa edilən gəmi, yük, fraxt,  habelə sərnişinin gediş haqqı, gəmidən istifadə etməyə görə haqq, yükdən gözlənilən mənfəət və gəmi, yük və fraxt ilə təmin olunan başqa  tələblər, gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin əmək haqları və onlara çatacaq digər məbləğlər, o cümlədən repatriasiya üçün  xərclər, gəmi sahibinin və sığortaçının öz üzərinə götürdüyü risk (təkrar sığorta).

 195.2. Sığorta obyekti dəniz sığorta müqaviləsində göstərilməlidir.

 

Maddə 196. Sığorta riski haqqında məlumat

 

 196.1. Dəniz sığorta müqaviləsi bağlanarkən sığortalı ona məlum olan və ya məlum olmalı və riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm  əhəmiyyəti olan halları, habelə sığortaçının sorğu verdiyi məlumatları sığortaçıya bildirməlidir.

 196.2. Sığortalı hamıya məlum olan, habelə sığortaçıya məlum olan və ya məlum olmalı məlumatları sığortaçıya bildirməkdən azad edilir.

 196.3. Sığortalı riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları sığortaçıya bildirmədikdə və ya yanlış məlumat  verdikdə, sığortaçı dəniz sığorta müqaviləsindən imtina edə bilər. Belə halda, əgər sığortalı məlumatları bildirməməkdə və ya yanlış məlumat  verməkdə təqsirinin olmadığını sübuta yetirə bilməsə, sığorta haqqı (mükafat) sığortaçıya çatır.

 196.4. Əgər riskin dərəcəsini müəyyənləşdirmədikdə mühüm əhəmiyyəti olan və sığortalı tərəfindən bildirilməyən hallar aradan qaldırılıbsa,  sığortaçı müqavilədən imtina edə bilməz.

 196.5. Müqavilə bağlanarkən sığortaçının sorğusu əsasında məlumatlar sığortalı tərəfindən təqdim edilmədikdə, sığortaçı sonradan belə  məlumatların verilməməsini əsas tutaraq müqavilədən imtina edə bilməz.

 

Maddə 197. Sığorta şəhadətnaməsi və sığortanın şərtləri

 

 Sığortaçı sığortalıya dəniz sığorta müqaviləsinin bağlandığını təsdiq edən sənədi (sığorta şəhadətnaməsi, sığorta sertifikatı və ya digər sığorta  sənədi), habelə sığortanın şərtlərini təqdim edir.

 

Maddə 198. Sığorta haqqı (mükafat)

 

 Sığortalı dəniz sığorta müqaviləsində şərtləşdirilmiş müddətdə sığortaçıya sığorta haqqını ödəməlidir. Müqavilə sığorta haqqı ödənilən anda  qüvvəyə minir.

 

Maddə 199. Dəniz sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması

 

 199.1. Sığortalı dəniz sığorta müqaviləsini öz xeyrinə və ya başqa şəxsin (faydalanan şəxsin) xeyrinə bağlaya bilər. Bu şəxsin adını bildirmək  məcburi deyil.

 199.2. Dəniz sığorta müqaviləsi faydalanan şəxsin adı göstərilmədən bağlandıqda, sığortaçı sığortalıya sığorta şəhadətnaməsi və ya təqdim  edənin adına digər sığorta sənədi verir.

 

Maddə 200. Sığortalının və faydalanan şəxsin vəzifələri

 

 Dəniz sığorta müqaviləsi faydalanan şəxsin xeyrinə bağlandıqda, müqavilə üzrə bütün vəzifələri sığortalı daşıyır. Əgər dəniz sığorta  müqaviləsi faydalanan şəxsin tapşırığı ilə və ya onun tapşırığı olmadan, lakin sonradan onun sığortaya razılığını bildirəcəyi şərti ilə  bağlanmışdırsa, müqavilə üzrə bütün vəzifələri habelə faydalanan şəxs də daşıyır.

 

Maddə 201. Faydalanan şəxsin xeyrinə bağlanmış müqavilə üzrə sığortalının hüquqları

 

 Müqavilə faydalanan şəxsin xeyrinə bağlandıqda, sığortalı faydalanan şəxsin etibarnaməsi olmadan müqavilə üzrə bütün hüquqlardan  istifadə edir.

 

Maddə 202. Sığorta ödənişi verildikdə sığorta şəhadətnaməsinin təqdim edilməsi

 

 Sığortaçı sığorta ödənişini verdikdə, sığorta şəhadətnaməsini və ya verdiyi digər sığorta sənədinin təqdim olunmasını tələb edə bilər.

 

Maddə 203. Sığortalanmış yükün özgəninkiləşdirilməsinin nəticələri

 

 203.1. Sığortalanmış yük özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsi qüvvədə qalır və sığortalının bütün hüquq və vəzifələri yükü əldə  edənə keçir.

 203.2. Yük özgəninkiləşdirilənədək sığorta haqqı ödənilmədikdə, onu ödəmək öhdəliyini həm sığortalı, həm də əldə edən daşıyır. Sığorta  haqqını ödəmək tələbi sığorta haqqının ödənilməməsi barədə göstərişi olmayan sığorta şəhadətnaməsini və ya digər sığorta sənədini  saxlayan şəxsə şamil edilmir.

 

Maddə 204. Sığortalanmış gəminin özgəninkiləşdirilməsinin nəticələri

 

 204.1. Sığortalanmış gəmi özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsinə gəminin özgəninkiləşdirildiyi andan xitam verilir. Gəmi səfərdə  olduğu zaman özgəninkiləşdirildikdə, sığortalının tələbi ilə dəniz sığorta müqaviləsi səfərin sonunadək qüvvədə qalır və sığortalının bütün  hüquq və vəzifələri gəmini əldə edənə keçir.

 204.2. Bu Məcəllənin 204.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar sığortalanmış gəmi berbout-çarter üzrə fraxtedənin istifadəsinə və  sahibliyinə verildikdə, habelə gəmi sahibinin məsuliyyəti haqqında dəniz sığorta müqaviləsinə də tətbiq edilir.

 

Maddə 205. Sığorta məbləği

 

 205.1. Müqavilə bağlanarkən sığortalı sığorta etdiyi müvafiq marağın məbləğini (sığorta məbləğini) elan etməyə borcludur.

 205.2. Gəmi, yük və ya başqa əmlak sığortalanarkən sığorta məbləği müqavilə bağlandığı ana onların həqiqi dəyərindən (sığorta dəyəri)  artıq ola bilməz.

 205.3. Müqavilədə sığorta məbləği əmlakın sığorta dəyərindən artıq göstərildikdə, müqavilə məbləğin artıq olan hissəsinə münasibətdə  etibarsızdır.

 205.4. Sığorta məbləği sığortalanan əmlakın sığorta dəyərindən aşağı elan edildikdə, sığorta ödənişinin miqdarı sığorta məbləğinin sığorta  dəyərinə olan nisbətinə mütənasib olaraq azaldılır.

 

Maddə 206. İkiqat sığorta

 

 206.1. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq  olduğu halda (ikiqat sığorta), bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün  bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə mütənasib olan  miqdarında məsuliyyət daşıyır.

 206.2. Əgər gəmi sahibinin bir məsuliyyəti bir neçə sığortaçıda sığorta edilibsə (ikiqat sığorta), hər bir sığortaçı özünün bağladığı müqavilədə  müəyyənləşdirilmiş məsuliyyətinə müvafiq olan miqdarda məsuliyyət daşıyır.

 

Maddə 207. Dəniz sığorta müqaviləsi bağlananadək zərərin yaranması və ya olmaması

 

 207.1. Dəniz sığorta müqaviləsi bağlananadək əvəzi ödənilməli olan zərərin yaranma ehtimalı keçibsə və ya bu zərər artıq yaranıbsa,  müqavilə qüvvəsini saxlayır. Əgər sığortaçı müqaviləni bağlayarkən sığorta hadisəsinin baş vermə mümkünlüyünün istisna olduğunu bilirsə  və ya bilməli idisə, yaxud sığortalı və ya faydalanan şəxs artıq yaranmış zərər barədə bilirsə və ya bilməli idisə, sığorta müqaviləsi belə hallar  barədə məlumatı olmayan tərəf üçün məcburi deyil.

 207.2. Dəniz sığorta müqaviləsinin icra olunması sığortaçı üçün məcburi olmayan halda da sığorta haqqı ona çatır.

 

Maddə 208. Baş sığorta şəhadətnaməsi

 

 Xüsusi razılaşmaya əsasən (baş sığorta şəhadətnaməsi) sığortalının müəyyən müddət ərzində göndərdiyi və ya aldığı bütün yüklər və ya  yüklərin məlum olan növləri sığortalana bilər.

 

Maddə 209. Yüklər haqqında məlumat

 

 209.1. Sığortalı baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yükün hər bir göndərilməsi ilə əlaqədar olan bütün zəruri məlumatları alan  kimi, xüsusilə yükün daşındığı gəminin adı, yükün daşındığı yol və sığorta dəyəri, dərhal sığortaçıya bildirməyə borcludur.

 209.2. Sığortalı kobud ehtiyatsızlıq üzündən yüklərin ayrı-ayrı göndərilməsi ilə bağlı olan zəruri məlumatların sığortaçıya vermədikdə və ya  vaxtında vermədikdə, sığortaçı yüklərin belə göndərilməsinə münasibətdə zərərin əvəzini ödəməkdən imtina edə bilər. Bununla belə,  sığortaçı məlumatların vaxtında və tam şəkildə veriləcəyi təqdirdə ona çatacaq bütün sığorta haqqına olan hüququnu saxlayır.

 209.3. Sığortalı qəsdən yüklərin ayrı-ayrı göndərilməsi barədə zəruri məlumatları vermədikdə və ya vaxtında vermədikdə, yaxud yükün  növünü və ya onun sığorta məbləğini düzgün göstərmədikdə, sığortaçının baş sığorta şəhadətnaməsi üzrə sığortalamadan imtina etmək  hüququ vardır. Bununla belə, sığortaçı sığortalının müqaviləni vicdanla icra edəcəyi təqdirdə ala biləcəyi sığorta haqqına olan hüququnu  saxlayır.

 

Maddə 210. Yüklərin ayrı-ayrı göndərilməsinin sığorta şəhadətnamələri və ya sığorta sertifikatları

 

 210.1. Sığortaçı sığortalının tələbi ilə baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yüklərin ayrı-ayrı göndərilməsinə dair şəhadətnamələr  və ya sığorta sertifikatları verməyə borcludur.

 210.2. Yüklərin ayrı-ayrı göndərilməsinə dair sığorta şəhadətnaməsinin və ya sığorta sertifikatının məzmunu baş sığorta şəhadətnaməsinə  uyğun gəlmədikdə, üstünlük sığorta şəhadətnaməsinə və ya sığorta sertifikatına verilir.

 

Maddə 211. Sığortalının və ya faydalanan şəxsin təqsiri

 

 Sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində vurduqları  zərərə görə sığortaçı məsuliyyət daşımır.

 

Maddə 212. Sığortaçının məsuliyyətdən azad edilməsi

 

 212.1. Gəmini sığortalayarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən hallardan başqa, aşağıdakı hallarda vurulmuş zərərin  əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:

 212.1.1. əgər dəniz üzgüçülüyünə yararsız vəziyyət zahirən görünməyən qüsurlardan irəli gəlmirsə, gəminin dəniz üzgüçülüyünə  yararsız vəziyyətdə yola salınması;

 212.1.2. gəminin və onun ləvazimatının zamandan və ya adi istifadədən köhnəlib xarab olması;

 212.1.3. sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin xəbəri olmaqla, lakin sığortaçıdan xəbərsiz gəmiyə  partlamaq və özündənalışma təhlükəsi olan maddə və predmetlərin yüklənməsi.

 212.2. Yük və ya gözlənilən mənfəət sığortalanarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən hallardan başqa, əgər zərərin  aşağıda göstərilən hallar nəticəsində vurulduğunu sübuta yetirə bilsə, vurulan zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:

 212.2.1. yükgöndərənin və ya yükalanın, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlığı);

 212.2.2. yükün təbii xüsusiyyətləri (korlanma, azalma, paslanma, kiflənmə, axma və ya sınma, özündənalışma və s.);

 212.2.3. yükün lazımi qaydada qablaşdırılmaması.

 212.3. Fraxt sığortalanarkən müvafiq olaraq bu Məcəllənin 212.1 və 212.2-ci maddələrində müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.

 212.4. Əgər bu Məcəllədə müəyyən edilmiş qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, sığortaçı nüvə partlayışı, radiasiya və ya radioaktiv  çirkləndirilmə nəticəsində vurulan zərərə görə məsuliyyət daşımır.

 212.5. Sığortaçı hərbi əməliyyatlar, dəniz quldurluğu, xalq iğtişaşları, tətillər, habelə müvafiq orqanların qərarı ilə gəminin və ya yükün  müsadirəsi, rekvizisiyası, həbs və ya məhv edilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşımır.

 

Maddə 213. Sığorta riskinin dəyişməsinin nəticələri

 

 213.1. Sığortalı və ya faydalanan şəxs sığorta obyektində və ya sığorta obyektinə münasibətdə baş verən hər hansı bir ciddi dəyişiklik  (normadan artıq yükləmə, daşınma üsulunun və boşaldılma limanının dəyişdirilməsi, şərtləşdirilmiş və ya həmişəki yoldan kənara çıxma və  s.) haqqında məlumatı olan kimi sığortaçıya dərhal bu barədə xəbər verməlidir.

 213.2. Riski artıran hər hansı bir dəyişiklik, əgər bu, insanların, gəmilərin və ya yüklərin xilas edilməsi, yaxud səfərin təhlükəsiz davam  etdirilməsi ilə əlaqədar deyildirsə, sığortaçıya dəniz sığorta müqaviləsinin şərtlərinə yenidən baxmaq və ya əlavə sığorta haqqının verilməsini  tələb etmək hüququ verir.

 213.3. Sığortalı və ya faydalanan şəxs bu Məcəllənin 213.1-ci maddəsində müəyyən edilmiş vəzifəni icra etmədikdə, sığortaçı ciddi  dəyişikliklərin baş verdiyi andan dəniz sığorta müqaviləsinin icrasından azad edilir. Sığortalı və ya faydalanan şəxs göstərilən vəzifəsini icra  etməməkdə təqsiri olmadığını sübuta yetirə bilməsə, bütün sığorta haqqı sığortaçıya qalır.

 

Maddə 214. Zərərin qarşısının alınması və ya azaldılması

 

 214.1. Sığorta hadisəsi baş verdikdə sığortalı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə yaranmış vəziyyətdə mümkün olan və  ağlabatan tədbirləri görməyə borcludur. o, sığortaçıya sığorta hadisəsinin baş verdiyi barədə ləngimədən məlumat verməli və sığortaçının  göstərişləri olduqda, belə göstərişlərə əməl etməlidir.

 214.2. Əgər sığortalı və ya faydalanan şəxs qəsdən və ya kobud ehtiyatsızlığı səbəbindən zərərin qarşısını almaq və ya azaltmaq üçün  tədbirlər görməyibsə, sığortaçı vurulan zərərə görə məsuliyyətdən azad edilir.

 

Maddə 215. Ümumi qəza üzrə ödənişlərin təminatı

 

 Sığortaçı sığortalının və ya faydalanan şəxsin tələbi ilə sığorta məbləği miqdarında sığorta şərtləri ilə təmin edilən ümumi qəza üzrə  ödənişlərin verilməsinə təminat təqdim etməlidir.

 

Maddə 216. Dispaşa tərtib edildikdə sığortaçının maraqlarının qorunması

 

 Ümumi qəza üzrə dispaşa tərtib edildikdə sığortalı sığortaçının maraqlarını qorumalıdır.

 

Maddə 217. Cığortalının çəkdiyi xərclərin əvəzinin ödənilməsi

 

 217.1. Sığortaçı sığortalının və ya faydalanan şəxsin aşağıda göstərilənlər üçün çəkdiyi zəruri xərclərin əvəzini ödəməyə borcludur:

 217.1.1. sığortaçının məsuliyyət daşıdığı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə sığortalı və ya faydalanan şəxs tərəfindən  görülən tədbirlərə — hətta belə tədbirlər uğursuzluqla nəticələnsə də;

 217.1.2. bu Məcəllənin 214-cü maddəsinə uyğun olaraq sığortaçının göstərişlərinin icra edilməsinə;

 217.1.3. sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərin miqdarının aydınlaşdırılmasına və müəyyənləşdirilməsinə;

 217.1.4. ümumi qəza üzrə dispaşanın tərtib edilməsinə.

 217.2. Bu Məcəllənin 217.1-ci maddəsində nəzərdə tutulmuş xərclər sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib surətdə  ödənilir.

 

Maddə 218. Sığortaçının sığorta məbləğindən artıq məsuliyyəti

 

 218.1. Sığortaçı zərərə görə yalnız sığorta məbləği miqdarında məsuliyyət daşıyır. Lakin bu Məcəllənin 217.1-ci maddəsində göstərilən  xərclər, habelə ümumi qəza üzrə ödənişlər, əvəzi ödəniləcək zərərlə birlikdə sığorta məbləğindən artıq olsa belə, sığortaçı tərəfindən ödənilir.

 218.2. Bir-birinin ardınca baş verən bir neçə sığorta hadisəsi nəticəsində vurulan zərərə görə sığortaçı, belə zərərin ümumi məbləği sığorta  məbləğindən çox olsa da, məsuliyyət daşıyır.

 

Maddə 219. Gəminin xəbərsiz itkin düşməsi

 

 219.1. Bu Məcəllənin 38.2-ci maddəsində göstərilən halda gəmi xəbərsiz itkin düşdükdə, sığortaçı sığorta məbləğinin tam həcmində  məsuliyyət daşıyır.

 219.2. Dəniz sığorta müqaviləsi ilə müəyyən müddətə sığortalanmış gəmi xəbərsiz itkin düşdükdə, əgər gəmi haqqında axırıncı məlumat  müqavilənin qüvvədə olduğu müddət bitənədək alınıbsa və əgər sığortaçı gəminin bu müddət bitdikdən sonra məhv olduğunu sübuta yetirə  bilməsə, sığortaçı məsuliyyət daşıyır.

 

Maddə 220. Abandon

 

 220.1. Əmlak məhvolmaya qarşı sığorta edildikdə, sığortalı və ya faydalanan şəxs aşağıdakı hallarda sığortalanmış əmlaka olan  hüquqlarından imtina etdiyi barədə sığortaçıya bəyanat (abandon) verə və tam sığorta məbləğini ala bilər:

 220.1.1. gəmi xəbərsiz itkin düşdükdə;

 220.1.2. gəmi və (və ya) yük məhv olduqda;

 220.1.3. sığortalanmış gəminin bərpası və ya təmiri iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda (gəminin tam konstruktiv məhvi);

 220.1.4. gəminin zədələrinin aradan qaldırılması və ya yükün təyinat limanına çatdırılması iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda;

 220.1.5. ələ keçirilmə təhlükəsindən sığortalanan gəmi və ya yük ələ keçirildikdə və belə ələ keçirilmə altı aydan artıq davam etdikdə.

 220.2. Bu Məcəllənin 220.1-ci maddəsində göstərilən hallarda sığortaçıya aşağıdakı hüquqlar keçir:

 220.2.1. əmlak tam dəyərində sığortalandıqda sığortalanmış əmlaka dair bütün hüquqlar;

 220.2.2. əmlak tam olmayan dəyərində sığortalandıqda sığorta məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq sığortalanmış  əmlakın hissəsinə dair hüquqlar.

 220.3. Sığortaçıya abandon haqqında bildiriş bu Məcəllənin 219 və 220.1-ci maddələrində göstərilən müddətin bitdiyi və ya hadisələr  başlandığı andan altı ay ərzində verilməlidir. Altı ay qurtardıqdan sonra sığortalı və ya faydalanan şəxs abandona olan hüququnu itirir və  ümumi əsaslarla zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 220.4. Abandon haqqında bildiriş şərtsiz olmalıdır və sığortalı və ya faydalanan şəxs tərəfindən geri götürülə bilməz.

 220.5. Tərəflərin bu Məcəllənin 220.1-220.4-cü maddələrində müəyyən edilmiş qaydalara zidd olan razılaşmaları əhəmiyyətsizdir.

 

Maddə 221. Sığorta ödənişinin geri qaytarılması

 

 Sığorta ödənişi alındıqdan sonra gəminin məhv olmadığı aydınlaşarsa, sığortaçı sığortalıdan və ya faydalanan şəxsdən sığortalanmış əmlakı  onlarda saxlamaq şərti ilə, sığorta ödənişindən sığortalıya və ya faydalanan şəxsə həqiqi vurulan zərərin əvəzini çıxmaqla qalan hissəsini geri  qaytarmağı tələb edə bilər.

 

Maddə 222. Sığortalının və ya faydalanan şəxsin zərərin əvəzinin ödənilməsinə dair hüquqlarının sığortaçıya keçməsi (subroqasiya)

 

 222.1. Sığorta ödənişini vermiş sığortaçıya ödədiyi məbləğ həddində sığortalının və ya faydalanan şəxsin vurulan zərərə görə məsuliyyət  daşıyan şəxsə qarşı olan tələbetmə hüququ keçir. Sığortaçının belə hüququ sığorta ödənişini almış şəxs üçün müəyyən edilmiş qaydaya  riayət etməklə həyata keçirilir.

 222.2. Sığortalı və ya faydalanan şəxs vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı öz tələbetmə hüququndan imtina etdikdə, yaxud  sığortalının və ya faydalanan şəxsin təqsiri nəticəsində belə hüququn həyata keçirilməsi mümkün olmadıqda, sığortaçı sığorta ödənişini tam  həcmdə və ya müvafiq hissədə verməkdən azad edilir.

 

XVI fəsil

 Ümumİ qəza

Maddə 223. Ümumi qəza anlayışı və onun bölüşdürülməsi prinsipləri

 

 223.1. Ümumi dəniz müəssisəsində iştirak edən əmlakı — gəmini, fraxtı və gəmidə daşınan yükü ümumi təhlükədən xilas etmək məqsədi ilə  bilərəkdən və ağlabatanlıqla ümumi təhlükəsizlik naminə görülmüş fövqəladə xərclər və əmlakın qurban verilməsi nəticəsində vurulan zərər  ümumi qəza hesab edilir.

 223.2. Yalnız bu Məcəllənin 223.1-ci maddəsində göstərilən hərəkətlərin birbaşa nəticəsi olan zərər ümumi qəza hesab edilir.

 223.3. Ümumi qəza ümumi dəniz müəssisəsinin — dəniz səfərinin başa çatdığı vaxtda və yerdə gəmi, fraxt və yük arasında onların bu  Məcəllənin 241-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq müəyyənləşdirilən dəyərlərinə müvafiq olaraq bölüşdürülür.

 223.4. Əgər onlar xilasetmə əməliyyatında deyil, kommersiya fəaliyyətində iştirak edirlərsə, bir və ya bir neçə gəminin digər gəmini və ya  gəmiləri yedəklədikləri və ya itələdikləri hala da ümumi qəza kimi baxılır.

 223.5. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmini və əgər varsa, onun yükünü ümumi təhlükədən qorumaq üçün tədbirlər görüldüyü halda  da tətbiq edilir.

 223.6. Gəmi digər gəmidən (gəmilərdən) adi ayrılma nəticəsində təhlükəsizlikdə olduqda o, digər gəmi (gəmilər) ilə ümumi təhlükəyə məruz  qalmır.

 

Maddə 224. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 224.1. Əgər tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllənin 223.1-ci və 242-245-ci maddələrində müəyyən edilmiş  qaydalar istisna olmaqla, bu fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir.

 224.2. Tərəflərin razılaşması ilə nəzərdə tutulan hallarda, habelə qəzanın növünü və ümumi qəza nəticəsində vurulan zərərin miqdarını və  onun bölüşdürülməsini müəyyən etmək üçün tətbiq ediləcək qanun natamam olduqda ümumi qəzaya dair beynəlxalq qaydalar və ticarət  gəmiçiliyinin digər beynəlxalq adətləri tətbiq edilir.

 224.3. Vurulan zərərin əvəzinin ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilməsi hüququ fövqəladə xərclərə və ya əmlakın qurban  verilməsinə səbəb olan təhlükə dənizlə yük daşınması müqaviləsinin bir tərəfinin və ya üçüncü şəxsin təqsiri nəticəsində yarandığı halda da  saxlanılır. Belə bölüşdürülmə ümumi qəzanın iştirakçılarını vurulmuş zərəri cavabdeh olan şəxsdən tutmaq hüququndan məhrum etmir.

 

Maddə 225. Gəminin sığınacaq yerinə daxil olması nəticəsində yaranan ümumi qəza

 

 225.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində ümumi təhlükəsizlik naminə və zərurət qarşısında gəminin limana və ya digər  sığınacaq yerinə daxil olması, yaxud yükvurma limanına və ya digər yerə geri qayıtması ilə əlaqədar xərclər də ümumi qəza hesab edilir.

 225.2. Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması ilə əlaqədar xərclər ümumi qəza hesab edildikdə, gəminin  ilkin yük və ya onun bir hissəsi ilə limandan çıxması ilə bağlı xərclər də ümumi qəzaya aiddir.

 225.3. Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması nəticəsində səfərin uzadılması ilə bağlı gəmi heyəti  üzvlərinin əmək haqqına və təminatına, yanacağa və təchizata çəkilən xərclər bu Məcəllənin 225.1-ci maddəsində göstərilən hallarda ümumi  qəza hesab edilir.

 225.4. Bu Məcəllənin 225.1-225.3-cü maddələrində müəyyən edilmiş qaydalara müvafiq olaraq sığınacaq yerində təmir işlərinin aparılması  mümkün olmadığına görə gəminin daxil olduğu sığınacaq yerindən digər limana və ya digər yerə keçirilməsi ilə əlaqədar xərclərə, o  cümlədən gəminin müvəqqəti təmiri, onun yedəklənməsi və səfərin uzadılması ilə bağlı xərclərə tətbiq edilir.

 

Maddə 226. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və ya yenidən gəmiyə yüklənməsi ilə əlaqədar çəkilən xərclər

 

 226.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində gəminin zədələnməsini aradan qaldırmağa imkan əldə etmək məqsədi ilə, əgər  aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün zəruridirsə, yükün vurulma yerində, gəminin daxil olduğu və ya sığınacaq  yerində yükün, yanacağın və ya təchizat predmetlərinin yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və yenidən gəmiyə yüklənməsi ilə  əlaqədar olaraq çəkilən xərclər ümumi qəza hesab edilir.

 226.2. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclər  aşağıdakı hallarda ümumi qəza hesab edilmir:

 226.2.1. xərclər yükün, yanacağın və ya təchizat predmetlərinin səfər zamanı yerdəyişməsi ilə əlaqədar yalnız yenidən yerləşdirilməsi  məqsədi ilə çəkildikdə və belə yenidən yerləşdirmə ümumi təhlükəsizlik naminə həyata keçirilmədikdə;

 226.2.2. gəminin yüklənmə yerində aşkar edilmiş və səfər zamanı baş vermiş hər hansı bir bədbəxt hadisə və ya digər fövqəladə hallarla  bağlı olmayan zədələnmə ilə əlaqədar gəminin təmiri üçün zərurət yarandıqda zədələnmə aradan qaldırıldıqda.

 226.3. Bu Məcəllənin 226.1-226.2-ci maddələrində göstərilən hallarda boşaldılmış və ya yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat  predmetlərinin yenidən gəmiyə vurulması və ya yenidən yerləşdirilməsi üçün çəkilən xərclər onların sığortalanması və saxlanması üçün  çəkilən xərclərlə birlikdə ümumi qəza hesab edilir.

 

Maddə 227. Gəminin müvəqqəti təmiri

 

 Ümumi təhlükəsizlik naminə, yaxud ümumi qəzada əmlakın qurban verilməsi nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün yükün  vurulduğu yerdə, gəminin daxil olduğu yerdə və ya sığınacaq yerində gəminin müvəqqəti təmirinə çəkilmiş xərclər ümumi qəzaya aid edilir.  Səfəri başa çatdırmaq üçün zəruri olan təsadüfi zədələrin müvəqqəti aradan qaldırılması üçün çəkilən xərclərin əvəzi yalnız qarşısı alınmış  xərclərin (lakin qarşısı alınmayacağı təqdirdə ümumi qəzaya aid edilə biləcək) həddində ödənilir.

 

Maddə 228. Ümumi təhlükəsizlik naminə gəminin ləngiməsi ilə əlaqədar xərclər

 

 228.1. Bədbəxt hadisə, əmlakın qurban verilməsi nəticəsində və ya ümumi təhlükəsizlik naminə, yaxud gəminin zədələnməsini aradan  qaldırmaq üçün digər fövqəladə hallar nəticəsində, əgər belə aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün zəruridirsə, gəminin  hər hansı bir limanda və ya yerdə ləngiməsi ilə əlaqədar gəmi heyətinin əmək haqqına və təminatına çəkilən xərclər ümumi qəza hesab edilir.  Ümumi qəzaya aid edilməyən zədələnmələrin aradan qaldırılmasına çəkilən xərclər istisna olmaqla, belə ləngimə zamanı yanacağa, təchizat  predmetlərinə və liman yığımlarına çəkilən xərclərin əvəzi ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilir.

 228.2. Bu Məcəllənin 228.1-ci maddəsində müəyyən edilmiş qaydalar səfər zamanı bədbəxt hadisə və ya digər fövqəladə hallar ilə bağlı  olmayan zədələrinin aradan qaldırılması səbəbindən gəminin ləngiməsi nəticəsində çəkilən xərclərə tətbiq edilmir. Belə xərclər gəminin səfəri  təhlükəsiz davam etdirməsi üçün lazım olduqda da ümumi qəza hesab edilmir.

 

Maddə 229. Gəminin səfərə yararsız hesab edilməsinin və ya gəminin səfəri davam etdirməkdən imtinasının nəticələri

 

 Gəmi səfərə yararsız hesab edildikdə və ya gəmi səfəri davam etdirməkdən imtina etdikdə bu Məcəllənin 226.3 və 228.1-ci maddələrində  göstərilən saxlamaya, sığortaya, gəmi heyətinin əmək haqqına və təminatına, yanacağa, təchizat predmetlərinə və liman yığımlarına çəkilən  xərclərdən ümumi qəzaya yalnız gəmi səfərə yararsız hesab edilənədək və ya gəminin səfəri davam etdirməkdən imtinasınadək, yaxud yükün  boşaldılması qurtaranadək, yükün boşaldılması bu ana kimi başa çatdırılmayıbsa, çəkilən xərclər aid edilir.

 

Maddə 230. Xilasetməyə çəkilən xərclər və xilasetmə tədbirlərinin görülməsi nəticəsində ümumi qəza

 

 230.1. Xilasetmə bu Məcəllənin 223.1-ci maddəsində göstərilən məqsədlər üçün həyata keçirildikdə, belə xilasetmənin müqavilə əsasında və  digər üsulla həyata keçirilməsindən asılı olmayaraq, ümumi dəniz tədbirində iştirak edən tərəflərin xilasetməyə çəkdikləri xərclər ümumi qəza  hesab edilir.

 230.2. Bu Məcəllənin 230.1-ci maddəsində göstərilən xərclərə xilas edənlərin ətraf mühitə vurulan zərərin qarşısını almaqda və ya  azaltmaqda göstərdikləri ustalıq və səylər nəzərə alınmaqla müəyyən edilən xilasetmə mükafatı da daxildir. Lakin gəmi sahibinin xilas edənə  ödədiyi xüsusi kompensasiya ümumi qəza hesab edilmir.

 230.3. Bu Məcəllənin 223-cü maddəsində göstərilən əlamətlər mövcud olduqda, xüsusilə aşağıdakılar ümumi qəza hesab edilir:

 230.3.1. yükün gəmidən kənara atılması, habelə ümumi təhlükəsizlik naminə əmlakın qurban verilməsi nəticəsində, xüsusilə yükün  atılması üçün açılan lüklardan suyun anbarlara dolması nəticəsində gəmiyə və ya yükə vurulan zərər;

 230.3.2. gəmidə baş verən yanğının söndürülməsi nəticəsində gəmiyə vurulan zərər, o cümlədən bu məqsəd üçün yanan gəminin sahilə  atılmasından və ya suya batırılmasından vurulan zərər;

 230.3.3. gəminin qəsdən saya oturdulması nəticəsində gəmiyə və ya yükə dəyən zərər;

 230.3.4. gəmi saydan çıxarılarkən gəmi mühərriklərinin, digər maşın və ya mexanizmlərinin zədələnməsi nəticəsində vurulan zərər;

 230.3.5. saya oturmuş gəmini yüngülləşdirmək məqsədi ilə gəmidəki yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidən lixterlərə  yüklənməsinə və sonradan yenidən gəmiyə yüklənməsinə çəkilən fövqəladə xərclər, habelə bunun nəticəsində vurulan digər zərər.

 

Maddə 231. Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər

 

 231.0. Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər aşağıdakı  hallarda ümumi qəza hesab edilir:

 231.0.1. ümumi təhlükəsizlik naminə görülən əməliyyatın bir hissəsi kimi yerinə yetirildikdə, əgər tədbirlər ümumi dəniz müəssisəsindən  kənarda yerinə yetirildiyi halda tərəflərə xilasetmə üçün mükafat almaq hüququ verərsə;

 231.0.2. bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi limana və ya sığınacaq yerinə daxil olduqda və ya çıxdıqda;

 231.0.3. bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi limanda və ya sığınacaq yerində ləngidikdə. Gəmidən dənizi  çirkləndirən maddələrin faktik axması və ya axıdılması ilə əlaqədar vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə  görülən əlavə tədbirlərə çəkilən xərclər ümumi qəza hesab edilmir;

 231.0.4. yükün boşaldılması, anbara yığılması və ya yenidən gəmiyə vurulması ilə bağlı, əgər göstərilən əməliyyatlara çəkilən xərclər  ümumi qəza hesab edilirsə.

 

Maddə 232. Yükün, yanacağın və təchizat predmetlərinin zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər

 

 Əgər göstərilən əməliyyatlar ümumi qəzaya aid edilirsə, yükün, yanacağın və təchizat predmetlərinin gəmidə yerinin dəyişdirilməsi, gəmidən  boşaldılması, yenidən gəmiyə yüklənməsi və yerləşdirilməsi, habelə onların saxlanma nəticəsində zədələnməsi və ya məhvi ilə bağlı zərər  ümumi qəza hesab edilir.

 

Maddə 233. Fraxtın itirilməsi nəticəsində vurulan zərər

 

 Yükün itirilməsi nəticəsində fraxtın itirilməsi, əgər yükün itirilməsinin əvəzinin ödənilməsi ümumi qəzanın bölüşdürülməsi qaydasında  həyata keçirilirsə, ümumi qəza hesab edilir. Bu halda fraxtdan yük sahibinin fraxtı almaq məqsədi üçün çəkməli olduğu, lakin əmlakın  qurban verilməsi nəticəsində çəkmədiyi xərclər çıxılır.

 

Maddə 234. Əvəz edilən xərclər

 

 Ümumi qəzaya aid ediləcək xərclərin əvəzinə çəkilən hər hansı bir əlavə xərc ümumi qəza hesab edilir (əvəz edilən xərclər). Əvəz edilən  xərclər, belə xərclər nəticəsində ümumi qəzanın hər hansı bir iştirakçısının əldə etdiyi qənaətdən asılı olmayaraq, yalnız qarşısı alınmış xərclər  həddində ödənilir.

 

Maddə 235. Ümumi qəza hesab edilməyən zərər (xüsusi qəza)

 

 235.1. Bu Məcəllənin 223.1-ci maddəsində müəyyən edilmiş əlamətlərin təsiri altına düşməyən zərər, habelə bu Məcəllənin 235.2-ci  maddəsində göstərilən zərər xüsusi qəza hesab edilir. Belə zərər gəmi, yük və fraxt arasında bölüşdürülmür və həmin zərəri zərərçəkən və ya  onun vurulmasına görə məsuliyyət daşıyan şəxs çəkir.

 235.2. Bu Məcəllənin 223.1-ci maddəsində göstərilən əlamətlər mövcud olduqda da aşağıdakılar ümumi qəza hesab edilmir:

 235.2.1. gəmidən ticarət gəmiçiliyi qaydalarının və adətlərinin pozulması ilə daşınan və kənara atılan yükün dəyəri;

 235.2.2. yanğının söndürülməsi zamanı tüstünün təsiri və ya qızma nəticəsində vurulan zərər;

 235.2.3. dəniz təhlükəsi nəticəsində faktiki itirilmiş və ya qopmuş qırıqların və ya gəmi hissələrinin sonradan kəsilməsindən vurulan  zərər;

 235.2.4. suda olan gəminin mühərrikinin yaxud digər maşın və qazanlarının işinin gücləndirilməsi nəticəsində vurulan zərər;

 235.2.5. səfər müddətinin artırılması nəticəsində gəmiyə və ya yükə vurulan hər hansı bir zərər və ya itki (boşdayanmaya görə zərər,  qiymətlərin dəyişməsi və s.).

 

Maddə 236. Gəminin, onun maşınlarının və ya ləvazimatlarının zədələnməsi nəticəsində vurulan zərər

 

 236.1. Gəminin, onun maşınlarının və ya ləvazimatlarının zədələnməsi nəticəsində ümumi qəza təşkil edən zərər zədələnmiş və ya itirilmiş  hissələrin təmir, düzəldilmə və ya dəyişdirilmə qiymətindən asılı olaraq müəyyənləşdirilir.

 236.2. Əgər gəminin təmiri aparılmayıbsa, gəminin zədələnməsi nəticəsində vurulan zərər zədələnmədən sonra gəminin qiymətinin azaldığı və  smetaya uyğun olaraq gəminin təmir qiymətindən çox olmayan məbləğlə müəyyənləşdirilir.

 

Maddə 237. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər

 

 237.1. Yaşı on beş ildən çox olmayan gəmidə təmir zamanı köhnə materiallar və ya hissələr təzələri ilə əvəz edildikdə, bu Məcəllənin 236-cı  maddəsinə uyğun olaraq ümumi qəzaya aid edilən təmir xərci, bu Məcəllənin 237.2-237.4 maddələrində göstərilən hallar istisna olmaqla,  təmir xərcinin üçdə bir hissəsi qədər azaldılır.

 237.2. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər gəminin bu Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq ümumi qəza hesab edilən  müvəqqəti təmirinin xərclərinə, habelə ərzağın, təchizat predmetlərinin, lövbər və lövbər zəncirlərinin xərclərinə tətbiq edilmir.

 237.3. Gəminin təmir olunması ehtiyacından yaranan quru dok, stapel və gəminin yerdəyişməsinə çəkilən xərclər tam həcmdə ümumi qəzaya  aid edilir.

 237.4. Gəmi gövdəsinin təmizlənməsi, astarlanması və rənglənməsi üçün xərclər, əgər gəmi gövdəsinin sonuncu təmizlənməsi, astarlanması və  rənglənməsi ümumi qəza hadisəsinin baş verməsinə qədər son 12 ay ərzində həyata keçirilibsə, 50 faiz miqdarında ümumi qəzaya aid edilir.

 

Maddə 238. Gəminin məhv olması nəticəsində vurulan zərər

 

 Gəmi tamamilə məhv olduqda və ya tamamilə məhv olmasa da, təmirinə sərf ediləcək xərclər gəminin təmirdən sonrakı dəyərindən artıq  olacaqsa (gəminin tam konstruktiv məhvi), ümumi qəza hesab edilən zərər gəminin zədəsiz vəziyyətdə qiymətləndirilmiş dəyərindən smetaya  müvafiq olaraq və ümumi qəzaya aid edilməyən zədələrin aradan qaldırılmasına çəkilən xərclər və gəmidə qalan əmlakın satışından əldə  edilən xalis məbləğ çıxılmaqla müəyyənləşdirilir.

 

Maddə 239. Yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər

 

 239.1. Ümumi qəzaya aid edilən yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər yükün boşaldıldığı anda yükalana təqdim  edilən hesab əsasında təyin edilən dəyərə müvafiq olaraq, belə hesab olmadıqda isə yükün yüklənildiyi anda olan dəyərinə əsasən  müəyyənləşdirilir. Yükün boşaldıldığı ana olan dəyərinə sığorta və fraxt (fraxt yük sahibinin riskində deyilsə) xərcləri daxildir.

 239.2. Zədələnmiş yükün satıldığı halda əvəzi ödəniləcək zərər, bu Məcəllənin 239.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilən yükün  zədəsiz vəziyyətdə olan dəyəri ilə onun satışından əldə edilən xalis məbləğ arasındakı fərqlə müəyyənləşdirilir.

 239.3. Gəmi sahibinin və ya onun dəniz agentinin xəbəri olmadan və ya qəsdən yanlış ad altında gəmiyə yüklənmiş yükün, habelə qəsdən  yanlış ad altında daşınmaq üçün təhvil verilmiş yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər ümumi qəza hesab edilmir.  Belə yüklər xilas edildikdə, onların sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə ümumi əsasla iştirak etməyə borcludurlar. Daşınma üçün  təhvil verilərkən dəyərləri həqiqi dəyərlərindən az elan edilmiş yüklərin sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə yüklərin həqiqi dəyərinə  müvafiq olaraq iştirak edirlər, lakin vurulan zərərin əvəzini yalnız yüklərin elan edilmiş dəyərinə müvafiq alırlar.

 

Maddə 240. Ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin üstünə gələn faizlər

 

 Dispaşa tərtib edildikdən üç ay sonra ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən xərclərin və digər məbləğlərin üstünə illik 7  faiz əlavə edilir.

 

Maddə 241. Əmlakın kontribusiya dəyəri

 

 241.1. Əmlakın (gəminin, yükün və fraxtın) ümumi dəyəri, hansına ki uyğun olaraq ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi  ödənilən zərərin örtülməsi üçün ödənişlər təyin edilir (əmlakın kontribusiya dəyəri), gəmi səfərini başa çatdırdıqdan sonra bu əmlakın həqiqi  xalis dəyəri əsasında müəyyənləşdirilir. Bu dəyərə, əgər belə məbləğ ona daxil edilməyibsə, qurban verilmiş əmlakın ümumi qəzanın  bölüşdürülməsi qaydasında əvəzi ödənilən məbləğ əlavə edilir.

 241.2. Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən ümumi qəza halında bu əmlaka dair çəkilən bütün əlavə xərclər, bu Məcəllənin  271-ci maddəsinə müvafiq olaraq xüsusi kompensasiyanın verilməsi haqqında qərara əsasən ümumi qəza hesab edilən və ya gəmiyə aid olan  xərclər istisna olmaqla, çıxılır.

 241.3. Yükün kontribusiya dəyəri yükün boşaldılma anına yükalana təqdim olunan hesabda müəyyən edilmiş dəyərə əsasən, hesab  olmadıqda isə — yükün göndərilmə anında olan dəyəri əsasında müəyyənləşdirilir. Yükün dəyərinə sığorta və fraxt xərcləri də, əgər fraxt  yük sahibinin riskində deyilsə, daxildir. Yükün boşaldılanadək və ya boşaldılması zamanı zədələnməsi və ya məhv olması ilə əlaqədar  vurulan bütün zərərin məbləği yükün dəyərindən çıxılır.

 241.4. Təyinat yerinin yaxınlığında satılmış yükün kontribusiya dəyəri yükün satışından əldə edilən xalis məbləğə ümumi qəzanın  bölüşdürülməsi qaydasında ödənilən məbləğ əlavə edilməklə müəyyənləşdirilir.

 241.5. Gəminin kontribusiya dəyəri ümumi qəza halı anında gəminin berbout-çarter və ya taym-çarter üzrə fraxta götürülməsindən asılı  olmayaraq müəyyənləşdirilir.

 241.6. Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən, gəmi sahibinin riskində olan fraxt və sərnişinlərin gediş haqqından fraxt və gediş  haqqını almaq məqsədi üçün çəkilən xərclər, o cümlədən gəmi heyəti üzvlərinin əmək haqlarına çəkilən xərclər çıxılır. Bu həmin xərclərdir ki,  əgər gəmi və yük ümumi qəzanın yaranmasına səbəb olan şəraitdə məhv olsa idi, onları çəkmək lazım gəlməzdi və bunlar ümumi qəzaya aid  edilə bilməzdi.

 241.7. Əmlakın kontribusiya dəyəri və ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin örtülməsi üçün ödənişlər  müəyyənləşdirilərkən, sərnişinlərin konosament əsasında daşınmayan baqajı, o cümlədən müşayiət etdikləri avtomobillər və başqa şəxsi  əşyalar nəzərə alınmır.

 

Maddə 242. Dispaşa və dispaşerlər

 

 Maraqlı şəxslərin bildirişi ilə ümumi qəzanın mövcudluğu və onun bölüşdürülməsi üzrə hesablaşmalar (dispaşa) dəniz hüququ sahəsində  bilik və təcrübəsi olan şəxslər (dispaşerlər) tərəfindən müəyyən edilir.

 

Maddə 243. Dispaşanın tərtib edilməsi üçün lazım olan materiallar və sübutlar

 

 243.1. Ümumi qəzanın bölüşdürülməsini tələb edən tərəf elan edilmiş zərərin həqiqətən ümumi qəza kimi tanınmasını sübut etməlidir.

 243.2. Dispaşanın tərtib edilməsi ilə mənafeləri toxunula bilən şəxs ümumi dəniz tədbiri başa çatdıqdan sonra on iki ay ərzində dispaşerə  əvəzinin ödənilməsini tələb etdiyi itki və xərclər barədə yazılı bildiriş verir. Belə bildiriş verilmədikdə, dispaşer dispaşanı onda olan məlumat  əsasında tərtib edə bilər. Bu halda dispaşa yalnız onun açıq-aşkar düzgün olmaması əsasında mübahisə edilə bilər.

 243.3. Dispaşa tərtib edilərkən həlli xüsusi biliklər tələb edən suallar ortaya çıxarsa, dispaşer müvafiq rəyin hazırlanmasını təyin etdiyi  ekspertə həvalə edə bilər. Dispaşer belə rəyi digər sübutlarla birlikdə qiymətləndirir.

 243.4. Əsasında dispaşanın tərtib edildiyi materiallar tanışlıq üçün açıq olmalıdır və dispaşer maraqlı olan şəxslərin tələbi ilə və onların  hesabına bu materialların təsdiq edilmiş surətlərini verməlidir.

 

Maddə 244. Dispaşanın tərtib edilməsi üçün vəsaitin toplanması

 

 Dispaşanın tərtib edilməsi üçün dispaşaya daxil edilən vəsait toplanır. Ümumi qəzada vəsait iştirak paylarına mütənasib olaraq bütün  maraqlı şəxslər arasında bölüşdürülür.

 

Maddə 245. Dispaşada düzəlişlərin aparılması və dispaşanın mübahisə edilməsi

 

 245.1. Dispaşa reyestrində dispaşa qeydiyyatdan keçdikdən sonra hesablaşmalarda aşkar edilən səhvlər dispaşerin öz təşəbbüsü ilə və ya  aralarında ümumi qəzanı bölüşdürən şəxslərin ərizəsinə əsasən dispaşa əlavənin (addendumun) tərtib edilməsi vasitəsi ilə düzəldilə bilər. Belə  əlavə dispaşanın tərkib hissəsi hesab edilir.

 245.2. Maraqlı şəxslər dispaşanı və ya onun əlavəsini aldıqları gündən altı ay ərzində, iddia ərizəsinin surətini dispaşerə göndərib onu mütləq  xəbərdar etməklə, dispaşanı məhkəmə yolu ilə mübahisə edə bilərlər.

 245.3. Dispaşerin dispaşa barədə mübahisənin məhkəmə baxışında iştirak etmək və işin mahiyyəti üzrə izahatlar vermək hüququ var, zəruri  olan hallarda isə bu onun borcudur.

 

XVII fəsil

 Gəmİlərİn toqquşmasından vurulan zərərİn əvəzİnİn ödənİlməsİ

Maddə 246. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 246.1. Dəniz gəmiləri, habelə dəniz gəmiləri ilə digər gəmilər toqquşduqda bu gəmilərə, onlarda olan insanlara, yükə və ya başqa əmlaka  vurulan zərərin əvəzi bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq ödənilir. Bir gəmi digər gəmiyə və ya həmin gəmidə olan  insanlara, yükə və ya digər əmlaka manevr etmək və ya etməməklə, yaxud üzgüçülük qaydalarına riayət etməməklə zərər vurmuşdursa, bu  zaman gəmilər toqquşmadıqda belə, göstərilən qaydalar tətbiq edilir.

 246.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydalar, hərbi gəmilər, yardımçı hərbi gəmilər (sərhəd gəmiləri istisna olmaqla) Azərbaycan  Respublikasının mülkiyyətində olan və toqquşma zamanı qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə şamil edilir.

 

Maddə 247. Məsuliyyəti istisna edən hallar

 

 247.1. Gəmilərin toqquşması təsadüfən və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə, yaxud toqquşmanın səbəblərini  müəyyənləşdirmək mümkün olmadıqda, zərəri zərərçəkən tərəfi çəkir.

 247.2. Bu Məcəllənin 247.1-ci maddəsində müəyyən edilmiş qayda gəmilər və ya gəmilərdən biri toqquşma zamanı lövbərdə olduğu və ya  digər üsulla bağlandığı halda da tətbiq edilir.

 

Maddə 248. Gəmilərin toqquşmasının baş verməsində təqsir

 

 248.1. Gəmilərin toqquşması gəmilərdən birinin təqsiri nəticəsində baş verdikdə, zərəri toqquşmanın baş verməsində təqsiri olan tərəf çəkir.

 248.2. Gəmilərin toqquşması iki və ya artıq gəminin təqsiri nəticəsində baş verdikdə, zərərə görə hər bir gəminin məsuliyyəti onun təqsirinin  dərəcəsinə müvafiq olaraq müəyyənləşdirilir. Toqquşmanın baş verdiyi şəraitdən hər bir gəminin təqsir dərəcəsini müəyyənləşdirmək  mümkün olmadıqda, zərərə görə məsuliyyət onların arasında bərabər bölüşdürülür.

 248.3. Toqquşmada təqsiri olan gəmilərin sahibləri insanların ölümü və ya sağlamlıqlarının pozulması nəticəsində vurulan zərərə görə  üçüncü şəxslər qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 248.2-ci maddəsinə müvafiq olaraq ödəməli olduğu məbləğdən artıq  məbləğ ödəmiş gəmi sahibinin digər gəmi sahiblərinə reqress hüququ vardır.

 248.4. Gəmilərin toqquşması dəniz bələdçisinin təqsiri nəticəsində baş verdiyi halda da bu Məcəllənin 248.2-ci maddələrində müəyyən  edilmiş məsuliyyət yaranır.

 

Maddə 249. Təqsirsizlik prezumpsiyası

 

 Toqquşan gəmilərin heç biri, əgər bunun əksi sübuta yetirilməyibsə, təqsirkar hesab edilmir.

 

XVIII fəsil

Gəmİlərdən neftlə çİrkləndİrmədən vurulan zərərə görə məsulİyyətİ

Maddə 250. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsaslandırılması

 

 250.1. Gəmi mülkiyyətçisi, bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hadisə baş verdiyi andan çirkləndirmə  nəticəsində gəmi tərəfindən vurulan hər hansı bir zərərə görə məsuliyyət daşıyır.

 250.2. Bu fəslin məqsədləri üçün:

 250.2.1. gəmi — faktiki olaraq nefti yük kimi daşıyan, habelə belə daşımadan sonra gələn hər hansı bir səfər zamanı, əgər belə neft  daşınmasından sonra gəmidə neft qalıqlarının olmadığı sübuta yetirilməyibsə, neftin daşınması üçün nəzərdə tutulan və ya neftin yük  kimi daşınması üçün istifadə edilən istənilən gəmidir;

 250.2.2. zərərçəkən şəxs — vətəndaş, hüquqi şəxs, dövlət və ya onun hər hansı bir tərkib hissəsidir;

 250.2.3. gəmi mülkiyyətçisi — gəminin mülkiyyətçisi kimi qeydiyyatdan keçmiş şəxsdir. Gəmi dövlətə məxsus olduqda və gəmi sahibi  kimi qeydiyyatdan keçmiş təşkilat tərəfindən istismar edildikdə, gəminin mülkiyyətçisi belə təşkilatdır;

 250.2.4. neft — istənilən karbohidrogenli mineral qarışıqdır, o cümlədən, yük kimi bura gəmidə və ya gəminin yanacaq tanklarında  daşınmasından asılı olmayaraq, xam neft, mazut, ağır dizel yanacağı və sürtkü yağları daxildir;

 250.2.5. çirkləndirmədən vurulan zərər — gəmidən kənara neftin axması və ya axıdılması nəticəsində, belə axmanın və ya axıdılmanın  baş verdiyi yerdən asılı olmayaraq, ətraf mühitə vurulan zərərə görə kompensasiyanın ağlabatan bərpa tədbirləri üçün çəkilən xərclərlə  məhdudlaşdırılması şərti ilə, vurulan zərərdir; habelə qarşıalma tədbirləri üçün çəkilən xərclər və belə tədbirlərin nəticəsində vurulan  zərərdir;

 250.2.6. qarşıalma tədbirləri — hadisədən sonra çirkləndirmədən dəyən zərərin azaldılması üçün hər hansı bir şəxs tərəfindən həyata  keçirilən istənilən ağlabatan tədbirlərdir;

 250.2.7. hadisə — nəticəsində çirkləndirmədən vurulan zərər və ya belə zərərin vurulması üçün ciddi və bilavasitə təhlükə yaradan  istənilən hadisədir və ya eyni mənşəli bir sıra hadisələrdir.

 

Maddə 251. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi

 

 251.1. Gəmi mülkiyyətçisi, aşağıdakıları sübuta yetirə bilsə, çirkləndirmədən vurulan zərərə görə məsuliyyət daşımır:

 251.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri və ya xalq iğtişaşları, yaxud qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını;

 251.1.2. çirkləndirmədən zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını;

 251.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən  funksiyanı həyata keçirdikləri zaman etinasızlıqları və ya digər qanunazidd hərəkətləri nəticəsində zərərin vurulmasını.

 251.2. Əgər gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı  nəticəsində vurulmasını sübuta yetirə bilsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

 

Maddə 252. İki və ya daha çox gəmi mülkiyyətçisinin birgə məsuliyyəti

 

 252.1. İki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində çirkləndirmədən zərər vurulduqda, hadisə ilə bilavasitə əlaqəsi olan  gəmilərin mülkiyyətçiləri onların arasında ağlabatan qaydada bölüşdürülə bilməyən çirkləndirmədən vurulan bütün zərərə görə, əgər onlar  bu Məcəllənin 251-ci maddəsinə əsasən məsuliyyətdən azad edilmirlərsə, birgə məsuliyyət daşıyırlar.

 252.2. Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri onların hər birinə bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq tətbiq edilə  bilən məsuliyyətin məhdudlaşdırılması hüququna malikdirlər.

 

Maddə 253. Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və bu hüququn itirilməsi

 

 253.1. Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq  hüququ vardır:

 253.1.1. tutumu 5000 tondan artıq olmayan gəmi üçün 3 000 000 hesablaşma vahidi ilə;

 253.1.2. tutumu 5000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 59,7 milyon hesablaşma vahidindən çox olmaması  şərti ilə, bu Məcəllənin 253.1.1-ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün 420 hesablaşma vahidi əlavə edilir.

 253.2. Əgər çirkləndirmədən vurulan zərərin gəmi mülkiyyətçisinin qəsdən və ya kobud ehtiyatsızlığından öz hərəkət və ya hərəkətsizliyi  nəticəsində vurulduğu sübuta yetirilibsə, gəmi mülkiyyətçisi bu Məcəllənin 253.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin  məhdudlaşdırılması hüququnu itirir.

 

Maddə 254. Məsuliyyətin məhdudlaşdırılması fondu

 

 254.1. Gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərə görə bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq məsuliyyətini  məhdudlaşdırmaq məqsədi ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud  belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan məbləğdə  məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır. Belə fond məhkəmənin depozitinə məbləğin köçürülməsi vasitəsi ilə və ya məqbul  olan bank və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə yaradıla bilər.

 254.2. Gəmi mülkiyyətçisinin çirkləndirmədən vurulan zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə çəkdiyi ağlabatan və könüllü  xərclər və itirdiyi əmlak ona məsuliyyətin məhdudlaşdırılması fonduna münasibətdə digər kreditorların hüquqları ilə bərabər hüquqlar verir.

 254.3. Bu Məcəllənin 254.1-ci maddəsinə müvafiq yaradılan məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 284-cü maddəsində  müəyyən edilmiş məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi qaydaları şamil edilir.

 254.4. Gəmi mülkiyyətçisi hadisədən sonra məsuliyyətin məhdudlaşdırılması fondunu yaratdığı və məsuliyyətinin məhdudlaşdırılmasına  hüququ olduğu halda:

 254.4.1. bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edən heç bir şəxsin belə tələbin gəmi sahibinin digər  əmlakının hesabına ödənilməsinə hüququ yoxdur;

 254.4.2. məhkəmə bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələb üzrə həbs qoyulmuş gəminin və ya gəmi  mülkiyyətçisinə məxsus olan digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq  üçün verilən hər hansı bir girovu və ya digər təminatı azad edir.

 254.5. Bu Məcəllənin 254.4-cü maddəsində müəyyən edilmiş qaydalar çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsini tələb edən  şəxsin məsuliyyətin məhdudlaşdırılması fonduna sərəncam verən məhkəmədə müdafiəyə hüququ olduğu halda tətbiq edilir.

 

Maddə 255. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı

 

 255.1. 2000 tondan artıq nefti dolduraraq yük kimi daşıyan gəminin mülkiyyətçisi, bu fəsildə müəyyən edilmiş qaydalara əsasən,  çirkləndirmədən vurulan zərərə görə öz məsuliyyətini örtmək üçün bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq çirkləndirmədən  vurulan zərərə görə məsuliyyətinin həddi məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının  qarantiyasını) təqdim etməlidir.

 255.2. Bu Məcəllənin 255.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ  yalnız bu fəsildə müəyyən edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir.

 

Maddə 256. Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə

 

 256.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara  müvafiq qüvvəsi olan neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında  şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin 255.1-ci madəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir  gəmiyə onu qeydiyyata almış orqan tərəfindən verilir.

 256.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:

 256.2.1. gəminin adı və onun qeydiyyata alındığı liman (yer);

 256.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri;

 256.2.3. məsuliyyətin maliyyə təminatının növü;

 256.2.4. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə  məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yeri;

 256.2.5. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.

 256.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün təhvil verilməlidir.

 256.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 257.Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia

 

 257.1. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş  qaydalara uyğun olaraq verilə bilər.

 257.2. Bu Məcəllənin 257.3-cü maddəsində müəyyənləşdirilmiş qaydaya riayət etmək şərti ilə çirkləndirmədən vurulan zərərin əvəzinin  ödənilməsi haqqında iddia bu fəslin qaydaları əsasında aşağıda göstərilən şəxslərə qarşı verilə bilməz:

 257.2.1. gəmi mülkiyyətçisinin işçilərinə, o cümlədən gəmi heyətinin üzvlərinə və ya dəniz agentlərinə;

 257.2.2. dəniz bələdçisinə və ya gəmi heyətinin üzvü olmayıb gəmidə iş icra edən hər hansı bir digər şəxsə;

 257.2.3. hər hansı bir fraxtedənə, o cümlədən berbout-çarter üzrə fraxtedənə və vəkalətli idarə edənə;

 257.2.4. gəmi mülkiyyətçisinin razılığı və ya səlahiyyətli hakimiyyət orqanlarının göstərişi əsasında xilasetmə əməliyyatlarını həyata  keçirən hər hansı bir şəxsə;

 257.2.5. zərərin qarşısını almaq məqsədi ilə tədbirlər görən hər hansı bir şəxsə;

 257.2.6. bu Məcəllənin 257.2.3-257.2.5-ci maddələrində göstərilmiş şəxslərin işçilərinə və ya dəniz agentinə, əgər çirkləndirmədən zərərin  vurulması onların etdikləri hərəkətlər qəsdən və ya kobud ehtiyatsızlığın və ya hərəkətsizliyin nəticəsi deyilsə.

 257.3. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmi mülkiyyətçisinin üçüncü şəxslərə qarşı reqress hüququna toxunmur.

 257.4. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia bilavasitə sığortaçıya və ya gəmi mülkiyyətçisinin məsuliyyətinə  maliyyə təminatı vermiş digər şəxsə qarşı irəli sürülə bilər. Cavabdeh bütün hallarda gəmi mülkiyyətçisinin ikinci cavabdeh qismində işə cəlb  olunmasını tələb edə bilər.

 

XIX fəsil

 Dənİzlə təhlükəlİ və zərərlİ maddələrİn daşınması İlə bağlı vurulan zərərə görə məsulİyyət

Maddə 258. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 258.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, dənizlə yük daşınması müqaviləsindən və dənizlə sərnişin daşınması müqaviləsindən irəli gələn  tələblər istisna olmaqla, dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərin əvəzinin ödənilməsi tələblərinə tətbiq edilir.

 258.2. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara tətbiq edilmir:

 258.2.1. kompensasiyanın ödənilməsindən asılı olmayaraq, bu Məcəllənin 250.2.5-ci maddəsində müəyyən edildiyi kimi  çirkləndirmədən vurulan zərərə;

 258.2.2. dənizlə təhlükəli yüklərin daşınması haqqında Beynəlxalq Məcəllədə göstərilən 7-ci sinifə aid olan radioaktiv maddənin  vurduğu zərərə.

 

Maddə 259. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsasları

 

 Gəmi mülkiyyətçisi, bu Məcəllənin 260-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, hadisə baş verdiyi andan təhlükəli və zərərli  maddələrin dənizlə daşınması ilə bağlı vurduğu zərərə görə məsuliyyət daşıyır.

 

Maddə 260. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi

 

 260.1. Gəmi mülkiyyətçisi, əgər aşağıdakıları sübuta yetirsə, təhlükəli və zərərli maddələrin vurduqları zərərə görə məsuliyyət daşımır:

 260.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri, xalq iğtişaşları və ya qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını;

 260.1.2. zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını;

 260.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən  funksiyanı həyata keçirdikləri zaman qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulmasını;

 260.1.4. gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli xarakteri haqqında yükgöndərən və ya hər hansı digər şəxs tərəfindən  məlumatın verilməməsi nəticəsində tam və ya qismən zərərin vurulmasını və ya gəmi mülkiyyətçisinin bu Məcəllənin 264-cü maddəsinə  müvafiq olaraq sığorta ödənişini ala bilməməsinə səbəb olmasını. Əgər gəmi mülkiyyətçisinin, onun işçilərinin və ya dəniz agentlərinin  gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli olması barədə məlumatları yoxdursa və ağlabatan hallarda bu barədə məlumatları ola  da bilməzdi, gəmi mülkiyyətçisi vurulan zərərə görə məsuliyyətdən azad oluna bilər.

 260.2. Əgər gəmi mülkiyyətçisi zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta  yetirsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

 

Maddə 261. İki və ya daha çox gəmi mülkiyyətçisinin birgə məsuliyyəti

 

 261.1. Hər biri təhlükəli və zərərli maddələr daşıyan iki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində zərər vurulduqda, hadisə  ilə bilavasitə əlaqəsi olan hər bir gəminin mülkiyyətçisi, əgər o bu Məcəllənin 260-cı maddəsinə əsasən məsuliyyətdən azad edilmirsə, zərərə  görə məsuliyyət daşıyır. Gəmi mülkiyyətçiləri onların arasında ağlabatan qaydada bölüşdürülə bilməyən zərərə görə birgə məsuliyyət  daşıyırlar.

 261.2. Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq onların hər birinə tətbiq edilə  bilən məsuliyyətin məhdudlaşdırılması hüququna malikdirlər.

 

Maddə 262. Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və bu hüququn itirilməsi

 

 262.1. Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq  hüququ var:

 262.1.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün 10 000 000 hesablaşma vahidi ilə;

 262.1.2. tutumu 2000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 100 milyon hesablaşma vahidindən çox olmamaq  şərti ilə, bu Məcəllənin 262.1.1-ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün tutumu 2001 tondan 50000 tonadək  olan gəmiyə 1,5 min, tutumu 50000 tondan artıq olan gəmiyə isə 360 hesablaşma vahidi əlavə edilir.

 262.2. Əgər zərərin gəmi mülkiyyətçisinin qəsdən və ya kobud ehtiyatsızlığından, öz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulduğu  sübuta yetirilibsə, gəmi mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılması hüququnu itirir.

 

Maddə 263. Məsuliyyətin məhdudlaşdırılması fondu

 

 263.1. Gəmi mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə vurulan zərərin  əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi  mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır.

 263.2. Məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 254-cü maddəsində müəyyən edilmiş qaydalar tətbiq edilir.

 

Maddə 264. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı

 

 264.1. Təhlükəli və zərərli maddələri faktiki olaraq daşıyan gəminin mülkiyyətçisi, bu fəsildə müəyyən edilmiş qaydalara əsasən vurulan  zərərə görə öz məsuliyyətini örtmək üçün, bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq vurulan zərərə görə məsuliyyətinin həddi  məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının zəmanətini) təqdim etməlidir.

 264.2. Bu Məcəllənin 264.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ  yalnız bu fəsildə müəyyən edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir.

 

Maddə 265. Təhlükəli və zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə

 

 265.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara  müvafiq qüvvəsi olan təhlükəli və zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında  şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin 264.1-ci maddəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir  gəmiyə onu qeydiyyata almış orqan tərəfindən verilir.

 265.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:

 265.2.1. gəminin adı, onun çağırış siqnalı və qeydiyyata alındığı liman (yer);

 265.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri;

 265.2.3. beynəlxalq dəniz təşkilatının gəmiyə verdiyi identifikasiya nömrəsi;

 265.2.4. məsuliyyətin maliyyə təminatının növü və onun qüvvədəolma müddəti;

 265.2.5. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə  məsuliyyətin sığortalandığı və ya maliyyə təminatının verildiyi yer.

 265.2.6. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının müddətindən artıq olmayan qüvvədəolma müddəti.

 265.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün təhvil verilməlidir.

 265.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 266. Vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia

 

 266.1. Zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə  bilər.

 266.2. Zərərin əvəzinin ödənilməsi haqqında iddiaya bu Məcəllənin 257-ci maddəsində müəyyən edilmiş qaydalar tətbiq edilir.

 

XX fəsil

Gəmİlərİn və dİgər əmlakın xİlas edİlməsİ

Maddə 267. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 267.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün  xilasetmə əməliyyatlarına tətbiq edilir. Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək, habelə bu  Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq vəzifəsindən kənara çıxmaq  hüquqları yoxdur.

 267.2. Bu fəslin məqsədləri üçün:

 267.2.1. xilasetmə əməliyyatı — istənilən sularda təhlükə altında olan hər hansı bir gəmiyə və ya digər əmlaka kömək göstərilməsi  məqsədi ilə həyata keçirilən istənilən hərəkət və ya istənilən fəaliyyətdir;

 267.2.2. əmlak — bilərəkdən və daimi olaraq sahilə təhkim edilməmiş əmlak və riskdə olan fraxtdır;

 267.2.3. ətraf mühitə vurulan zərər — çirkləndirmə, yanğın, partlayış və ya digər oxşar hadisələr nəticəsində daxili sularda, sahilboyu  sularda, yaxud onlara yanaşı olan rayonlarda insanın sağlamlığına, dəniz flora və faunasına və ya ehtiyatlarına vurulmuş əhəmiyyətli  real zərərdir.

 267.3. Bu fəsildə müəyyən edilmiş qaydalar, bu Məcəllənin 272.2-ci maddəsində müəyyən edilmiş qayda istisna olaraq, habelə aşağıdakılara  şamil edilir:

 267.3.1. Azərbaycan Respublikasının mülkiyyətində olan hərbi gəmilərə, yardımçı hərbi gəmilərinə və digər gəmilərə, habelə xilasetmə  əməliyyatları aparılan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və istifadə edilənlərə;

 267.3.2. dövlətin mülkiyyətində olan qeyri-kommersiya yüklərinə.

 267.4. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilmir:

 267.4.1. stasionar və ya üzən platformalara, yaxud dəniz səyyar qazma qurğularına, əgər belə platformalar və ya qurğular olduqları  yerdə dəniz təkinin mineral ehtiyatlarının kəşfiyyatı, işlənməsi və ya hasilatı ilə məşğuldurlarsa;

 267.4.2. tarixi və ya arxeoloji əhəmiyyəti olan mədəni xarakterli dəniz əmlakına, əgər o, dənizin dibindədirsə.

 

Maddə 268. Xilasetmə haqqında müqavilələr

 

 268.1. Gəmi kapitanının gəmi sahibinin adından xilasetmə əməliyyatlarının aparılması üçün xilasetmə haqqında müqavilələr bağlamaq  hüququ vardır. Gəmi kapitanının və ya gəmi sahibinin gəmidə olan əmlakın sahibi adından belə müqavilələr bağlamaq hüququ vardır.

 268.2. Xilasetmə haqqında müqavilə və ya onun hər hansı bir şərti aşağıdakılara görə etibarsız hesab edilə və ya dəyişdirilə bilər:

 268.2.1. müqavilə həddindən artıq təsir və ya təhlükə altında bağlandıqda və onun şərtləri ədalətli olmadıqda;

 268.2.2. müqavilə ilə nəzərdə tutulmuş mükafat faktik göstərilmiş xidmətlərə münasibətdə həddən artıq qaldırıldıqda və ya azaldıldıqda.

 

Maddə 269. Xilas edənin, gəmi sahibinin və gəmi kapitanının vəzifələri

 

 269.1. Təhlükə altında olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilas edən aşağıdakıları etməyə borcludur:

 269.1.1. xilasetmə əməliyyatlarını lazımi qayğı ilə həyata keçirməlidir;

 269.1.2. bu Məcəllənin 269.1.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq  və ya azaltmaq üçün lazımi qayğı göstərməlidir;

 269.1.3. halların tələbi ağlabatan olduqda kömək üçün digər xilas edənlərə müraciət etməlidir;

 269.1.4. təhlükə altında olan gəminin kapitanının və ya sahibinin, yaxud təhlükə altında olan digər əmlakın sahibinin tələbi ağlabatan  olduqda, əgər bu, mükafatın miqdarına təsir göstərməyəcəkdirsə, digər xilas edənlərin iştirakına razılıq verməlidir.

 269.2. Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya təhlükə altında olan digər əmlakın sahibi aşağıdakıları  etməyə borcludurlar:

 269.2.1. xilasetmə əməliyyatlarının gedişində onunla tam əməkdaşlıq etməlidirlər;

 269.2.2. bu Məcəllənin 269.2.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq  və ya azaltmaq üçün lazımi qayğı göstərməlidirlər;

 269.2.3. əgər xilas edənin tələbi ağlabatandırsa, təhlükəsiz yerə çatdırılandan sonra gəmini və ya digər əmlakı qəbul etməlidirlər.

 

Maddə 270. Mükafat

 

 270.1. Faydalı nəticəsi olan xilasetmə əməliyyatları mükafat almağa hüquq verir.

 270.2. Xilasetmə əməliyyatlarının faydalı nəticəsi olmadıqda, bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, heç bir  mükafat verilmir.

 270.3. Mükafat xilasetmə əməliyyatlarını həvəsləndirmə məqsədi ilə aşağıdakı meyarlar (ardıcıllıqlarından asılı olmayaraq) nəzərə alınmaqla  müəyyənləşdirilir:

 270.3.1. gəminin və digər əmlakın xilas edilmiş dəyəri;

 270.3.2. ətraf mühitə vurulan zərərin qarşısının alınmasında və ya azaldılmasında xilas edənin ustalığı və səyi;

 270.3.3. xilas edənin nail olduğu müvəffəqiyyət;

 270.3.4. təhlükənin xarakteri və dərəcəsi;

 270.3.5. gəminin, insanların və digər əmlakın xilas edilməsində xilas edənin ustalığı və səyi;

 270.3.6. xilas edənin çəkdiyi xərclər, sərf etdiyi vaxt və ona vurulan zərər;

 270.3.7. xilas edənin və ya onun avadanlığının məruz qaldığı məsuliyyət riski və digər risklər;

 270.3.8. xilasetmə xidmətlərinin göstərildiyi tezlik;

 270.3.9. xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş gəmilərin və ya digər avadanlığın mövcudluğu və onlardan istifadə;

 270.3.10. xilas edənin avadanlığının hazırolma vəziyyəti və belə avadanlığın səmərəliliyi və dəyəri.

 270.4. Bu Məcəllənin 270.3-cü maddəsinə müvafiq olaraq müəyyənləşdirilmiş mükafat gəmidə və başqa əmlakda marağı olan bütün şəxslər  tərəfindən gəminin və başqa əmlakın xilas edilmiş müvafiq dəyərinə mütənasib olaraq ödənilir.

 270.5. Mükafat, mükafatla bağlı ödənilə bilən məhkəmə xərcləri və hər hansı faizlər istisna olmaqla, gəminin və başqa əmlakın xilas edilmiş  dəyərindən çox olmamalıdır.

 

Maddə 271. Xüsusi kompensasiya

 

 271.1. Xilas edən ətraf mühitə zərər vurulması təhlükəsi yaradan gəmi və ya yükə münasibətdə xilasetmə əməliyyatlarını həyata keçirdikdə  və bu Məcəllənin 270.3-270.5-ci maddələrinə müvafiq olaraq, heç olmazsa, bu Məcəllənin 271-ci maddəsinə uyğun müəyyənləşdirilən xüsusi  kompensasiya miqdarında mükafat qazana bilmədikdə, onun gəmi sahibindən xilas edənin bu Məcəllənin 271.3-cü maddəsində göstərilən  xərclərinə bərabər olan xüsusi kompensasiya almaq hüququ vardır.

 271.2. Əgər bu Məcəllənin 271.1-ci maddəsində nəzərdə tutulan halların olduğu təqdirdə xilas edən həyata keçirdiyi xilasetmə əməliyyatı  nəticəsində ətraf mühitə zərər vurulmasının qarşısını alıb və ya azaldıbsa, bu Məcəllənin 271.1-ci maddəsinə əsasən gəmi sahibinin xilas  edənə verdiyi xüsusi kompensasiyanın miqdarı onun çəkdiyi xərclərin maksimum 30 faizi qədər artırıla bilər. Məhkəmə bu Məcəllənin  270.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq meyarları nəzərə alaraq xüsusi kompensasiyanı artıra bilər, lakin ümumi artırma xilas  edənin çəkdiyi xərclərin 100 faizindən artıq ola bilməz.

 271.3. Bu Məcəllənin 271.1 və 271.2-ci maddələrinin məqsədləri üçün xilas edənin xərcləri xilasetmə əməliyyatını həyata keçirərkən xilas  edənin faktik çəkdiyi ağlabatan xərclərdir, habelə bu Məcəllənin 270.3.8-270.3.10-cu maddələrində göstərilən meyarları nəzərə almaqla  xilasetmə əməliyyatında faktik və ağlabatanlıqla istifadə edilmiş avadanlığa və personala görə ədalətli haqdır.

 271.4. Bu Məcəllənin 271-ci maddəsinə əsasən ümumi xüsusi kompensasiya yalnız belə kompensasiyanın xilas edənin bu Məcəllənin  270.3-270.5-ci maddələrinə uyğun olaraq ala biləcəyi hər hansı bir mükafatdan artıq olan halda və miqdarda verilir.

 271.5. Əgər xilas edən etinasızlıq göstəribsə və bunun nəticəsi kimi ətraf mühitə vurulan zərərin qarşısını ala və ya azalda bilməyibsə, belə  halda o, xüsusi kompensasiyadan tam və ya qismən məhrum edilə bilər.

 

Maddə 272. Mükafatın bölüşdürülməsi

 

 272.1. Bu Məcəllənin 270.3-270.5-ci maddələrinə müvafiq olaraq müəyyənləşdirilmiş mükafatın xilas edənlər arasında bölüşdürülməsi həmin  maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla həyata keçirilir.

 272.2. Xilasetmə əməliyyatının yerinə yetirilməsi nəticəsində qazanılmış istənilən mükafatın gəmi sahibi və gəmi heyəti üzvləri arasında  bölüşdürülməsi xilasetmə əməliyyatı ilə əlaqədar onların çəkdikləri xərclər çıxılandan sonra aşağıdakı qaydada həyata keçirilir:

 272.2.1. mükafatın netto dəyərinin beşdə üç hissəsi gəmi sahibinə çatır, beşdə iki hissəsi isə gəmi heyəti üzvləri arasında bölüşdürülür;

 272.2.2. bu Məcəllənin 272.2.1-ci maddəsinə əsasən gəmi heyəti üzvlərinə çatacaq pay onların arasında hər birinin xilasetmə  əməliyyatında göstərdiyi səy və əmək haqları nəzərə alınmaqla bölüşdürülür.

 272.3. Bu Məcəllənin 272.2-ci maddəsində müəyyən edilmiş qaydalar xilasetmə əməliyyatlarını peşəkar fəaliyyət qaydasında yerinə yetirən  gəmilərin qazandıqları mükafatın bölüşdürülməsinə şamil edilmir.

 

Maddə 273. İnsanların xilas edilməsi

 

 273.1. Xilas edilmiş insanlardan heç bir mükafat alınmır.

 273.2. Xilasetmənin zəruriliyinə səbəb olmuş hadisə ilə bağlı xidmətlərin göstərilməsində iştirak etmiş insanları xilas edənlər, gəmini və ya  başqa əmlakı xilas etdiklərinə və yaxud ətraf mühitə vurula biləcək zərərin qarşısını almaqlarına və ya azaltmaqlarına görə xilas edənlərə  verilən məbləğdən ədalətli pay almaq hüququna malikdirlər.

 

Maddə 274. Xilas edənin tələbinə təminatın təqdim edilməsi vəzifəsi

 

 274.1. Xilas edənin xahişi ilə mükafatın və ya xüsusi kompensasiyanın ödənilməsinə məsul olan şəxs, faizlər və məhkəmə xərcləri də daxil  olmaqla, xilas edənin tələbinə lazımi təminat təqdim edir.

 274.2. Bu Məcəllənin 274.1-ci maddəsində müəyyən edilmiş qaydadan asılı olmayaraq, xilas edilmiş gəminin sahibi, yük verilənə kimi, yük  sahiblərinin onlara qarşı irəli sürdükləri tələblərə lazımi təminatın (faizlər və məhkəmə xərcləri də daxil olmaqla) təqdim edilməsi üçün bütün  imkanlardan istifadə edir.

 274.3. Xilas edənin müvafiq gəmiyə və ya əmlaka olan tələblərinə lazımi təminat təqdim edilməyənədək, xilas edilmiş gəmi və ya digər əmlak  limandan və ya belə gəminin və ya əmlakın xilasetmə əməliyyatları başa çatdıqdan sonra ilk dəfə aparıldığı yerdən xilas edənin razılığı  olmadan başqa yerə aparıla bilməz.

 

Maddə 275. Səlahiyyətli hakimiyyət orqanlarının nəzarət etdikləri xilasetmə əməliyyatları

 

 275.1. Xilasetmə əməliyyatları səlahiyyətli hakimiyyət orqanları tərəfindən və ya onların nəzarəti altında yerinə yetirildikdə, belə  əməliyyatları həyata keçirən xilas edənlər bu fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.

 275.2. Xilasetmə əməliyyatlarını yerinə yetirməyə borclu olan səlahiyyətli hakimiyyət orqanları, əgər bu onların adi vəzifələrinin həyata  keçirilməsi ilə bağlı deyilsə, bu fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.

 

XXI fəsil

Dənİz tələblərİ üzrə məsulİyyətİn məhdudlaşdırılması

Maddə 276. Məsuliyyətin məhdudlaşdırılmasına hüququ olan şəxslər

 

 276.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq gəmi sahibinin və xilas edənin bu Məcəllənin 277-ci maddəsində nəzərdə  tutulmuş tələblər üzrə məsuliyyəti məhdudlaşdırılır.

 276.2. Bu fəsildə müəyyənləşdirilmiş qaydaların tətbiq edilməsi məqsədləri üçün xilas edən xilasetmə əməliyyatları ilə, o cümlədən bu  Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan əməliyyatlar ilə bilavasitə bağlı xidmətlər göstərən istənilən şəxsdir.

 276.3. Bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblərdən hər hansı biri, hərəkətinə və ya hərəkətsizliyinə görə məsuliyyəti bu  Məcəllənin 276.1-ci və 276.2-ci maddələrində göstərilən şəxslərin daşıdığı şəxsə qarşı irəli sürüldükdə, belə şəxs bu fəsildə müəyyən edilmiş  qaydalara müvafiq olaraq məsuliyyətin məhdudlaşdırılması hüququna malikdir.

 276.4. Bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə məsuliyyətin sığortaçısı məsuliyyəti sığortalanmış şəxsdə olduğu  dərəcədə, bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq, məsuliyyətin məhdudlaşdırılması hüququna malikdir.

 276.5. Məsuliyyətin məhdudlaşdırılmasına yönəldilmiş hərəkət məsuliyyətin tanınmasını bildirmir.

 

Maddə 277. Məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblər

 

 277.1. Aşağıdakı tələblər bu Məcəllənin 278-ci maddəsində müəyyənləşdirilmiş qaydaları gözləmək şərti ilə, məsuliyyətin əsasından asılı  olmayaraq, məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür:

 277.1.1. gəmidə və yaxud bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə əlaqədar vətəndaşın ölümü və ya sağlamlığının  pozulmasından, yaxud əmlakın, o cümlədən liman qurğularının, su hövzələrinin, gəmiçilik yollarının və naviqasiya avadanlığı  vasitələrinin itirilməsi və ya zədələnməsindən yaranan tələblər, habelə bunun nəticəsində sonradan vurulan hər-hansı bir zərərin  əvəzinin ödənilməsi üzrə tələblər;

 277.1.2. dənizlə yüklərin, sərnişinlərin və ya onların baqajının daşınması zamanı baş vermiş gecikdirilmə nəticəsində vurulan zərərin  əvəzinin ödənilməsi üzrə tələblər;

 277.1.3. bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bağlı olan və müqavilədən irəli gəlməyən hər hansı bir hüququn  pozulması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər;

 277.1.4. əgər zərərə görə cavabdeh olan şəxs bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq öz məsuliyyətini məhdudlaşdıra  bilərsə, zərərin qarşısını almaq və ya onu azaltmaq məqsədi ilə zərərə görə cavabdeh olan şəxsdən fərqli olan digər şəxsin gördüyü  tədbirlər nəticəsində vurulan zərər üzrə və belə tədbirlərin səbəb olduğu sonrakı zərər üzrə tələblər.

 277.2. Bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan tələblər reqress qaydasında və ya müqavilədə göstərilən zəmanətlər əsasında irəli  sürüldükdə belə, məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür. bu Məcəllənin 277.1.4-cü maddəsində nəzərdə tutulmuş tələblər  zərərə görə cavabdeh olan şəxslə bağlanmış müqaviləyə əsasən verilən mükafata aid olan hissədə məsuliyyətin məhdudlaşdırılmasının təsiri  altına düşmür.

 

Maddə 278. Məsuliyyətin məhdudlaşdırılmasından istisnalar

 

 278.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakı tələblərə şamil edilmir:

 278.1.1. xilasetmə əməliyyatının yerinə yetirilməsi ilə bağlı mükafata, o cümlədən xüsusi kompensasiyaya və ya ümumi qəza üzrə  ödənişə;

 278.1.2. gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsinə;

 278.1.3. dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərin əvəzinin ödənilməsinə;

 278.1.4. batmış gəminin, o cümlədən bu gəmidə olan və ya olmuş hər şeyin qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı;

 278.1.5. nüvə zərərinin əvəzinin ödənilməsinə;

 278.1.6. gəmidən yükün uzaqlaşdırılması, məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı;

 278.1.7. vəzifələri gəmi və ya xilasetmə əməliyyatları ilə bağlı olan gəmi sahibinin və ya xilas edənin işçilərinin həyatına, sağlamlığına və  ya əmlakına, habelə belə işçilərin vərəsələrinin, himayələrində, yaxud onlardan təminat almaq hüquqları olan şəxslərə vurulmuş zərərin  əvəzinin ödənilməsinə, əgər həmin işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilirsə;

 278.1.8. gəmi sahibi və sərnişin Azərbaycan Respublikasının təşkilatı və ya vətəndaşı olduğu halda, sərnişinin həyatına və ya  sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə;

 278.1.9. gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bilavasitə bağlı olan hallarda vətəndaşın həyatına, sağlamlığına və ya  əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə, əgər gəmi sahibi və vətəndaş, yaxud xilas edən və vətəndaş Azərbaycan  Respublikasının təşkilatları və ya vətəndaşlarıdırsa.

 278.2. Zərərə görə cavabdeh olan şəxsin, əgər zərərin onun hərəkəti və ya hərəkətsizliyi (qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində  vurulduğu sübuta yetirilibsə, məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur.

 

Maddə 279. Qarşılıqlı tələb

 

 Bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyətin məhdudlaşdırılmasına hüququ olan şəxs ona tələb irəli sürmüş şəxsə həmin  hadisədən irəli gələn qarşılıqlı tələb irəli sürərsə, ilkin və qarşılıqlı tələb qarşılıqlı ödənilir və bu fəsildə müəyyən edilmiş qaydalar yalnız əmələ  gələn qalığa tətbiq edilir.

 

Maddə 280. Məsuliyyətin ümumi hədləri

 

 280.1. Bu Məcəllənin 280.3-cü maddəsində göstərilən tələblərdən fərqli olan və bir hadisədən irəli gələn tələblər üzrə məsuliyyətin həddi  aşağıdakı qaydada hesablanır:

 280.1.1. Vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə:

 280.1.1.1. tutumu 500 tondan artıq olmayan gəmi üçün — 333 min hesablaşma vahidi;

 280.1.1.2. tutumu 501 tondan 3000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə  tutumunun 500 artıq olan hər tonu üçün 500 hesablaşma vahidi əlavə edilir;

 280.1.1.3. tutumu 3001 tondan 30 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə  tutumunun 500 artıq olan hər tonu üçün 333 hesablaşma vahidi əlavə edilir;

 280.1.1.4. tutumu 30 001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə  tutumunun 500 artıq olan hər tonu üçün 250 hesablaşma vahidi əlavə edilir;

 280.1.1.5. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun  500 artıq olan hər tonu üçün 167 hesablaşma vahidi əlavə edilir;

 280.1.2. Hər hansı digər tələblər üzrə:

 280.1.2.1. tutumu 500 tondan artıq olmayan gəmi üçün — 167 min hesablaşma vahidi;

 280.1.2.2. tutumu 501 tondan 3000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə  tutumunun 500 artıq olan hər tonu üçün 167 hesablaşma vahidi edilir;

 280.1.2.3. tutumu 3001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə  tutumunun 500 artıq olan hər tonu üçün 125 hesablaşma vahidi edilir;

 280.1.2.4. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun  500 artıq olan hər tonu üçün 83 hesablaşma vahidi əlavə edilir.

 280.2. Əgər vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə bu Məcəllənin 280.1-ci  maddəsinə əsasən hesablanmış məbləğ belə tələblərin tam ödənilməsi üçün kifayət deyilsə, bu Məcəllənin 280.2-ci maddəsinə əsasən digər  tələblər üzrə hesablanmış məbləğ vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblərin ödənilməmiş  hissəsinə yönəldilir.

 280.3. Sərnişinlərin həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə, əgər onlar bir hadisədən irəli gəlirsə,  gəmi sahibinin məsuliyyətinin həddi 175 min hesablaşma vahidinin sərnişin şəhadətnaməsinə əsasən gəmiyə daşımağa icazənin verildiyi  sərnişinlərin sayına vurulmaqla müəyyənləşdirilir.

 

Maddə 281. Tələblərin birləşdirilməsi

 

 281.1. Bu Məcəllənin 280.1 və 280.2-ci maddələrinə əsasən müəyyən edilən məsuliyyət həddi bir hadisədən yaranan bütün tələblərin  məcmusuna tətbiq edilir:

 281.1.1. gəmi sahibinə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibinin məsuliyyət daşıdığı istənilən şəxsə;

 281.1.2. gəmidən xilasetmə üzrə xidmətlər göstərən gəmi sahibinə, bu gəmidən hərəkət edən xilas edənə, habelə hərəkətinə və ya  hərəkətsizliyinə görə gəmi sahibi və ya xilas edən məsuliyyət daşıdığı istənilən şəxsə;

 281.1.3. xilasetmə xidmətləri göstərilən gəmidən hərəkət etməyən və ya müstəsna olaraq gəmidə hərəkət edən xilas edənə, habelə  hərəkətinə və ya hərəkətsizliyinə görə xilas edənin məsuliyyət daşıdığı istənilən şəxsə;

 281.1.4. bu Məcəllənin 280.3-cü maddəsinə əsasən müəyyən edilən məsuliyyət həddi bir hadisədən irəli gələn bütün tələblərin cəmi üçün  gəmi sahibinə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibinin məsuliyyət daşıdığı istənilən şəxsə.

 

Maddə 282. Məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan məsuliyyətin məhdudlaşdırılması

 

 282.1. Gəmi sahibinin və xilas edənin bu Məcəllənin 283-cü maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması fondunu  yaratmadan bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq öz məsuliyyətini məhdudlaşdırmaq hüququ vardır.

 282.2. Əgər məsuliyyətin məhdudlaşdırılması məsuliyyətin məhdudlaşdırılması fondu yaradılmadan həyata keçirilirsə, müvafiq olaraq bu  Məcəllənin 284-cü maddəsinin qaydaları tətbiq edilir.

 

Maddə 283. Məsuliyyətin məhdudlaşdırılması fondu

 

 283.1. Üzərinə məsuliyyət qoyula biləcək şəxs məsuliyyətinin məhdudlaşdırıla biləcəyi tələb üzrə ona qarşı iddianın verildiyi məhkəmədə  məsuliyyətinin məhdudlaşdırılması fondunu yarada bilər.

 283.2. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 280-cı maddəsinə uyğun hesablanan məbləğ miqdarında və bu məbləğə  hadisənin baş verdiyi gündən fondun yaradılma gününədək faizlər əlavə edilməklə yaradılır. Bu qaydada yaradılan hər hansı bir fond yalnız  məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblərin ödənilməsi üçün nəzərdə tutulur.

 283.3. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 283.2-ci maddəsində göstərilən məbləğin məhkəmənin depozitinə ödənilməsi  vasitəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə görə bank zəmanətinin və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə  yaradıla bilər.

 283.4. Bir hadisədən irəli gələn tələblər üzrə bir neçə gəmi sahibinin və ya xilas edənlərin məsuliyyətin məhdudlaşdırılmasına hüquqları  olduqda, belə şəxslərin hər hansı birinin yaratdığı məsuliyyətin məhdudlaşdırılması fondu bütün gəmi sahiblərinin və ya xilas edənlərin  yaratdığı fond hesab edilir.

 

Maddə 284. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi

 

 284.1. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə dair bütün məsələləri yalnız belə fondun yaradıldığı məhkəmə həll  etməyə səlahiyyətlidir.

 284.2. Məsuliyyətin məhdudlaşdırılması fondu həmin fonda tələbləri olan şəxslər arasında onların tələblərinin müəyyənləşdirilmiş miqdarına  mütənasib surətdə bölüşdürülür.

 284.3. Əgər məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə kimi tələb üzrə cavabdeh olan şəxs və ya onun sığortaçısı bu  fonda olan tələb üzrə kompensasiyanı ödəyibsə, belə şəxs ödədiyi məbləğ həddində kompensasiyanı almış şəxsin hüquqlarını subroqasiya  qaydasında əldə edir.

 

Maddə 285. Digər iddialar üçün maneələr

 

 Məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqda, heç bir şəxsin, kimin ki tələblərinin təmin edilməsi üçün fond nəzərdə tutulub, belə  fondu yaratmış şəxsin və ya şəxslərin digər əmlakına həmin tələblər üzrə hər hansı bir hərəkət etmək hüququ yoxdur. Məhkəmə  məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqdan sonra göstərilən şəxsə və ya şəxslərə məxsus olan və fonda verilə bilən tələblər üzrə  həbs qoyulmuş gəminin və ya digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq üçün  verilən hər hansı bir təminatı azad edir.

 

Maddə 286. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 

 286.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara da şamil edilir:

 286.1.1. hərbi, yardımçı hərbi və sərhəd gəmiləri istisna olmaqla, Azərbaycan Respublikasının mülkiyyətində olan və ya tələb yaranan  anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və ya istifadə edilən gəmilərə;

 286.1.2. qazma işləri üçün inşa edilmiş və ya uyğunlaşdırılmış və belə işləri görən gəmilərə.

 286.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar dəniz dibinin və ya təkinin mineral və digər ehtiyatlarının kəşfiyyatı üçün nəzərdə tutulmuş  üzən platformalara şamil edilmir.

 

XXII fəsil

Gəmİyə dənİz gİrovu. Gəmİnİn və ya İnşa edİlməkdə olan gəmİnİn İpotekası

Maddə 287. Gəmiyə dəniz girovu ilə təmin edilən tələblər

 

 287.1. Gəmi sahibinə dair tələblər gəmiyə dəniz girovu ilə təmin edilir:

 287.1.1. gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə gəmidə işlərinə görə çatacaq əmək haqqına və digər məbləğlərə, o cümlədən  repatriasiya xərclərinə və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta ödənişlərinə;

 287.1.2. bilavasitə gəminin istismarı nəticəsində vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə;

 287.1.3. gəminin xilas edilməsi üçün mükafata;

 287.1.4. liman, kanal və dəniz bələdçi yığımlarına;

 287.1.5. gəminin istismarı zamanı gəmidə daşınan yük, konteyner və sərnişinlərin əşyalarından fərqli olan digər əmlakın itirilməsi və ya  zədələnməsi nəticəsində vurulmuş real zərərin əvəzinin ödənilməsinə.

 287.2. Bu Məcəllənin 287.1.2 və 287.1.5-ci maddələrində nəzərdə tutulmuş tələblər aşağıdakı hallar nəticəsində yarandıqda, belə tələblər  dəniz girovu ilə təmin edilmir:

 287.2.1. bu Məcəllənin 18 və 19-cu fəsillərində müəyyən edildiyi kimi, gəmidən neftlə çirkləndirmədən və ya dənizlə təhlükəli və ya  zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən;

 287.2.2. nüvə yanacağının radioaktiv xassələrinin və ya digər radioaktiv maddələrin təsirindən.

 

Maddə 288. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin ödənilməsində üstünlük

 

 288.1. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər, gəminin qeydə alınmış ipotekası ilə təmin  edilmiş öhdəliklərdən yaranan tələblərə qarşı ödənilməkdə üstünlüyə malikdir. Bu Məcəllənin 298.3-cü maddəsində nəzərdə tutulmuş tələb  istisna olmaqla, heç bir tələb göstərilmiş tələblərə qarşı ödənilməkdə üstünlüyə malik deyil.

 288.2. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəminin dəniz girovu ilə təmin edilmiş tələblər həmin maddədə göstərilən qaydada növbə  ilə təmin edilir.

 

Maddə 289. Gəmiyə dəniz girovunun xüsusiyyəti

 

 Gəminin məcburi satılması halı istisna olmaqla, gəmiyə mülkiyyət hüququnun keçməsindən, onun qeydiyyatının və ya bayrağının  dəyişdirilməsindən asılı olmayaraq, dəniz girovu gəmini yüklü etməkdə davam edir.

 

Maddə 290. Gəmiyə dəniz girovuna xitam verilməsi

 

 290.1. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər yarandıqdan bir il sonra gəmiyə  dəniz girovuna, gəmi göstərilən müddət bitənədək gəminin məcburi satılmasına səbəb olan həbsin predmeti olduqda xitam verilir.

 290.2. Bu Məcəllənin 290.1-ci maddəsində müəyyən edilmiş müddət aşağıdakı qaydada hesablanır:

 290.2.1. bu Məcəllənin 287.1.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər üzrə — belə tələbi olan gəmi heyəti  üzvünün gəmidən azad edilməsi anından;

 290.2.2. bu Məcəllənin 287.1.2-287.1.5-ci maddələrinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər üzrə — belə tələbin  yaranma anından.

 

Maddə 291. Tələblərin güzəşt edilməsi və ya keçməsi

 

 291.1. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin güzəşt edilməsi və ya keçməsi eyni zamanda dəniz girovu hüququnun güzəşt  edilməsinə və ya keçməsinə səbəb olur.

 291.2. Vətəndaşların həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələbin, habelə dəniz sığorta müqaviləsinə  əsasən gəmi mülkiyyətçisinə çatacaq sığorta ödənişinə dair tələbin gəmiyə dəniz girovu hüququ olan şəxsə güzəşt edilməsinə və ya keçməsinə  yol verilmir.

 

Maddə 292. Gəmini və ya inşa edilməkdə olan gəmini saxlamaq hüququ

 

 292.1. Gəminin inşa edilməsindən, habelə onun təmir edilməsindən yaranan tələbləri təmin etmək üçün gəmiqayırma və ya gəmi təmiri  təşkilatlarının, gəmi onların sahibliyində olduğu dövr ərzində, gəmini saxlamaq hüququ vardır.

 292.2. Gəmi və ya inşa edilməkdə olan gəmi gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının sahibliyindən çıxandan sonra bu Məcəllənin  292.1-ci maddəsində nəzərdə tutulmuş gəmini saxlamaq hüququ, gəmiyə həbs qoyulması halı istisna olmaqla, itir.

 292.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması halında gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının gəminin  satışından əldə edilmiş məbləğ hesabına öz tələblərinin ödənilməsinə hüququ vardır.

 

Maddə 293. Gəminin və inşa edilməkdə olan gəminin ipoteka ilə yüklü edilməsi

 

 293.1. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası pul öhdəliyinin təmin edilməsi məqsədi ilə gəmi və ya inşa edilməkdə olan gəmi  mülkiyyətçisinin (ipoteka verən) və kreditorun (ipoteka saxlayan) müqavilələri ilə müəyyən edilir.

 293.2. Gəmiyə təsərrüfat idarəetmə hüququ olan şəxs gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin razılığı əsasında ipoteka verən  ola bilər.

 293.3. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir və gəminin qeydiyyata alındığı reyestrdə qeydə alınmalıdır.

 

Maddə 294. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının predmeti

 

 294.1. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəminin ipotekası gəminin həmin gəmi mülkiyyətçisinə məxsus olan ləvazimatlarına,  habelə gəminin məhv olması və zədələnməsinə görə məsuliyyət şərtləri ilə bağlanmış dəniz sığorta müqaviləsi üzrə çatacaq sığorta ödənişinə  də şamil edilir. Gəminin ipotekası fraxta şamil edilmir.

 294.2. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, inşa edilməkdə olan gəminin ipotekası gəminin inşası üçün nəzərdə tutulmuş,  gəmiqayırma təşkilatının ərazisində olan və aydın şəkildə markalanmış və eyniləşdirilmiş material və avadanlığa, habelə inşa edilməkdə olan  gəminin məhv olması və zədələnməsinə görə məsuliyyət şərtləri əsasında bağlanmış dəniz sığorta müqaviləsi üzrə çatacaq sığorta ödənişinə  də şamil edilir.

 

Maddə 295. İpoteka saxlayanların tələblərinin ödənilməsi növbəliyi

 

 Əgər bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş gəminin və ya inşa edilməkdə olan gəminin satışından əldə edilmiş xalis  gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat tarixinə uyğun olaraq növbə ilə ödənilir. Daha əvvəl qeydiyyata  alınmış ipoteka sonradan qeydiyyata alınmış ipotekaya qarşı ödənilməkdə üstünlüyə malikdir. Eyni gündə qeydiyyata alınmış ipotekalar  eyni qüvvəyə malikdir.

 

Maddə 296. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasının əsasları

 

 İpoteka verən borcun ödənilməsi vəzifəsini yerinə yetirmədikdə, ipoteka ilə yüklü edilmiş gəmi və ya inşa edilməkdə olan gəmi üzərinə həbs  qoyulmuş gəminin və ya inşa edilməkdə olan gəminin olduğu yer üzrə məhkəmənin qərarı əsasında satıla bilər.

 

Maddə 297. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması haqqında bildiriş

 

 297.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması üçün məhkəmə bu barədə aşağıdakılara bildiriş göndərməlidir:

 297.1.1. gəmini qeydiyyata alan orqana və ya inşa edilməkdə olan gəmiyə mülkiyyət hüququnu qeydiyyata alan orqana;

 297.1.2. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və təqdim edənə müəyyənləşdirilməmiş ipotekalarının ipoteka  saxlayanlarına;

 297.1.3. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və təqdim edənə müəyyənləşdirilmiş ipotekalarının ipoteka  saxlayanlarına, habelə bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə gəminin dəniz girovunu saxlayanlarına, əgər  onlar öz tələbləri barədə məhkəməni məlumatlandırıblarsa;

 297.1.4. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış mülkiyyətçisinə;

 297.1.5. bayrağı altında gəmiyə müvəqqəti üzməyə icazə vermiş dövlətin gəmini qeydiyyata almış orqanına.

 297.2. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasını tələb edən şəxs məhkəməyə gəminin və ya inşa edilməkdə olan  gəminin qeydiyyata alınmış ipotekasının ipoteka saxlayanlarının adlarını və ünvanlarını əlavə etməklə müvafiq gəmi və ya inşa edilməkdə  olan gəmi reyestrlərindən çıxarış təqdim etməlidir.

 297.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı haqqında bildiriş məcburi satışa otuz gündən az qalmamış göndərilir və  özündə aşağıdakıları əks etdirir:

 297.3.1. məcburi satışın vaxtı və yeri haqqında məlumatları, habelə məcburi satışa və ya məcburi satışa aparan prosedurlara aid olan və  öz maraqlarını qorumaq məqsədi ilə bildiriş almağa hüququ olan şəxslərin bilməli olduqları məlumatları;

 297.3.2. məcburi satışın vaxtını və yerini dəqiq müəyyənləşdirmək mümkün olmadıqda, məcburi satışın təxmini vaxtı və yeri haqqında  məlumatları, habelə məcburi satışa aid və bildiriş almağa hüququ olan şəxslərin maraqlarının qorunması üçün kifayət olan digər  məlumatları.

 297.4. Bildiriş bu Məcəllənin 297.3-cü maddəsinə müvafiq olaraq göndərildikdə, məcburi satışın faktik vaxtı və yeri haqqında əlavə bildiriş  onlar məlum olduqdan sonra, lakin məcburi satışa yeddi gündən az qalmamış göndərilir.

 

Maddə 298. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışının nəticələri

 

 298.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı halında gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış  bütün ipotekaları, ipoteka saxlayanların razılığı ilə alıcının öz üzərinə götürdüyü ipotekalar istisna olmaqla, bütün girovları və digər növ  yüklülükləri gəmiyə və ya inşa edilməkdə olan gəmiyə münasibətdə öz qüvvəsini itirirlər.

 298.2. Gəminin və ya inşa edilməkdə olan gəminin həbsi və sonrakı satışı ilə əlaqədar çəkilən xərclər onların satışından əldə edilən  məbləğdən birinci növbədə ödənilir. Belə xərclərə, xüsusilə, gəmi üzərinə həbs qoyulması anından gəminin və gəmi heyətinin saxlanılmasına,  habelə əmək haqqına çəkilən xərclər və bu Məcəllənin 287.1.1-ci maddəsində göstərilən digər məbləğlər və xərclər aid edilir. Gəminin və ya  inşa edilməkdə olan gəminin satışından əldə edilən məbləğin qalığı müvafiq tələblərin ödənilməsi üçün müəyyən edilmiş zəruri həddləri  nəzərə almaqla bu fəsildəki qaydalara uyğun olaraq bölüşdürülür. İrəli sürülmüş bütün tələblər ödənildikdən sonra gəminin və ya inşa  edilməkdə olan gəminin məcburi satışından əldə edilən məbləğ, əgər o qalıbsa, gəminin və ya inşa edilməkdə olan gəminin mülkiyyətçisinə  verilir və belə məbləğ sərbəst köçürülə bilər.

 298.3. Dəniz üzgüçülüyü təhlükəsizliyini və ya dəniz mühitini çirkləndirmədən qorumaq məqsədi ilə liman hakimiyyəti orqanlarının  qaldırdığı batmış gəminin məcburi satışı halında, gəminin qaldırılması üçün çəkilən xərclər, gəminin dəniz girovu ilə təmin edilmiş hər hansı  bir tələbin ödənilməsinədək, gəminin satışından əldə edilmiş məbləğdən ödənilir.

 

Maddə 299. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının xitamı

 

 299.0. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasına aşağıdakı hallarda xitam verilir:

 299.0.1. pul öhdəliyi ödənildikdə;

 299.0.2. pul öhdəliyinə borcun ödənilməsindən fərqli olan digər üsulla xitam verildikdə (məcburi satış və s.);

 299.0.3. gəminin və ya inşa edilməkdə olan gəminin məhv olması ilə əlaqədar dəniz sığorta müqaviləsinə müvafiq olaraq, gəminin və ya  inşa edilməkdə olan gəminin ipotekasını saxlayan öz tələbini sığorta ödənişinə verə bildiyi hallar istisna olmaqla, gəmi və ya inşa  edilməkdə olan gəmi məhv olduqda.

 

XXIII fəsil

Gəmİnİn üzərİnə həbs qoyulması

Maddə 300. Gəminin üzərinə həbs qoymaq səlahiyyəti

 

 300.1. Gəmi üzərinə həbs qoyulması onun Azərbaycan Respublikasının yurisdiksiyası hüdudlarında olduğu zaman məhkəmənin və ya dəniz  işləri üzrə qanunla həbs etmək səlahiyyəti verilmiş münsiflər məhkəməsinin qətnaməsi əsasında dəniz tələblərini təmin etmək üçün hər hansı  bir saxlanılmasını və ya hərəkətinin məhdudlaşdırılmasını bildirir, məhkəmənin və ya münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş  qərarının icrası ilə bağlı gəmi üzərinə həbs qoyulması halları istisna təşkil edir.

 300.2. gəmi üzərinə yalnız dəniz tələbi üzrə həbs qoyula bilər.

 300.3. Gəmi üzərinə, hətta limandan çıxmağa hazır olduğu zaman da həbs qoyula bilər.

 300.4. Bu fəsildə müəyyən edilmiş qaydalar dəniz limanı kapitanının bu Məcəllənin 64-cü maddəsinə müvafiq olaraq, gəminin dəniz  limanından çıxmağına icazə verməmək hüququnu məhdudlaşdırmır.

 

Maddə 301. Dəniz tələbi

 

 301.0. Aşağıda göstərilənlərlə bağlı olan istənilən tələb dəniz tələbidir:

 301.0.1. gəminin istismarı zamanı zərərin vurulması ilə;

 301.0.2. bilavasitə gəminin istismarı ilə əlaqədar olaraq quruda və ya suda vətəndaşın həyatına və ya sağlamlığına zərərin vurulması ilə;

 301.0.3. vurula biləcək zərərin, o cümlədən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün hər hansı bir şəxsin  həyata keçirdiyi tədbirlərə çəkdiyi xərclərlə, əgər belə tələb Azərbaycan Respublikasının qanunundan və ya beynəlxalq müqaviləsindən  irəli gəlirsə, habelə belə tədbirlər nəticəsində vurulan və ya vurula biləcək zərərlə;

 301.0.4. xilasetmə tədbirlərinin həyata keçirilməsi və ya xilasetmə haqqında hər hansı bir müqavilə ilə;

 301.0.5. batmış gəminin qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi üçün çəkilən xərclərlə;

 301.0.6. gəminin istismarı və ya təmin edilməsi üçün ərzaq məhsulları, materiallar, yanacaq, avadanlıq, o cümlədən konteynerlərin  verilməsi ilə;

 301.0.7. gəminin istifadəsinə dair hər hansı bir müqavilə ilə; 301.0.8. dənizlə yük daşınması və ya dənizlə sərnişin daşınmasına dair hər hansı bir müqavilə ilə;

 301.0.9. gəmidə daşınan yükün, o cümlədən baqajın itirilməsi və ya zədələnməsi ilə;

 301.0.10. ümumi qəza ilə;

 301.0.11. dəniz bələdçisi keçirməsi ilə;

 301.0.12. yedəkləmə ilə;

 301.0.13. gəminin inşası, təmiri, yenidən qurulması və ya yenidən təchiz edilməsi ilə;

 301.0.14. liman, kanal haqqları və digər su yollarında ödənişlər ilə;

 301.0.15. gəmidə işlədikləri üçün gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə çatacaq əmək haqqı və başqa məbləğlərlə, o  cümlədən repatriasiya xərcləri və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta ödənişləri ilə;

 301.0.16. gəmiyə münasibətdə çəkilən disbursment xərcləri ilə;

 301.0.17. sığorta mükafatı ilə;

 301.0.18. gəmi mülkiyyətçisi və ya berbout-çarter üzrə gəmini fraxtedən tərəfindən və yaxud onların adından ödənilən hər hansı bir  komisyon, broker və ya agent mükafatları ilə;

 301.0.19. gəmiyə olan mülkiyyət və ya onun üzərində sahiblik hüququna dair hər hansı bir mübahisə ilə;

 301.0.20. gəminin istifadəsinə və ya mənfəətin bölüşdürülməsinə dair iki və ya bir neçə gəmi mülkiyyətçisi arasında yaranan hər hansı  bir mübahisə ilə;

 301.0.21. gəminin qeydiyyata alınmış ipotekası və ya qeydiyyata alınmış həmin xarakterli yüklü edilməsi ilə;

 301.0.22. gəminin alqı-satqı müqaviləsindən irəli gələn hər hansı bir mübahisə ilə.

 

Maddə 302. Gəminin həbsdən azad olunması

 

 302.1. Münasib formada kifayət miqdarda təminat təqdim olunduqda, gəmi məhkəmənin və ya münsiflər məhkəməsinin qətnaməsinə əsasən  həbsdən azad oluna bilər.

 302.2. Tərəflərin arasında təminatın miqdarı və forması barəsində razılaşma olmadıqda, məhkəmə və ya münsiflər məhkəməsi təminatın,  gəminin qiymətindən çox olmamaq şərti ilə, miqdarını və formasını müəyyənləşdirir.

 302.3. Gəminin həbsdən azad olunması haqqında hər hansı bir müraciət məsuliyyətin tanınmasını, müdafiə vasitələrindən və ya məsuliyyətin  məhdudlaşdırılması hüququndan imtinanı bildirmir.

 302.4. Bu Məcəllənin 302.2-ci maddəsinə uyğun olaraq təminat təqdim etmiş şəxs istənilən vaxt təminatı azaltmaq, dəyişdirmək və ya ləğv  etmək haqqında ərizə ilə məhkəməyə və ya münsiflər məhkəməsinə müraciət edə bilər.

 

Maddə 303. Gəminin əsassız həbs edilməsinə görə məsuliyyət

 

 Gəmi sahibinə qarşı dəniz tələblərində irəli sürülən təqsirin sübuta yetirilməməsinə görə gəminin həbsdən azad olunduğu, habelə gəminin  limanda əsassız saxlandığı hallarda gəmi sahibinə həbs qoyulma və ya saxlanılma ilə vurulan zərər üçün məsuliyyəti o şəxslər daşıyır ki,  onların tələbləri ilə gəminin üzərinə həbs qoyulmuşdur və ya gəmi saxlanılmışdır.

 

XXIV fəsil

 Dənİz protestlərİ

Maddə 304. Dəniz protesti

 

 304.1. Gəmi üzərkən və ya dayanarkən gəmi sahibinə əmlak tələblərinin irəli sürülməsi üçün əsas ola bilən hadisə baş verdikdə, gəmi  kapitanı sübutların təmin edilməsi məqsədi ilə dəniz protesti haqqında bəyanat verməlidir.

 304.2. Dəniz protestinin məqsədi hadisənin baş verdiyi şərait və yaranma səbəbləri barədə, o cümlədən vurulan zərər və zərərin qarşısını  almaq və ya azaltmaq üçün görülmüş tədbirlər barədə mümkün qədər tam məlumat verməkdir.

 

Maddə 305. Dəniz protesti haqqında bəyanat

 

 305.0. Dəniz protesti haqqında bəyanat:

 305.0.1. Azərbaycan Respublikasının limanlarında - notariusa;

 305.0.2. xarici limanlarda — Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsinə və ya xarici dövlətin qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada bu dövlətin səlahiyyətli vəzifəli şəxsinə verilir.

 

Maddə 306. Dəniz protesti haqqında bəyanatın verilmə müddəti

 

 Hadisə limanda baş verdikdə, dəniz protesti haqqında bəyanat hadisənin baş verdiyi andan başlayaraq 24 saat ərzində verilir. Hadisə gəmi  səfərdə olduğu zaman baş verdikdə, dəniz protesti haqqında bəyanat gəminin və ya kapitanın gəldiyi ilk limanda 24 saat ərzində verilməlidir.

 

Maddə 307. Dəniz protesti haqqında bəyanatın gecikdirilmə ilə verilməsi

 

 307.1. Əgər hadisə səfər zamanı baş veribsə, hadisədən sonra birinci limana girişlə əlaqədar xeyli vaxt və vəsait itirilməsinin qarşısını almaq  üçün dəniz protesti haqqında bəyanat gəminin və ya kapitanın hadisədən sonra gəldiyi birinci liman olmayan limanda verilə bilər.

 307.2. Əgər dəniz protestini bu Məcəllənin 306-cı maddəsində müəyyən edilmiş müddətdə bəyan etmək mümkün olmazsa, bunun səbəbləri  dəniz protesti haqqında bəyanatda göstərilməlidir.

 

Maddə 308. Yükə vurulan zərərə münasibətdə dəniz protestinin bəyan edilməsi

 

 Baş vermiş hadisə nəticəsində gəmidəki yükə zərərin vurulduğunu güman etmək üçün əsas olduqda, dəniz protesti haqqında bəyanat yük  anbarları açılanadək verilməlidir. Dəniz protesti haqqında bəyanat verilənədək gəmidən yükün boşaldılması yalnız son dərəcə zərurət  olduqda həyata keçirilə bilər.

 

Maddə 309. Sübutlar

 

 309.1. Dəniz protesti haqqında bəyanatda ifadə edilmiş halları təsdiqləmək üçün gəmi kapitanı bəyanat ilə eyni zamanda, yaxud özünün və  ya gəminin limana gəldiyi və ya hadisənin, əgər hadisə limanda olmuşdursa, baş verdiyi andan başlayaraq yeddi gündən artıq olmayan  müddət ərzində gəmi jurnalını və gəmi kapitanı tərəfindən təsdiq edilmiş gəmi jurnalından çıxarışı tanış olmaq üçün notariusa və ya  Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsinə, yaxud xarici dövlətin səlahiyyətli vəzifəli şəxsinə təqdim etməlidir.

 309.2. Gəmi jurnalı məhv olduqda dəniz protesti haqqında bəyanatda gəmi jurnalının məhv olduğu şərait və səbəblər göstərilməlidir.

 

Maddə 310. Dəniz protesti haqqında aktın tərtib olunması

 

 Notarius və ya Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsi gəmi kapitanının bəyanatı, gəmi jurnalındakı qeydlər, gəmi  kapitanı və zərurət olduqda gəmi heyətinin digər üzvləri ilə aparılan sorğu əsasında dəniz protesti haqqında akt tərtib edir və onu imzası və  gerbli möhürlə təsdiq edir.

 

Maddə 311. Xarici dövlətlərin konsulluq idarələri tərəfindən dəniz protesti haqqında aktın tərtib olunması

 

 Xarici gəmilərin kapitanlarından dəniz protesti haqqında bəyanatın qəbulu və dəniz protesti haqqında aktların tərtibi xarici dövlətlərin  Azərbaycan Respublikasındakı konsulluq idarələri tərəfindən qarşılıqlıq əsasında həyata keçirilə bilər.

 

XXV fəsil

Pretenzİyalar, İddİalar və İddİa müddətİ

Maddə 312. Dənizlə yük daşınması iştirakçılarının məsuliyyəti üçün əsas ola bilən halların təsdiqlənməsi

 

 312.1. Yük daşıyanların, göndərənlərin, alanların və sərnişinlərin məsuliyyəti üçün əsas ola bilən hallar kommersiya aktları və ya ümumi  formalı aktlarla təsdiqlənir. Xarici limanlarda bu hallar həmin limanlarda mövcud olan qaydalara müvafiq olaraq təsdiqlənir.

 312.2. Kommersiya aktı aşağıdakıların təsdiqlənməsi üçün tərtib olunur:

 312.2.1. həqiqi yükün və ya baqajın adı, kütləsi və ya yerlərinin sayı ilə daşınma sənədində göstərilənlər arasında uyğunsuzluğun;

 312.2.2. yükün və ya baqajın zədələnməsinin;

 312.2.3. sənədsiz yükün və ya baqajın, habelə yüksüz və ya baqajsız sənədin aşkar edilməsinin;

 312.2.4. oğurlanmış yükün və ya baqajın daşıyıcıya qaytarılmasının.

 312.3. Aktların forması və tərtib edilmə qaydası, habelə aktların tərtib edilməsini tələb etməyən halların təsdiqlənmə qaydası bu Məcəllənin  3.2-ci maddəsinə uyğun qəbul edilən qaydalara müvafiq olaraq müəyyənləşdirilir.

 

Maddə 313. Daşıyıcıya pretenziyanın verilməsi

 

 313.1. Yükün kabotajda daşınması ilə əlaqədar daşıyıcıya iddia verilənədək ona mütləq əvvəlcədən pretenziya verilməlidir.

 313.2. Pretenziyalar yükün daşınmasını həyata keçirən daşıyıcıya və əgər daşıma icra olunmamışdırsa, dənizlə yük daşınması müqaviləsinə  müvafiq olaraq bu daşımanı icra etməli olan daşıyıcıya verilir.

 313.3. Yükün qarışıq daşınması hallarından irəli gələn pretenziyalar yükü axırıncı məntəqəyə çatdıran daşıyıcıya verilir.

 

Maddə 314. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi

 

 314.1. Pretenziya və iddia vermək hüququnun, yükgöndərən tərəfindən yükalana və ya əksinə, habelə yükalan və ya yükgöndərən  tərəfindən ekspeditora yaxud sığortaçıya verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir.

 314.2. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi konosamentdə və ya digər daşınma sənədində müvafiq qeydin olması ilə  təsdiqlənir.

 

Maddə 315. Pretenziyanın verilmə qaydası

 

 315.1. Pretenziya yazılı şəkildə verilir. Yükün itirilməsi və ya zədələnməsi barədə pretenziyaya daşınma sənədlərindən başqa, pretenziyanı  vermək üçün hüququ, habelə göndərilən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər əlavə olunmalıdır. Daşınma sənədlərinin əsli  təqdim olunur.

 315.2. Pretenziyaya bu Məcəllənin 315.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə olunmadıqda, daşıyıcının pretenziyanı aldıqdan  sonra iki həftə müddətində onu baxılmadan geri qaytarmaq hüququ vardır. Daşıyıcı göstərilən müddət ərzində müvafiq qaydada tərtib  edilməmiş pretenziyanı geri qaytarmadıqda, pretenziya baxılmaq üçün qəbul olunmuş hesab edilir.

 

Maddə 316. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın verilmə müddəti

 

 Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziya daşıyıcıya iddia müddəti ərzində verilə bilər.

 

Maddə 317. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın baxılma müddəti

 

 317.1. Daşıyıcı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyaya bir ay müddətində baxır və bu müddət ərzində pretenziya  verənə pretenziyanın etiraf və ya rədd edilməsi barədə yazılı məlumat verir.

 317.2. İddia müddətinin axımı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın daşıcıya verilən gündən etibarən pretenziyaya  cavab alınanadək və ya cavab üçün müəyyən edilmiş müddət qurtaranadək dayandırılır.

 

Maddə 318. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üzrə iddia müddəti

 

 318.1. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üçün iddia müddəti bir ildir.

 318.2. Göstərilən müddət aşağıdakı qaydada hesablanır:

 318.2.1. yükün itirilməsinə görə zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — yükün verilməli olduğu gündən otuz gün keçəndən  sonra, qarışıq daşımada isə — yükün daşınmaya qəbul edildiyi gündən dörd ay keçəndən sonra;

 318.2.2. yükün zədələnməsi, çatdırılmasının gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsinə və artıq ödənmiş daşınma haqqının  qaytarılmasına yaxud əskik ödənilmiş daşınma haqqının tutulmasına dair tələblər üzrə — yükün verildiyi gündən, yük verilmədikdə isə  — yükün verilməli olduğu gündən; .

 318.2.3. gəminin verilməməsinə və ya gecikdirilmə ilə verilməsinə görə zərərin əvəzinin ödənilməsinə, gəminin boşdayanması üçün  haqqa və yükün vaxtından əvvəl yüklənməsinə və ya boşaldılmasına görə mükafata dair tələblər üzrə — yükün daşınması başladığı və  ya başlanmalı olduğu aydan sonrakı ay qurtardıqda;

 318.2.4. bütün digər hallara dair tələblər üzrə — tələbin irəli sürülməsinə əsas olan hadisə baş verdiyi gündən.

 

Maddə 319. Digər tələblər üzrə iddia müddəti

 

 319.1. Beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsindən, dəniz sığorta müqaviləsindən, habelə gəmilərin  toqquşmasından və xilasetmə əməliyyatlarının həyata keçirilməsindən doğuran tələblər üzrə iddia müddəti iki ildir. Bu müddət aşağıdakı  qaydada hesablanır:

 319.1.1. beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsinə dair tələblər üzrə:

 319.1.1.1. sərnişinin sağlamlığı pozulduqda — sərnişin sahilə çıxdığı gündən;

 319.1.1.2. daşınma zamanı sərnişin öldükdə — sərnişinin sahilə çıxmalı olduğu gündən;

 319.1.1.3. daşınma zamanı sağlamlığının pozulması nəticəsində sərnişin sahilə çıxdıqdan sonra öldükdə — sərnişinin öldüyü  gündən, o şərtlə ki, sərnişinin sahilə çıxdığı gündən üç ildən çox olan müddət keçməsin;

 319.1.1.4. sərnişinin baqajı itirildikdə və ya zədələndikdə — tarixlərdən hansı birinin gec gəlməsindən asılı olaraq — baqajın  düşürüldüyü və ya düşürülməli olduğu gündən;

 319.1.2. dəniz sığorta müqaviləsindən doğuran tələblər üzrə — iddiaya hüququn yarandığı gündən;

 319.1.3. gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — gəmilərin toqquşduğu gündən;

 319.1.4. xilasetmə əməliyyatlarından doğuran tələblər üzrə — xilasetmə əməliyyatları başa çatdığı gündən.

 319.2. Yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və  ümumi qəzadan doğuran tələblərə iddia müddəti bir ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:

 319.2.1. yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, taym-çarterdən və  berbout-çarterdən doğuran tələblər üzrə — iddia hüququ yarandığı gündən;

 319.2.2. ümumi qəzadan doğuran tələblər üzrə — dispaşın tərtib edildiyi gündən.

 319.3. Bu Məcəllənin 248-ci maddəsində nəzərdə tutulmuş reqress tələbləri üzrə iddia müddəti bir ildir. Bu müddət müvafiq məbləğin  ödənilməsi günündən hesablanır.

 

Maddə 320. Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə iddia müddəti

 

 Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair  iddialar, zərərçəkənin belə zərərin vurulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində ödənilir. Lakin, gəmilərdən neftlə  çirkləndirmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar çirkləndirməyə səbəb olmuş hadisənin baş verdiyi gündən altı il  keçəndən sonra, dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar isə — belə  zərərə səbəb olmuş hadisənin baş verdiyi gündən on il keçəndən sonra verilə bilməz.

 

Maddə 321. Ümumi müddətlərin tətbiq edilməsi

 

 Əgər Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllədə iddia müddəti müəyyən  edilməyən tələblər üçün Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyənləşdirilmiş ümumi iddia müddətləri tətbiq edilir.

 

Maddə 322. Ümumi qəza halında iddia müddətinin axımının dayandırılması

 

 Tələbin məbləğinin hesablanması ümumi qəza üzrə hesablaşmalardan asılı olduğu halda, iddia müddətinin axımı ümumi qəzanın  mövcudluğu haqqında dispaşerin qərar qəbul etdiyi gündən maraqlı tərəfin dispaşı aldığı günə kimi dayandırılır.

 

Maddə 323. Özgəsinin pul vəsaitlərindən istifadəyə görə faizlər

 

 323.1. Bu Məcəllədə nəzərdə tutulmuş münasibətlərdən doğuran tələblər ödənildikdə, ödənilən məbləğə kreditorun yaşadığı yerdə, kreditor  hüquqi şəxs olduqda isə onun olduğu yerdə mövcud olan bank faiz dərəcəsi əlavə edilir.

 323.2. Faizlər müvafiq məbləğin ödənilməsinə dair yazılı tələbin verildiyi gündən məbləğin ödənildiyi günə kimi hesablanır.

 323.3. Bu Məcəllənin 323.1 və 323.2-ci maddələrində müəyyən edilmiş qaydalar ümumi qəzanın bölüşdürülməsi qaydasında zərərin əvəzinin  ödənilməsinə dair tələblərə şamil edilmir.

 

XXVI fəsil

Tətbİq edİlən hüquq

Maddə 324. Tətbiq edilən hüququn müəyyənləşdirilməsi

 

 324.1. Xarici vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı ilə, o cümlədən mülki hüquq obyekti Azərbaycan Respublikasının  hüdudlarından kənarda olduqda, ticarət gəmiçiliyindən yaranan münasibətlərə tətbiq edilən qanun Azərbaycan Respublikasının beynəlxalq  müqavilələrinə, bu Məcəlləyə, digər qanunlara və Azərbaycan Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq  müəyyənləşdirilir.

 324.2. Bu Məcəllə ilə nəzərdə tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya sonradan razılaşma əsasında həmin müqavilə üzrə  onların hüquq və vəzifələrinə tətbiq edilən qanunu seçə bilərlər. Belə razılaşma olmadıqda, bu Məcəllənin qaydaları tətbiq edilir; belə  razılaşmanın mövcudluğu sərnişinin həyatına və ya sağlamlığına zərərin vurulmasına, yükün və baqajın itirilməsinə və ya zədələnməsinə  yaxud onların gecikdirilmə ilə çatdırılmasına görə bu Məcəlləyə müvafiq olaraq məsuliyyətinin aradan qaldırılmasına və ya azaldılmasına  səbəb olmur.

 

Maddə 325. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları

 

 325.1. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları, habelə belə hüquqların əldə edilməsi, verilməsi və ya itirilməsi gəminin bayrağı  altında üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir.

 325.2. Digər dövlətin bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmiyə olan əşya hüquqlarına gəminin bilavasitə bayrağın  dəyişdirilməsindən əvvəl qeydə alındığı dövlətin qanunu tətbiq edilir.

 325.3. Əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, inşa edilməkdə olan gəmiyə hüquqlar gəminin inşa  üçün qəbul edildiyi və ya inşa edildiyi dövlətin qanunu ilə müəyyənləşdirilir.

 

Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti

 

 326.1. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti və gəminin istismarı ilə bağlı olan gəmi heyəti üzvlərinin arasında yaranan münasibətlər  gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir.

 326.2. Gəmi sahibinin və xarici vətəndaş olan gəmi heyəti üzvlərinin münasibətlərini tənzimləyən müqavilədə başqa hal nəzərdə  tutulmadıqda, gəmi sahibi və gəmi heyəti üzvləri arasında olan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə  tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən qanunun əmək müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək şəraitinin  pisləşməsinə səbəb olmamalıdır.

 

Maddə 327. Batmış əmlaka hüquqlar

 

 327.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində batmış əmlaka hüquqlar Azərbaycan  Respublikasının qanunu ilə müəyyənləşdirilir.

 327.2. Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər əmlakına gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu tətbiq edilir.

 

Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlər

 

 328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, dəniz sığorta müqaviləsindən,  dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzərdə tutulmuş dövlətin,  dənizlə sərnişin daşınması müqaviləsindən yaranan münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir.

 328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin  təsis edildikləri, əsas fəaliyyət və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:

 328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;

 328.2.2. dəniz agentliyi müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi sahibinin;

 328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;

 328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;

 328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının.

 

Maddə 329. Ümumi qəza

 

 329.1. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, ümumi qəzadan doğuran münasibətlər ümumi qəzaya səbəb olan  hadisədən sonra gəmi səfərini başa çatdırdığı limanın dövlətinin qanunu ilə tənzimlənir. Ümumi qəza nəticəsində mənafeləri toxunulan  bütün şəxslər bir dövlətə mənsubdurlarsa, həmin dövlətin qanunu tətbiq edilir.

 329.2. Əgər ümumi qəza Azərbaycan Respublikasında bölüşdürülürsə, onun qaydası bu Məcəllənin 16-cı fəslində müəyyən edilmiş  qaydalara müvafiq olaraq tənzimlənir.

 

Maddə 330. Gəmilərin toqquşmasından yaranan münasibətlər

 

 330.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərin toqquşmasından yaranan münasibətlər  Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

 330.2. Gəmilər açıq dənizdə toqquşduqda və mübahisəyə Azərbaycan Respublikasında baxıldıqda bu Məcəllənin 17-ci fəslində müəyyən  edilmiş qaydalar tətbiq edilir.

 330.3. Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan münasibətlərə, gəmilərin toqquşduğu yerdən asılı olmayaraq,  həmin dövlətin qanunu tətbiq edilir.

 

Maddə 331. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərdən yaranan münasibətlər

 

 331.0. Gəmilərdən neftlə çirkləndirmədən zərər vurulduqda, bu Məcəllənin 18-ci fəslində müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

 331.0.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərdən neftlə çirkləndirmə nəticəsində  vurulan zərərə;

 331.0.2. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.

 

Maddə 332. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən yaranan münasibətlər

 

 332.0. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərər vurulduqda, bu Məcəllənin 19-cu fəslində müəyyən edilmiş qaydalar  aşağıdakılara şamil edilir:

 332.0.1. Azərbaycan Respublikasının ərazisində vurulan hər hansı bir zərərə;

 332.0.2. Azərbaycan Respublikasının ərazisində ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərə;

 332.0.3. Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərdən fərqli  olan zərərə, əgər belə zərər Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmidə daşınan təhlükəli və zərərli maddələrlə  vurulubsa;

 332.0.4. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.

 

Maddə 333. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlər

 

 333.1. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda,  xilasetmə əməliyyatının aparıldığı dövlətin qanunu tətbiq edilir.

 333.2. Xilas edən və xilas edilən gəmilər bir dövlətin bayrağı altında üzdükdə, xilasetmə əməliyyatının aparıldığı yerdən asılı olmayaraq,  həmin dövlətin qanunu tətbiq edilir.

 

Maddə 334. Gəmi sahibinin məsuliyyətinin hüdudları

 

 Gəmi sahibinin məsuliyyətinin hüdudları gəmi bayrağı dövlətinin qanunu ilə müəyyənləşdirilir.

 

Maddə 335. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri

 

 Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar bu Məcəllədə nəzərdə  tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

 Bakı şəhəri, 22 iyun 2001-ci il

 № 146-IIQ